Ənənəvi kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi yeni uğurlara yol açır » Göyəzən internet portalı


Ənənəvi kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi yeni uğurlara yol açır

Ənənəvi kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi yeni uğurlara yol açır


Prezident İlham Əliyevin barama, tütün və fındıq istehsalı və inkişafı məsələlərinə dair respublika müşavirəsində qarşıya qoyduğu vəzifələr Qazax rayonunda da fəaliyyət proqramı kimi qəbul edilmişdir. Bu məqsədlə rayonda ehtiyat mənbələri, mövcud imkanlar bir daha nəzərdən keçirilərək genişmiqyaslı işlərə başlanılmışdır.
Rayonda ənənəvi sahələrdən olan barama və tütün istehsalına 2016-cı ildən başlanılmış və yaxşı göstəricilərə nail olunmuşdur. 19 kümçü 30 qutu ipəkqurdu toxumundan 1502 kiloqram barama istehsal edib müqavilə əsasında “Şəki İpək” MMC-yə təhvil verərək 11592 manat gəlir əldə etmişdi. Bu, kümçüləri daha da həvəsləndirmiş və onlar cari ildə 4623 kiloqram barama təhvil verib 40233,11 manat qazanmışlar. Ancaq bu rəqəm qazaxlı kümçülər üçün son hədd deyil. Onlar 2018-ci ildə 5000 kiloqram barama istehsal etməyi planlaşdırmışlar. Bu məqsədlə Çin Xalq Respublikasından gətirilmiş 20000 ting əkilərək yem bazası yaradılmışdır. Hazırda həmin bağlara aqrotexniki qaydalarda qulluq göstərilir. Bundan başqa, barama istehsalı ilə məşğul olmaq istəyənlər üçün də lazımi şərait yaradılır.
Rayonda tütünçülüyün inkişaf etdirilməsi istiqamətində də məqsədyönlü işlər görülür. Tütünçülük də ənənəvi sahədir. Belə ki, 1968-1980-ci illərdə 7 sovxozda tütün əkilib becərilib. Lakin 1980-ci illərdən sonra rayonda üzümçülük inkişaf etdirildiyi üçün tütün əkini dayandırılmışdı. 1991-ci ildən 1999-cu ilədək yalnız fərdi qaydada tütün yetişdirilirdi. Bu gəlirli sahəyə diqqət və qayğının olmaması marağı azaltmış və nəticədə tütünçülük tədricən ləğv edilmişdi. Keçən ildən yenidən tütün becərilməsinə başlanıldı. 12 nəfər 10 hektar sahədən 15635 kiloqram quru tütün əldə edib. Əvvəlcədən bağlanmış müqavilə əsasında Şəkidəki “İlham M” MMC-yə təhvil verərək 22397,05 manat gəlir əldə etdilər. Tütünçülər bu il əkin sahələrini genişləndirərək 50 hektara çatdırdılar. Hazırda bu işlə 12 fiziki və 1 nəfər hüquqi şəxs 100 tondan çox tütün istehsalı uğrunda mübarizə aparır. İndiyədək 30 tona qədər quru tütün yarpağı istehsal edilmişdir.
“Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nın təsdiq olunması Qazax tütünçülərinin də ürəyincə olmuşdur. Artıq dövlət proqramının icrası ilə bağlı rayonda qurutma sexlərinin tikilməsi, tütün istehsalçılarına güzəştli şərtlərlə kreditlərin verilməsi istiqamətində işlərə başlanılmışdır.
Rayonda önəm verilən sahələrdən biri də fındıqçılıqdır. İstər Avropa, istər Asiya ölkələrində, istərsə də postsovet məkanında Azərbaycan fındığının alıcılıq qabiliyyəti yüksəkdir. Dövlət bu istiqamətdə də kəndlilərə hər cür yardım göstərir. Bu yardımdan bəhrələnən qazaxlılar iqtisadi cəhətdən daha gəlirli olan fındıq istehsalını artırmaq məqsədilə yeni bağlar salmışlar. Əvvəllər mövcud olan 105 hektar fındıq bağının cəmi 81 hektarı bar verən olmuşdur. 2016-cı ildə rayonda əlavə olaraq 39 hektar, bu il isə 13 hektar fındıq bağı salınmışdır.
İstehsal olunan fındığın satışında da heç bir problem yoxdur. Respublikada fəaliyyət göstərən Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası məhsulun mərkəzləşdirilmiş qaydada alışını və ixracını təşkil edir.


Sabir ƏLİYEV,
“Azərbaycan” qəzeti.
19 avqust 2017-ci il.


Facebook-da paylaş