Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu
Heydər Əliyev Azərbaycan dövlətçilik tarixinin tamamilə yeni bir mərhələsini yaratmış böyük siyasətçi və tarixi şəxsiyyətdir. Ümummilli ideologiyamız kimi səciyyələndirilə biləcək azərbaycançılıq ideologiyasının müəllifi olan Ulu Öndər Heydər Əliyev qadirbilən xalqımızın qəlbində əbədi yaşayacaq.
2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Cənab Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında imzaladığı mühüm Sərəncam dahi şəxsiyyətin 100 illik yubileyinə ən böyük töhfədir. Bu Sərəncam eyni zamanda, xalqımızın dahi rəhbərinə olan sonsuz hörmət və ehtiramını, sevgisini bir daha çatdırmaq, Ulu Öndərin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərini gələcək nəsillərə ötürmək üçün bizlərə geniş imkan yaradır.
2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin çoxsahəli fəaliyyətinin və dövlətçilik təfəkkürünün təbliği məqsədilə ordu quruculuğu sahəsində gördüyü işləri, misilsiz xidmətləri, söylədiyi tematik sitatları xatırlamaq yerinə düşərdi. “Ulu Öndər Heydər Əliyev və ordu quruculuğu” deyəndə dahi şəxsiyyətin bu sahədə gördüyü işlər hər birimizin gözü önündə canlanır.
Ulu Öndərin 9-10 aprel 1994-cü il tarixində Bərdə rayonunda ictimaiyyətin nümayəndələri qarşısında çıxışı zamanı söylədiyi “Azərbaycan xalqı öz müstəqilliyini, milli azadlığını qoruyub saxlamalıdır. Bunun üçün də Azərbaycanın güclü ordusu olmalıdır. Bu, həm işğal olunmuş torpaqlarımızı düşməndən təmizləmək, həm də gələcəkdə müstəqil Azərbaycanın etibarlı müdafiəsini təmin etmək üçün gərəkdir. Ona görə də orduya diqqət və qayğı göstərmək hər bir vətəndaşın şərəfli borcu olmalıdır” fikrini bu gün də qürurla xatırlayırıq.
9 may 1994-cü ildə Həzi Aslanov adına Bakı ümumqoşun komandirləri məktəbində keçirilən təntənəli mitinqdə çıxışında Ulu Öndər bildirdi ki, “Hərbi peşə, zabitlik peşəsi, Vətəni müdafiə işi müqəddəsdir”.
1994-cü ilin 27 mayında Respublika sarayında Respublika Gününə həsr olunmuş təntənəli yığıncaqdakı nitqində “Hər bir müstəqil dövlətin ordusu dövlətin əsas atributlarından biridir” deyərək ordunun dövlətimiz üçün əhəmiyyətini bir daha vurğuladı.
Ümummillli Lider Səudiyyə Ərəbistanına – Müqəddəs Məkkə və Mədinə şəhərlərinə ziyarətdən sonra 29 iyul 1994-cü ildə Bakıda Təzəpir Məscidində din xadimləri ilə olan görüşü zamanı çıxışında “Biz müstəqil dövlətik. Müstəqil dövlətin özünəməxsus qüdrəti olmalıdır. Bu qüdrətin əsasını xalq və onun bir hissəsi olan ordu təşkil edir” fikrini bildirdi.
8 oktyabr 1994-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin 3-cü ildönümünə həsr olunmuş təntənəli yığıncaqda Ulu Öndər Heydər Əliyev qeyd etdi ki, “Bu gün biz cəsarətlə deyə bilərik ki, Azərbaycanın güclü Silahlı Qüvvələri var, Azərbaycanın qəhrəman Milli Ordusu var, Azərbaycanın dəyərli generalları, zabitləri var, Azərbaycanın mətin, qəhrəman, hazırlıq keçmiş əsgərləri var”.
