• Təqvim

  • Maraq



Qazaxda “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib


Martın 16-da “Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib. 

Qazax Gənclər Evində təşkil olunan tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, professor Səməd Seyidov, köməkçisi Akif Əmirov, Milli Məclisin deputatı Ülviyyə Ağayevanın köməkçisi Arzu Musayeva, Gəncə Dövlət Universitetinin professoru, filologiya üzrə elmlər doktoru Yadigar Əliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin müəllim və tələbələri, ağsaqqal və ziyalılar, mədəniyyət işçiləri, şəhid ailələri iştirak ediblər.

Rayon rəhbərliyi və qonaqlar əvvəlcə Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda olub, abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla anıblar. Ümummilli Liderin adını daşıyan Mərkəzi ziyarət edərək həyat və fəaliyyəti ilə yaxından tanış olublar. 

Qazax Gənclər Evində davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 



Tədbirin aparıcısı, deputat köməkçisi Akif Əmirov giriş sözü ilə çıxış edərək iştirakçıları salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb, iştirak edən qonaqlara razılığını ifadə edib. Aparıcı Akif Əmirov qeyd edib ki, bir lider düşünün arxasında gələcəyə ümidlə baxan bir nəsil qoysun. Bir lider düşünün ki, yorğun bir milləti ayağa qaldırıb müstəqil cəmiyyət olduğunu xatırlatsın. Bir lider düşünün ki, bu gün yaşadığımız, nəfəs aldığımız, fikirlərimizi azad söylədiyimiz bir cəmiyyət formalaşdırsın. Bir lider düşünün ki, ölümündən 20 il keçməsinə baxmayaraq gələcəyimizə işıq tutsun və yolumuzu aydınlatsın. Bir lider düşüşnün ki, bütün dünyanı özünə heyran etsin. Bəli, o Lider Heydər Əlirza oğlu Əliyev idi. Heydər Əliyev 100 ilin böyük insanlarından biri idi. O, şəxsi qazanc və şöhrətin arxasında qaçan bir rəhbər yox, xalqına sağlam gələcək qurmaq üçün yaşayan bir qəhrəman idi. A.Əmirov vurğulayıb ki, Heydər Əliyev çətin dövrlərdə Azərbaycanın daxili siyasətinin formalaşması ilə yanaşı, xarici siyasətinin gücləndirilməsinə, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasına xüsusi diqqət ayırırdı. Azərbaycanın yeni xarici siyasətini daxili, milli maraqlara əsaslanaraq qurmağa başladı. Beləliklə, Heydər Əliyev üçün xarici siyasətin əsas vəzifəsi həm Azərbaycanı əhatə edən, həm də ondan uzaqda olan dövlətlərin milli maraqlarının bir-biri ilə ümumi təmas nöqtələrinin tapılması məqsədi oldu. Yəni həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda olan ən yaxın qonşuları ilə, həmçinin, uzaqda olub, regiona təsir gücünə malik olan dövlətlərlə normal münasibətlərin qurulmasına şərait yarada biləcək ən düzgün qızıl ortaq məxrəc tapmaq əsas məqsəd idi. Bu gün də bu vərəsəliyi həmin prinsipləri həyata keçirən şəxs, yəni İlham Əliyev təmin edir. Heydər Əliyev çıxışlarında hər zaman milli-mənəvi dəyərlərə bağlılığını ifadə edirdi. Milli-mənəvi dəyərlərin, milli adət və ənənələrin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayırdı. O, xalqının gələcəyini daim düşünən bir qeyri-adi zəka sahibi, fenomenal şəxsiyyət idi. Bu gün də milli maraqlarımızın gələcək nəsillərə ötürülməsində ölkə başçısının və Birinci vitse-prezident Mehriban Əliyevanın müstəsna xidmətlərini görürük. Ulu Öndərin istədiyi kimi milli-mənəvi dəyərlərə əsaslanaraq ölkəmiz günü-gündən inkişaf edir. Ümummilli Lider Heydər Əliyev incəsənət və mədəniyyətin inkişaf proseslərinin istedadlı təşkilatçısı, incəsənət xadimlərinin yaxın dostu, yüksək zövqlü məsləhətçisi, həm də Vətəndən kənarda Azərbaycan incəsənətinin ən fəal təbliğatçısı idi. Heç kəs inkar edə bilməz ki, 1960-cı illərin sonu - 1980-ci illərin əvvəli Azərbaycan bədii mədəniyyətinin, bütün incəsənət növlərinin inkişafında yüksəliş dövrü olub. Bu dövrü sözün tam və əsl mənasında Azərbaycan incəsənətinin intibahı adlandırmaq olar. Məhz bu illərdə memarlıq və şəhərsalma, monumental incəsənət, təsviri sənət, musiqi, teatr və kino sahəsində milli bədii məktəblər təşəkkül tapıb, mühüm