Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var!
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Ordumuzun yaradılması prosesi əslində ölkəmizin müstəqilliyinin tarixidir.
1918-ci il mayın 28-də yaranmış Azərbaycan Demokratik Respublikası cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə çox böyük işlər görmüşdür. Bu işlərdən biri də ordu quruculuğu sahəsində görülən tədbirlərdir. Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə - əlahiddə korpus yarandı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət - orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu. Geostrateji mövqeyinə görə, böyük dövlətlərin maraqlarının kəsişdiyi ölkə olan Azərbaycanda Demokratik Respublikanın yarandığı gündən, dövlətçiliyin mühüm atributu sayılan nizami ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. 1918-ci il mayın 28-də qəbul edilmiş "İstiqlal bəyannaməsi"ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad etdi. Azərbaycan ordusunun Hüseyn xan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbib bəy Səlimov kimi generalları olmuşdu. AXC süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi. Onun rəhbərlərinin əksəriyyəti Nargin adasına aparılıb güllələndi. Yalnız Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəlməsi və Azərbaycan Respublikasının Prezidenti seçilməsi vəziyyəti kökündən dəyişdi, respublikamızda ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə güclü təkan verdi, cəbhədə vəziyyətin müsbət istiqamətdə inkişafına şərait yaratdı. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalamışdır. Prezidentin 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdı. Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir. Bu isə Ümummilli Llider Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olmuşdur. Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır. Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğunun bu mərhələsində apardığı işlərin hərbi-siyasi nəticəsi olaraq ordu daxilində dərinləşməkdə olan böhranın qarşısı alındı və bu sahədə keyfiyyət dəyişikliyi yarandı.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Ordusuna göstərdiyi diqqət və qayğının nəticəsində vahid komandanlıq prinsipi bərqərar edildi, ordunun maddi-texniki təminatı əvvəlki illərdən fərqli olaraq əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, hərbi hissə və birləşmələrin maddi-texniki, tibbi və digər vasitələrlə təmin edilməsi təşkil olundu, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı. Azərbaycan Ordusuna tələb olunan silah, hərbi texnika, döyüş sursatı, arxa xidmət əmlakı və digər maddi vasitələrin Azərbaycan Respublikasının sənaye müəssisələrində istehsal edilməsi ölkə iqtisadiyyatının inkişafına da təkan verdi. Orduda şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi.
Dövlətçilikdə varislik anlayışına önəm verən Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanı ilə 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan edildi. Bu gün iqtisadi yüksəlişi ilə diqqətləri özünə cəlb edən ölkəmiz yaradılmış qüdrətli ordusu ilə də hər bir azərbaycanlının qürur mənbəyinə çevrilib.
Ulu Öndər Heydər Əliyevin 1999-cu il fevralın 20-də imzaladığı Fərmana əsasən, Silahlı Qüvvələrin Hərbi Akademiyası fəaliyyətə başlamış, 2001-ci ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi yaradılmışdır. Mərkəzdə zabit heyətinin təkmilləşdirmə, ehtiyat zabit hazırlığı, gizir hazırlığı və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursları fəaliyyət göstərir.
Silahlı Qüvvələrin bütün növlərində, hərbi hissə və birləşmələrdə komanda-qərargah və taktiki təlimlər, döyüş hazırlığı dərsləri keçirilir, döyüş hazırlığı yüksək səviyyədə saxlanılır. Əldə olunan nəticələr bir daha sübut edir ki, ordu quruculuğu istiqamətində aparılan dövlət siyasəti Azərbaycan Ordusunun möhkəmlənməsi və peşəkarlığına xidmət edir.
Müasir müstəqil dövlətimizin memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyev həm də qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır. Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə həyata keçirdiyi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyət və ardıcıllıqla davam etdirdiyi strategiyaya əsaslanan ordu quruculuğu prosesi xalqımızın zəngin və şərəfli ənənələrini qorumaqla həyata keçirilməkdədir. Bu gün öz gücü və qüdrəti ilə seçilən, qarşıya qoyulan bütün vəzifələri layiqincə yerinə yetirmək imkanına malik olan Azərbaycan Ordusu dövlət müstəqilliyinin bərpasından ötən illər ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də od-alovundan keçərək mətinləşdi, müasir inkişaf səviyyəsinə gəlib çatdı. Qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik Azərbaycan Ordusu bu gün NATO standartlarına cavab verən səviyyədə formalaşmışdır.
2005-ci ildə yaradılmış Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 1200 adda hərbi təyinatlı məhsul istehsal edilir.
Azərbaycan Ordusu yeni inkişaf mərhələsinə qədəm qoyub. Hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması, ordumuzun müasir silahlarla təminatı istiqamətində görülən işlər sayəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları ilə bir cərgədə öz layiqli yerini tutub. 2016-cı il aprel ayının əvvəlində, 2018-ci ilin may ayında Azərbaycan hansı qüvvəyə malik olduğunu göstərmişdi.
