“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”onu deməyə əsas verir ki, Qarabağ qısa bir vaxtda yenidən cənnətə çevriləcək
Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi cəmi 44 gün sonra tarixi Qələbə ilə başa çatdı. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu düşməni darmadağın edərək tarixi Qələbəyə imza atdı. Bölgədə yaranan sülh, əmin-amanlıq, yeni reallıqlar regional əməkdaşlıq formatı üçün perspektivləri müəyyənləşdirdi. Azərbaycanın hərb tarixinə şanlı Zəfərlə yazılan bu müharibə illər ötsə belə xalqımızın yaddaşından silinməyəcək. Azərbaycan xalqı qalib xalq kimi bu gün də qürurlanır. Əldə etdiyimiz tarixi Qələbəyə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, canlarından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə minnətdarıq.
Artıq işğaldan azad olunan torpaqlarda, erməni vandallarının dağıtdıqları ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri davam edir. Prezident İlham Əliyevin müvafiq tapşırıqları, tövsiyələri əsasında Qarabağın bərpası, kənd və şəhərlərimizin yenidən qurulması işləri planlı şəkildə və ən yüksək səviyyədə həyata keçirilir. Xalqımız Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışına dair I Dövlət Proqramı ilə əlaqədar imzalanmış tarixi Sərəncamı da böyük minnətdarlıq hissi ilə qarşılayır. Hər kəsə yaxşı məlumdur ki, yeni mərhələdə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə Respublika Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilmişdir. Bu prioritetlərə söykənən ölkə Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə Prezident İlham Əliyevin 16.11.2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilmişdir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” onu deməyə əsas verir ki, Qarabağ qısa bir vaxtda yenidən cənnətə çevriləcək.
Dövlət Proqramının əhatə dairəsinə nəzər yetirsək görərik ki, Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapmışdır. Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınmışdır. Dövlət Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir.
Əminliklə qeyd edə bilərik ki, qlobal trendləri nəzərə almış Dövlət Proqramı təsdiq edilmişdir. İşğaldan azad olunmuş ərazilərin bərpası və dayanıqlı inkişafı istiqamətində Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək tədbirlərin məqsədləri müəyyənləşdirilərkən Birləşmiş Millətlər Təşkilatının və digər beynəlxalq qurumların irəli sürdükləri qlobal inkişaf prioritetləri nəzərə alınmışdır.
Bu Dövlət Proqramında strateji prioritetlər öz əksini tapmışdır. Belə ki, Dövlət Proqramı çərçivəsində qarşıya qoyulan prioritetlər “universallıq”, “inteqrasiyalı yanaşma” və “heç kimin geridə qalmaması” kimi prinsiplərə əsaslanan Dayanıqlı İnkişaf Məqsədlərinə və onların müvafiq hədəflərinə uyğunlaşdırılmışdır.
Ərazilərin bərpası və yenidən qurulması prosesinin institusional əsaslarına gəlincə Dövlət Proqramının icrası çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin əlaqələndirilmiş şəkildə təşkili, ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, dövlət-özəl tərəfdaşlığına əsaslanan iqtisadi artımın stimullaşdırılması və dayanıqlı məskunlaşmanın təmin edilməsi kimi hədəflərin həyata keçirilməsində institusional baza müstəsna əhəmiyyətə malikdir.
Bu gün deyə bilərik ki, institusional mexanizmlər postmüharibə dövrünün ilk günlərində təsis edilmişdir. Respublika Prezidentinin 2020-ci il 24 noyabr tarixli 2303 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Əlaqələndirmə Qərargahı yaradılmışdır. Sərəncama əsasən, Əlaqələndirmə Qərargahının nəzdində katiblik və kommunikasiya funksiyasının yerinə yetirilməsi, həmçinin analitik-təşkilati dəstək göstərilməsi üçün İdarələrarası Mərkəz formalaşdırılmışdır. Bu sahədə işin təşkili məqsədilə Əlaqələndirmə Qərargahının nəzdində müxtəlif dövlət qurumlarının səlahiyyətli nümayəndələrindən ibarət və işğaldan azad edilmiş ərazilərin bərpası, habelə yenidən qurulması üzrə məsələlərin operativ həlli məqsədilə işçi qruplar fəaliyyətə başlamışdır.
