• Təqvim

  • Maraq



Qazaxda Xocalı soyqırımının 30-cu və Bağanıs Ayrım qətliamının 32-ci ildönümünə həsr olunmuş “Qisas qiyamətə qalmadı!” mövzusunda tədbir keçirilib



 

Fevralın 24-də Qazax Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu və Bağanıs Ayrım qətliamının 32-ci ildönümünə həsr olunmuş "Qisas qiyamətə qalmadı!” mövzusunda tədbir keçirilib.

YAP Qazax Rayon Təşkilatının akt zalında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, Təşkilatın işçiləri, Ərazi ilk partiya təşkilatlarının sədrləri, partiya fəalları, ziyalılar, idarə, müəssisə və təşkilat rəhbərləri, Bağanıs Ayrım kənd ağsaqqalları, şəhid ailələri, Vətən müharibəsi qaziləri, Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri iştirak ediblər.

Tədbirin aparıcısı, YAP Qazax Rayon Təşkilatı aparatında məsləhətçi Polad Ağakişiyev tədbiri açıq elan edərək iştirakçıları salamlayıb, görüşün məqsəd və əhəmiyyətindən danışıb. 

Sonra cənab Prezident İlham ƏliyevinXocalı soyqırımının 30-cu ildönümü haqqında imzaladığı 28 yanvar 2022-ci il tarixli Sərəncam oxunub. 

Xocalı soyqırımına həsr olunmuş filmin nümayişindən sonra Yeni Azərbaycan Partiyasının yaradıcısı və qurucusu, müstəqil Azərbaycanımızın memarı olan Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin, Xocalı soyqırımı və Bağanıs Ayrım faciəsi qurbanlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.








 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Xocalı soyqırımı və Qazax rayonunun Bağanıs Ayrım kəndində törədilən qətliam haqqında fikirlərini bölüşüb. "Xocalı faciəsi, soyqırımı bizim qan yaddaşımızdır”, - deyən icra başçısı hər il faciə qurbanlarının xatirəsinin dərin hörmət və ehtiramla yad olunduğunu, silsilə anım tədbirlərinin keçirildiyini söyləyib. Əvvəlki illərlə müqayisədə artıq 2 ildir ki, Xocalı soyqırımının ildönümlərini qalib ölkənin vətəndaşları olaraq qeyd etdiyimizi vurğulayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsində, haqq savaşında qazandığımız tarixi Qələbə ilə təkcə canını Vətənə fəda edən şəhidlərimizin deyil, 30 il əvvəl Xocalıda həlak olan günahsız soydaşlarımızın da qisasının alındığını qeyd edib. 

Zaman-zaman xalqımızın başına gətirilən müsibətlərdən söz açan rayon rəhbəri Xocalı qətliamının Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi olduğunu söyləyib. İcra başçısı bildirib ki, ölkə Prezidentinin də sərəncamda qeyd etdiyi kimi: "Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı, eləcə də Bağanıs Ayrım, Qaradağlı, Ağdaban və Başlıbel qətliamları ilə müşayiət olunan hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizə qədəri işğal edildi, 20 min vətəndaşımız qətlə yetirildi, 50 min nəfərdən artıq adam yaralandı və əlil oldu. Azərbaycan böyük humanitar fəlakətlə üz-üzə qaldı”. Lakin nə dövlət, nə də xalq olaraq əyilmədi, sınmadı, illər keçdikcə daha da gücləndi, qüvvətləndi, qisas naminə daha güclü, qüdrətli dövlətə çevrildi. 2020-ci ildə cəmi 44 günə başa vurduğu müharibədə əldə etdiyi tarixi Qələbə ilə də bunu bütün dünyaya bir daha nümayiş etdirdi.

 

"Xocalı soyqırımı, Bağanıs Ayrım faciəsi, eləcə də digər faciələr bizim keçmişimiz, dünənimiz, bu günümüz və sabahımızdır”, - deyən icra başçısı nə qədər Azərbaycan xalqı var həmin faciələrin heç zaman unudulmayacağını vurğulayıb. Xalqımızın əldə etdiyimiz qələbəni xatırladığı kimi, tarixi keçmişimiz olan faciələri də hər zaman xatırlayacağını söyləyib. Xocalıda, Bağanıs Ayrımda törədilən vəhşiliklərin bizim qan yaddaşımız olaraq bir an belə olsun unudulmayacağını diqqətə çatdırıb. 