incəsənət əsərləri yaradılıb, bütün bu sahələri əhatə edən milli bədii təhsil sistemi bərqərar olub, Azərbaycan incəsənətinin parlaq nailiyyətləri dünyanın bir çox ölkələrində yüksək peşəkar səviyyədə təmsil olunub. Azərbaycanı xaosdan, anarxiyadan, özbaşınalıqdan, iqtisadi tənəzzüldən xilas edərək inkişaf, tərəqqi yoluna çıxaran Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından saatlarla, günlərlə danışmaq olar. Heydər Əliyev bütün fəaliyyəti dövründə elm, təhsil və mədəniyyətin inkişafına xüsusi qayğı ilə yanaşırdı. Çünki bu dahi şəxsiyyət yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz xalqın yüksək təhsil almasında, maariflənməsindədir. Ulu Öndər Azərbaycan elmi qarşısında dayanan əsaslı problemlərə toxunmuş, onların aktuallığını əsaslandıraraq alimlərimizə Azərbaycan dövləti, xalqı üçün daha gərəkli strateji məsələlərlə məşğul olmağı tövsiyə etmiş, elmin inkişaf strategiyasının əsas müddəalarını irəli sürmüşdü. Onun siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olunması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxmışdı. A.Əmirov bildirib ki, bildiyiniz kimi Respublika Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3494 nömrəli Sərəncamı ilə 2023-cü il Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan edilmişdir. Bu sərəncamın icrası ilə bağlı Qazax Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq Tədbirlər Planı təsdiqlənmiş və bu gün keçirilən tədbir həmin tədbirlər planının icrası məqsədilə həyata keçirilir. Respublika Prezidenti İlham Əliyevin "Heydər Əliyev İli" çərçivəsində Tədbirlər Planını təsdiq etməsi haqqındakı sərəncamı Azərbaycanın müstəqillik tarixinin qüdrətli yaradıcısı və müstəqil Azərbaycan dövlətinin böyük qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin parlaq irsinin öyrənilməsi və müstəqil Azərbaycan Respublikasının çiçəklənməsi yolunda  xidmətlərinin əhatəli şəkildə xalqımıza çatdırılmasında mühüm əhəmiyyətə malik dövlət sənədidir. A.Əmirov qeyd edib ki, bugünədək “Heydər Əliyev İli” çərçivəsində Qazax rayonunda 20 Yanvar həqiqətlərinin dünyaya çatdırılmasında Heydər Əliyevin rolu, Heydər Əliyev və Azərbaycan gəncliyi mövzularında silsilə tədbirlər keçirilmiş, ADA Universiteti Qazax Mərkəzi, Heydər Əliyev Fondu və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Sağlam gələcəyimiz üçün ağac əkin!” devizi altında 4000 ədəd ağac əkilmiş, rayonda fəaliyyət göstərən müəssisələr tərəfindən ağacəkmə aksiyaları, konfrans, seminar, intellektual yarışlar və dəyirmi masalar daxil olmaqla 43 tədbir keçirilmişdir. A.Əmirov bildirib ki, bu gün Ulu Öndər ideyalarını, gələcək planlarını reallaşdıran rəhbərimiz var. O rəhbər ki, öz ordusu, xalqı və müdrik siyasəti ilə fərəh gətirdi dövlətinə. Ali Baş Komandanın ətrafında sıx birləşən, dəmir yumruq olan, sarsılmaz bir ordu gördü dünya. O, torpaqlarımızı qəsbkarlardan azad edərək, bayrağımızı Şuşada dalğalandırdı. Biz sülhü xarici siyasətimizin prioritet istiqamətinə çevirmişik. Azərbaycan artıq başqadır - böyük, güclü, nüfuzlu Azərbaycandır. Ermənistan daxilindəki revanşist qüvvələr hansısa planlar qursalar belə, bəzi qonşularımız hansısa yolla gündəmə təsir göstərməyə çalışsalar belə, onlar bilməlidirlər ki, hesablaşmalı və hörmət etməlidirlər! "Heydər Əliyev İli" müstəqil Azərbaycan dövlətinin keçdiyi şərəfli və məsuliyyətli inkişaf yolunun, əldə etdiyi nailiyyətlərin möhtəşəm hesabatı ilidir. "Heydər Əliyev İli" - Azərbaycan Respublikasında hər bir dövlət qurumunun, bütün vətəndaşların Ümummilli Liderin idealları qarşısında, müstəqil dövlətimiz qarşısında mənəvi-siyasi borcunu qürurla yerinə yetirməsi ilidir. Qarşıda daha böyük nailiyyətlərimiz olacaq. Əminəm ki, Heydər Əliyevin nəhəng Azərbaycan arzusu gərçəkləşəcək, çünki, niyyətimiz təmizdir, xalqımız müdrikdir. Ordumuz güclüdür, Prezidentimizin isə dəmir iradəsi, möhkəm intellekti, imzası qədər qüvvətli olan sözü və bunları reallığa çevirmək üçün zəruri olan bütün şəxsiyyətləri var. 


