• Təqvim

  • Unutma

  • Maraq



Qaymaqlı kənd tam orta məktəb üçün tikilən yeni binanın hörgü işlərinə başlanılıb


Respublika Prezidenti İlham Əliyevin ölkəmizdə təhsil sahəsinin inkişafı istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər Qazax rayonunda da öz real əksini tapır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fond tərəfindən reallaşan "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi də Qazaxda uğurla icra olunur. "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə təmirə ehtiyacı olan 11 məktəbin salınması da bölgələrimizdə təhsil sahəsinə olan dövlət qayğısının əyani sübutudur. Qazax şəhərində Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Respublika Prezidentinin 5 mart 2020-ci il tarixli Sərəncamı da bir daha onu göstərir ki, Azərbaycan dövləti və ölkə rəhbəri gələcəyimiz olan uşaqların təhsilini daim diqqət mərkəzində saxlayır.

Qazaxda ölkə başçısının və Birinci vitse-prezidentin təhsil sahəsinə olan diqqət və qayğısının nəticəsidir ki, bu gün rayonda Heydər Əliyev Fondu tərəfindən Xalq yazıçsı İsmayıl Şıxlının adını daşıyan Kosalar kənd tam orta məktəb yenidən qurulur, Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün isə yeni bina inşa olunur.

Dövlət Proqramında tikintisi nəzərdə tutulan məktəblərdən biri də sərhəddə yerləşən şəhid Aydın Məmmədovun adını daşıyan Qaymaqlı kənd tam orta məktəbdir ki, hazırda Təhsil Nazirliyi tərəfindən bu məktəb üçün də 180 şagird yerlik yeni bina tikilir.

İş icraçısı Məhəmməd Səfərov yeni inşa olunacaq məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacağını qeyd edir. Onun sözlərinə görə zirzəmisi olmaq şərti ilə inşa olunan yeni məktəb binası 3 mərtəbədən ibarət olacaq. Bundan əlavə, məktəbdə həcmi 100 kubmetr olan içməli su anbarı, həcmi 122 kubmetr olan yanğından mühafizə üçün su anbarı tikiləcək. Su nasosu stansiyası, çirkab su anbarı, qazanxana da inşa ediləcək. Birinci mərtəbədə hazırlıq qrupu üçün 1 ədəd, ibtidai siniflər üçün isə 4 sinif otağı nəzərdə tutulub. Sinif otaqlarının sayı ikinci mərtəbədə 7, üçüncü mərtəbədə isə 8 olacaq. Həmçinin idman zalı, akt zalı, bufet də fəaliyyət göstərəcək. Hazırda yeni inşa olunan binanın hörgü işlərinə başlanılıb. 





GOYEZEN.AZ                                                                            



Facebook-da paylaş