Mina və partlayıcı sursatların təhlükəsinə dair təhlükəsizlik təlimatını hər birimiz bilməliyik!
Qeyd edək ki, sözügedən bu təlimat əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə qanunvericiliklə müəyyən edilmiş norma və qaydaların tələblərinə uyğun olaraq hazırlanmışdır.
- Bütün yol fəhlələri, maşın və mexanizm operatorları, yol ustaları və iş icraçıları bu təlimatın tələblərini yerinə yetirməlidirlər;
- Müvafiq qurum tərəfindən minalardan və partlamamış silah-sursatdan təmizlənmiş ərazilərdə işləyərkən müvafiq nişanlar və işarələrlə ayrılmış ərazini tərk etmək qəti qadağandır. Yuxarı hissəsi ağ rənglə boyanmış və torpağa basdırılmış taxta parçası, ağ rənglə boyanmış daş, dəmir və başqa işarələr ərazinin təmiz olduğuna işarədir. Yuxarı hissəsi qırmızı rənglə boyanmış və torpağa basdırılmış taxta parçası, qırmızı rənglə boyanmış daş, dəmir və başqa işarələr ərazinin təhlükəli olduğuna işarədir və bu tip ərazilərə daxil olmaq qəti qadağandır. Quraşdırılmış bu və ya digər nişanların arxasında qalan sahə təhlükəli sahədir. Ayaqyolu ehtiyacını ödədikdə müəssisə tərəfindən qurulmuş daşınan ayaqyolulardan istifadə edilməlidir. İşarələnmiş ərazidən kənara hər hansısa əşya və ya tullantı atmaq qəti qadağandır;
- Təmir-tikinti işləri gedən yolda çökmüş hissələr, üstü açıq çalalar, üstü örtülmüş çalalar gördükdə həmin ərazidən çıxmalı və müvafiq şəxslərə bu barədə məlumat verilməlidir. Bu tip hissələrdə mina olma ehtimalı var, partlamış olsa belə paralel və ya perpendikulyar xətt üzrə basdırılmış minalar olma ehtimalına işarədir. Cığırlarla hərəkət edərkən, gündəlik istifadə olunan cığırlardan istifadə edilməlidir. Ot ilə örtülmüş cığırlardan, bilmədyiniz cığırlardan istifadə etmək qadağandır;
- Ərazidə olan yad əşyalara toxunmaq qadağandır;
- Piyada əleyhinə basdırılmış minalar 3 kq ağırlığında olan istənilən təsir nəticəsində partlayır. Bu səbəbdən də, ərazidə heyvan skletləri, sümükləri olan hissələr təhlükə ehtimalı olan ərazilərdəndir. Bu kimi hallarla qarşılaşdıqda sklet və ya sümüklərə toxunmamalı, ərazini tərk edib müvafiq şəxslərə dərhal məlumat verilməlidir;
- Ərazidə fərqli görünən, şübhə yaradan işarələr gördükdə (ağac budaqlarına və ya gövdəsinə bağlanmış lent və ya ip, üst-üstə yığılmış daşlar, müəyyən forma ilə düzülmüş dəmir və ya digər əşyalar və s.) dərhal müvafiq şəxslərlə əlaqə saxlayıb, həmin ərazidə hərəkəti dayandırmaq lazımdır. Bu tip işarələr və bunlara bənzər işarələr hərbidə piyada əleyhinə mina, məftilli mina olmasına dair siqnallardır;
- Müəyyən səbəblərdən (həyati təhlükə yaranarsa: heyvan hücumu, yanğın, silahlı basqın və s., ani diqqətsizlik səbəbindən, gecə vaxtı və ya görünüşün məhdudlaşması səbəbindən və başqa səbəblərdən) işarələnmiş ərazini tərk etdikdə təhlükə hiss edilərsə hərəkəti dayandırmalı, yaxınlıqda olan işçilərə səslənməli və ya əlaqə qurub mövcud vəziyyətlə bağlı məlumat verilməlidir. Digər işçilərin həmin əraziyə yaxınlaşmağı qəti qadağandır, hətta kömək məqsədilə belə. Bu tip hallarda köməyə çağırılan şəxsdən mütəxəssislərin dəvət olunması xahiş edilməlidir. Əgər köməyə heç kəs gəlməmişdirsə və ayaq üzərində dayanmadan yorğunluq hiss edirsinizsə geriyə dönmədən (əgər mümkündürsə) ayaq izləri ilə (əgər görünürsə) geriyə doğru hərəkət edib həmin ərazini tərk etməli, müvafiq şəxslərə bu barədə məlumat verilməlidir;