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını və qonaqları salamlayıb, keçirilən tədbirin əhəmiyyətindən söz açıb. İcra başçısı bildirib ki, ХХ əsrin son illəri Azərbaycan üçün taleyüklü sınaq məqamları ilə zəngin olmuşdur. İctimai-siyasi, iqtisadi və mənəvi sahələrdə əldə edilmiş nailiyyətlər, həlledici anlarda Vətənin və xalqın nicatı Heydər Əliyevin xalqla birliyi və uzaqgörən siyasəti ilə bilavasitə bağlıdır. Uzun illər ərzində ağır sınaqlarla dolu bir yol keçən Azərbaycan azadlıq uğrunda mübarizədə neçə-neçə oğlunu qurban vermişdir. Hakimiyyət davası və idarəçilikdə yaranmış xaus torpaqlarımızın mənfur erməni silahlı qüvvələri tərəfindən işğal edilməsinə şərait yaradırdı. Azərbaycanı bu bəladan xilas etmək, iqtisadi böhranlardan qorumaq üçün qüdrətli bir əl, dərin zəka, güclü məntiqə malik bir şəxsiyyət lazım idi. Belə bir şəxsiyyət isə Heydər Əlirza oğlu Əliyev idi. Təbii ki, xalq yeganə çıxış yolunu Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışında görürdü. Ümummilli Lider Heydər Əliyevin tarixin ən çətin, məsuliyyətli dövrlərində Azərbaycanı yaşatmaq kimi ağır yükün altına girən dahi şəxsiyyət olduğu danılmazdır. Ulu Öndər siyasi və dövlətçilik fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət, qurub-yaratmaq arzusu ilə yaşamış, milli ideyalara bağlı olmuşdur. Ümummilli Llider bütün zəngin və mənalı həyatı boyu həmişə Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən xilas etmək üçün misilsiz xidmətlər göstərmişdir. Rayon rəhbəri qeyd edib ki, bildiymiz kimi, Respublika Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı 29 sentyabr 2022-ci il tarixdə Sərəncam imzalamışdır. 28 noyabr 2022-ci il tarixdə isə “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi haqqında Sərəncam imzalamışdır. Həmin Sərəncamın icrası ilə əlaqədar təsdiqlənmiş Təqvim Planına uyğun olaraq bu gün “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçiririk. Bildiyiniz kimi, Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının, Azərbaycan dövlətçiliyinin tarixində müstəsna xidmətləri olan bir şəxsiyyətdir. Hələ Ulu Öndərin ölkəmizə rəhbərliyinin birinci dövründə Azərbaycan dilinin əhəmiyyəti artmış, milli dövlətçilik düşüncəsi, təhsilin, mədəniyyətin, xalq təsərrüfatının inkişafı baş vermişdir. Azərbaycançılıq ideologiyası istər sovetlər dövründə, istərsə də müstəqillik dövründə məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşmışdır. 1993-cü ilin iyun ayının 15-də Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişi Azərbaycan xalqının tarixində dönüş nöqtəsi oldu. Ulu Öndərin gəlişi Azərbaycana müstəqillik, suverenlik, dövlətçilik, milli-mənəvi dəyərlərə qayıdışı bəxş etdi, ordu quruculuğuna, iqtisadi inkişafa şərait yaratdı, təhsilin, mədəniyyətin yüksəlişi təmin edildi. Məhz bu prinsiplərin fövqündə milli ideologiyamızın əsası olan Azərbaycançılıq formalaşdı. Ulu Öndərin formalaşdırdığı milli dövlətçilik ideologiyasında azərbaycançılıq təlimi ön plana çəkilmişdir. Dünya Azərbaycanlılarının I Qurultayındakı çıxışında Ulu Öndər qeyd etmişdir: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini, yaşatmalıyıq”. Belə demək olar ki, Ulu Öndərin qurduğu və azərbaycançılıq ideologiyasına əsaslanan milli dövlətimiz cəmiyyətin hər bir üzvünü vahid ideya ətrafında birləşdirən, mənafelərini qoruyan, müdafiə edən qürur mənbəyimizdir. Hər bir dövlətin qüdrəti onun iqtisadi potensialı və hərbi gücü ilə yanaşı, həm də xalqın birliyi, həmrəyliyi ilə ölçülür. 44 günlük Vətən müharibəsi əyani şəkildə göstərdi ki, müstəqillik illərində əldə edilmiş, milli birliyimiz, mənəvi-ideoloji vəhdətimiz bizim ən qiymətli sərvətlərimizdən biridir. Məhz bu milli birliyimizin təmin edilməsi ölkə Prezidenti tərəfindən həyata keçirildi. “Dəmir yumruq” əməliyyatı nəticəsində torpaqlarımız 30 illik işğaldan sonra azad edildi. Hazırda həmin ərazilərdə bərpa-quruculuq işləri aparılır. Milli ideologiyamızın əsasını təşkil edən Azərbaycançılıq bu gün də Ulu Öndərin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Ölkə Prezidenti İlham Əliyevin söylədiyi fikrə diqqət edək: “Ulu Öndər Heydər Əliyevin siyasəti Azərbaycanın hərtərəfli inkişafına indi də xidmət etməkdədir. Dövlətimizin hazırki nailiyyətlərinin əsasını Ümummilli Lider tərəfindən qoyulan ideyalar təşkil edir. Bizim vəzifəmiz bu gündən sonra da azərbaycançılıq məfkurəsini davam və inkişaf etdirmək, milli-mənəvi dəyərlərimizi, eləcə də adət-ənənələrimizi daima yaşadaraq vahid bir ideologiya ətrafında birləşmək və azərbaycançılığı Azərbaycan dövlətinin milli siyasi məfkurəsinə çevirməkdir. Qloballaşan dünyada milli mənsubiyyətimizin qarantı azərbaycançılıq simvoludur”. “Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsi hər bir azərbaycanlı gənc üçün həyat məktəbidir”, - söyləyən icra başçısı bildirib ki, bu gün Respublika Prezidenti İlham Əliyevin elmə əsaslanan iqtisadi siyasəti respublikanın sosial-iqtisadi inkişafı prosesində dinamizmi və məqsəd yönlülüyü təmin etmiş, qarşıda duran vəzifələrin həllinə real imkanlar açmış, cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunmasına etibarlı zəmin formalaşdırmışdır. Prezidentin müəyyən etdiyi strateji xəttə əsaslanaraq dayanıqlı iqtisadi inkişafın təmin olunması məqsədilə çevik, adekvat addımlar atılıb, kompleks islahatların həyata keçirilməsi nəticəsində makroiqtisadi sabitlik möhkəmləndirilib, biznes və investisiya mühiti daha da yaxşılaşdırılıb. Aparılan genişmiqyaslı iqtisadi islahatların nəticəsində Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templərlə inkişaf etmiş və etməkdədir. Bu iqtisadi inkişaf müstəqilliyimizi möhkəmləndirir, beynəlxalq aləmdə Azərbaycanın rolunu və nüfuzunu gündən-günə artırır.


