Qazaxda çoxmənzilli yaşayış binalarının təmiri uğurla davam etdirilir
2018-ci il Qazaxda bir çox sahələrdə yaddaqalan olmuşdur. Belə ki, təhsil,
səhiyyə, mədəniyyət, idman, eləcə də digər sahələrdə əldə olunan uğur və
nailiyyətlərlə yanaşı, rayonda əhalinin mənzil-məişət şəraitinin
yaxşılaşdırılması istiqamətində də məqsədyönlü işlər görülmüşdür. Rayonda "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun
olaraq aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri çoxmənzilli binaların
əsaslı şəkildə təmir olunması sahəsində də uğurlu olub. Belə ki, son iki il
yarımda ölkə başçısının Qazaxda çoxmənzilli binaların əsaslı təmir
olunması ilə bağlı imzaladığı 20 oktyabr 2016-cı il tarixli Sərəncamına əsasən 2017-2018-ci
illərdə çoxmənzilli yaşayış binalarının fasadında, bloklarında, pilləkan
qəfəslərində, su-kanalizasiya, elektrik, rabitə və qaz xətlərində əsaslı təmir,
rənglənmə və həyətlərində abadlıq işləri görülüb. 4 çoxmənzilli yaşayış
binasının həyətində isə xeyir-şər evləri tikilib və ya əsaslı təmir olunub. Bu
gün əminliklə deyə bilərik ki, rayonda olan 163 ədəd çoxmənzilli yaşayış
binasından artıq 100-dən çoxu yüksək səviyyədə təmir olunaraq sakinlərin
istifadəsinə verilib. Bundan əlavə, 2018-ci il dövlət başçısının respublikanın şəhər və
rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə
tədbirlər haqqında imzaladığı 4 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə də
əlamətdar oldu. Məhz həmin Sərəncama əsasən şəhərin Azadlıq küçəsi 92 ünvanında
yerləşən 4 bloklu, 5 mərtəbəli, 36 mənzilli və Bakı küçəsi 1 ünvanında yerləşən
3 bloklu, 5 mərtəbəli, 30 mənzilli binaların dam örtüklərinin dəyişdirilməsi bu
sahədə görülən işlərin uğurla davam etdirilməsi deməkdir. Sevindirici hallardan biri odur ki, ölkəmizdə əhalinin mənzil-məişət
şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü
tədbirlər bu il də davam etdirilir. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov təmir işləri
aparılan çoxmənzilli binalarda olub, görülən işlərlə maraqlanıb. Rayon rəhbəri əvvəlcə şəhərin Azadlıq küçəsində yerləşən və dam örtüyünün
dəyişdirilməsi nəzərdə tutulan 107 saylı binada olub, sakinlərlə görüşüb. Son illər ölkə başçısının çoxmənzilli binaların təmiri ilə bağlı imzaladığı
çoxsaylı Sərəncamlardan söz açan icra başçısı şəhərdəki digər binalar kimi bu
binanın da dam örtüyünün dəyişdiriləcəyini qeyd edib. Bu həftə ərzində binanın
dam örtüyünün dəyişdirilməsi ilə bağlı aidiyyəti üzrə tapşırıq verib. Rayon
rəhbərinin bu xəbərini razılıq hissi ilə qarşılayan sakinlər ölkə başçısına və
rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Sonra rayon rəhbəri təmir işləri aparılan Heydər Əliyev prospekti 179
ünvanında yerləşən 9 mərtəbəli, 2 bloklu binada görülən işlərlə tanış olub.
Bildirilib ki, iki blokdan ibarət olan binada ilk gündən işlərə böyük sürətlə
start verilib. Bunun nəticəsidir ki, artıq bir blokda bütün işlər başa çatıb.
Hər bir mərtəbədə köhnə suvaqlar çapılaraq tökülüb, yeni astar və üzlük
vurulub. Bundan əlavə, rabitə və elektrik xətləri səliqəyə salınıb. İkinci
blokda isə beşinci mərtəbəyə kimi bütün işlər yekunlaşıb. Eyni işlər bu
mərtəbələrdə də həyata keçirilib. Digər mərtəbələrdə də köhbə suvağın çapılaraq
tökülməsinə başlanılacaq. Görülən işlərlə tanış olan icra başçısı işlərin keyfiyyətlə aparılmasını və
sürətləndirilməsini qeyd edib, bu istiqamətdə tapşırıq və tövsiyələrini verib.
