Qazaxda əlilliyi olan qadınlarla bağlı tədbir keçirilib
"Əlil Qadınlar” Cəmiyyəti (ƏQC) Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə
"Əlilliyi olan qadınlara yönəlmiş ayrı-seçkiliyə qarşı ictimai fəallığın
artırılması tədbirlərinin təşkili” layihəsini həyata keçirir. Layihə
çərçivəsində mövzu ilə bağlı növbəti tədbir Qazaxda keçirilib. Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin məsul
işçiləri, təhsil, mədəniyyət, məşğulluq, turizm, məhkəmə, polis, prokurorluq
orqanlarının, QHT, KİV nümayəndələri, əlilliyi olan qadınlar və əlil
təşkilatlarının təmsilçiləri iştirak edib. "Əlil Qadınlar” Cəmiyyətinin sədri, layihə
rəhbəri Məhluqə Rəhimova giriş sözü ilə çıxış edərək keçirilən tədbirin məqsəd
və əhəmiyyətindən danışıb. Qeyd edib ki, bu cür layihələrin, layihə əsasında
bölgələrimizdə keçirilən tədbirlərin əsas məqsədi cəmiyyətin ən kövrək təbəqəsi
olan əlil insanlara psixoloji xidmət mərkəzlərinin təşkil olunmasıdır. Bundan
əlavə, əlilliyi olan qadınlara yönəlmiş ayrı-seçkiliyə qarşı ictimai fəallığın
artırılması tədbirlərinin təşkili məqsədilə maarifləndirmə işlərini aparmaqla
dövlətimizə və dövlətçiliyimizə dəstək verməkdir. DAK
Azərbaycan nümayəndəliyinin rəhbəri Fatma Sofiyeva çıxış edərək maarifləndirmə
xarakterli bu cür layihələrin təşkil olunmasını yüksək qiymətləndirib və
əlilliyi olan insanlar üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib. Qazax
Rayon İcra Hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçi-psixoloqu Kəmalə
Cəfərova çıxışı zamanı Qazaxda bu cür layihələrin və tədbirlərin təşkil
edilməsinə görə minnətdarlığını bildirib. Cəmiyyətimizdə əlil qadınların
maarifləndirilməsi üçün belə tədbirlərin mütəmadi olaraq təşkil olunmasının
vacibliyini vurğulayıb. Maraqlı
diskusiya şəraitində keçən tədbirdə rayon Gənclər İdman İdarəsinin baş
məsləhətçisi Aybəniz Orucova, Psixoloji Mərkəzin Psixoloqu Gülnarə Mahmudova və
başqaları mövzu ətrafında geniş məruzələrlə çıxış ediblər. Tədbirdə
bildirilib ki, "Əlil Qadınlar” Cəmiyyəti olaraq əlilliyi olan qadınlara və
qızlara qarşı ayrı-seçkilik hallarının, fiziki, psixoloji, cinsi və maliyyə
zorakılığı daxil olmaqla, mövcud olan bir sıra şiddət növlərinin aradan qaldırılmasında
bu cür tədbirlərin təşkil olunması bundan sonra da davam etdiriləcəkdir. GOYEZEN.AZ
Facebook-da paylaş