Gəncə Dövlət Universitetinin professoru, filologiya üzrə elmlər doktoru Yadigar Əliyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Ulu Öndərin adı ilə bağlı olan konfransda iştirak etməkdən məmnunluğunu ifadə edib. Y.Əliyev qeyd edib ki, Azərbaycançılıq anlayışı Azərbaycan xalqının milli, mənəvi keyfiyyətləri, dəyərləri ilə sıx vəhdət təşkil edir. Azərbaycançılıq məfkurəsinin əsasında dayanan, onun ən mühüm tərkib hissələrindən biri də Ana dilidir, Azərbaycan dilidir. Biz həmişə dili ən mühüm ünsiyyət vasitələrindən biri hesab etmişik. Lakin Ulu Öndər Heydər Əliyev Ana dilimizi Azərbaycan xalqının milli sərvəti adlandırmışdır. Ümummilli Liderin siyasi hakimiyyətdə olduğu bütün dövlərdə Azərbaycan dilinin dövlət dili kimi qəbul olunması, inkişaf etdirilməsi istiqamətində mühüm işlər gördüyünü, Fərman və Sərəncamlar imzaladığını, Qanun qəbul etdiyini söyləyib. Azərbaycan dilinin qorunub saxlanması istiqamətində Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən Ana dilimizə dövlət qayğısı göstərildiyini, bu sahədə məqsədyönlü işlər görüldüyünü, uğurlu addımlar atıldığını diqqətə çatdırıb. Y.Əliyev qeyd edib ki, Ulu Öndərin Ana dilimizə verdiyi dəyər Azərbaycan xalqına, dövlətinə sədaqətinin ən mükəmməl təzahürü idi. 