Əminliklə söyləyə bilərik ki, strateji əhəmiyyət kəsb edən məsələlərin çevik həllinə xidmət edən peşəkar idarəetmə sistemi qurulmuşdur. Ölkə Prezidentinin 2021-ci il 19 aprel tarixli 2594 nömrəli Sərəncamı ilə su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyaya işğaldan azad edilmiş ərazilərin su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə su təsərrüfatı obyektlərinin tikintisi, yenidən qurulması, bərpası, içməli su və suvarma suyu təchizatı, habelə yağış sularının idarə olunması ilə bağlı tədbirlərin əlaqələndirilməsinin Əlaqələndirmə Qərargahı ilə birlikdə təmin edilməsi tapşırılmışdır
İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili məqsədilə inzibati ərazi bölgüsünə uyğun olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar və Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri formalaşdırılmışdır. İşğaldan azad edilmiş ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmini və bu istiqamətdə bütün işlərin vahid proqram əsasında aparılması üçün ölkənin iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmış, ölkə Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılmışdır.
Təhlükəsizliyin təmin olunması məsələsi də mühüm əhəmiyyət daşıyır. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və sonrakı mərhələlərdə dayanıqlı inkişafına nail olunması üçün önəmli strateji istiqamətlərdən biri bölgənin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi vasitəsilə əhalinin, infrastruktur və istehsal obyektlərinin, kənd təsərrüfatı təyinatlı ərazilərin, həmçinin strateji əhəmiyyətli tikililərin və binaların təhlükəsizliyinin təmin edilməsidir.
Birinci dərəcəli zəruri infrastrukturun yaradılması, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası, dayanıqlı inkişafının və əhalinin yüksək həyat səviyyəsinin təmin olunması üçün zəruri infrastrukturun yaradılması xüsusi önəm daşıyır.
İşğaldan azad olunmuş ərazilərin logistik əhəmiyyətini artıran yeni yolların inşası mühüm amillərdən biridir. 2020-ci ilin noyabr ayından etibarən işğaldan azad edilmiş ərazilərdə hava limanlarının, avtomobil və dəmir yollarının tikintisi işlərinə başlanılmış, qısa zaman ərzində bölgədəki müxtəlif yaşayış məntəqələri arasında, eləcə də bu məntəqələri ölkənin digər şəhər və rayonları ilə birləşdirən nəqliyyat infrastrukturu formalaşdırılmağa başlanmışdır.
Layiqli həyat şəraiti barədə əminliklə deyə bilərik ki, işğaldan azad edilmiş ərazilərdə enerji infrastrukturunun qurulması və regionun enerji, o cümlədən bərpa olunan enerji potensialından səmərəli istifadə çərçivəsində əhalinin infrastruktur təminatının yaxşılaşdırılması və layiqli həyat şəraitinin yaradılması üçün elektrik, su, qaz, istilik təchizatı və kanalizasiya xidmətlərinin qurulması istiqamətində sistemli tədbirlər həyata keçirilir.
Bölgənin rabitə infrastrukturu əsaslı şəkildə şaxələnir. Ərazilərdə zəruri rabitə infrastrukturu qurulmaqla bu sahədə xidmətlər - mobil rabitə, radio-televiziya yayımı, xüsusi radiorabitə, internet, poçt və s. təşkil edilmişdir. Hazırda şəbəkə və xidmətlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində intensiv işlər davam etdirilir.
Ən əsası isə odur ki, Dövlət Proqramında nəzərdə tutulan tədbirlər strateji hədəf göstəricilərinə uyğun olaraq 2026-cı ilədək həyata keçiriləcəkdir. Aşağıda qeyd edilən istiqamətlər üzrə:
İnfrastruktur:
- Ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi və təhlükəsizliyin təmin olunması;
- Ərazilərdə şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisi;
- Hamı üçün əlçatan, etibarlı, keyfiyyətli və dayanıqlı infrastrukturla təminatın həyata keçirilməsi;
- Nəqliyyat-yol, rabitə, su, qaz, elektrik, istilik və s. infrastrukturun yenidən qurulması.
İqtisadiyyatın yenidən qurulması:
- Yeni investisiyaların cəlb olunması ilə sahibkarlıq mühitinin formalaşdırılması;
- Sahibkarlığın, o cümlədən kiçik və orta sahibkarlığın inkişafının təmin edilməsi;
- Yeni torpaq sahələrinin kənd təsərrüfatı dövriyyəsinə cəlb olunması;
- Əkin sahələrinin və heyvandarlıq təsərrüfatlarının bərpası, müasir suvarma infrastrukturunun formalaşdırılması;
- Məhsuldar ərzaq istehsalı sistemləri təmin edilməklə dayanıqlı kənd təsərrüfatı təcrübələrinin tətbiqi;
- Yerli iqtisadi potensialın gücləndirilməsi və təsərrüfat dövriyyəsinə cəlb olunması;
- Ərazilərin davamlı və tarazlı sosial-iqtisadi inkişafına nail olunması;
- Turizm sektorunun inkişafı.
