• Təqvim

  • Unutma

  • Maraq



Şəhidlərimiz – iftixar yerimizdir

Şəhidlərimizi tanıyaq və tanıdaq--------------

 

Şəhidlər – həmişə vətənpərvər olan, yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə aparan, Vətənini düşməndən azad etmək üçün ölümün gözünə dik baxan Azərbaycanın igid, cəsur oğul və qeyrətli qızları. Vətən naminə canlarını qurban verməkdən çəkinməyən, bu yolda öz qanları ilə adlarını şəhidlik adlı uca bir zirvəyə yazanlar isə hər zaman qəlblərdə yaşayırlar. Onların keçdiyi döyüş yolunu gənclərə çatdırmaq, onlarda vətənpərvərlik hissini formalaşdırmaq, şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək isə hər bir Azərbaycan vətəndaşının ən müqəddəs borcu olmalıdır. Bizim üçün canlarını qurban etdiklərinə görə ömür boyu şəhidlərimizin ruhu qarşısında baş əyməliyik.

Qazax rayonu da Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 280-dən artıq şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan rayonun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altındadır. 5 kəndi isə daim düşmən gülləsinin atəşinə məruz qalır.

Rayonumuzda Vətənin müstəqilliyi və ərazi bütövlüyü hər şeydən üstün tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin daha bir əyani sübutudur.

Bu gün sevindirici haldır ki, rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar, nümayəndə heyətləri kədər və qürur yerimiz olan bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Rayonumuzda keçirilən tədbirlər öncə bu müqəddəs məkanı ziyarətlə başlayır. Məktəblilər mütəmadi olaraq xiyabanda olur, rayonunun şəhidləri haqqında ətraflı məlumatlar alır, onlarla bir daha qürur duyurlar. Çünki gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunmasında bu cür ziyarətlərin böyük rolu vardır.

Qazax rayonunda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günlərinin qeyd olunması da artıq bir ənənə halını alıb. Hər bir Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər xiyabanında ruhlarına dualar oxunur, göstərdikləri igidliklərdən söz açılır, əziz xatirələri dərin ehtiramla yad olunur. Bütün bunlar bir daha onu göstərir ki, şəhidlərimiz hər zaman qəlblərdə yaşayırlar.

GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı silsilə yazılar dərc etməsi isə artıq bir ənənə halını alıb. Bu həftə də ənənəmizə sadiq qalaraq doğum və anım günü olan şəhidlərimizdən – Arzu Nəbiyevin, Ruslan Hüseynovun, Yusif Ayvazovun, Xədicə Kazımovanın, Məzahir Barıyevin, Əli Əhmədovun, Nəsir Yusifovun, Mahmud Mahmudovun, Adil Qocayevin, Xəyyam Yaqubovun əziz xatirələrini yad edirik.

Nəbiyev Arzu Abdulla oğlu


Nəbiyev Arzu Abdulla oğlu 10 aprel 1965-ci ildə Qazax rayonunun Abbasbəyli kəndində anadan olmuşdur. 1972-ci ildə Alpout kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş və 1980-ci ildə həmin məktəbi bitirmişdir. Elə həmin ildə Qazax rayonundakı Kənd Təsərrüfatı Texnikumuna qəbul olmuşdur. 1983-1985-ci illərdə Ermənistanın Lalaxan rayonunda hərbi xidmət keçmişdir. Muxtar Hacıyev adına sovxozda işləyərək  evin tək oğlu olduğuna baxmayaraq könüllü olaraq Milli Orduya qoşulmuşdur. 1990-1993-cü illərdə Qazax rayonunun Quşçu Ayrım və Fərəhli kəndləri istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Topçu olan Arzu Nəbiyev 22 iyul 1993-cü ildə Fərəhli kəndində yerləşən Odun dağı adlanan ərazidə minaya düşərək şəhid olmuşdur.

1994-cü ildə ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir. Ailəliydi. İki övladı yadigar qalmışdır.

Hüseynov Ruslan İsfəndiyar oğlu


Hüseynov Ruslan İsfəndiyar oğlu 3 oktyabr 1971-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1979-cu ildə Çaylı kənd 1 saylı tam orta məktəbin birinci sinfinə daxil olmuş və 1989-cu ildə orta məktəbi bitirmişdir. 1989-cu ildə hərbi xidmətə getmişdir. 825-ci Hərbi Hissənin II batalyonunda Vətən uğrunda gedən döyüşlərdə iştirak edən Ruslan Hüseynov 1993-cü ilin 22 iyulunda Fərəhli kəndində minaya düşərək şəhid olmuşdur.

Ayvazov Yusif Süleyman oğlu


Ayvazov Yusif Süleyman oğlu 4 sentyabr 1968-ci ildə Qazax rayonunun Çaylı kəndində  anadan olmuşdur. 1974-cü il ildə Çaylı kənd 1 saylı tam orta məktəbin birinci sinfinə daxil olmuş və 1985-ci ildə orta məktəbi bitirmişdir. 1986-1988-ci illərdə SSRİ-nin silahlı  qüvvələrində hərbi xidmət etmişdir. 825-ci Hərbi Hissənin II batalyonunda Vətən uğrunda gedən döyüşlərdə iştirak edən Yusif Ayvazov 22 iyul 1993-cü ildə Fərəhli kəndində minaya düşərək şəhid olmuşdur.

Kazımova Xədicə İsmayıl qızı


Kazımova  Xədicə İsmayıl qızı 22 iyul 1987-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 7 fevral 1993-cü ildə Kəmərli kəndində ermənilərin atdığı mərminin dəyməsi nəticəsində şəhid olmuşdur.

