İcra başçısı Qazaxda işgüzar səfərdə olan rəssamlarla görüşüb
Bu gün Xalq şairi İsmayıl
Şıxlının 100 illik yubileyinin keçirilməsi ilə bağlı təsdiq edilmiş tədbirlər
planına əsasən Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 5-15 iyun tarixlərində Türk Dünyası
Sənət Festivalı çərçivəsində Qazaxda işgüzar səfərdə olan rəssamlarla görüş
keçirilib. Qazax Rayon İcra Hakimiyyətində
keçirilən görüşdə Azərbaycan Rəssamlar İttifaqının üzvü olan gənc rəssamlarla
yanaşı, Özbəkistan və Qazaxıstandan olan rəssamlar da iştirak ediblər. Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov çıxış edərək rayonumuzda qonaq olan rəssamları
salamlayıb, görüşlə bağlı xoş sözlərini çatdırıb. Rayon rəhbəri Azərbaycanda mədəniyyət
sahəsinə, xüsusilə də gənc rəssamlara göstərilən dövlət qayğısından söz açıb.
Bu gün ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım
Əliyevanın gənclərə, o cümlədən də xüsusi istedadı olan gənclərə hər zaman dəstək
olduqlarını bildirib. Onların əl işlərindən, rəsmlərindən ibarət sərgilərinin təşkil
olunması, öz potensiallarını artırmaları üçün geniş imkanlar yaradıldığını diqqətə
çatdırıb. İcra başçısı Qazaxda da bütün sahələrə olduğu kimi, mədəniyyət sahəsinə
də xüsusi həssaslıqla yanaşıldığını vurğulayıb. Qeyd edib ki, təhsildən sonra
ikinci bir sahə var ki, o da mədəniyyət sahəsidir. Çalışırıq ki, rayonda bu sahə
daim inkişaf etsin və qazaxlı gənclər, xüsusilə də rəssamlıqla məşğul olan gənclər
mədəniyyətimizin inkişafına öz töhfələrini bəxş etsinlər. İcra başçısı Xalq şairi
İsmayıl Şıxlının 100 illik yubileyi ilə bağlı həyata keçirilən silsilə tədbirlərdən
danışaraq Türk Dünyası Sənət Festivalı çərçivəsində Qazaxda təşkil olunacaq sərginin
həmin əlamətdar tədbirlərin davamı olduğunu bildirib. Azərbaycan Rəssamlar
İttifaqının üzvü, gənc rəssam Akif Əmirov səfər barədə məlumat verərək "Göyəzən”
dağının ətəyində, "Damcılı” mağarasında olduqlarını bildirib. Rəsm əsərləri, etüdlər
çəkdiklərini və artıq işlərin yekunlaşmaq üzrə olduğunu qeyd edib. Eyni
zamanda, çəkilmiş həmin rəsmlərdən ibarət Qazax Dövlət Rəsm Qalereyasında Xalq
şairi İsmayıl Şıxlının 100 illiyinə həsr olunmuş sərginin təşkil olunacağını
söyləyib. Bundan əlavə, səfər çərçivəsində Qazaxın digər gəzməli, görməli yerləri,
eləcə də rayonla ətraflı tanış olduqlarını vurğulayıb. Sonra rayon rəhbəri gənclərlə
səmimi söhbət edərək onların Qazaxla bağlı təəssüratlarını öyrənib. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin
baş müəllimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Nəzakət Əhmədova, Azərbaycan Rəssamlar
İttifaqının üzvlərindən Aynurə Mustafayeva, İslam İsrafilov, Xanlar Əsədullayev, Nazim Məmmədov, Fərhad Yalquzaq, Nəzrin Xələfova, Günel Ravilova, Cavid Məmmədov, Rusiyada rəssamlıq təhsili almış rəssam Ruslan Kovalyov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələrindən Nərgiz İbrahimova, Südabə İbadlı və Elnarə Xanlarova çıxış edərək
Qazax haqqında təəssüratlarını bölüşüblər. Son illər rayonda olan inkişafı,
yenilikləri vurğulayan gənc rəssamlar bütün bunları yüksək qiymətləndiriblər.
Qazaxın füsunkar təbiətə malik olduğunu, insanlarının səmimi münasibət bəslədiklərini
xüsusilə qeyd edərək onlara olan diqqət və qayğıya görə razılıqlarını bildiriblər.
Qeyd ediblər ki, biz rəssamlar hər zaman sərbəstliyə üstünlük veririk. Biz
Qazaxda olan bu müddətdə sərbəstliyin, rahatlığın, insanların bir-birinə olan səmimi
münasibətinin şahidi olduq. Hər birimiz diqqət və qayğını hiss etdik. Bugünkü
görüş də bir daha bunu təsdiqlədi. Sizlərin bizə vaxt ayırıb görüşməyiniz,
bizimlə olan səmimi söhbətləriniz biz gənc rəssamlara olan qayğı deməkdir.
Çıxış edənlər onlara olan bu cür yüksək qayğıya görə minnətdarlıqlarını
bildirib, bu görüşün onlar üçün böyük əhəmiyyət daşıdığını vurğulayıblar. Özbəkistan Rəssamlar İttifaqının üzvü Dilorom
Mamedova və qazaxıstanlı rəssam Saparbek Kasen də Qazaxla, bugünkü görüşlə bağlı ürək
sözlərini çatdırıblar. Qazaxda olan qonaqpərvərliyə, səmimi və isti münasibətə
görə təşəkkürlərini ifadə ediblər. Qazaxda təşkil olunacaq sərgidə onların əl
işlərinin də nümayiş olunduğu üçün qürur və fəxarət hissi keçirdiklərini söyləyiblər. Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq gənc rəssamlara
gələcək işlərində uğurlar arzulayıb. Qazaxda rəssamlıqla məşğul olan yeniyetmələrin
bu sahəyə olan maraqlarının daha da artırılması baxımından bu cür görüşlərin, səfərlərin
böyük əhəmiyyət daşıdığını vurğulayaraq belə görüşlərin mütəmadi olaraq
keçirilməsini tövsiyə edib. Sonda
xatirə şəkli çəkdirilib.
GOYEZEN.AZ
Facebook-da paylaş