Heydər Əliyev və ordu quruculuğu
Müasir və müstəqil Azərbaycanın hərtərəfli inkişafının, qüdrətlənməsinin banisi xalqımızın böyük oğlu Heydər Əliyevdir. Xalqımızın qəhrəmanlıq ənənələrinin tarixi çox qədim və zəngindir. Azərbaycan ədəbiyyatının və tarixinin Dədə Qorqud, Babək, Koroğlu kimi qəhrəmanlıq nümunələri bu fikrin doğruluğunu sübut edir. Bu nümunələr təkcə bədii ədəbiyyatı əhatə etmir, eyni zamanda, azərbaycanlıların qəhrəmanlıq keçmişinin bütöv bir tarixi-hərbi irs olduğunu izah edir. 5 min illik dövlətçilik tariximizin hər səhifəsində müstəqil dövlətlərin yaranması, öz varlıqlarını qoruyub saxlamaq uğrunda mübarizələri, bölgənin tarixində dərin izlər buraxmış Azərbaycan hökmdarlarının həm də məharətli, qorxmaz, şücaətli bir sərkərdə olaraq dövlətçilik və hərb işinin vəhdətində inkişafı ilə səciyyələnir. Bu isə öz növbəsində dünya hərb sənətində xalqımıza məxsus hərbi miras olmaqla yanaşı tariximizin şanlı səhifələridir.
Daha yaxın keçmişimizə nəzər salanda XIX-XX əsrlərdə Azərbaycanın tarixində baş vermiş hərbi-siyasi proseslərin təhlili zamanı görürük ki, bu dövrlər xalqımızın və dövlətçiliyimizin çox ağır və keşməkeşli dövrləri olsa da, Azərbaycana məxsus tarixi torpaqlar parçalansa da yenə xalqımız öz müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizələrə qatılmış, ölkədə sonsuz əzmkarlıq və mübarizlik ruhu öləziməmiş, şanlı hərbçilər nəsli yetişmişdir. Baxmayaraq ki, mövcud rejim hər vəchlə azərbaycanlıların hərb işinə cəlb edilmələrinə tamamilə qarşı olmuşdular. Bunlara misal olaraq general rütbəsinə qədər yüksəlməyi bacaran Ehsan xan, Kəlbalı xan, Hüseyn xan, İsmayıl xan, Naxçıvanskilər, Bakıxanovlar, Talışxanovlar sülaləsindən olan generallar Fərəc bəy Ağayev, general Ağalarov, general Ərəblinski və başqaları XIX-XX əsrlərdə Azərbaycan tarixində rus ordusunda xidmət etməklə dünya hərb tarixində adlarını yazdırmış Azərbaycan oğullarıdır. (özlərindən sonra zəngin məktəb qoyub getmiş). Bu sıraya sonralar Qacarlar, Yadigarovlar, Şıxlinskilər nəslini də əlavə etmək mümkündür. Bunlar Azərbaycan hərbinin zirvəsi, yeni hərb məktəbinin yaradıcıları, ən əsası Azərbaycan milli ordusunun təşkilatçılarındandır. Xalq Cümhuriyyətinin süqutundan sonrakı dövrlər də istər Azərbaycanın tarixi, istərsə də hərb tariximiz üçün kifayət qədər maraqlı və ziddiyyətli bir dövrdür. Siyasi mahiyyətlərinə və ideoloji ziddiyyətlərinə baxmayaraq İkinci Dünya müharibəsinin qələbə ilə sona çatmasında Azərbaycan xalqının istər ön cəbhədə, istərsə də arxa cəbhədə xidmətləri danılmazdır. M.Hüseyn, H.Aslanovun, İ.Məmmədov və başqa yüzlərlə azərbaycanlı zabit kadrların şücaəti qürurverici və eyni zamanda gələcək nəsillərə nümunədir.
1969-cu ildən isə Azərbaycanın ordu hərb tarixində daha bir mərhələnin başlanğıcının əsası qoyuldu. O dövrlərdə Azərbaycanın hərb tarixinə adları qızıl hərflərlə yazılmış qəhrəman oğullar olsa da amma dövlətin və dövlətçiliyin sütunu olan nizami və güclü milli ordudan söhbət belə gedə bilməzdi. Güclü, siyasi iradəyə yüksək sərkərdəlik məharətinə malik dahi şəxsiyyət 1969-cu ildə ilk dəfə ölkəmizdə siyasi hakimiyyətə gələndə Azərbaycanın nizami ordusunun yaradılması kimi əlamətdar bir hadisənin formalaşmasına başlanmışdır. İlk növbədə azərbaycanlı gənclərin hərb elminə marağının artırılması və bunun üçün real şəraitin yaradılması məqsədilə gələcəyə hesablanmış uzaqgörən siyasətin tərkib hissəsi kimi ötən əsrin 70-ci illərində C.Naxçıvanski adına Hərbi Məktəbin yaradılması təşəbbüsü irəli sürüldü. 1971-ci ildə Bakıda ixtisaslaşdırılmış C.Naxçıvanski adına Hərbi Məktəb açıldı, Azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSR-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə nail olundu. Bütün bunlar gənclərimizin hərbi təhsil alması və ixtisaslı hərbi kadr kimi formalaşması, Vətənə qayıtması istiqamətində böyük əhəmiyyət kəsb edən amillərdir. Dahi liderin birbaşa şəxsi təşəbbüsü ilə o dövrdə hazırlanan hərbi kadrlar sonradan müstəqil Azərbaycanın qüdrətli milli ordusunun peşəkar komandan heyətini təşkil etmişdir. Müstəqil dövlətçiliyin bərpası və sonrakı iki ildə Azərbaycanda hərbi və silahlı qüvvələrlə bağlı vəziyyət olduqca acınacaqlı bir vəziyyət almışdır. Dağlıq Qarabağda separatizm baş qaldırmışdı, Ermənistan hərbi təcavüzə əl atmışdır, ölkədə hərbi işin silahlı müdafiə tədbirlərinin təşkilində ciddi nöqsanlara yol verilirdi, milli ordu quruculuğu qənaətbəxş səviyyədə deyildi.