Rayon rəhbəri binanın həyətində də abadlıq işlərinin aparılmasını, digər
binalarda olduğu kimi, bu binanın da həyətində xeyir-şər evinin tikilməsinə
başlanılmasını bildirib. Bina sakinlərindən Validə Nəsibova, Şahin Əliyev rayonda görülən
genişmiqyaslı işlərə, eləcə də çoxmənzilli binalarda aparılan abadlıq işlərinə
görə ölkə başçısı İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıq ediblər.
Sakinlər qeyd ediblər ki, ölkə başçısının dünən çoxmənzilli binalarla bağlı
imzaladığı Sərəncam bir daha onu göstərdi ki, o, hər zaman öz sadə vətəndaşının
yanındadır. Əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində
genişmiqyaslı işlər həyata keçirir. Görülən bu işlər isə biz sakinlərdə böyük
ruh yüksəkliyi yaratmaqla yanaşı, dövlətə və dövlət başçısına olan inam
hissimizi daha da artırır. Bu gün rayonda
vətəndaş amilinin hər zaman ön planda tutulduğunu qeyd edən bina sakinləri uzun
illərdən bəri təmir olunmayan binanın liftinin bərpa olunmasını, xüsusilə də
əsaslı təmir işlərinin aparılmasını minnətdarlıq hissi ilə qarşıladıqlarını
bildiriblər. Görülən işləri onlara göstərilən diqqət və qayğı kimi
qiymətləndirən sakinlər ölkə başçısına və rayon rəhbərinə təşəkkürlərini
çatdırıblar. Daha sonra rayon rəhbəri hər biri 4 blokdan, 5 mərtəbədən ibarət olan
şəhərin H.Əliyev prospektində yerləşən 173 və 175 saylı binalarda görülən
işlərlə də tanış olub. Rayon rəhbərinə məlumat verilib ki, 173 saylı binada 3 blokda, 175 saylı
binada isə 2 blokda işlər tam başa çatıb. Hər iki binada bloklarda astar və
üzlük vurulması, rabitə və elektrik xətlərinin səliqəyə salınması işləri
aparılıb. Eyni zamanda, 175 saylı binanın həyətində abadlıq işləri də həyata
keçirilir. Belə ki, binanın xarici fasadında və həyətdə olan hasarda suvaq
işlərinə başlanılıb. Binaların bloklarında görülən işlərlə yaxından tanış olan icra başçısı hər
iki binada işlərin keyfiyyətinə fikir verilməsini bildirib, aidiyyəti üzrə tapşırıq
və tövsiyələrini verib. 175 saylı binada yaşayan sakinlərdən Məmmədhüseyn Hacıyev yaşadıqları
binada aparılan quruculuq işlərinə görə minnətdarlıq edərək bu işləri yüksək
qiymətləndirib. Sakinlərin yaşayış şəraitinin, rahatlığının təmin olunması
sahəsində görülən işləri onlara göstərilən qayğının bariz nümunəsi kimi
qiymətləndirib. Azadlıq küçəsi - 107 saylı bina Heydər Əliyev prospekti - 179 saylı bina Heydər Əliyev prospekti - 175 saylı bina Heydər Əliyev prospekti - 173 saylı bina
GOYEZEN.AZ
Azərbaycan Respublikasının şəhər
və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə
tədbirlər haqqında ölkə prezidentinin 4 fevral 2019-cu il tarixli Sərəncamı
bu sahədə görülən işlərin bundan sonra da uğurla həyata keçirilməsindən xəbər
verir.
Həmin Sərəncamla Qazaxda 8 ədəd
çoxmənzilli yaşayış binasının dam örtüyünün dəyişdirilməsinin yer alması sakinlər
tərəfindən də böyük rəğbət və minnətdarlıq hissi ilə qarşılanır. Bunu rayon rəhbəri
çoxmənzilli binalarda görülən işlərlə tanış olan zaman sakinlər öz minnətdarlıqlarını
bildirərək bir daha sübut ediblər.
Facebook-da paylaş