• Təqvim

  • Maraq



Qazaxda “Vergilərin ödənilməsi və qeyri-rəsmi məşğulluğun aradan qaldırılması istiqamətində maarifləndirmə işinin aparılması” mövzusunda müşavirə keçirilib


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Vergilər Nazirliyinin birgə təşkilatçılığı ilə "Vergilərin ödənilməsi və qeyri-rəsmi məşğulluğun aradan qaldırılması istiqamətində maarifləndirmə işinin aparılması” mövzusunda geniş tərkibdə müşavirə keçirilib.

Gənclər Mərkəzində keçirilən müşavirədə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Vergilər Nazirliyində yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi departamentinin şöbə rəhbəri Altay Rəhimov, departamentin əməkdaşı Asəf İmanov, Nazirliyin vergi siyasəti departamentinin əməkdaşı Aydın Xankişiyev, 14 saylı Ərazi Vergilər İdarəsinin direktoru Pərvin Əhmədov, direktor müavini Cəbrayıl Məmmədov, idarənin iqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət şöbəsinin rəhbəri İlham Abdullayev, Məşğulluğa Kömək Göstərən Əlaqələndirmə Komitəsinin üzvləri, idarə, müəssisə və təşkilat rəhbərləri, RİHB-nin kənd İƏD-si üzrə nümayəndələri, bələdiyyə sədrləri, ağsaqqal və ziyalılar, rayonda fəaliyyət göstərən istehsal və ticarət sahələri üzrə nümayəndələr, mühasiblər, QHT-lər, KİV nümayəndələri iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək keçirilən müşavirənin məqsəd və əhəmiyyətindən söz açıb. Qonaqları salamlayan rayon rəhbəri yüksək səviyyəli müşavirənin ilk olaraq Qazax rayonunda keçirilməsinə görə Vergilər Nazirliyinin rəhbərliyinə qazaxlı sahibkarlar, iş adamları adından minnətdarlığını çatdırıb. İcra başçısı qeyd edib ki, "Vergilərin ödənilməsi və qeyri-rəsmi məşğulluğun aradan qaldırılması istiqamətində maarifləndirmə işinin aparılması” mövzusunda müşavirənin ilk olaraq Qazaxda keçirilməsi rayonun sahibkarlarına, iş adamlarına verilən qiymət, göstərilən qayğıdır.

Rayon rəhbəri bildirib ki, ölkədə yaradılan şəffaflığın və uğurla həyata keçirilən düzgün siyasətin nəticəsidir ki, bu gün Azərbaycan özünün inqilabi inkişaf dövrünü yaşayır. Xüsusilə də vergi sahəsində olan şəffaflığın nəticəsində ölkədə bütün sahələrdə yeniliklərin, müsbət dəyişikliklərin şahidi oluruq. 2019-cu ilin ilk 2 ayında ölkə başçısının rəhbərliyi altında həyata keçirilən uğurlu islahatlardan, Prezident İlham Əliyev tərəfindən imzalanan çoxsaylı Fərman və Sərəncamlardan danışan icra başçısı bu istiqamətdə uğurlu addımların atıldığını qeyd edib. Əməkhaqqının, təqaüdlərin, tələbələrə verilən təqaüdlərin, sosial müavinətlərin artırılması ilə bağlı imzalanan Sərəncamları bu sahədə görülən işlərin əyani sübutu kimi qiymətləndirib.

Vergi Məcəlləsində edilən dəyişikliklərdən söhbət açan rayon rəhbəri bütün dəyişikliklərin sahibkarlara, iş adamlarına verilən dəstəyin, onların öz fəaliyyətlərini genişləndirmələri üçün yaradılan şəraitin bariz nümunəsi olduğunu bildirib.