- Bazada gecə növbəsində mühafizəçi sayını iki qat artırmaq lazımdır;
- Bu təlimatı əməyin mühafizəsi üzrə mühəndis (və ya onu əvəz edən şəxs) keçirir;
- Hər bir işçi digər əməkdaşın bu təlimatı pozduğuna müşahidəçi kimi qalmamalı, dərhal həmin işçiyə və yol ustasına (iş icraçısına) işin təhlükəsizliyini təmin etmək üçün təlimatın tələblərinə əməl olunması barədə xəbərdarlıq etməlidir;
- İşçi bilməlidir ki, təlimatın tələblərini pozduğu hallarda qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır;
- Rəhbərliyin verdiyi və bu təlimatın təhlükəsizlik tələblərinə zidd olan göstərişləri işçinin yerinə yetirməməyə hüququ vardır;
- Ərazidə döyüş zamanından qalmış döyüş texnikasının hissələri, hərbi maşınların qalıqları olan yerlərdən uzaq durmalı. Nəzərə almalıyıq ki, bu hərbi texnika mina partlayışları nəticəsində sıradan çıxmış maşın texnikanın qalıqları ola bilər. Həmin ərazidə mina ehtimalı riski yüksəkdir. Təhlükəlidir!
- Səngər və xəndəklərə, gilizlər, naməlum hərbi təyinatlı əşyalar olan ərazilərin yaxınlığına getməyin;
Təhlükəlidir!
- Avtomobili idarə edərkən işlək yoldan, istifadə olunan ərazidən kənara çıxmayın;
Təhlükəlidir!
- Topa ilə yığılmış məftilləri, dəmir beton dirəkləri tərpətməyin. Tələ minalar qoşula bilər. Bu qalıqların tərpədilməsi və daşınması üçün mütəxəssislərə müraciət edin.
Təhlükəlidir!
- Əvvəlki dövrlərdən atılmış vəziyyətdə qalan traktor və iri yük maşınlarının qalıqlarının ətrafı minalı ola bilər;
Təhlükəlidir!
- Naməlum əşyalara toxunmayın, üzərinə heç bir əşya atmayın!
Mina və ya silah-sursat partlaması zamanı ilkin tibbi yardım
- Mina və ya silah-sursat partlaması zamanı xəsarət alan şəxsin ilk növbədə huşu yoxlanmalıdır. Təcili tibbi yardım gələnədək və ya zərər çəkəni xəstəxanaya aparanadək huşunun özündə olmağı həyati önəm daşıyır. Bunun üçün zərər çəkən şəxsə suallar verib, danışdırmaq lazımdır;
- Partlayış dalğasının təsirindən xəsarət alan şəxsin rahat nəfəs almağını təmin etmək lazımdır. Arxası üstə uzandığı halda çiyni üstə qaldırıb, nəfəs boşluğunu torpaq və ya hər hansısa maneədən təmizləmək lazımdır;
- Təcili tibbi yardım gələnədək tərpətmək, hərəkət etdirmək olmaz;
- Partlayışın təsirindən hər hansısa əzasını itirən şəxsin zədə almış nahiyəsinin üst hissəsindən rezinlə sıx bağlayıb qan axmanın qarşısı alınmalıdır. Bu yaralanma dizdən aşağı hissədə olduqda bud nahiyəsindən bağlanmalıdır;
- Partlayış zamanı sınıqların olması ən çox rast gılinən hallardandır. Açıq sınıqlarda (sınıq zamanı sümüyün görünməsi) sümüyü yerinə qaytarıb sarğı etmək qəti qadağandır. Sınmş sümük iti olduğundan damarları zədələyə bilər, bu da həyati təhlükə daşıyan qanaxmaya səbəb ola bilər;
- Bütün bu sadalanan tədbirlər ilkin yardımlardır və hər hansısa baş vermiş bədbəxt hadisə zamanı vaxt itirmədən təcili tibbi yardıma (103) zəng edilməlidir.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi
Facebook-da paylaş