18 oktyabr 1995-ci ildə Prezident Sarayında Hərbi xidmətdən yayınmış, fərarilik etmiş və digər hərbi cinayətlər törətmiş şəxslərin valideynləri ilə keçirilən görüşdə bildirdi ki, “Ordu olmalıdır, ona görə yox ki, biz hansısa bir dövlətə hücum etmək, kiminsə torpağını zəbt etmək istəyirik. Yox. Biz sülhsevər dövlətik. Biz heç kəsin torpağına göz dikməmişik. Biz öz torpaqlarımızı azad etmək, ölkəmizin ərazi bütövlüyünü, sərhədlərimizin toxunulmazlığını təmin etmək istəyirik. Azərbaycan xalqının ali məqsədi bundan ibarətdir. Azərbaycan dövlətinin apardığı siyasət, əməli fəaliyyət bundan ibarətdir. Bunun üçün və gələcəkdə dövlət müstəqilliyimizi qoruyub saxlamaq üçün güclü ordumuz olmalıdır. Biz ordu quruculuğu işi ilə məşğul oluruq... Azərbaycanın müstəqilliyini əbədi etmək üçün güclü və daim təkmilləşən, güclənən milli ordumuz olmalıdır. Bu, bizim müqəddəs vəzifəmizdir, hər bir kəsin şərəfli vəzifəsidir”.
7 oktyabr 1996-cı ildə Şəhriyar adına Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 5-ci ildönümü münasibətilə keçirilən təntənəli yığıncaqdakı nitqində “Ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir. Hər bir əsgər, zabit, döyüşçü vətənpərvərlik hissini, Vətənə, torpağa, müstəqil dövlətimizə, xalqımıza sədaqət hissini hər şeydən üstün tutmalıdır. Məhz bu keyfiyyətləri özündə cəmləşdirən, əks etdirən Azərbaycan Ordusunun döyüşçüsü ordumuzu möhkəmləndirə bilər və hər an qələbəyə nail ola bilər” fikirlərini söylədi. Həmin görüşdə Ulu Öndər qeyd etdi ki, “Möhkəm, daimi sülh üçün müstəqil dövlətin güclü ordusu olmalıdır”. Eyni zamanda, bildirdi ki, “Mən əminəm ki, bizim ordumuz bu gün Azərbaycanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə qarşı yönəldilmiş hər hansı bir qəsdə layiqli cavab verməyə hazırdır”.
9 oktyabr 1996-cı ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 5-ci ildönümü münasibətilə "N" saylı hərbi hissədə olan görüşdə çıxış zamanı vurğuladı ki, “Orduda xidmət etmək hər bir azərbaycanlının şərəfli borcudur. Orduda xidmət edən, əsgərlik borcunu yerinə yetirən gənclər xalqımızın, cəmiyyətimizin içərisində hörmətli, dəyərli insanlardır. Həyatını bu şərəfli peşəyə - ölkəni, Vətəni qorumaq peşəsinə həsr edən zabitlər, hərbçilər Azərbaycan xalqının daim hörmət və ehtiramını qazanacaqlar”.
30 oktyabr 1996-cı ildə Naxçıvan Hərbi Qarnizonunun əsgər və zabitləri ilə görüşündə söylədi ki, “Ordu xalqın bir hissəsidir. Xalqla ordunun birliyi həmişə dövlətin də qüdrətini təmin edir, orduya daha çox güc verir, xalqın da öz ordusuna daha çox etibar etməsinə əsas verir”.
1 fevral 1997-ci ildə Prezident Sarayında Azərbaycan Respublikası gənclərinin 1-ci forumunun birinci ildönümü münasibətilə forum nümayəndələrinin bir qrupu ilə görüşündə bir daha vurğuladı ki, “Milli Ordumuzda xidmət etmək hər bir Azərbaycan gəncinin şərəfli vətəndaşlıq borcudur”.
15 oktyabr 1997-ci il Azərbaycan Respublikası Hərbi Təyyarəçilər məktəbinin ilk buraxılışına həsr olunmuş təntənəli mərasimdəki çıxışında qeyd etdi ki, “Etibarlı, güclü, Vətənini, torpağını müdafiə etməyə qadir silahlı qüvvələri olmayan ölkənin müstəqilliyi də etibarlı ola bilməz”. Həmçinin, bildirdi ki, “Bizim şahinlərimiz Azərbaycanın səmasını daim qorumağa, Azərbaycanın ərazisini qorumağa, Azərbaycanın müstəqilliyini qorumağa qadirdirlər”.