Sosial inkişaf:
- Dayanıqlı inkişafın təmin olunması və yaşayış üçün rahat şərait yaradılması;
- Əhalinin həyat səviyyəsinin yüksəldilməsi, o cümlədən həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi;
- Təhsil, səhiyyə və sosial xidmətlərin qabaqcıl standartlara uyğun təmin olunması;
- Ölkədə mənzil fondunun həcminin artırılması;
- Əhalinin məşğulluq imkanlarının artırılması;
- Sosial xidmətlərin əhatə dairəsinin genişləndirilməsi.
Ətraf mühitin tarazlı inkişafı:
- Ətraf mühitin mühafizəsinin təmin olunması;
- Təbii ehtiyatlardan effektiv istifadə;
- Bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi;
- “Ağıllı şəhər”, “Ağıllı kənd” və “Yaşıl enerji zonası” konsepsiyalarının tətbiqinin təşviqi.
Dövlət Proqramının strateji məqsədlərinə gəlincə Proqramın strateji məqsədləri əhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası çərçivəsində müəyyən edilmişdir. Buraya aşağıda qeyd edilənlər daxildir:
- Ərazilərdə təhlükəsiz yaşayışı və dövlət idarəetməsini təşkil etmək;
- Şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisini və dayanıqlı infrastrukturla təminatını həyata keçirmək;
- Müasir standartlara uyğun xidmətlərin yaradılmasını təmin etmək;
- Ərazilərdə məskunlaşacaq əhalinin sosial müdafiəsini gücləndirmək;
- Əhalinin məşğulluq imkanlarını artırmaq;
- Sosial xidmətlərin əhatə dairəsini genişləndirmək və əlçatanlığı təmin etmək;
- Dayanıqlı sosial-iqtisadi inkişafı təmin etmək;
- Sahibkarlıq mühitinin əlverişliliyini artırmaq və biznes fəaliyyətinin inkişafına dəstək vermək;
- Ərazilərin kənd təsərrüfatı potensialından səmərəli istifadə olunması üçün müasir suvarma infrastrukturu formalaşdırmaq;
- Dayanıqlı və mütərəqqi kənd təsərrüfatı təcrübələrini tətbiq etmək;
- Təbii ehtiyatları və sosial-iqtisadi potensialı təsərrüfat dövriyyəsinə cəlb etmək;
- Turizm sektorunun perspektiv inkişaf imkanlarından effektiv istifadəyə nail olmaq;
- Ətraf mühitin etibarlı mühafizəsini və ekoloji təhlükəsizliyi təmin etmək;
- Təbii resurslardan səmərəli və effektiv istifadə etmək;
- “Ağıllı şəhər”, “Ağıllı kənd” və “Yaşıl enerji zonası” konsepsiyalarının bölgədə tətbiqini təşviq etmək.
Dövlət Proqramı çərçivəsində Böyük Qayıdışla bağlı müəyyən olunmuş prioritet vəzifələr gün kimi aydındır. Buraya aşağıdakılar daxildir:
- Yaşayış məntəqələrində təhlükəsiz yaşayışın təmin edilməsi;
- Ərazilər üzrə dövlət sərhədinin etibarlı müdafiəsinin təmin olunması;
- Yüksək standartlara cavab verən yaşayış məntəqələrinin, o cümlədən “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları əsasında yeni müasir şəhərlərin və kəndlərin salınması ilə əhalinin layiqli həyat şəraitinin təmin edilməsi;
- İşğaldan azad edilmiş ərazilərdə su, elektrik, qaz, istilik təminatının həyata keçirilməsi ilə bağlı zəruri layihələrin icrası;
- Bərpa olunan enerji mənbələrindən istifadəyə əsaslanan “yaşıl” texnologiyaların tətbiqi ilə “yaşıl enerji” zonasının yaradılması;
- Yüksək texnologiyaların tətbiqi ilə müasir rabitə, o cümlədən telekommunikasiya və poçt şəbəkələrinin qurulması;
- Qabaqcıl standartlara uyğun təhsil, səhiyyə və sosial xidmətlərin yaradılması, onların əlçatanlığının təmin edilməsi;
- İşğaldan azad edilmiş ərazilərdə məşğulluq imkanlarının artırılması;
- İnsan kapitalının inkişaf etdirilməsi;
- Sosial dəstək mexanizmlərinin geniş tətbiqi;
- İşğaldan azad edilmiş rayonlarının iqtisadi ixtisaslaşdırılması;
- İşğaldan azad olunmuş ərazilərin sənaye potensialının gücləndirilməsi;
- Kənd təsərrüfatının müxtəlif sektorlar üzrə inkişafının stimullaşdırılması;
- Yüksəkixtisaslı mütəxəssislərin, daxili və xarici investorların cəlb edilməsi üçün həvəsləndirmə və güzəştlər nəzərdə tutulan sadələşdirilmiş iqtisadi modellərin tətbiqi, bank, sığorta və maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi;
- Özəl investisiyaların cəlb edilməsi və dövlət-özəl sektor tərəfdaşlığının təşviqi;
- Müxtəlif turizm növlərinin inkişafının dəstəklənməsi;
- Bərpa işlərinin həyata keçirilməsi zamanı ətraf mühitin təhlükəsizliyinin təmin olunması.