BDU-nun Qazax filialında sənətşünaslıq üzrə elmlər doktoru İmaş Hacıyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, dahi şəxsiyyət haqqında ürək sözlərini bölüşməyin çətin və məsuliyyətli olduğunu vurğulayıb. İ.Hacıyev qeyd edib ki, Azərbaycanda elə bir sahə yoxdur ki, orada Ulu Öndərin rolu, fəaliyyəti olmasın. Ulu Öndərin ən böyük fəaliyyətlərindən biri də ölkədə multikulturalizm siyasətinin yaradılması, onun yüksək səviyyədə təşkil olunması və inkişaf etdirilməsi idi. Ulu Öndərin hakimiyyətdə olduğu dövrdən başlayaraq ölkəmizdə multikulturalizmin fundamental əsası qoyuldu. Ulu Öndərin əsasını qoyduğu multikulturalizmlə, tolerantlıqla Azərbaycan dövləti bu gün də bütün dünyaya bəyan edir ki, biz tolerant bir ölkəyik. İ.Hacıyev bildirib ki, ölkə Prezidentinin 15 may 2014-cü il tarixli Sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, Respublika Prezidentinin 2016-cı il 11 mart tarixli 1890 nömrəli Sərəncamı ilə 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi Ulu Öndərin ideyalarına sadiqliyin bariz nümunəsidir. 


Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, professor Səməd Seyidov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, əhəmiyyətli bir tədbirdə iştirak etməkdən məmnunluğunu ifadə edib. S.Seyidov ölkə Prezidentinin bu ili heç də təsadüfi olaraq “Heydər Əliyev İli” elan etmədiyini, bu ilin bizim üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib. “Biz hər gün, hər an, hər bir iclasda, tədbirdə Heydər Əliyev fəlsəfəsi, Heydər Əliyev dühası ilə yaşayırıq. Onun yaratdığı Azərbaycanın içərisində yaşayırıq. Heydər Əliyev fəlsəfəsi ilə yaşadığımız halda Ulu Öndərin gördüyü işlərin hamısını demək olar ki, az bilirik”, - söyləyən millət vəkili bu baxımdan “Heydər Əliyev İli”nin Azərbaycan xalqına bəxş edilən ən böyük töhfə olduğunu vurğulayıb. Millət vəkili bildirib ki, Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycanı dağılmaq təhlükəsindən xilas etdi. Dünya iqtisadiyyatında olan inkişafı Azərbaycana gətirdi. Ölkə iqtisadiyyatının dünyaya inteqrasiya etməsində misilsiz xidmətlər göstərdi. 1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi” imzalandı və o vaxtdan Azərbaycanın uğurlu inkişafı təmin edildi. “Biz Heydər Əliyevi dərk etməli, öyrənməliyik, illər boyu tədqiqatlar aparmalıyıq. Bizim bugünkü bütün nailiyyətlərimizin, torpaqlarımızın azad olunmasının, inkişafımızın və gələcəyimizin Ulu Öndərin adı ilə bağlı olduğunu unutmamalıyıq”, - söyləyən millət vəkili bugünkü konfransın bu sahədə görülən işlərin bariz nümunəsi olduğunu söyləyib. 