Barıyev Məzahir Məhəmməd oğlu


Barıyev Məzahir Məhəmməd oğlu 14 dekabr 1968-ci ildə Aslanbəyli kəndində anadan olmuşdur. 1978-ci ildə Aslanbəyli kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş və 1986-cı ildə məktəbi bitirmişdir. 1989-cu ildə Yuxarı Salahlı kənd Peşə məktəbini də bitirmişdir. 1989-1991-ci illərdə Rusiya Federasiyasının Murmansk vilayətində hərbi xidmətdə olmuşdur. 1992-ci ildə könüllü olaraq Milli Ordu sıralarına daxil olmuşdur. 1993-cü ilin 22 iyulunda Fərəhli kəndində gedən döyüş zamanı şəhid olmuşdur.

Əhmədov Əli Əlövsət oğlu


Əhmədov Əli Əlövsət oğlu 23 iyul 1972-ci ildə Qazax rayonunun Qarapapaq kəndində anadan olmuşdur. 1979-cu ildə Qarapapaq kənd ümumi orta məktəbinə daxil olmuş, 1987-ci ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. Sonra isə 117 saylı Texniki Peşə Məktəbində qaynaqçı ixtisasına yiyələnmişdir.

1990-92-ci illərdə SSRİ-nin Arxangelski vilayətində hərbi xidmətdə olmuşdur. Lakin 1 il 6 aydan sonra torpaqlarımızın düşmən tapdağı altında olmasına dözməyərək Əli xidmətini yarımçıq qoymuş, Vətənə dönmüşdür. Bir neçə gün keçdikdən sonra Milli Ordu sıralarına daxil olmuşdur. O, 707 saylı Hərbi Hissənin 1-ci taborunda cəsur kəşfiyyat komandiri kimi xidmətə başlamışdır. Vəlixan meşəsi, Bala və Böyük Cəfərlinin müdafiəsi uğurunda gedən döyüşlərdə o, mərdliklə iştirak etmişdir.

1992-ci il dekabr ayının 29-da İcevan rayonunun Lələ kəndində gedən döyüşlərdə mühasirəyə düşərək qəhrəmancasına şəhid olmuşdur. Bu gün Qarapapaq kənd ümumi orta məktəbi onun adına verilmiş, məktəbin həyətində büstü qoyulmuşdur.

Yusifov Nəsir Səməd oğlu

 

Yusifov Nəsir Səməd oğlu 16 may 1966–cı ildə Qazax rayonunun Qazaxbəyli kəndində anadan olmuşdur. 1973-cü ildə Qazaxbəyli kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1981-ci ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir.

Ermənilərə qarşı döyüşdə könüllü dəstədə iştirak edən Nəsir Yusifov 27 iyul 1993-cü ildə şəhid olmuşdur. Ailəliydi, 2 övladı var.

Mahmudov Mahmud Abdulla oğlu


Mahmudov Mahmud Abdulla oğlu 23 iyul 1971-ci ildə Yuxarı Əskipara kəndində anadan olmuşdur. 1978-ci ildə Yuxarı Əskipara kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1988-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1992-ci ildə Milli Orduya xidmətə çağırılmışdır. 15 iyun 1993-cü ildə Məzəm kəndində gedən döyüşlərdə minaya düşərək şəhid olmuşdur. Ağköynək kənd qəbiristanlığında dəfn edilmişdir.

Qocayev Adil Hüseynqulu oğlu


Qocayev Adil Hüseynqulu oğlu 29 iyul 1966-cı ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1973-cü ildə Çaylı kənd 2 saylı orta məktəbin birinci sinfinə daxil olmuş, 1981-ci ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. 1981-1983-cü illərdə Çaylı kənd 1 saylı orta məktəbin X-XI sinfini bitirmişdir. Hərbi xidmətə gedənə qədər ailəsi ilə birlikdə kənddə üzümçülük briqadasında fəhlə işləmişdir. 2 il sovetlər birliyində hərbi xidmətdə olmuşdur. Qayıtdıqdan sonra yenə də təsərrüfatda işləmişdir. 1990-cı ildə könüllü olaraq Azərbaycan Ordusu sıralarına yazılmış, kənddə yaradılan batalyonun üzvü olmuşdur. 22 iyul 1993-cü ildə Fərəhli kəndi istiqamətində gedən döyüşlərdə minaya düşərək ağır yaralanmışdır. Yarası ağır olduğundan 24 iyulda vəfat etmişdir. Subay idi. Adını əbədiləşdirmək üçün kənddə yaşadığı məhləyə yaxın bir ədəd bulaq çəkilmişdir.

Yaqubov Xəyyam Şəmistan oğlu


Yaqubov Xəyyam Şəmistan oğlu 27 iyul 1973-cü ildə Qazax rayonunun Qarapapaq kəndində anadan olmuşdur. 1980-ci ildə Qazax şəhər 3 saylı tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1988-ci ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. Həmin ildən 1990-cı ilə kimi Qazax 117 saylı peşə məktəbində qaynaqçı ixtisasına yiyələnmişdir. 1991-ci ildə Qazax Hərbi Komissarlığından hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini N saylı Hərbi Hissənin 1-ci taborunda başlamışdır. 3 sentyabr 1994-cü ildə Bala Cəfərlidə gedən döyüşlərdə itkin düşmüşdür. Subay idi.



Facebook-da paylaş