"Biz birlikdə güclüyük” layihəsi uğurla icra olunur
Bu gün Qazaxda daim diqqət mərkəzində
saxlanılan sahələrdən biri olan təhsil sahəsi qazanılan uğurları, əldə olunan
yüksək göstəriciləri ilə fərqlənir. İstər müəllimlər, istərsə də şagirdlər
rayon rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğıya öz töhfəsini verir.
Qazax təhsilinin növbəti uğuru isə Qazax şəhər İ.Qayıbov adına 3 nömrəli tam orta
məktəbin ingilis dili müəllimi Tahirə Xasməmmədova tərəfindən
qazanılıb. Təhsil Nazirliyi tərəfindən elan olunan təhsildə
inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsində fərdi kateqoriya üzrə
qalib seçilən "Biz birlikdə güclüyük” layihəsi də Qazax təhsilinin uğurudur. Layihənin rəhbəri Tahirə Xasməmmədovanın sözlərinə
görə Qazax şəhəri və eləcə də kənd məktəblərinin sağlamlıq imkanları məhdud
olan şagirdlərini, dil klubu üzvlərini əhatə edən layihənin əsas məqsədi
sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasına dəstək
göstərmək, onların normal insanlar kimi bilik və bacarıqlara yiyələnmələri
zərurətini dərk etdirməkdir. Həmçinin həmin uşaqların peşə seçimlərinə uyğun
dil bacarıqlarını formalaşdırmaq, onlara müasir innovasiyalardan məqsədli və
səmərəli istifadəni çevik mənimsətmək, beynəlxalq inkişaf konsepsiyasına uyğun
insan kapitalı potensialının inkişafına nail olmaqdır. Onu da qeyd edək ki, layihə uğurla icra olunur. Belə
ki, artıq hazırlıq mərhələsinin başa çatdığı layihə çərçivəsində psixoloqlarla
görüşlər keçirilib, sənaye müəssisələrinə turlar təşkil edilib, rayonun bütün
məktəblərində fərdi təhsilə cəlb olunmuş şagirdlərlə görüşlər keçirilib. Bu gün isə layihə çərçivəsində Tahirə Xasməmmədovanın
"İmkanlar sərhəd tanımır” adlı kitabının təqdimatı olub. Şəhər 4 nömrəli tam orta məktəbdə keçirilən təqdimat
mərasimində məktəb direktorları, müəllimlər, digər layihə rəhbərləri, sağlamlıq
imkanları məhdud olan uşaqlar, onların valideynləri, layihədə yaxından iştirak
edən və dəstək olan insanlar, layihəyə könüllü olaraq qatılan üzvlər iştirak
edib. Layihənin rəhbəri Tahirə Xasməmmədova giriş sözü ilə
çıxış edərək istər layihənin uğurla həyata keçirilməsində, istərsə də təqdimatı
keçirilən kitabın ərsəyə gəlməsində əməyi keçən insanlara minnətdarlığını
bildirib. Layihənin reallaşmasında Qazax Rayon İcra Hakimiyyətinin, rayon
Təhsil şöbəsinin, "HGC GROUP” MMC-nin (Qazax sement zavodunun), Müstəqil
Xəqani kiçik müəssisəsinin, eləcə də digər təşkilatların, insanların böyük dəstəyi
olduğunu bildirib. Empatik hisslər və empatiya mövzusunda geniş məlumat
verərək layihə çərçivəsində görülən işlərdən danışıb. Bildirib ki, bu gün kitabda təkcə adları qeyd olunan sağlamlıq
imkanları məhdud olan uşaqlar deyil, eyni zamanda, onların arzuları da yer
alıb. Layihənin bir hissəsi olan bu kitabda yer alan uşaqların söylədiyi fikirlər
bir daha onu sübut etdi ki, dövlətimiz tərəfindən həmin uşaqların cəmiyyətə
inteqrasiya olunmasında, digər yaşıdları kimi tam vətəndaş olaraq formalaşmaları
üçün hər cür dəstək göstərilir. Bu gün həmin uşaqlarda öz dövlətinə, millətinə
qarşı inam hissi yarandı və artıq onlar öz dövlətinə güvənirlər. Cəmiyyət üçün
yararlı insan olmağın nə demək olduğunu dərk edirlər və bu istiqamətdə ilk addımlarını
atırlar. T.Xasməmmədova bu layihə uşaqlarımıza çox şey
qazandırdı, - deyərək layihə iştirakçılarından Elbəy Mustafayevin öz əlil
arabasını digər yoldaşına hədiyyə etməsini bunun əyani sübutu olduğunu bildirib.
