İbrahim İlyaslının 55 yaşnda yeni kitabı da təqdim olundu
Oktyabrın 6-da Atatürk Mərkəzində "Qazax Xeyriyyə”
İctimai Birliyinin təşkilatçılığı ilə çağdaş Azərbaycan poeziyasının tanınmış
nümayəndəsi İbrahim İlyaslının 55 illiyinə həsr olunmuş tədbir və yenicə çapdan
çıxmış "Şair olmaq zülümdü” kitabının imza törəni keçirilib. Şairin çoxsaylı oxucularının, qonaqların və qələm
adamlarının iştirak etdiyi tədbiri Atatürk Mərkəzinin rəhbəri, millət vəkili,
akademik Nizami Cəfərov açaraq, İbrahim İlyaslının keçdiyi həyat yolundan söz
açıb. Onu, müasir Azərbaycan şeirində öz dəsti-xətti olan bir şair kimi səciyyələndirən
N.Cəfərov şairin yaradıcılıq məziyyətlərindən bəhs edib. Tədbirin aparıcısı, professor Rüstəm Kamal öncə
İbrahim İlyaslı şeirinin poetik xüsusiyyətlərindən danışaraq onun doğulub
boya-başa çatdığı Qazaxın İncə dərəsində yetişən qələm adamlarının yaradıcılığı
barədə ətraflı söhbət açıb. R.Kamal İbrahim İlyaslını təkcə gözəl şair kimi
deyil, həm də maraqlı publisist, tərcüməçi və redaktor kimi səciyyələndirib. Fəlsəfə doktoru, dosent Yusif Alıyev, qurum
yetkilisi olaraq "Qazax Xeyriyyə” İctimai Birliyi adından çıxış edərək birliyin
sədri, professor İlham Pirməmmədovun adından İbrahim İlyaslını təbrik edib,
yeni sənət uğurları arzulayıb. Azərbaycanın Gürcüstandakı keçmiş səfiri, tanınmış
ziyalı Hacan Hacısoy, şairə Fərqanə Mehdiyeva İbrahim İlyaslıya xoş sözlərini
yetirərək ona həsr etdikləri şeirlərini oxuyublar. BDU-nun professoru Nəsir Əhmədli, YAP Binəqədi rayon
təşkilatının sədri Ramiz Göyüşov, fəlsəfə
doktoru, şairə Adilə Nəzər, M.Kaşqari fondunun rəhbəri, şair Elxan Zal Qaraxanlı,
DGTYB-nin yaradıcısı şair Əkbər Qoşalı, fəlsəfə doktoru, yazıçı Natəvan Dəmirçioğlu,
jurnalist Aida Eyvazlı, tədqiqatçı-şair Hafiz Rüstəm, Qazaxın Kəmərli kəndində
yaşayan şair Mübariz Qaragözlü, şair Mikayıl Bozalanlı, rəssam Nəvai Metin,
şair Rəfail İncəyurd çıxış edərək İbrahim İlyaslını yubileyi münasibətilə təbrik
edib, ürək sözlərini dilə gətiriblər. Tədbirdə aşıq Şaiq İncəli və Şəhriyar Qaraxanlı saz
havaları üstdə şairin şeirlərini oxuyublar. Tədbirin sonunda söz alan şair İbrahim İlyaslı göstərilən
diqqət və qayğı üçün "Qazax Xeyriyyə” İctimai Birliyinin sədri, professor İlham
Pirməmmədov başda olmaqla birliyin fəallarına, Atataürk Mərkəzinin rəhbəri,
akademik Nizami Cəfərov başda olmaqla mərkəzin əməkdaşlarına və tədbirdə
iştirak edənlərin hər birinə öz təşəkkürünü bildirib. GOYEZEN.AZ
Facebook-da paylaş