İcra başçısı çıxışının sonunda vətəndaş olaraq hər birimizin şəhidlərimizin, faciə qurbanlarının qisasını alan, qanını yerdə qoymayan şanlı ordumuzun əsgər və zabitlərinə, onlara rəhbərlik edən Ali Baş Komandana borclu və minnətdar olduğumuzu qeyd edib. 

 

YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev məruzə ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, faciə ilə bağlı ürək sözlərini bildirib. Qeyd edib ki, Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından artıq 30 il ötür. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobud surətdə pozaraq, keçmiş Sovet ordusunun Xankəndində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın əraziyə çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Şəhəri tərk edən əhali pusquya salındı, onlar erməni silahlı birləşmələri tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü. Nəticədə Xocalı soyqırımı nəticəsində 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 nəfər əliyalın şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi bu günədək naməlum qalıb. Şəhər yerlə - yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla qətlə yetirildi.

A.Nəbiyev vurğulayıb ki, Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi. Soyqırım törədilməsinə görə Ermənistanın o zamankı siyasi–hərbi rəhbərliyi məsuliyyət daşıyır. Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Karneqi analitik agentliyinin əməkdaşı Tomas de Vaala verdiyi müsahibəsində qeyd edib ki: "Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat etmək olar. Onlara elə gəlirdi ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi qırmalı idik. Belə də oldu”. Bax budur erməni xisləti, bax budur erməni vəhşiliyi.

Sədr faciə zamanı dəymiş ziyandan söz açaraq qeyd edib ki, qədim mədəniyyətə, strateji mövqeyə malik olan Xocalı şəhəri sözün əsl mənasında xarabalığa çevrilib. Ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial–məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, 3 mədəniyyət evi və 1 tarix-diyarşünaslıq muzeyi dağıdılıb, məzarlar, qəbristanlıq yerlə-yeksan edilib, vandalizm aktı həyata keçirilib.

A.Nəbiyev bildirib ki, Ümummilli Lider Heydər Əliyev Xocalı soyqırımının 10 illiyi münasibətilə xalqımıza müraciətində xüsusilə qeyd etmişdir ki: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu!”. "Bu soyqırım eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir!” – deyən Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı Soyqırımı Günü haqqında” Qərar qəbul etdi və Ulu Öndərimizin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir. Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə "Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir. 26 fevral 2017-ci il tarixdə qanlı faciənin ildönümü ilə əlaqədar olaraq Bakıda ümumxalq yürüşü keçirilib. Respublika Prezidenti İlham Əliyev və Birinci vitse–prezident xanım Mehriban Əliyevanın iştirakı ilə keçirilmiş yürüşdə 40 mindən çox insan iştirak edib.

Təşkilat sədri qeyd edib ki, XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Odur ki, Xocalı soyqırımı əsrin Holokost, Oradur, Lidisa, Xatın və Sonqmi, Srebrenitsa kimi dəhşətli faciələrilə bir sırada dayanır. Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınmış və faciəyə beynəlxalq siyasi qiymət verilmişdir. Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması prosesində Heydər Əliyev Fondunun vitse–prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya Ədalət” kampaniyası xüsusi əhəmiyyətə malikdir. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, bir çox ölkələrdə Bosniya və Hersoqovina, Kolumbiya, Çex, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya, Əfqanıstan və.s. qanunverici orqanları tərəfindən müvafiq Parlament qətnamələri qəbul edilmişdir. Xocalı soyqırımı bu günə qədər ABŞ-ın 30-dan çox ştatının Parlamentləri səviyyəsində tanınıb. 