Yalnız 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə milli müstəqillik arzularının qarşısındakı maneələrin dəf edilməsini, milli dövlət quruculuğu prosesinin, o cümlədən ordu quruculuğunun başlanması mümkünləşdi, bütün sahələrdə, eləcə də ordu quruculuğu istiqamətində siyasət uğurları təmin edildi.
Azərbaycan Respublikasının prezidenti seçildikdən dərhal sonra ordu quruculuğu ilə əlaqədar bir sıra mühüm qərarlar qəbul edildi, silahlı qüvvələr tam dövlətin nəzarətinə keçirildi. Ümummilli Liderimizə inam əsgər və zabitlərimizə fiziki, mənəvi güc verdi, ordumuz cəbhədə bir çox qələbələrə imza ataraq təşəbbüsü ələ aldı, ümumilikdə bütün bunlar Qarabağ cəbhəsindəki vəziyyətə müsbət dinamika gətirə bildi. Bununla da düşmən artıq 1994-cü ildə ordumuzun cəbhə boyu irimiqyaslı əks hücum əməliyyatlarına tab gətirmədiyini gördü və qısa müddətdə atəşkəsə razılıq verməli oldu və beləliklə, silahlı qüvvələrimizin inkişafı istiqamətində işlərə başlanıldı. Bütün ordu növləri səmərəli şəkildə yenidən təşkil edildi, şəxsi heyətin sosial-məişət problemləri həll edildi, hərbi təhsil sistemi təkmilləşdirildi, gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi istiqamətində mühüm təxirəsalınmaz işlər görüldü. Tarixi varislik prinsipi ilə AXC dövründə milli ordunun yarandığı 26 iyun gününün Azərbaycan Silahlı Qüvvələr Günü kimi bayram edilməsi barədə fərman imzalandı. Ordunun müdafiə qüdrətinin, döyüş qabiliyyətinin artırılması, maddi texniki təchizatının yaxşılaşdırılması, hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi, hərbçilərin əməkhaqlarının artırılması, hərbi hissələrin, şəhərciklərin, hərbi bazaların yenidən qurulması, fərqlənən hərbçilərin mükafatlandırılması, hərbi kontingentin ideoloji-mənəvi psixoloji vəziyyətinin yüksəldilməsi Azərbaycanda ordu quruculuğu sahəsində hərbi diplomatiyanın uğurlarının nəticəsi, bariz nümunəsidir. Bu gün Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır. Ən müasir silah-sursatla təchiz edilmiş, öz gücünə arxalanan hərbi tələbatın mühüm hissəsini istehsal edən Azərbaycan Ordusu hərbi texnika və döyüş hazırlığının ən yüksək səviyyəsi ilə yeni-yeni hərbi uğurlara imza atır, qüdrəti günü-gündən artır, ölkəmizin milli təhlükəsizliyini, əhalinin əmin-amanlığını, mühafizəsini təmin edir, sərhədlərimizi qoruyur, ərazi bütövlüyünü, torpaqlarımızı müdafiə edir. Bunların əsasında isə xalqla ordunun birliyi fonunda Ulu Öndər Heydər Əliyevin uğurlu ordu strategiyasının layiqli davamçısı Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində bu gün Azərbaycanda bir mərkəzdən idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən güclü, qüdrətli ordumuz var. Güclü ordusu olan dövlət güclüdür və bu gün tarixi qəhrəmanlıq salnaməsi zəngin olan xalqımız zəngin irsinə yeni, şərəfli səhifə yazdı daha möhtəşəm qələbəsi ilə. Cəmi 44 günə 30 illik həsrətə son qoydu. Dağlıq Qarabağ münaqişəsinə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü ilə son qoydu. Şuşada və digər tarixi torpaqlarımızda Azərbaycan bayrağını dalğalandırdı. Hər kəsə öz qüdrətini, iradəsini göstərdi.
Ceyhunə HÜSEYNOVA,
Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru
Facebook-da paylaş