Şəhidlik - vətənpərvərliyin ən ali məqamıdır!
Şəhidlik - bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və
örnək sayılır. Azərbaycan torpaqları erməni daşnaklarının təcavüzünə məruz
qalandan bu günə kimi xalqımızın vətənpərvər övladları, yaşından asılı
olmayaraq, ana Vətənin harayına səs verdi - ölümün gözünə dik baxdılar. Bəli, torpaqlarımızın qorunması, vətənimizin
müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucaldılar. Bu
zirvəyə ucalanlar isə heç zaman ölmürlər. Çünki onların keçdiyi döyüş yolu ən
böyük şərəf və qürurdur. Belə şərəfli ömür sahiblərini xatırlamaq, daim
yad etmək, onların qəhrəmanlıqlarını gənc nəsillərə çatdırmaq isə hər birimizin
müqəddəs borcudur. Bu gün düşmənlə 168 km məsafədə sərhəddi
olan Qazax rayonunun 5 kəndi daim mənfur düşmən gülləsinin atəşinə məruz qalır.
Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və
Aşağı Əskipara kimi 7 kəndi isə hələ də düşmən tapdağı altındadır. Qazax rayonu
eyni zamanda Vətən torpaqlarının azadlığı uğrunda 285 şəhid verib. 7 igid oğlu
Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Rayonumuzda
Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizə,
onların ailə üzvlərinə olan qayğı hər zaman yüksək səviyyədə olub. Rayon rəhbəri
fəaliyyətə başladığı ilk gündən şəhidlərimizə xüsusi diqqət ayırır, onların ailə
üzvlərinə daim qayğı ilə yanaşır. Son iki il yarımda şəhidlərimizin uyuduğu qəbiristanlıqların,
onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların
abadlaşdırılması, əsaslı şəkildə təmir edilməsi bu dediklərimizin əyani
sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanında aparılan abadlıq
işləri, xüsusilə də 285 şəhidin adı və şəkli əks olunmuş lövhələrin vurulması
bu istiqamətdə görülən əməli işlər deməkdir. Bundan
əlavə, rayonumuza gələn qonaqların şəhərin mərkəzində yerləşən bu müqəddəs məkana
– Şəhidlər Xiyabanına baş çəkməsi, əziz xatirələrini ehtiramla yad etmələri şəhidlərə
olan böyük ehtiramdır. Rayonda keçirilən tədbirlərin öncə bu müqəddəs məkanı
ziyarətlə başlaması, məktəblilərin mütəmadi olaraq xiyabanı ziyarət etmələri, hər
bir Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər Xiyabanında ruhlarına
dualar oxunması, əziz xatirələrinin dərin ehtiramla yad olunması şəhidlərimizin
daim qəlblərdə yaşaması deməkdir. GOYEZEN.AZ saytı olaraq Vətən uğrunda
canından keçmiş, doğum və anım günü olan şəhidlərimizdən Alı Mustafayevin, Aftandil Quluyevin,
İqbal Axundovun, Kamal Kərimovun, Ələsgər Vəliyevin əziz
xatirəsini yad edir. Mustafayev
Alı Mustafa oğlu 14 aprel 1952-ci ildə Qazax
rayonunun Qazaxbəyli kəndində anadan olmuşdur. 1959-cu ildə Qazaxbəyli kənd səkkizillikməktəbinə
getmiş, 1969-cu ildə Daş Salahlı kənd orta məktəbini bitirmişdir. 1971-ci ildə
həqiqi hərbi xidmətə çağırılmışdır. 1973-cü ildə əsgəri xidmətini başa vurub
Bakı Elektrik Maşınqayırma zavodunda əmək fəaliyyətinə başlamışdır. O, zavodda
işlədiyi müddətdə "Elektrik" qəzetində tez-tez maraqlı yazılarla,
şeirlərlə çıxış edirdi. Alı Mustafayev 1976-cı ildə zavod
həmkarlar təşkilatının və zavod rəhbərliyinin göndərişilə ADU-nun (indiki Bakı
Dövlət Universiteti) jurnalistika fakültəsinə daxil olur. 1981-ci ildə təhsilini
başa vurub Azərbaycan Dövlət Teleradio Şirkətinin "Xəbərlər"
proqramında jurnalist kimi faəliyyətə başlayır. Çox keçmir ki,"İlin ən
yaxşı jurnalisti", "Qızıl qələm" mükafatlarına layiq görülür.
