Qazaxın kəndlərində arxeoloji qazıntılar davam edir
Respublika mətbuatı Qazax haqqında Qədim tarixə malik Azərbaycanın hələ də öyrənilməmiş
əraziləri çoxdur. İstər yerli, istərsə də xarici mütəxəssislərin apardıqları
qazıntılar zamanı çoxlu sayda tapıntılar aşkar edilir, bir çox suallara
aydınlıq gətirilir. Qazax rayonunda da arxeoloji qazıntılar zamanı çoxlu
sayda faktlar aşkar edilmişdir. Rayondakı belə yerlərdən biri "Avey”
Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisindəki dünya əhəmiyyətli Damcılı mağara
düşərgəsidir. Damcılı mağara düşərgəsinin ətrafında dünya əhəmiyyətli arxeoloji
irsi tədqiq etmək üçün üçtərəfli - Azərbaycan Respublikasının Mədəniyyət
Nazirliyinin "Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu, AMEA-nın Arxeologiya
və Etnoqrafiya İnstitutu və Yaponiyanın Tokio Universiteti arasında memorandum
imzalanmışdır. Memoranduma əsasən, ilk arxeoloji qazıntılara 2016-cı ilin
avqust ayının 8-də "Avey” DTMQ-nin ərazisində yerləşən dünya əhəmiyyətli
mağara düşərgəsində başlanılmışdır. İlkin tədqiqatlar zamanı kəşfiyyat
xarakterli 10-a yaxın müxtəlif istiqamətlərdə qazıntı işləri aparılmışdır.
Yaponiyalı alimlər yerli mütəxəssislərlə birgə qazıntı işləri apararkən Orta
əsrlərə, Tunc dövrünün sonuna aid Neolit dövrü qalıqları, ocaq yerləri, Orta
Paleolit dövrünün son mərhələsini əks etdirən qəlpə, nüvə tullantıları və alət
nümunələri əldə olunmuşdur. Bu ərazidə ikinci arxeoloji qazıntılar 2017-ci il
iyulun 17-dən 30-na kimi aparılmışdır. Həmin il bir quyu üzərində 5 metrədək
dərinlikdə aparılan qazıntı işləri zamanı torpaq horizontal təbəqəyə bölünmüş,
müxtəlif dövrlərə aid nümunələr tapılmışdır. Memoranduma əsasən, Yaponiyanın
Tokio Universitetinin əməkdaşları 2018-ci ilin iyulun 12-dən etibarən artıq 3-cü
dəfə Damcılı mağara düşərgəsində qazıntı işlərini davam etdirmişlər. Bu günlərdə isə arxeoloqlar 4-cü dəfə arxeoloji
qazıntılara başlamışlar. İyulun 16-dan başlanan növbəti qazıntı işləri ilə
əlaqədar rayon rəhbərliyi də Damcılı mağara düşərgəsində olmuş, yerli və
yaponiyalı arxeoloqlarla görüşüb, işlərin gedişi ilə maraqlanmışlar.
"Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Səadət Əliyeva demişdir
ki, arxeoloji qazıntılarda Tokio Universitetinin professoru Yoşihiro Nişiakinin
rəhbərliyi ilə həmin universitetin üzvlərindən Çie Akaşi, doktorant Fumika
İkeyama, Qədim Şərq Muzeyinin arxeoloqu Kazuya Şimoqama, Azərbaycan Arxeologiya
və Etnoqrafiya İnstitutunun əməkdaşları Mənsur Mənsurov, Yaqub Məmmədov,
Ülviyyə Heydərova və Əjdər Babayev iştirak edirlər. Qazıntıların davam
etdirilməsində Daş dövrünə aid nümunələri əldə etməklə burada qədim insan
məskəninin olduğunu, həmçinin burada yaşayan insanların gəlmə deyil, yerli
sakinlər olduqlarını öyrənmək, eləcə də Neolit dövrü ilə Mezolit dövrü arasında
olan əlaqəni müəyyənləşdirməkdir. Sabir ƏLİYEV, "Azərbaycan” qəzetinin bölgə müxbiri 31 iyul 2019-cu il
Facebook-da paylaş