28 may 1999-cu ildə 28 May – Respublika Günü münasibətilə Azərbaycan xalqına müraciətində söylədi ki, “Azərbaycanın milli ordusu bu gün Azərbaycanı hər bir hadisədən qorumağa qadirdir, Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin keşiyində durubdur”.
25 iyun 1999-cu ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti ilə görüşdə olan nitqində bildirdi ki, “Müstəqillik dövründə qazandığımız ən mühüm nailiyyətlərdən biri milli odumuzun yaradılması olmuşdur”. Həmçinin, vurğuladı ki, “Silahlı qüvvələrimizin hər bir əməkdaşı gözəl bilir ki, güclü, qüdrətli ordu Azərbaycanın dövlət müstəqilliyini qorumaq, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün əsas amildir, sülhün və əmin-amanlığın təminatçısıdır”.
“Mən arzu edirəm ki, hər bir Azərbaycan gənci Azərbaycan ordusunda xidmət etməyi özünün müqəddəs vəzifəsi kimi qəbul etsin. Orduda xidmət etməyən gənc cəmiyyətdə böyük hörmət qazana bilməz. Cəmiyyətdə, gələcək həyatda hörmət qazanmaq istəyən gənc gərək mütləq, mütləq əsgərlik borcunu yerinə yetirsin. Əsgərlik borcunu yerinə yetirmək hər bir azərbaycanlı gəncin müqəddəs vəzifəsidir” fikirlərini isə 11 oktyabr 1999-cu ildə Naxçıvan qarnizonu "N" saylı hərbi hissəsinin şəxsi heyəti ilə görüşündə söylədi.
13 oktyabr 1999-cu ildə Cəmşid Naxçıvanski adına hərbi liseyin Naxçıvan filialının açılışında qeyd etdi ki, “Hər bir müstəqil dövlətin öz dövlətçiliyini, torpaqlarını, ərazisini, xalqını qorumaq üçün güclü, qüdrətli ordusu olmalıdır”.
20 iyun 2001-ci ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbində keçirilən görüşdə söylədi ki, “Mənim üçün hər bir əsgər, hər bir döyüşçü, hər bir zabit Azərbaycan vətəndaşlarının hər birindən daha da qiymətlidir, daha da yüksəkdir”.
25 avqust 2001-ci ildə Azərbaycan Ali Hərbi Məktəbinin birinci buraxılışına həsr olunmuş mərasimdə nitqində vurğuladı ki, “Azərbaycan əsgəri gərək hər şeydə türk əsgərinə bənzəməyə çalışsın”. Həmçinin, qeyd etdi ki, “Türkiyə Cümhuriyyətinin Silahlı Qüvvələrinin, onun əsgərlərinin bütün başqa keyfiyyətlərdən əlavə, ən yüksək keyfiyyəti Vətənə, millətinə, torpağına daim sədaqət hissi ilə yaşaması və xidmət etməsidir. Bu, hər bir ölkənin əsgərinin borcudur”. Ulu Öndər həmin görüşdə bildirdi ki, “Azərbaycan əsgəri, Azərbaycan zabiti gərək yüksək mənəviyyata malik olsun. Azərbaycan xalqının yüksək mənəvi dəyərləri ilə yaşasın. Vətənpərvərliyi, Vətəni sevməyi, Vətən yolunda şəhid olmağı daim gözünün önündə saxlasın”.
25 iyun 2002-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinə təbrikində söylədi ki, “XX əsrin sonunda öz dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasının Silahlı Qüvvələri məhz Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunun layiqli varisidir”.
27 iyul 2002-ci ildə Azərbaycan Ali Hərbi Məktəbi və Ali Hərbi Təyyarəçilik Məktəbi məzunlarının buraxılışına həsr olunmuş mərasimdə söylədi ki, “Bizim ordumuz güclüdür. Ordumuzun gücü günü-gündən artır. Ölkəmizin gözəl gələcəyi var. Azərbaycan xalqı, Azərbaycan dövləti işğal olunmuş torpaqları mütləq azad edəcəkdir”.
