• Təqvim

  • Unutma

  • Maraq



V qrant müsabiqəsinin qalibi olmuş Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin “PİSA-da uğurumuz STEAM-dan keçir” adlı layihə uğurla icra olunur


Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V qrant müsabiqəsinin fərdi kateqoriyası üzrə qalibi olmuş Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin biologiya müəllimi Şəlalə Məhərrəmovanın "PİSA-da uğurumuz STEAM-dan keçir” adlı layihəsi uğurla icra olunur.

Layihənin məqsədi PISA-da (Şagirdlərin beynəlxalq qiymətləndirmə proqramında) daha uğurlu nəticə əldə etmək məqsədilə regionlarda (Qazaxda) STEAM mərkəzi açmaq, şagirdlərdə 10 il bundan sonrakı cəmiyyətdə vacib olan kompetensiyaları formalaşdırmağa nail olmaq və həmin kompetensiyaların səviyyəsini yerli şəraitdə əvvəlki illərin PİSA tapşırıqları əsasında aprobasiya edərək STEAM yanaşmasının tətbiqinin PİSA nəticələrinə təsirini müəyyənləşdirməkdir.

 

Qeyd edək ki, layihənin icrasına 15 sentyabr 2021-ci il tarixdən başlanıb. Cari ilin 1 oktyabrında isə layihə ictimaiyyətə təqdim olunub.

Təqdimat zamanı layihənin əsas məqsədi və fəaliyyəti haqqında məlumatlar verilib. Məktəb direktoru Ruslan Rzayev tərəfindən STEAM laboratoriyasının təşkili üçün sinif ayrılıb, STEAM laboratoriyası noutbuklar və internet təminatı ilə təchiz edilib. Laboratoriyada kiçik STEAM kitabxanası da mövcuddur.

Layihə əsasında növbəti hədəf məktəbin valideyn kontingenti olub. Oktyabrın 6-da valideynlər üçün onlayn seminar təşkil olunaraq onlara 2030-cu ildə əsas vacib olan kompetensiyalar və peşələr haqqında ətraflı məlumat verilib. İzah olunub ki, əgər övladları indi bu STEAM bacarıqlarına yiyələnməsələr onların yaşadıqları gələcəkdə iş tapmaları çətin olacaq.

STEAM dərslərinin mahiyyəti izah olunduqdan sonra layihənin eksperti məktəbin xarici dil müəllimi, Əməkdar müəllim Tahirə Xasməmmədova tərəfindən şagirdlər arasında sorğu keçirilərək ilkin mərhələ üçün dərslərdə iştirak edəcək şagirdlər seçilib.  

Seçimin ikinci mərhələsində (7-8 oktyabrda) şagirdlərə əvvəlki illərin PİSA qiymətləndirilməsində istifadə olunan tapşırıqlar verilərək həmin tapşırıqların cavablarına əsasən 2 STEAM qrupu formalaşdırılıb. Hər STEAM sinifinə 20 nəfər şagird seçilib.

14-15 oktyabr tarixlərindən ilk STEAM dərsləri başlayıb. Şagirdlər dərslərə xüsusi maraq göstərirlər, hətta könüllü olaraq çox sayda şagird müracət edir. Hər həftənin cümə axşamı və cümə günləri keçirilən STEAM dərslərində şagirdlər makecode.microbit.org saytında proqramlaşdırma işləri aparırlar.

Bundan sonra müxtəlif inteqrativ layihələr işləyəcək şagirdlər ilk robotlarını quraşdıracaqlar. Şagirdlərə STEAM əsaslı layihələrdə fənlərin inteqrasiyasını təmin etmək üçün fənn müəllimlərindən ibarət işçi qrupu yaradılıb. İşçi qrupunda olan kimya müəllimi Vəfa Pirvəliyeva, informatika və riyaziyyat müəllimi Könül Abdullayeva, coğrafiya müəllimi Xalidə Abdullayeva hər zaman şagirdlərə öz fənləri çərçivələrində dəstək olacaqlar.

Hazırda STEAM dərsləri davam edir. Dərslərə xüsusi maraq göstərən şagirdlər də var. BBC Mikrobitlər üçün kodlar proqramlaşdırılır. Şagirdlərin marağı kodlaşdırmaya o qədər güclüdür ki, hər yeni kodu özləri araşdırıb tapır və yoldaşlarına izah edirlər. Dərs prosesi tamamilə şagirdlərin maraq və həvəslərinə köklənib. Dərs prosesini özləri idarə edir, özləri izah edir, özləri kəşf edir, növbəti dərsin planını qurur, əməkdaşlıq şəraitində bir-birini öyrədirlər.

Layihə rəhbəri Şəlalə Məhərrəmova V-VI sinif şagirdlərinin qısa müddətdə mütəxəssis kimi formalaşdıqlarını bildirir. Onların izah etdikləri "Temperaturun ölçülməsi”, "Addım ölçən”, "Mikrokalkulyator”, "Zərlər”, "Mənim ilk musiqim”, "3D qələmlə yaradıram” və s. mövzuları nümunə göstərir. Layihə rəhbəri Gülbadam Abdullayevanın, Asif Həsənlinin, Aylin Həsənlinin, Mələk Salehovanın, Fərid Yusifovun, VIII sinif şagirdi Ləman Aydınovanın isə STEAM vəsaitinin baş redaktoru kimi xüsusi fərqlənən və müəllimlik edən şagirdlər olduqlarını qeyd edir.






 

GOYEZEN.AZ



Facebook-da paylaş