• Təqvim

  • Maraq



“PİSA-da uğurumuz STEAM-dan keçir” adlı layihənin icrası davam edir


Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V qrant müsabiqəsinin fərdi kateqoriyası üzrə qalibi olmuş Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin biologiya müəllimi Şəlalə Məhərrəmovanın "PİSA-da uğurumuz STEAM-dan keçir” adlı layihəsi uğurla icra olunur.

Layihənin məqsədi PİSA-da (Şagirdlərin beynəlxalq qiymətləndirmə proqramında) daha uğurlu nəticə əldə etmək məqsədilə regionlarda (Qazaxda) STEAM mərkəzi açmaq, şagirdlərdə 10 il bundan sonrakı cəmiyyətdə vacib olan kompetensiyaları formalaşdırmağa nail olmaq və həmin kompetensiyaların səviyyəsini yerli şəraitdə əvvəlki illərin PİSA tapşırıqları əsasında aprobasiya edərək STEAM yanaşmasının tətbiqinin PİSA nəticələrinə təsirini müəyyənləşdirməkdir. 

Sözügedən layihənin icrasına 15 sentyabr 2021-ci il tarixdən başlanıb. Cari ilin 1 oktyabrında isə layihə ictimaiyyətə təqdim olunub.

Təqdimat zamanı layihənin əsas məqsədi və fəaliyyəti haqqında məlumatlar verilib. Məktəb direktoru Ruslan Rzayev tərəfindən STEAM laboratoriyasının təşkili üçün sinif ayrılıb, STEAM laboratoriyası noutbuklar və internet təminatı ilə təchiz edilib. Laboratoriyada kiçik STEAM kitabxanası da mövcuddur.

Layihə əsasında növbəti hədəf məktəbin valideyn kontingenti olub. Oktyabrın 6-da valideynlər üçün onlayn seminar təşkil olunaraq onlara 2030-cu ildə əsas vacib olan kompetensiyalar və peşələr haqqında ətraflı məlumat verilib. İzah olunub ki, əgər övladları indi bu STEAM bacarıqlarına yiyələnməsələr onların yaşadıqları gələcəkdə iş tapmaları çətin olacaq.

STEAM dərslərinin mahiyyəti izah olunduqdan sonra layihənin eksperti məktəbin xarici dil müəllimi, Əməkdar müəllim Tahirə Xasməmmədova tərəfindən şagirdlər arasında sorğu keçirilərək ilkin mərhələ üçün dərslərdə iştirak edəcək şagirdlər seçilib.  

Seçimin ikinci mərhələsində (7-8 oktyabrda) şagirdlərə əvvəlki illərin PİSA qiymətləndirilməsində istifadə olunan tapşırıqlar verilərək həmin tapşırıqların cavablarına əsasən 2 STEAM qrupu formalaşdırılıb. Hər STEAM sinifinə 20 nəfər şagird seçilib.

14-15 oktyabr tarixlərindən ilk STEAM dərsləri başlayıb. Şagirdlər dərslərə xüsusi maraq göstərirlər, hətta könüllü olaraq çox sayda şagird müracət edir. Hər həftənin cümə axşamı və cümə günləri keçirilən STEAM dərslərində şagirdlər makecode.microbit.org saytında proqramlaşdırma işləri aparırlar.


Hazırda layihə uğurla davam edir. Noyabr-dekabr aylarında STEAMçı şagirdlər makecode.microbit.org saytından istifadə edərək proqramlaşdırma bacarıqlarına asanlıqla yiyələniblər. Hazırladıqları kodları mikrobitlərə yükləyərək müxtəlif layihələrdə tətbiq ediblər. Şagirdlər addımölçən, termometr, damcı suvarma kimi vacib proqramları asanlıqla kodlaşdırmaq bacarığını mənimsəyiblər.

Komandanın strateji əhəmiyyətli bir təcrübəsi də olub. Belə ki, iki həftəlik araşdırma və sınaq nəticəsində Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin şagirdləri öz mini raketlərini uçurda biliblər. Raketin mühəndis-konstruktoru 6-cı sinif şagirdi Fərid Yusifov pilotsuz raketini həmkarlarına təqdim edib. Raketin hazırlanması layihəsi üç həftə vaxt aparıb. Əvvəlcə raketin konstruksiyası və yanacaq növü araşdırılıb, daha sonra ilk prototip sınanıb. Sınaq vaxtı üç cəhddən sonra sahədə prototipin 2-ci sınaq uçuşu uğurlu olub. Raket 3 metr hündürlüyə qalxıb. Hazırda F.Yusifov mini reaktiv mühərrikli raketin sxemi üzərində işləyir və aprel ayında sınaq uçuşunu planlaşdırır. Bundan əlavə, 5-ci və 7-ci sinifdə oxuyan STEAMçılar 9-cu sinif səviyyəsində olan məlumata qrafik dizayn verərək maraqlı bir şəhərsalma işi aparıblar. Tapşırığın mahiyyətinə əsasən şagirdlərə hüceyrə orqanoidləri haqqında mətn verilib. Məktəblilər arxitektor kimi təxəyyüllərini işə salaraq şəhər planı çəkiblər. Şagirdlər əldə etdikləri biliklər əsasında çox fərqli dizaynlara malik hüceyrə şəhər yaradıblar. Eyni zamanda şəhərin tikililərinin (hüceyrə orqanoidlərinin) adlarını və quruluşunu tam öyrəniblər.


Şagirdlər dərslərə xüsusi maraq göstərirlər, hətta, könüllü olaraq digər məktəbdən ibtidai sinif şagirdi də müraciət edib. Təbii ki, onun marağı nəzərə alınaraq komandaya daxil edilib. 

Onu da qeyd edək ki, STEAM dərsləri davam edir. Dərs prosesi tamamilə şagirdlərin maraq və həvəslərinə köklənib. Dərs prosesini şagirdlər özləri idarə etməyə davam edirlər, artıq komandada işləmək bacarıqları tam formalaşıb. Onlar birlikdə layihələr üzərində fikirləşirlər, problemlərin həlli yollarını birlikdə tapırlar. Əməkdaşlıqları hətta dərsdən sonra da davam edir. Çətin layihə olanda evlərdə toplaşırlar. Əminliklə deyə bilərik ki, bu bacarıqlar STEAMçıların gələcək peşə fəaliyyətlərində əvəzsiz rol oynayacaq. Onlar düşdükləri mühitə digərlərindən nisbətdə daha tez uyğunlaşacaqlar, problemlər qarşısında aciz qalmayacaq, əksinə komanda şəklində birləşərək hər şeyin öhdəsindən gələcəklər. 5-ci və 6-cı sinif şagirdləri qısa müddətdə mütəxəssis kimi formalaşıblar. Dərslər davam edir. Qarşıda daha maraqlı fəaliyyətlər var.


 

GOYEZEN.AZ



Facebook-da paylaş