“Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları Şəki şəhərində olublar » Göyəzən internet portalı


“Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları Şəki şəhərində olublar

“Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları Şəki şəhərində olublar
Xəbər verdiyimiz kimi, Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyada iştirak edən qazaxlı məktəblilər martın 26-da Heydər Əliyev parkından yola düşüblər. Şəki-Qəbələ-Zaqatala marşrutu üzrə hərəkət edərək yolboyu daha 8 rayonun – Ağcabədi, Ağdam, Ağstafa, Bərdə, Beyləqan, Daşkəsən, Göyçay və Tovuzun məktəbliləri ilə birlikdə günorta saatlarında qədim Şəkiyə gəliblər.

Qazaxlı məktəblilərin tur-aksiyada iştirak edən qrupun rəhbəri Kəmalə Cəfərova GOYEZEN.AZ saytına məlumat verərək bildirib ki, tur-aksiya iştirakçıları Heydər Əliyev Mərkəzində şəhər icra hakimiyyətinin məsul işçiləri tərəfindən mehribanlıqla qarşılanıblar.

Şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova məktəblilərə qədim Şəkinin tarixi, mədəniyyəti, iqtisadiyyatı və turizm potensialı barədə məlumat verib. Diqqətə çatdırılıb ki, Azərbaycanın ən qədim yaşayış və mədəniyyət məskənlərindən olan Şəkinin 2700 ildən çox yaşı var. Bu qədim diyar, həm də dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələri ilə məşhurdur. Şəki bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilib.

“Marxal” müalicə-istirahət kompleksində yerləşən tur-aksiya iştirakçıları günün ikinci yarısında Şəkinin tarixi məkanları ilə tanış olublar. Məktəblilər əvvəlcə şəhərin qədim tarixi hissəsinə - “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisinə gəliblər. Məlumat verilib ki, qoruğu əhatələyən əzəmətli qala divarlarının təxminən 1743-1755-ci illərdə tikildiyi ehtimal edilir.

Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayı tur-aksiya iştirakçılarında böyük maraq doğurub. Məktəblilərin diqqətinə çatdırılıb ki, saray XVIII əsrə aid nadir tarixi-memarlıq abidəsidir. Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xan Müştağın dövründə, 1761-1762-ci illərdə inşa edilən bu bənzərsiz sarayın tikintisində mismar və yapışqandan istifadə olunmayıb. Sarayı bəzəyən sadə şəbəkənin bir kvadratmetrinə 5 min, pəncərə şəbəkələrin hər kvadratmetrinə isə 14 minədək xırda detal və rəngli şüşə düşür.

Məktəblilər sarayın önündə xatirə şəkilləri çəkdiriblər.

Sonra tur-aksiya iştirakçıları qoruğun ərazisini gəziblər. Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq zamanı məlumat verilib ki, 1925-ci ildən fəaliyyət göstərən muzeydə 5 minə yaxın eksponat saxlanılır. Buradakı qədim fayton məktəblilərin xüsusi marağına səbəb olub. Bildirilib ki, Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Nəriman Nərimanov 1920-ci ilin oktyabrında Yevlaxdan Şəkiyə məhz bu faytonla gəlib.

Məktəblilər, həmçinin qoruğun ərazisində yerləşən V-VI əsrlərə aid memarlıq abidəsi Dairəvi Məbəd və Xalq Tətbiqi Sənəti Muzeyində də olub, sənətkarlıq emalatxanalarına baş çəkiblər.

İnşa tarixi XVIII əsrin sonuna aid edilən “Yuxarı Karvansaray” mehmanxana kompleksi ilə tanışlıq zamanı məktəblilərin diqqətinə çatdırılıb ki, XVIII-XIX əsrlərdə Yaxın və Orta Şərq ölkələrindən gələn tacirlər bu karvansarayda qalır, ticarətlə məşğul olurdular.

Səfər proqramına uyğun olaraq tur-aksiya iştirakçıları martın 27-də Qəbələ rayonuna yola düşüblər.

ELÇİN İSMAYIL

“Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları Şəki şəhərində olublar
“Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları Şəki şəhərində olublar
“Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları Şəki şəhərində olublar
“Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları Şəki şəhərində olublar
“Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları Şəki şəhərində olublar
“Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları Şəki şəhərində olublar
“Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları Şəki şəhərində olublar
“Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları Şəki şəhərində olublar
“Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları Şəki şəhərində olublar


Facebook-da paylaş