Qeyd edib ki, bu o deməkdir ki, biz bu layihəni həyata keçirməklə öz istəyimizə
nail ola bildik. Uşaqlarda bir-birinə, ümumilikdə bütün insanlara qarşı sevgi,
hörmət, mərhəmət hissini aşılaya bildik. Layihəyə yaxından dəstək göstərən məktəb
direktorlarından – şəhər 5 nömrəli tam orta məktəbin direktoru Nəsibə Tağıyeva,
Alpout kənd tam orta məktəbin direktoru İsmayıl Abdullayev, İkinci Şıxlı
Sarıvəlli kənd tam orta məktəbin direktoru Məzahir Omarov, Məzəm kənd ibtidai
məktəbin direktoru Cəbrayıl Osmanov, Bala Cəfərli kənd ibtidai məktəbin
direktoru Yasəmən Quliyeva, Abbasbəyli kənd ibtidai məktəbin direktoru Günəş
Əliyeva və başqaları çıxış edərək rayonumuzda bu cür layihələrin keçirilməsini,
xüsusilə də müəllimlərimizin belə layihələrin keçirilməsində aktiv olmasını,
fəal iştirak etməsini yüksək qiymətləndiriblər. Sağlamlıq imkanları məhdud olan
uşaqların cəmiyyətə inteqrasiya olunması baxımından belə layihələrin təşkil
olunmasının günün vacib məsələlərindən biri olduğunu qeyd ediblər. Layihə könüllüləri çıxış edərək bu layihədə
qazandıqları, əldə etdikləri təcrübə haqqında fikirlərini bölüşüblər. Uşaqlarla
birlikdə olmaqdan məmnunluq hissi keçirdiklərini çatdırıblar. Tədbirdə layihədə yaxından iştirak edən və fəallığına
görə seçilən insanlara, təşkilat üzvlərinə Təşəkkürnamə, layihə könüllülərinə
isə Sertifikatlar təqdim olunub. Qeyd edək ki, kitabda əlilliyin və uşaqların sağlamlıq
imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları
məhdud olan uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında Azərbaycan
Respublikasının Qanunları əks olunub. Bundan əlavə, sağlamlıq imkanları məhdud
olan, lakin bu gün bütün dünyada tanınan insanlar və onların dəyərli fikirləri,
həyata qarşı apardıqları mübarizə üsulları qeyd olunub. Cəmiyyətimizdə fiziki
qüsurlu insanlara necə davranmalı olduqları haqqında məlumatlar yer alıb.
Bundan başqa, layihəyə cəlb olunmuş sağlamlıq imkanları məhdud olan uşaqların
istəkləri, arzuları və ən əsası da cəmiyyətdə nələrə sahib olmaq istədikləri
barədə fikirləri toplanıb. Layihə çərçivəsində ekskursiya olunan yerləri,
keçirilən görüşləri, gəzintiləri özündə əks etdirən fotoşəkillər də kitaba daha
bir maraq qatıb. Məlumat üçün bildirək ki, "Bu dünya hamımızındır”
şüarı ilə icra edilən layihə bu gün başa çatıb. GOYEZEN.AZ
Facebook-da paylaş