İşləyə-işləyə təhsilini davam etdirərək Bakı Ali Partiya Məktəbini də bitirir.
O, çevik, qorxmaz bir telejurnalist idi, qaynar nöqtələrdən reportajlar
hazırlamağa birinci gedirdi. Bir neçə dəfə
vertolyot qəzasına düşsə də, təhlükəli ezamiyyətlərə getməkdən çəkinmirdi. O,
neçə dəfə ölümdən qayıtmışdı. 20 noyabr 1991-ci ildə Tuğ, Xocavənd,
Qaradağlı kəndində törədilən faciələrlə yerində tanış olmaq üçün gedən hökümət
nümayəndələrini aparan hərbi vertolyot erməni terrorçuları tərəfindən Qarakənd
kəndi yaxınlığında vuruldu. Nəticədə 23 nəfər sayseçmə insan faciəli surətdə həlak
oldu. Alı Mustafayev də onların arasında idi. Ailəli idi. Üç oğul övladı qalıb. Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Mustafayev Alı Mustafa oğluna
ölümündən sonra "Azərbaycanın
Milli Qəhrəmanı" fəxri adı verilmişdir. Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilmişdir. Ölümündən sonra
"Respublikanın əməkdar jurnalisti" fəxri adına layiq görülmüşdür. Bakının Nərimanov rayonundakı 202
saylı və Qazax rayonundakı Qazaxbəyli kənd tam orta məktəbləri, Bakı şəhəri
3-cü mikrorayondakı və Qazax şəhərindəki küçələrdən biri onun adını daşıyır. 2017-ci ilin aprel
ayının 18-də Qazax rayonunun Qazaxbəyli kəndində Alı
Mustafayevin xatirəsinə tikilmiş bulaq kompleksinin təntənəli açılış mərasimi olmuşdur. Quluyev
Aftandil Mansır oğlu Quluyev Aftandil Mansır oğlu 20 noyabr 1973-ci ildə Qazax rayonunun
Barxudarlı kəndində anadan olmuşdur. 5
fevral 1990-cı ildə Sofulu kəndində sahədə qoyun otaran zaman erməni quldurları
tərəfindən silahla vurulmuşdur. Ağır güllə yarası ilə Gəncə şəhər xəstəxanasına
aparılmışdır. Müalicə almasına
baxmayaraq 14 fevral 1990-cı ildə vəfat etmişdir. 1997-ci ildən şəhid statusu
verilmişdir. Axundov İqbal Abdulməhəmməd oğlu Axundov İqbal Abdulməhəmməd oğlu 21 noyabr 1967-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1973-cü il ildə Çaylı kənd 1 saylı tam orta məktəbin
birinci sinfinə daxil olmuş və 1983-cü ildə həmin orta məktəbi bitirmişdir.
1984-1986-cı illərdə SSRİ-nin silahlı qüvvələrində
hərbi xidmət etmişdir. Axundov İqbal Abdulməhəmməd oğlu 20 may 1994-cü ildə
Quşçu Ayrım kəndi yaxınlığında gedən döyüşlərdə şəhid olmuşdur. Kərimov
Kamal Əşrəf oğlu Kərimov Kamal Əşrəf oğlu 22
noyabr 1961-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur.
1969-cu ildə Yuxarı Salahlı kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş,
1979-cu ildə həmin məktəbi bitirmişdir. 14 oktyabr 1994-cü ildə Qarabağ döyüşlərində
şəhid olmuşdur. Ailəli idi. İki övladı var. Vəliyev
Ələsgər Oruc oğlu Vəliyev Ələsgər Oruc oğlu 25 noyabr 1967-ci ildə Qazax rayonunun
Aşağı Əskipara kəndində anadan olmuşdur. 1975-ci ildə Aşağı Əskipara kənd tam orta
məktəbinin birinci sinfinə getmişdir. 1985-ci ildə həmin məktəbin onuncu
sinfini bitirmişdir. 2 oktyabr 1993-cü ildə şəhid olmuşdur.
Facebook-da paylaş