• Təqvim

  • Maraq



Vətən müharibəsi şəhidi Asəf Nəsibov ildönümündə ehtiramla anılıb


2020-ci il müstəqil Azərbaycanın hərb tarixinə şanlı səhifə kimi yazıldı. Müdrik Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsi nəticəsində Qarabağ işğaldan azad edildi, xalqımızın 30 illik yurd həsrətinə son qoyuldu. 27 sentyabrdan başlayan Vətən müharibəsində qazandığımız Qələbə müzəffər ordumuzun, əsgər və zabitlərimizin şücaəti, qəhrəmanlığı sayəsində mümkün oldu. Bu müqəddəs yolda zabit və əsgərlərimizin bir qismi şəhid, bir qismi isə qazi oldu. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şəhidlərimizin qisasını aldı, onların qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində Xankəndi və Xocalı şəhəri separatçılardan təmizləndi, Azərbaycan dövləti suverenliyini tam bərpa etdi. Bu gün doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Bu gün qalib Azərbaycan xalqı işğaldan azad olunmuş şəhərlərin azad olunduğu tarixləri xüsusi gün olaraq qürurla qeyd edir. Artıq xalqımız ölkə başçısının müvafiq sərəncamlarına əsasən hər il sentyabrın 20-sini Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi də qeyd edəcəklər.


Vətən müharibəsində 26 yaşında Şəhidlik zirvəsinə ucalan oğullarımızdan biri də qazaxlı şəhidimiz Nəsibov Asəf Səfəralı oğludur. Asəf də torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün tam olması üçün Vətən müharibəsi başlayanda döyüşlərə könüllü qatılmışdı. 

Oktyabrın 30-da 44 günlük Vətən müharibəsində qəhrəmanlığı ilə dastan yazan şəhidimizin beşinci ildönümüdür. Döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Laçının azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş igid Vətən oğlunun şəhadətindən 5 il ötür.

Oktyabrın 30-da Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin əməkdaşları, şəhid ailələri Qaymaqlı kəndində şəhidimizin evində olub, qəhrəman şəhidimizin ildönümündə iştirak edərək əziz xatirəsini dərin ehtiramla yad ediblər. 


Şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir dilənilib. Torpaqlarımız uğrunda canından keçən, Vətən müharibəsində qəhrəmanlıq dastanı yazan şəhidlərimizi yad etməyin hər bir azərbaycanlının mənəvi borcu olduğu söylənilib. Vətən üçün canını fəda edən Asəf Nəsibov kimi oğulların döyüşdə göstərdiyi qəhrəmanlıqlarının hər kəs üçün örnək olduğu, şəhidlərimizin hər an bizim qəlbimizdə yaşayacağı qeyd edilib. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbəyə görə Müzəffər Ali Baş Komandana, Azərbaycan Ordusuna, Asəf kimi qəhrəman şəhidimizə, qazilərimizə minnətdar olduğumuz dilə gətirilib. Bu gün Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər bir dövlət məmuruna nümunə olduğu bildirilib. Qazaxda ilk gündən rayon rəhbərliyi tərəfindən bu amilin əsas götürüldüyü, şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə olacağı söylənilib.

Şəhid Asəf Nəsibov 25 fevral 1994-cü ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. 2000-ci ildə Qazax rayon Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2011-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2011-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya mühəndisliyi fakültəsinə qəbul olmuş, 2015-ci ildə həmin universiteti bitirmişdir. 25.07.2015-ci ildən 23.07.2016-cı ilədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidməti bitirdikdən sonra 10.09.2016-cı ildən 13.09.2017-ci ilədək Bakı Şəhər Xəzər Firmasında xəritə mühəndisi vəzifəsində işləmişdir. 14.09.2017-ci ildən 01.05.2018-ci ilədək Qazax rayon Yol İstismar İdarəsində kiçik mühəndis olaraq işləmişdir. 01.05.2018-ci ildən 12.11.2018-ci ilədək fərdi əməklə məşğul olmuşdur. 12.11.2018-ci ildən 28.09.2020-ci il tarixədək İqtisadiyyat Nazirliyi tabeliyində “Sumqayıt Kimya Sənaye Parkı” MMC-də baş-mütəxəssis olaraq işləmişdir. Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il sentyabr ayının 29-da Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunmuşdur. 

Müharibə Asəf Nəsibova tanış idi. O, 2016-cı ilin Aprel döyüşlərində iştirak etmiş, müharibənin ağrı-acılarını görmüşdü. Ona görə də Murovdağ yüksəkliyinin alınması uğrunda gedən döyüşlərə qatılanda müharibə heç də ona çətin gəlmədi. Asəf Nəsibov Cəbrayılın, Qubadlının, Xocavəndin düşməndən azad olunması uğrunda gedən döyüşlərdə mərdliklə vuruşmuşdur. 

“N” saylı hərbi hissənin 3-cü taborun 7-ci bölüyün 2-ci tağımın 2-ci manqasının heyət nəfəri-atıcısı əsgər Asəf Nəsibov 28.10.2020-ci il tarixdə Laçın rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İgid Vətən oğlu 31.10.2020-ci ildə doğulub boya-başa çatdığı Qaymaqlı kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Nişanlı idi.

Müzəffər Azərbaycan Ordusunun şücaətli igidlərindən olan Asəf Nəsibov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə”, 29 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən "Laçının azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilmişdir.



Facebook-da paylaş