Vergilər Nazirliyində yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi departamentinin şöbə rəhbəri Altay Rəhimov çıxış edərək ilk növbədə tədbirin təşkil olunmasına görə nazirliyin rəhbərliyi adından təşəkkürlərini çatdırıb. Son illər nazirlik tərəfindən aparılan islahatlardan və qarşıda duran vəzifələrdən danışan natiq vergi daxilolmalarının təmin edilməsində heç bir problemin olmadığını qeyd edib. Şöbə rəhbəri bildirib ki, bu gün nazirlik tərəfindən qarşıya qoyulan əsas məqsəd ölkədə şəffaflığı təmin etməkdir ki, biz bu istəyimizə tam nail ola bilmişik. Son illər bu sahədə əldə olunan nailiyyətlər bunu söyləməyə əsas verir. Qazaxda son illərdə aparılan abadlıq işlərindən, iqtisadi fəallığın artırılması istiqamətində həyata keçirilən tədbirlərdən söz açan A.Rəhimov 2018-ci ildə rayonda iqtisadiyyatın bütün sahələrində iqtisadi artımın olduğunu bildirib. Qeyd edib ki, bunun nəticəsidir ki, Qazaxın vergi ödəyiciləri nümunəvi ödəyicilər sırasındadır.

 

Nazirliyin vergi siyasəti departamentinin əməkdaşı Aydın Xankişiyev Vergi Məcəlləsində edilmiş dəyişikliklərin əsas istiqamətləri mövzusunda geniş təqdimatla çıxış edib. Vergi Məcəlləsində edilmiş dəyişikliklərin əsas istiqamətləri barədə danışan natiq qeyd edib ki, əsasən 5 istiqamətdən - sahibkarlığın inkişafının dəstəklənməsi, kölgə iqtisadiyyatının azaldılması və iqtisadiyyatın şəffaflaşdırılması, vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi və vergi güzəştlərinin iqtisadi səmərəliliyinin yüksəldilməsindən ibarətdir. Daha sonra hər bir istiqamət üzrə ətraflı məlumat verən A.Xankişiyev Vergi Məcəlləsində edilən dəyişikliklərlə əlaqədar müşavirə iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

 

Rayon Məşğulluq Mərkəzinin direktoru Elçin Nəsibov çıxış edərək bütün dünyada ən aktual problemlərdən biri olan qeyri-rəsmi məşğulluğun Azərbaycandan da yan keçmədiyini bildirib. Qeyd edib ki, ölkədə qeyri-rəsmi məşğulluğun olması iqtisadi inkişafa mənfi təsir göstərməklə yanaşı, həm də vətəndaşların mənafelərinin qorunması baxımından ziyanlıdır. Daha dəqiq desək qeyri-leqal işçilərin mövcudluğu bir tərəfdən vergidən yayınmaqdırsa, digər tərəfdən də işçilərin əmək və sosial hüquqlarının pozulması deməkdir. Məhz Respublika Prezidenti İlham Əliyevin 9 oktyabr 2017-ci il tarixli Sərəncamına əsasən "Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın təsdiq edilməsi bu istiqamətdə atılan ən uğurlu addımlardan biridir. E.Nəsibov Qazax rayonunda da qeyri-rəsmi məşğulluğun qarşısının alınması məqsədilə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası tərəfindən tərtib olunmuş cədvələ uyğun olaraq rayon rəhbərliyinin tapşırığına əsasən məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin yaradıldığını qeyd edib. Komitə tərəfindən sahibkarlar və işəgötürənlərlə görüşlər keçirildiyini, maarifləndirmə tədbirlərinin aparıldığını diqqətə çatdıran natiq mərkəzdə görülən işlərdən də söz açıb. Əvvəlki illəri müqayisə edən mərkəzin direktoru 2018-ci ildə yeni iş yerlərinin yaradılmasında mühüm addımların atıldığını qeyd edib. Bildirib ki, 2018-ci ildə 1402 nəfər işaxtaran qeydiyyata alınmış, onlardan 701 nəfəri işlə təmin olunmuşdur. 100 ailə özünüməşğulluq proqramına cəlb olunmuş və 68 ailə bu günə kimi aktivlərlə təmin edilmişdir. 701 nəfər işlə təmin olunanlardan 290 nəfərin ölkə başçısının tapşırığına əsasən yeni yaradılmış ictimai işlərdə çalışanlar olduğunu bildirib. 2019-cu ilin ötən dövründə 381 nəfərin işaxtaran kimi qeydiyyata alındığını və 329 nəfərin işlə təmin olunduğunu vurğulayıb. Bildirib ki, 290 nəfər "Dost İş Mərkəzi” MMC-də ictimai işlə təmin olunan vətəndaşlardır. Bundan əlavə, 295 nəfərin özünüməşğulluq layihəsinə cəlb olunduğunu da qeyd edib.


