Şəhidlərimiz - iftixar mənbəyimizdir
Şəhidlər – həmişə vətənpərvər olan, yadelli işğalçılara
qarşı qəhrəmancasına mübarizə aparan, Vətənini düşməndən azad etmək üçün ölümün
gözünə dik baxan Azərbaycanın igid, cəsur oğul və qeyrətli qızları. Vətən
naminə canlarını qurban verməkdən çəkinməyən, bu yolda öz qanları ilə adlarını
şəhidlik adlı uca bir zirvəyə yazanlar isə hər zaman qəlblərdə yaşayırlar. Onların keçdiyi
döyüş yolunu gənclərə çatdırmaq, onlarda vətənpərvərlik hissini formalaşdırmaq,
şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə
göstərmək isə hər bir Azərbaycan vətəndaşının ən müqəddəs borcu olmalıdır. Bizim üçün canlarını qurban etdiklərinə görə ömür boyu şəhidlərimizin
ruhu qarşısında baş əyməliyik. Bu gün minlərlə
şəhid verən Azərbaycanda düşmənlə 168 km məsafədə sərhəddi olan, 5 kəndi daim
mənfur düşmən gülləsinin atəşinə məruz qalan, Bağanıs Ayrım, Xeyrımlı,
Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi
hələ də düşmən tapdağı altında olan Qazax rayonu da yüzlərlə şəhid verib. Bu gün
Qazaxın Vətən uğrunda canından keçən 285 nəfər şəhidi var. 7 nəfər igid oğlu
Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Qazaxda Vətən
torpaqlarının azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi isə hər
zaman əziz tutulur. Rayonda Vətənin müstəqilliyi və ərazi bütövlüyü naminə
canından keçən şəhidlərimizə, onların ailə üzvlərinə olan diqqət və qayğı bunun
bariz nümunəsidir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən
şəhidlərimizə xüsusi diqqət ayırması, onların ailə üzvlərinə daim qayğı ilə
yanaşması, son iki il yarımda şəhidlərimizin uyuduğu qəbiristanlıqların,
onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların
abadlaşdırılması, əsaslı şəkildə təmir edilməsi, xüsusilə də şəhərin mərkəzində
yerləşən Şəhidlər xiyabanında aparılan abadlıq işləri və 285 şəhidin adı, şəkli
əks olunmuş lövhələrin vurulması bu istiqamətdə görülən əməli işlərin əyani
sübutudur. Bundan əlavə,
rayonumuza gələn qonaqların şəhərin mərkəzində yerləşən bu müqəddəs məkana –
Şəhidlər xiyabanına baş çəkməsi, əziz xatirələrini ehtiramla yad etmələri
şəhidlərə olan böyük ehtiramdır. Rayonda keçirilən tədbirlərin öncə bu müqəddəs
məkanı ziyarətlə başlaması, məktəblilərin mütəmadi olaraq xiyabanı ziyarət
etmələri, hər bir Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər xiyabanında
ruhlarına dualar oxunması, əziz xatirələrinin dərin ehtiramla yad
olunması şəhidlərimizin daim qəlblərdə yaşaması deməkdir. GOYEZEN.AZ saytı olaraq Vətən uğrunda canından keçmiş,
doğum və anım günü olan şəhidlərimizdən – Mərfət Nəsibovun, Nizami Yusifovun, Hacı Dəryahquluyevin əziz
xatirəsini yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Nəsibov Mərfət Əhməd oğlu Nəsibov Mərfət Əhməd oğlu 22 may 1972-ci
ildə Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. O, 1979-cu ildə Məzəm kənd
ibtidai məktəbin birinci sinfinə getmiş, 1989-cu ildə isə Aşağı Əskipara kənd
orta məktəbini bitirmişdir. 1990-cı ildə Qazax rayon Hərbi Komissarlığının göndərişi
ilə sürücülük peşəsinə yiyələnmişdir. Elə həmin il həbi xidmətə çağırılmışdır.
Sovet ordusu sıralarında bir il xidmət etdikdən sonra Vətənə qayıtmış və
könüllü olaraq Milli Orduya yazılmışdır. M.Nəsibov
ilk gündən torpaqlarımızın müdafiəsində fəal iştirak etmiş, şəxsi igidlik və fədakarlıq
nümunəsi göstərmişdir. Mərfət Nəsibov torpağa, döyüş dostlarına çox sadiq bir gənc
idi. O, həmişə öndə gedir, Qazax rayonunun Ermənistanla sərhəd kəndlərini cəsur
bir əsgər kimi qoruyurdu. 1992-ci il yanvar ayının 28-i M.Nəsibov
Qazax rayonunun Quşçu Ayrım kəndində gedən mövqe döyüşləri zamanı qəhrəmancasına
şəhid oldu. Subay idi. Azərbaycan Respublikası
Prezidentinin 7 iyul 1992-ci il tarixli 833 saylı Fərmanı
ilə Nəsibov Mərfət Əhməd oğluna "Azərbaycanın Milli Qəhrəmanı" fəxri
adı verilmişdir. Qazax rayonunun Məzəm kəndində dəfn
olunmuşdur. Qazax rayonundakı Heydər Əliyev adına parkda adına
bulaq tikilmişdir. Bulaq 2017-ci ildə yenidən qurularaq yeni görkəmə
salınmışdır. Qazax şəhərindəki küçələrdən biri onun adını
daşıyır. Yusifov Nizami Göyüş oğlu Yusifov Nizami Göyüş oğlu 28
yanvar 1967–ci ildə Qazax rayonunun Canalı kəndində anadan olmuşdur. 1974-ci
ildə Canalı kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1984-cü ildə həmin
məktəbin onuncu sinfini bitirmişdir. 1994-cü ildə Azərbaycan Ordusu sıralarına
çağırılmışdır. 23 sentyabr 1994-cü ildə Qazax rayonunun İkinci Şıxlı kəndində
Babəkər ərazisində gedən döyüşlərdə şəhid olmuşdur. Dəryahquluyev Hacı Həsən oğlu Dəryahquluyev Hacı Həsən oğlu 1936-ci ildə Qazax rayonunun Kəmərli kəndində
anadan olmuşdur. Kəmərli kəndində yaşayaraq müxtəlif işlərdə fəhlə işləmişdir.
30 yanvar 1998-ci ildə mal-qara otararkən ermənilər tərəfindən açılan atəş nəticəsində
şəhid olmuşdur. Ailəliydi.
Beş övladı var.
Facebook-da paylaş