A.Nəbiyev Ermənistanın Azərbaycana qarşı törətdiyi soyqırımların, faciələrin, qətliamların təkcə Xocalı soyqırımı ilə məhdudlaşmadığını, eləcə də Bağanıs Ayrım, Qaradağlı, Ağdaban, Başlıbel qətliamlarının da bu cür faciələrdən olduğunu söyləyib. Son iki əsrdə erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırım siyasətinin əsas məqsədinin azərbaycanlıları tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları "Böyük Ermənistan” dövləti yaratmaq olduğunu bildirib. Qeyd edib ki, ermənilər işğalçı niyyətlərini həyata keçirmək üçün dəfələrlə xalqımız əleyhinə etnik təmizləmə siyasətindən istifadə edib. Bu soyqırım faktlarından biri də Qazax rayonunun Bağanıs Ayrım kəndində baş verib. Bağanıs Ayrım kəndi dağların döşündə, sıldırım qayalar qoynunda çox mühüm strateji mövqedə yerləşirdi. İcevandan gəlib Noyembryana gedən yol, başqa sözlə Ermənistanı Gürcüstanla birləşdirən magistral yol bu ərazidən keçirdi. İllər boyu ermənilər bu səfalı məkana, münbit torpaqlara göz dikmişdilər. Bağanıs Ayrım çox yığcam bir kənd idi. Təqribən 100 evi, 450 nəfər sakini var idi. 1990-cı ilin mart ayının 23-dən 24-nə keçən gecə Bağanıs Ayrım kəndi də terrorçu dəstələrin hücumuna məruz qaldı. Kəndin günahsız mülki əhalisinə qarşı misli görünməmiş vəhşiliklər həyata keçirildi. Erməni silahlıları Sovet ordusunun hərbi texnikasından, müasir silahlarından istifadə edərək Qazax rayonunun Bağanıs Ayrım kəndinə hücum etdi, nəticədə 10 nəfərə qədər dinc sakin xüsusi vəhşiliklərlə həlak oldu, 15 nəfərdən çox insan yaralandı. 100-dən çox ev talan edilib yandırıldı. Kənddə yaşayan Əsliyevlər ailəsinin 5 üzvü xüsusi işgəncələrlə qətlə yetirildi. Qətlə yetirilən şəxslərin ən yaşlısı 75 yaşlı Dədəş Əsliyev, ən kiçiyi isə beşikdə olan 39 günlük Hafiz adlı körpə olub. Əfsuslar olsun ki, nə dünya, nə də ki, ölkə ictimaiyyəti bu faciə ilə bağlı kifayət qədər məlumatlandırılmadı.

A.Nəbiyev qeyd edib ki, 2020-ci ildə yaddaşımıza əbədi həkk olunan 44 günlük Vətən müharibəsində müdrik Azərbaycan xalqı məhz şəhidlərimizin canı bahasına, qazilərimizin şücaəti, qanı bahasına Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin xüsusi sərkərdəlik qabiliyyəti, dünyadakı hörməti, nüfuzu sayəsində, beynəlxalq aləmdə yeritdiyi balanslaşdırılmış siyasəti nəticəsində, dünyanın super dövlətlərini heyrətləndirən, təəccübləndirən taktikası, strategiyası sayəsində misilsiz bir uğura, "Zəfərə” nail oldu. Artıq dünyanın hər bir ərazisində cinsindən, yaşından, vəzifəsindən asılı olmayaraq, hər bir azərbaycanlı alnıaçıq, üzüağ, başı uca yaşayır. Artıq müdrik xalqımızın təqvimini qara rəngli soyqırım, faciələr, qətliamlar, rayonlarımızın işğal olunması günləri deyil, qırmızı rəngli Qələbə, Zəfər günləri, işğaldan azad olunma günləri bəzəyir. Qüdrətli Azərbaycan Ordusu, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 2020-ci il Vətən müharibəsində 44 gün ərzində elə bir uğura imza atdı ki, 30 il işğal altında olan torpaqlarımız, doğma Qarabağımız işğaldan azad olundu, tarixi ədalət bərpa olundu. "Dəmir yumruq” qalib gəldi. 

A.Nəbiyev Xocalı faciəsi qurbanlarının, eləcə də digər faciə və soyqırım qurbanlarının, həmçinin ərazi bütövlüyümüzün təmin olunmasında, torpaqlarımızın işğaldan azad edilməsində canından keçmiş bütün qəhrəman oğul və qızlarımızın, şəhidlərimizin qisasının alındığını, qisasın qiyamətə qalmadığını bildirib.