Bu gün işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində əsas prioritetlərdən biri də ərazilərin minalardan və digər hərbi sursatdan təmizlənməsidir. Minatəmizləmə fəaliyyətinə dair təsdiq edilmiş illik tədbirlər planına uyğun olaraq, münaqişənin təsirinə məruz qalmış ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, həmçinin onların daşınması və zərərsizləşdirilməsi, minaların və partlamamış hərbi sursatın təsirinə məruz qalmış ərazilərin nişanlanması, müvafiq xəritələrin tərtibi və elektron məlumat bazasına daxil edilməsi, eləcə də xəritələrin şəhər və rayon mərkəzlərində yerləşdirilməsi qeyd olunan istiqamətdə atılacaq zəruri addımlardır.
Dövlət sərhədlərin toxunulmazlığı da mühüm məsələlərdən biridir. Dövlət Proqramının prioritet vəzifələrinin həyata keçirilməsi üzrə mühüm istiqamət işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi və müdafiəsinin, eləcə də polis nəzarətinin təşkili, habelə mümkün təhdidlərin qarşısının alınmasıdır.
Ən önəmli olan odur ki, işğaldan azad edilmiş ərazilərdə aparılan bütün yenidənqurma, bərpa və şəhərsalma işləri qabaqcıl urbanizasiya modellərinin tətbiqi ilə həyata keçiriləcəkdir. Şəhərsalma tədbirləri çərçivəsində texnoloji, demoqrafik və ekoloji şərtlərin təsiri altında dünyada dəyişən qlobal şəhər planlaşdırma tendensiyaları nəzərə alınmalıdır.
İnsan kapitalı dövlət siyasətinin prioritet istiqaməti kimi hər zaman mühüm əhəmiyyət kəsb edir. Dövlət Proqramı çərçivəsində, işğaldan azad edilmiş ərazilərdə insan kapitalının inkişafı sahəsində sosial xidmətlər şəbəkəsinin yaradılması və maddi-texniki bazasının gücləndirilməsi, bölgədə məskunlaşacaq əhalinin keyfiyyətli səhiyyə və təhsil xidmətləri ilə təmin edilməsi, mədəniyyət və idman obyektlərinin bərpası və yenidən qurulması, məşğulluq imkanlarının artırılması məqsədilə fəal özünüməşğulluq proqramlarının həyata keçirilməsi və reabilitasiya müəssisələrinin qurulması da planlaşdırılır.
Tarixi və mədəni abidələrin qorunması da Dövlət Proqramında əksini tapan mühüm məsələlərdən biridir. Bu gün əminliklə söyləyə bilərik ki, işğaldan azad edilmiş ərazilərdə yerləşən tarixi abidələrin bərpası və qorunması işinin təşkili, abidələrin inventarlaşdırılması, pasportlaşdırılması, mühafizə zonalarının müəyyən edilməsi qarşıda duran əsas vəzifələrdəndir.
Yeni iş yerlərinin açılması da Dövlət Proqramında əksini tapıb. Məskunlaşacaq əhalinin məşğulluq imkanlarının genişləndirilməsi üçün məşğulluqyönümlü iqtisadi inkişaf siyasətinin davam etdirilməsi, əmək bazarının tənzimlənməsi sahəsində institusional strukturun təkmilləşdirilməsi və aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi əsas vəzifələr sırasındadır.
Dövlət xidmətlərin əlçatanlığı da təmin ediləcək. Dövlət Proqramının məqsədlərinə uyğun olaraq, ərazilərdə məskunlaşacaq əhali üçün müxtəlif dövlət xidmətlərinə (“ASAN” xidmət və DOST mərkəzləri və s.) universal çıxış təmin ediləcəkdir.