Hər bir dövlət onda güclü olur ki, onun qüdrətli iqtisadiyyatı və güclü ordusu var. Azərbaycanın güclü orduya malik olması 44 günlük Vətən müharibəsində bir daha nümayiş etdirildi. Gənclərimizin bu gün dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə hərbi xidmətə böyük ruh yüksəkliyi ilə getmələri də onlarda Vətən sevgisinin böyüklüyünün təsdiqidir. Hələ 2003-cü ildə andiçmə mərasimindəki nitqi zamanı ordu quruculuğu və bu sahədə perspektivlər barədə danışan Prezident İlham Əliyev demişdi: "Azərbaycanda ordu quruculuğu sahəsində də böyük işlər görülmüşdür. Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir”.
Ötən 17 ildə Azərbaycanın müdafiə sisteminin gücləndirilməsi, Silahlı Qüvvələrin tərkibində olan bütün qoşunlarda həyata keçirilən islahatlar İlham Əliyevin öz vədinə sadiqliyini təsdiq edir. Bu illərdə İlham Əliyevin xüsusi nəzarəti, tapşırıqları, göstərişləri və təşəbbüsləri ilə təhlükəsizlik siyasətini həyata keçirən və bu istiqamətdə praktik fəaliyyət göstərən strukturlardan olan ordunun yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi üçün məqsədyönlü iş aparılıb. Çünki Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı bir vaxtda qarşıda dayanan ən əsas vəzifələrdən biri ordunun gücləndirilməsi, döyüş qabiliyyətinin daimi olaraq artırılması, modernləşməsi, ən son hərbi texnologiyalara yiyələnməsi idi.
Bu illər ərzində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü dövlət quruculuğu strategiyasının uğurla reallaşdırılması, güclü iqtisadi potensialın və böyük maliyyə imkanlarının yaradılması müasir ordu quruculuğu və hərbi məsələlərin yüksək səviyyədə həll edilməsinə imkan yaratdı. Bu məqsədlə hər il dövlət büdcəsində müdafiə xərclərinə böyük vəsait xərcləndi, ölkənin müdafiə sənayesi yaradıldı, ordu ən müasir silahlarla təchiz edildi, ölkəmizin hərbi sahədə əməkdaşlıq əlaqələri genişləndirildi və nəticədə Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasına daxil oldu. Dünya ölkələrinin ordularının reytinqi hazırlanarkən orduların quruda, havada və dənizdə adi silahlardan istifadə imkanları, hərbi texnikaların növləri, sayı və keyfiyyəti, hərbi büdcə, həmçinin ölkənin malik olduğu iqtisadi resurslar və coğrafi vəziyyət əsas götürülüb. Sözsüz ki, coğrafi cəhətdən kiçik Azərbaycanın Silahlı Qüvvələrinin dünyanın 50 ən güclü orduları sırasında olması hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Sözsüz ki, bu hal Ali Baş Komandan İlham Əliyevin yorulmaz siyasətinin nəticəsidir.
2020-ci ilin payızına qədər torpaqları işğal altında olan və qarşısında təkcə Ermənistan deyil, eyni zamanda onun ayrı-ayrı havadarlarının olduğu Azərbaycan Respublikası 44 günlük müharibə ilə İkinci Dünya müharibəsindən sonra qurulmuş Postdam – Yalta sisteminin işlək olmamasını, dəyişiklikliyə ehtiyac olduğunu sübut etdi. İlk dəfə idi ki, BMT Təhlükəsizlik Şurasını təmsil etməyən dövlət ərazi bütövlüyünün təmin edilməsini hərbi əməliyyatlar vasitəsilə bacardı.
Vətən müharibəsi dövründə Azərbaycan hərbçisinin rəşadəti, qarşısına qoyulan bütün döyüş tapşırıqlarını şərəflə, dəqiqliklə yerinə yetirməsi çox az bir zaman kəsiyində illərdir torpaqlarımızda möhkəmlənmiş, istehkamlar qurmuş erməni ordusunun darmadağın edilməsi ilə nəticələndi.
Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu sayəsində bütün dünya Azərbaycan xalqının, onun Liderinin, şanlı ordumuzun gücünü görmüş oldu, qonşuların bizə qarşı 200 ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoyuldu. Bu qalibiyyət düşmən ordusunu darmadağın etdi, Azərbaycanın gücünü göstərdi və sözsüz ki, bundan sonra artıq heç kim Azərbaycan ordusunun qarşısına çıxmağa cürət etməyəcək.
Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi: "Şəhidlərimizin qisasını döyüş meydanında aldıq. Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etdi. Qürur hissi ilə deyə bilərik ki, biz Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik. Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır. Biz bütün gücümüzü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirib düşməni məğlub etdik, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik”.
Azərbaycan ordusu dünya hərb tarixinə yenilməz ordu kimi öz imzasını atdı!
Yaşasın Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev!
Yaşasın Müzəffər Azərbaycan Ordusu!
Elvira ƏFƏNDİYEVA,
Qazax Dövlət Sosial-İqtisadi
Kollecinin Monitorinq və
Qiymətləndirmə Şöbəsinin
müdiri, Tələbə Gənclər Təşkilatının sədri
Facebook-da paylaş