“Ölkəmizi tanıyaq” tur-aksiyaları Qazaxda təntənə ilə keçirilir » Göyəzən internet portalı
  • Təqvim

  • Unutma

  • Maraq



“Ölkəmizi tanıyaq” tur-aksiyaları Qazaxda təntənə ilə keçirilir

“Ölkəmizi tanıyaq” tur-aksiyaları Qazaxda təntənə ilə keçirilir
Qazax Rayon İcra Hakimiyyətinin akt zalında “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasında iştirak edəcək rayon məktəbliləri ilə görüş keçirilib. Görüşdə icra hakimiyyəti aparatının məsul işçiləri, məktəblilər, məktəb direktorları və valideynlər iştirak edib.

Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov tədbirdə çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyəsinə əsasən yuxarı sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyalar 2014-cü il avqustun 1-dən keçirilir. Artıq beşinci ildir ki, keçirilən layihənin əsas məqsədi məktəbliləri Azərbaycanın müxtəlif bölgələrinin tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri ilə yaxından tanış etmək, Heydər Əliyevin rəhbərliyi ilə müstəqillik illərində əldə olunan nailiyyətlərin dərindən öyrənilməsinə nail olmaq, eyni zamanda, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə ölkəmizin hazırkı dinamik sosial-iqtisadi inkişafını, gündən-günə abadlaşan şəhər və rayonlarımızın müasir simasını göstərməkdir.

İcra hakimiyyətinin başçısı rayonda təhsil sahəsində görülən məqsədyönlü işlərdən, həyata keçirilən tədbirlərdən söz açaraq deyib ki, bu gün məktəblərimizdə davamiyyət yüksək vəziyyətdədir. Görülən tədbirlərin nəticəsidir ki, təhsil sahəsində ildən-ilə daha uğurlu nəticələr qazanılır. «Ölkəmizi tanıyaq» layihəsi də Qazaxda təntənəli şəkildə keçirilir. Rayonumuzun məktəbliləri bu tədbirlərdə də öz nümunəvi iştirakları ilə fərqlənir, xüsusi fəallıq göstərirlər. Tur-aksiya çərçivəsində keçirilən bilik yarışlarında qələbə qazanan məktəblilərlə görüş keçirilir və qaliblər rayon rəhbərliyi tərəfindən mükafatlandırılırlar.

Qazax məktəbliləri üçün növbəti tur-aksiya Qəbələ-Şəki-Zaqatala rayonlarını əhatə edəcəkdir. Onlar martın 26-dan 29-dək qeyd olunan rayonların tarixi ilə tanış olacaq, görməli yerlərini gəzəcəklər. Tur-aksiyada 40 şagird və 5 nəfərdən ibarət müəllim və həkim iştirak edəcəkdir.

Sonra icra hakimiyyətinin məsləhətçi-psixoloqu Kəmalə Cəfərova, Ağköynək kənd tam orta məktəbinin direktoru Səfurə Rəhimova, tur-aksiya iştirakçısı, İkinci Şıxlı kənd tam orta məktəbinin şagirdi Laura İsmayılzadə, Qazaxbəyli kənd tam orta məktəbinin şagirdi Nazənin Qurbanova, şəhər 1 saylı tam orta məktəbinin şagirdi Turxan Vəliyev, məktəb-liseyin şagirdi Əfşan İsgəndərova və başqaları çıxış edərək məktəblilər üçün maarifləndirici tur-aksiyaların təşkilinə görə Ölkə Başçısı İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər. Onlar göstərdiyi diqqət və qayğıya görə rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşova təşəkkür ediblər.

Görüş başa çatdıqdan sonra icra hakimiyyətinin başçısı tur-aksiyada iştirak edəcək məktəblilər və müəllimlərlə birlikdə Şəhidlər Xiyabanı abidə-kompleksinə gəlib. Burada şəhidlərin ruhuna dua oxunduqdan sonra abidə önünə gül dəstələri qoyulub, xatirələri ehtiramla yad edilib.

Daha sonra tur-aksiyada iştirak edəcək məktəblilər rayon tarix-diyarşunaslıq muzeyində, rəsm qalereyasında olublar.

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri
27 mart 2018-ci il


Facebook-da paylaş