Əhalinin geri qayıdışı və ərazilərdə dayanıqlı icmaların yaradılması da nəzərdə tutulub. Belə ki, əhalinin geri qayıdışı prosesi demoqrafik meyillər nəzərə alınmaqla, sosial ədalətin qorunması prinsipinə uyğun aparılmalıdır. Dövlət Proqramı çərçivəsində məcburi köçkünlərin qayıdışının səmərəli təşkili və hüquqi bazasının yaradılması məqsədilə müvafiq normativ hüquqi aktların qəbul edilməsi, həmçinin əhali arasında maarifləndirmə tədbirlərinin genişləndirilməsi də daxildir.
Ərazilərin inkişafı və reinteqrasiyasına gəlincə ərazilərin ölkə və region iqtisadiyyatına reinteqrasiyası çərçivəsində bölgənin tranzit potensialı nəzərə alınacaqdır.
İşğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın yaradılması da mühüm amillərdəndir. İşğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın təmin edilməsi üçün əsas hədəf göstəricisi postmünaqişə dövründə ərazilərin iqtisadi cəhətdən özü-özünü təmin edən regiona çevrilməsidir.
İşğaldan azad olunmuş ərazilərdə yerləşən rayonların iqtisadi ixtisaslaşdırılmasının aparılması da vacib məsələlərdəndir. İşğaldan azad edilmiş ərazilərin potensialı və coğrafi şəraiti nəzərə alınaraq, Kəlbəcər rayonu hasilat və turizm sənayesi, Ağdam rayonu emal sənayesi, Şuşa rayonu mədəniyyət və turizm sənayesi, Cəbrayıl rayonu ticarət-logistika xidməti, Qubadlı, Zəngilan, Laçın, Füzuli və Xocavənd rayonları isə kənd təsərrüfatı və turizm sahəsi üzrə yeni iqtisadi mərkəzlər kimi qiymətləndirilə bilər.
İşğaldan azad olunmuş ərazilərdə ekoloji mühitin yaxşılaşdırılması və ekoloji təmiz texnologiyaların tətbiqi də böyük əhəmiyyət daşıyacaq. Ərazilərdə meşə fondunun, flora və faunanın bərpası, enerji səmərəliliyi və ekoloji təmiz texnologiyaların tətbiqi, su ehtiyatlarından səmərəli istifadə, bərk məişət tullantılarının idarə edilməsi üçün müasir infrastrukturla təmini kimi məsələlər əsas prioritetlərdən birini təşkil edir.
“Yaşıl enerji zonası” da Dövlət Proqramında mühüm yer tutan məsələdir. Bu baxımdan “Yaşıl enerji” zonasının yaradılması çərçivəsində elektrik enerjisi dəyər zəncirinin hər bir həlqəsində “yaşıl texnologiya”lardan və “yaşıl enerji” potensialından texniki və kommersiya əlverişliliyi nəzərə alınmaqla istifadə ediləcəkdir. Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə üzrə zəruri infrastrukturun yaradılması təmin ediləcəkdir.
Gözlənilən risklərə gəlincə işğaldan azad edilmiş ərazilərin bərpası zamanı yarana biləcək risklər və çətinliklər: ərazilərin minalardan təmizləmə müddətinin uzadılması, adaptasiya və inteqrasiya prosesləri çərçivəsində idarəetmədə yarana biləcək çətinliklər, maliyyə riskləri ilə müşahidə olunan müvafiq kəmiyyət və keyfiyyət göstəriciləri üzrə nəticələrin uyğunlaşdırılmasıdır.
Dövlət Proqramının icrası prosesi üzərində şəffaf nəzarətin təmin olunması da mühüm əhəmiyyət daşıyır. Dövlət Proqramının icrası qoyulan hədəflər nəzərə alınmaqla monitorinq olunacaqdır. Monitorinq məqsədilə tədbirlər üzrə ilkin, aralıq və yekun nəticələr müəyyən edilir. İlkin nəticələr Dövlət Proqramının icra olunduğu dövr ərzində hər ili, aralıq nəticələr illik əsasda olmaqla 2023-cü, 2024-cü və 2025-ci illəri, yekun nəticələr isə 2026-cı ili əhatə edir. Günbəgün, ilbəil görülmüş işlər bizi doğma Qarabağımıza daha bir addım da yaxınlaşıracaq. Qarabağa Böyük Qayıdışımızı sürətləndirəcək. Qarabağa tam qayıdışımız isə elə də uzaqda deyil.
GOYEZEN.AZ
Facebook-da paylaş