"Saloğlu” fərdi firmasının mətbuat xidmətinin rəhbəri Elmir Qurbanov çıxış edərək səmərəli və faydalı bir mövzuda tədbirin keçirilməsinə görə sahibkarlar, iş adamları adından tədbirin təşkilatçılarına minnətdarlığını bildirib. "Vergi dövlətin dayağı və əsas sütunudur”, - deyən natiq məhz bu vergi daxilolmaları sayəsində ölkənin iqtisadi gücünün artdığını qeyd edib. Mebel istehsalında aparıcı müəssisələrdən olan "Saloğlu” firmasının gördüyü işlərdən, qazandığı nailiyyətlərdən danışan E.Qurbanov ölkə hüdudlarından kənarda da tanındıqlarını vurğulayıb. Bu gün vergilərin ödənilməsində, qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasında dövlət tərəfindən həyata keçirilən islahatları, qanunlarda edilən dəyişiklikləri hər zaman dəstəklədiklərini bildirib. Qeyd edib ki, Azərbaycanın düzgün siyasəti və inkişaf strategiyası var. Biz sahibkarlar, iş adamları da öz inkişafımızı həmin xətt üzərində qurmalı və dövlətimizə dəstək olmalıyıq.

 

Rayon Maliyyə İdarəsinin rəisi Novruz Abdullayev çıxışı zamanı bildirib ki, 2017-ci il yanvarın 1-dən dotasiyadan ləğv olunan Qazax rayonu bu gün rayonda mövcud olan şəffaflıq sayəsində öz məqsədlərinə nail olur. Dövlət başçısının məqsədyönlü siyasəti nəticəsində ölkənin iqtisadi inkişafına öz töhfəsini verməkdədir.


"Qazax Sement Zavodu” MMC-nin sənədləşdirmə üzrə müşaviri Nizami Zeynalov çıxışında ən iri sənaye müəssisəsi olan zavodun gördüyü işlərdən söz açıb. Qeyd edib ki, artıq 2 ildir ki, zavod ili mənfəətlə başa vurur. Bu isə zavodun ölkə iqtisadiyyatına, eləcə də rayonun inkişafına böyük töhfələr verməsinə zəmin yaradır. Məhz bu uğur nəticəsində zavod xeyirxah işlər həyata keçirir. N.Zeynalov bildirib ki, zavod tərəfindən 2017-ci ildə rayonun Daş Salahlı kəndində 2 uşaq bağçasının əsaslı şəkildə təmir olunaraq körpə balaların istifadəsinə verilməsi, eləcə də bir neçə tələbənin təhsil xərclərinin ödənilməsi əldə edilən həmin mənfəətin nəticəsidir. Bu il daha bir bağçanın təmirini zavodun öz üzərinə götürdüyünü qeyd edən natiq bundan sonra da rayonun iqtisadi inkişafına töhfələr verəcəklərini qeyd edib.

Daha sonra müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Diskussiya şəraitində keçən müşavirədə Vergi Məcəlləsində edilən dəyişikliklər, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması sahəsində həyata keçirilən tədbirlər müzakirə olunub. Qeyd edilib ki, hər bir idarə, müəssisə və təşkilat, eləcə də sahibkar, iş adamı üzərinə düşən işin öhdəsindən layiqincə gəlməli və qanunvericilikdə nəzərdə tutulan bütün qaydalara ciddi əməl etməlidirlər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müşavirəyə yekun vuraraq bu cür görüşlərin daha sıx şəkildə keçiriləcəyini bildirib və nazirliyin əməkdaşlarına rayon ictimaiyyəti adından bir daha minnətdarlığını çatdırıb.






GOYEZEN.AZ



Facebook-da paylaş