2002-ci ilin 12 sentyabrında Gəncədəki "N" saylı hərbi hissədə keçirilən görüşdə söylədi ki, “Möhkəm, daimi sülh üçün müstəqil dövlətin güclü ordusu olmalıdır”. Həmçinin vurğuladı ki, “Orduda gərək dəmir nizam-intizam olsun. Nizam-intizam hər yerdə lazımdır, amma ordu üçün bu, əsas şərtdir”. Həmin görüşdə Ulu Öndər onu da qeyd etdi ki, “Güclü ordu dövlətin müstəqilliyinin təminatçısıdır, qarantıdır”. “Biz ordumuzu gücləndirərək, döyüş qabiliyyətini yüksəldərək, müasir silahlardan istifadə olunmasının keyfiyyətini artıraraq, dövlətimizi yüksəldəcəyik və ən əsası, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi gününü yaxınlaşdıracağıq və Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini mütləq təmin edəcəyik”.
Bəli, Ulu Öndər Heydər Əliyevin arzuladığı kimi oldu. Azərbaycan Ordusu qısa müddət ərzində böyük inkişaf yolu keçdi və bölgənin ən güclü ordusuna çevrildi. Azərbaycan Ordusunun güclənməsinin və uğurlu şəkildə təşkilatlanmasının ən başlıca səbəbi, ordu quruculuğuna Heydər Əliyevin rəhbərlik etməsi, ordu siyasətinin əsasının dahi şəxsiyyət tərəfindən qoyulması oldu. Azərbaycanın müstəqilliyinə, xalqının milli maraqlarına dərindən bağlı olan Ulu Öndər Heydər Əliyev müstəsna dövlətçilik təcrübəsi, təşkilatçılıq bacarığı, yorulmaz işgüzarlığı ilə ordu quruculuğuna xüsusi bir önəm verdi.
Ən əsası isə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu 44 gün ərzində işğal altında olan torpaqlarımızı işğaldan azad edərək qəhrəmanlıq salnaməsi yazdı. Xalqımızın 30 illik torpaq, yurd, Vətən niskilinə son qoydu. Qəhrəman Azərbaycan Ordusu 2020-ci ilin 8 noyabr tarixində Qarabağın incisi, Azərbaycanın Mədəniyyət Paytaxtı olan Şuşanı azad etdi və Ermənistan 10 noyabr 2020-ci il tarixdə təslimçilik bəyanatını imzaladı.
Bunların arxasında isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti tərəfindən bütün sahələrə olduğu kimi, hərbi quruculuq sahəsinə də böyük diqqətin ayrılması dayanır. 2003-cü ildən bu vaxta kimi hərbi xərclərə ayrılan vəsaitin məbləğinin ildən-ilə artırılması, ordumuz üçün ən müasir texnika və silahların alınması, xüsusilə də zirehli texnika, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, döyüş təyyarələri, ən müasir pilotsuz uçuş aparatları, ən müsir artileriya qurğuları, uzunmənzilli raketlər, yaylım atəşli raket sistemləri və s. alınması dövlətimiz tərəfindən ordu quruculuğu sahəsinə mühüm önəm verildiyinin bariz nümunəsidir.
Bu gün əminliklə deyə bilərik ki, Respublika Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin diqqət, qayğısı və rəhbərliyi ilə son illər həyata keçirilən kompleks islahatlar nəticəsində Azərbaycan Ordusu Qafqazın ən güclü ordusuna çevrilmiş, öz hərbi potensialına görə dünyanın bu sahədə ən qabaqcıl 50 ölkəsi sırasında dayanır. Bütün bunlar onu deməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti bundan sonra da Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında olduğu kimi həyata keçiriləcək. 44 günlük Vətən müharibəsindən qalib ayrılaraq şanlı Zəfər salnaməsi yazan Azərbaycan Ordusu bundan sonra da adını hərb tariximizə və bütün dünyaya güclü ordu kimi yazdıracaqdır.
Facebook-da paylaş