8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik
Hörmətli xanımlar! Sizi – bütün Azərbaycan qadınlarını Beynəlxalq
Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Milli varlığımızın ifadəsi olan zəngin mədəni-mənəvi
irsimizin, ana dilimizin və adət-ənənələrimizin əsrlərdən bəri qorunub
saxlanmasında Azərbaycan qadınlarının müstəsna xidməti vardır. Tariximizin
mürəkkəb sosial-siyasi dəyişikliklərlə müşayiət olunduğu dövrlərdə onlar
cəmiyyətin sarsılmaz mənəvi dayağına çevrilmişlər. XX yüzilliyin ilk onilliklərində,
bəzi qabaqcıl ölkələrin qadınlarından daha əvvəl seçki hüququ qazanaraq ictimai
və mədəni həyatın müxtəlif sahələrində fəal iştirak etmələri onların gələcək
uğurlarının da rəhni olmuşdur. Qürurverici haldır ki, müsəlman Şərqində
qadınlar arasında incəsənətin, elmin və texnikanın bir çox sahələri üzrə ilk
addımı məhz mənəviyyatında milliliklə müasirliyin əsl vəhdətini yaratmış
Azərbaycan qadını atmışdır.
Azərbaycan qadınları maarifpərvər sələflərinin
davamçıları olaraq son yüz ildə ölkəmizin xüsusən təhsil, səhiyyə və mədəniyyət
sistemlərinin yeni əsaslar üzərində qurulması işində əzmkarlıq göstərmiş və
nailiyyətlərlə dolu parlaq bir yol keçmişlər. Onlar müstəqilliyin bərpasından
sonra istiqlal ideallarına sədaqətlə milli dövlətçiliyin təməlinin möhkəmləndirilməsi
və ölkəmizin hazırkı simasının müəyyənləşməsində mühüm rol oynamış, bu gün də
bilik və bacarıqlarını dinamik inkişaf yolunda inamla irəliləyən
respublikamızın iqtisadi, mədəni və elmi potensialının artırılmasına sərf
edirlər. Yüksək ictimai mövqe və nüfuzları Azərbaycan qadınlarının hüquq və
azadlıqlarının tam təmin edilməsinin nəticəsi olub, müasir həyatımızın ən
əlamətdar hadisələrindəndir.
Əminəm ki, siz Azərbaycan xanımları ailə
dəyərlərimizin bundan sonra da layiqincə yaşadılmasına çalışacaq, gənc nəslin
Vətənə, torpağa məhəbbət, müstəqil dövlətçiliyə və azərbaycançılıq məfkurəsinə
sədaqət ruhunda tərbiyəsinə böyük diqqət yetirəcək, ölkəmizin davamlı yüksəlişi
naminə töhfələrinizi əsirgəməyəcəksiniz.
Hamınıza cansağlığı, səadət və işlərinizdə
müvəffəqiyyətlər arzulayıram.
Bayramınız mübarək olsun! İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 mart 2019-cu
il.
Facebook-da paylaş