 

Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək Vətən uğrunda canından keçən şəhidlərimizin, faciə qurbanlarının ruhu qarşısında baş əydiyini qeyd edib. B.Vüsal bütün qələbələrin təməlində illər öncə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün onun layiqli davamçısı İlham Əliyevin uğurla davam etdirdiyi güclü dövlət siyasətinin dayandığını bildirib. Şair Xocalı faciəsi haqqında fikirlərini illər öncə faciə qurbanlarına həsr etdiyi "Yurddaş” şeiri ilə çatdırıb.

 

Bağanıs Ayrım kənd sakini, keçmiş polis nəfəri, Bağanıs Ayrım faciəsinin canlı şahidi Qələndər Adıgözəlov çıxış edərək 1990-cı il martın 23-dən 24-nə keçən gecə Bağanıs Ayrım kəndində törədilən faciəni yaşamış şəxs olaraq fikirlərini bölüşüb. Həmin qanlı, qadalı günlərdən 32 il ötməsinə baxmayaraq bu gün də ürək ağrısı ilə xatırladığını söyləyib. Bildirib ki, bu gün həmin günləri qalib ölkənin vətəndaşları olaraq xatırlayırıq. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun gücü sayəsində torpaqlarımız azad edildi. Bu gün torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin, faciələrdə həlak olan soydaşlarımızın qisası alındı. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbə ilə həm dünyaya gücümüzü göstərdik, həm də şəhidlərimizin, soyqırımı, faciə qurbanlarının ruhlarını şad etdik. 


 

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov çıxış edərək millət vəkili Səməd Seyidovun adından tədbir iştirakçılarını salamlayıb, bir gənc olaraq Xocalı soyqırımı haqqında fikirlərini bildirib. Xocalı faciəsinin baş verdiyi vaxtda hakimiyyətdə olan rəhbərlərin səriştəsizliyi ucbatından kifayət qədər tanıdılmadığını, lakin Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra faciəyə ilk dəfə siyasi-hüquqi qiymət verildiyini, tanıdılması istiqamətində məqsədyönlü işlər görüldüyünü qeyd edib. A.Əmirov Ulu Öndər tərəfindən bu sahədə görülən işlərin bu gün də davam etdirildiyini söyləyib. Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması prosesində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya Ədalət” kampaniyasının əvəzolunmaz əhəmiyyətə malik olduğunu vurğulayıb. Leyla Əliyevanın bu sahədə gördüyü işlərin hər bir gəncə örnək və nümunə olduğunu, bundan sonra da gənclərin daha fəal olmalarını, aktiv fəaliyyət göstərmələrini, əllərindən gələni əsirgəməmələrini qeyd edib. Qazax gəncləri olaraq Xocalı soyqırımının, eləcə də 32 il əvvəl Bağanıs Ayrımda törədilən faciənin də tanıdılması üçün var qüvvələri ilə çalışacaqlarını qeyd edib. Bu istiqamətdə işlərin aparılmasında hər zaman gənclərə dəstək olan rayon rəhbərliyinə minnətdarlığını bildirib.

 

Qazax Dövlət Sosial-İqtisadi Kollecinin müəllimi Tərlan Bədəlova çıxış edərək tədbir iştirakçılarını salamlayıb, faciə haqda fikirlərini çatdırıb. Qeyd edib ki, xalq olaraq unutmamalıyıq ki, tariximizdə Xocalı, eləcə də digər dəhşətli faciələr olub. Lakin bütün faciələrə baxmayaraq hər zaman sübut etmişik ki, Azərbaycan güclü dövlətdir və xalqımız qəhrəman xalqdır. Necə ki, 44 günlük Vətən müharibəsində bunu bir daha bütün dünyaya nümayiş etdirdik. Şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri döyüş meydanında, Müzəffər Ali Baş Komandan isə arxa cəbhədə diplomatiya sahəsində bir daha göstərdilər ki, Azərbaycanın gücünü, qüdrətini kimsə məhv edə bilməz. T.Bədəlova Xocalı soyqırımına da dünya dövlətləri tərəfindən siyasi-hüquqi qiymətin veriləcəyinə əminliyini və o günün uzaqda olmadığını qeyd edib.      

Tədbirdə Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri "Qarabağ artıq azaddır!” adlı kompozisiya təqdim ediblər.

 

GOYEZEN.AZ

 



Facebook-da paylaş