Bakı Dövlət Universitetinin Qazax filialının Tədris və elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məmməd Yusifov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, konfrans üçün seçilmiş mövzunun aktuallığını qeyd edərək böyük əhəmiyyət daşıdığını vurğulayıb. M.Yusifov qeyd edib ki, Ulu Öndərin söylədyi “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” fikirləri bu gün hər birimiz üçün örnəkdir. Ulu Öndər Heydər Əliyev həmişə səsləndirirdi ki, müstəqil Azərbaycan dövlətinin əsasını Azərbaycançılıq ideologiyası təşkil etməlidir. Ulu Öndərin böyüklüyü onda idi ki, o, Azərbaycançılıq ideologiyasını milli ideologiyaya çevirməklə vahid sistem konsepsiya halına gətirdi. Qısaca olaraq desək, milli dövlətçiliyi qorumaq üçün Azərbaycançılıq ideyasını, məfkurəsini milli dövlətçilik idarəçiliyə çevirməklə həm də milli həmrəyliyə nail oldu. Bu gün əminliklə deyə bilərik ki, 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində əldə etdiyimiz Qələbənin kökündə əsası Ulu Öndər tərəfindən qoyulan milli həmrəylik dayanırdı. Şanlı Qələbəni şərtləndirən əsas amillərdən biri məhz Azərbaycançılıq məfkurəsi idi.   


YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev çıxış edərək tədbir iştirakçılarına salamlarını çatdırıb, dahi şəxsiyyətlə bağlı ürək sözlərini bölüşüb. A.Nəbiyev ömrünü xalqına bəxş etmiş Ulu Öndər Heydər Əliyevin “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” müdrik kəlamının bu gün də xalqımız tərəfindən qürurla xatırlandığını söyləyib. Xalqımızın Ulu Öndəri böyük xilaskar, dahi rəhbər adlandırdığını qeyd edib. Heydər Əliyevin müasir, müstəqil və demokratik, güclü və qüdrətli, hüquqi və dünyəvi dövlətin Azərbaycan modelinin müəllifi olduğunu söyləyib. Xoşbəxt xalqıq ki, Ulu Öndərin ilahi arzuları bu gün reallığa çevrilir. Dahi rəhbərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən onun arzuları gerçəkləşir. Necə ki, Ulu Öndərin ən böyük arzularından biri – torpaqlarımızın işğaldan azad olunması reallaşdı, 44 günlük Vətən müharibəsində doğma Qarabağımız işğaldan azad edildi və dahi şəxsiyyətin arzusu çin oldu. Ulu Öndərin söylədiyi kimi, “Nə qədər ki, Azərbaycan var mən varam” kəlamı bu gün də özünü doğrultmaqdadır. Azərbaycana hansı tərəfdən baxsaq, orada Ulu Öndərin izini, onun dəst-xəttini, onun xidmətlərinin bəhrəsini görəcəyik. 


Ziyalı, təqaüdçü müəllim Murğuz Mustafayev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, dahi rəhbərin təhsil sahəsində olan xidmətlərindən söz açıb. Bugünkü konfransda çıxış etməyin çətin olduğu qədər də şərəfli olduğunu söyləyib. Ulu Öndərin hakimiyyətdə olduğu dövrlərdə təhsil sahəsinin onun üçün hər zaman prioritet bir sahə olduğunu, təhsilin inkişafı naminə misilsiz xidmətlər göstərdiyini vurğulayıb. Müəllim əməyinə, peşəsinə hər zaman yüksək qiymət verdiyini, bunun bariz nümunəsi olaraq “Mən müəllim adından yüksək ad tanımıram” söyləməsini göstərib.  

BDU-nun Qazax filialının Tarix ixtisasının IV kurs tələbəsi Gülayə Rüstəmzadə çıxış edərək bir gənc olaraq Ulu Öndər haqqında fikir bildirdiyi üçün özünü şanslı hesab etdiyini bildirib. Ömrünü xalqına bağışlamış dahi rəhbəri gələcək nəsillərə tanıtmağın gənc olaraq üzərilərinə düşən ən ümdə vəzifə olduğunu qeyd edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyev Naxçıvandan ikinci dəfə hakimiyyətə gəlməsəydi, Azərbaycan adlı dövlət dünya xəritəsindən silinəcəkdi. Biz fəxr edirik ki, Azərbaycan adlı məmləkətin övladıyıq və bizim Ulu Öndər Heydər Əliyev kimi dahi rəhbərimiz olub. 



GOYEZEN.AZ



Facebook-da paylaş