Qazaxda bu dəfə rayonun Aslanbəyli kənd tam orta ümumtəhsil məktəbində təhsil alan şagirdlərlə maarifləndirici söhbət aparılıb
Qazax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın, Dini işlər üzrə komissiyanın, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq qrupunun, eləcə də Hüquq şöbəsinin Tədbirlər Planına uyğun olaraq “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə”, “Erkən nikah və onun fəsadları”, “Dini radikalizmə qarşı mübarizə”, “Məişət zorakılığına qarşı mübarizə” mövzularında keçirilən maarifləndirmə tədbirləri bu il də davam etdirilir. Xüsusilə də narkomaniyaya qarşı mübarizə tədbirlərinin həyata keçirilməsində əsas məqsəd gənclərin narkomaniya haqqında maarifləndirilməsi, yeniyetmələr və gənclər arasında təbliğatın aparılması və sağlam həyat tərzinin qorunub saxlanılmasıdır. Oktyabrın 29-da Tədbirlər Planına uyğun olaraq qeyd olunan mövzular ətrafında Qazax rayon Aslanbəyli kənd tam orta ümumtəhsil məktəbin direktoru, psixoloqları, yuxarı sinif şagirdlərinin iştirakı ilə maarifləndirici tədbir keçirilib. Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-Dini qurumlarla işin təşkilatçısı Ceyhun Rüstəmov, RİH başçısı aparatında aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin aparıcı-məsləhətçisi Tural Mustafayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qazax-Tovuz Regional Bölməsinin məsləhətçisi Eşqin Allahverənov iştirak ediblər. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib. Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-Dini qurumlarla işin təşkilatçısı Ceyhun Rüstəmov çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, keçirilən tədbirin əhəmiyyətini diqqətə çatdırıb. Bugünkü tədbirin əsas məqsədinin bəşəriyyətin ən ağrılı problemi olan, cəmiyyətin ciddi bəlasına, xalqın təhlükə mənbəyinə çevrilən narkomaniya, onun törətdiyi fəsadları və bu sahədə aparılan mübarizə tədbirlərini, ağ ölümə qarşı mübarizə aparmağın vacibliyini, erkən nikahın fəsadlarını, bu sahədə həyata keçirilən mübarizə tədbirlərini məktəblilərin diqqətinə çatdırmaq olduğunu qeyd edib. C.Rüstəmov yeniyetmə və gənclərin belə zərərli vərdişlərdən uzaq durmalarına nail olmaq və maarifləndirmə tədbirlərində iştirak etməyin hər bir vətəndaşın borcu olduğunu vurğulayıb. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən bu sahədə görülmüş işlərdən, həyata keçirilən layihələrdən, qəbul edilən dövlət proqramlarından söz açan natiq mübarizə tədbirlərinin bu gün də davam etdirildiyini söyləyib. Prezident İlham Əliyevin imzaladığı 2025-ci il 17 sentyabr tarixli 721 nömrəli Sərəncamla qəbul edilən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda maarifləndirmə məsələlərinə xüsusi yer verildiyini, bugünkü tədbirin də bu məqsədə xidmət etdiyini qeyd edib. C.Rüstəmov rayon rəhbərliyinin bütün sahələri olduğu kimi, narkomaniya, erkən nikahla bağlı mübarizə sahəsini də xüsusi nəzarətdə, daim diqqət mərkəzində saxladığını, ilk gündən bu sahələrdə barışmaz mövqedə olduğunu qeyd edib. Qazax Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq qrupunun, eləcə də Hüquq şöbəsinin Tədbirlər Planına uyğun olaraq silsilə maarifləndirici tədbirlər keçirildiyini, bugünkü tədbirin də həmin tədbirlərin davamı olduğunu qeyd edib. C.Rüstəmov Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində bütün sahələrdə olduğu kimi, dövlət-din münasibətlərində də tam hüquqi qanunvericilik bazasının formalaşdırıldığını qeyd edib. Prezident İlham Əliyevin dinə və dindarlara qayğısından bəhs edən natiq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qazax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Dini işlər üzrə komissiya tərəfindən dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, ölkəmizdə tarixən mövcud olan tolerantlıq ənənələrinin qorunması və təşviqi, eyni zamanda, dini radikalizm və dini ekstremizmlə ideoloji müstəvidə effektiv mübarizənin aparılması məqsədilə silsilə tədbirlərin həyata keçirildiyini bildirib. Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova çıxış edərək narkomaniya, erkən nikah və onların cəmiyyət üçün yaratdığı fəsadları, erkən nikaha daxil olma kimi neqativ halların ağır nəticələrini, erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olmasını diqqətə çatdırıb. Məişət zorakılığı və onun qorunma yolları, psixoloji dəstək, auditoriyaya antisosial mühitdən qorunmağın psixoloji yolları barədə geniş məlumat verib. K.Cəfərova ölkə Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın əhəmiyyətindən də danışıb. Qeyd edib ki, zorakılıq, xüsusilə də məişət zorakılığı və onun gündən-günə artan formaları dünyanın ən qorxulu ictimai problemlərindəndir. Bu zorakılıq daha çox azyaşlı uşaqlara qarşı yönələndə isə məsələnin daha təhlükəli həddə çatdığı aydın olur. Valideynlər və digər insanlar tərəfindən uşaqlara qarşı edilən zorakılıq uşağın sağlamlığına, onun yaşamasına, inkişafına və ləyaqətinə bilavasitə zərər vura bilən fiziki və emosional davranışın bütün mənfi formalarını, cinsi zorakılığı, qayğısızlığı və etinasızlığı özündə cəmləşdirir. Dövlət və cəmiyyətin ortaq problemi olan qadına qarşı zorakılığa diqqəti cəlb etmək, zərif cinsin nümayəndələrinin fiziki, psixoloji, iqtisadi, hüquqi zorakılıqlara məruz qalmasının qarşısının alınmasına cəmiyyət olaraq profilaktik tədbirlər görərək məişət zorakılığı kimi cinayət hadisələrinin qarşısını ala bilərik. Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin aparıcı-məsləhətçisi Tural Mustafayev çıxış edərək narkomaniyanın törətdiyi fəsadlardan, insan həyatına mənfi təsirindən söz açaraq bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Natiq narkomaniyanın cinayətkarlığa, zorakılığa yol açdığını, hazırda ciddi qlobal problemə çevrildiyini, narkotik vasitələrdən istifadə edən şəxslərin, xüsusilə də gələcəyimiz olan gənclərin özlərini uğurlu gələcəkdən məhrum etdiklərini iştirakçıların diqqətinə çatdırıb. O, sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərə qarşı mübarizə istiqamətində Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi tərəfindən keçirilən tədbirlərdən danışıb. Rəis müavini məktəblilərə sağlam həyat tərzi sürmək üçün asudə vaxtlarını səmərəli keçirmələrini, idmanla məşğul olmalarını tövsiyə edib. Bunun üçün rayonda Qazax Olimpiya İdman Kompleksinin, idman məktəblərinin fəaliyyət göstərdiyini vurğulayıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qazax-Tovuz Regional Bölməsinin məsləhətçisi Eşqin Allahverənov çıxış edərək respublikamızda həyata keçirilən din siyasətinin əsas mahiyyətinin dini etiqad, vicdan azadlığının təmin edilməsi olduğunu qeyd edib. E.Allahverənov Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində bütün sahələrdə olduğu kimi, dövlət-din münasibətlərində də tam hüquqi qanunvericilik bazasının formalaşdırıldığını qeyd edib. Prezident İlham Əliyevin dinə və dindarlara qayğısından bəhs edən natiq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən respublikamızda dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, ölkəmizdə tarixən mövcud olan tolerantlıq ənənələrinin qorunması və təşviqi, eyni zamanda, dini radikalizm və dini ekstremizmlə ideoloji müstəvidə effektiv mübarizənin aparılması məqsədilə silsilə tədbirlər həyata keçirildiyini qeyd edib. Müasir cəmiyyətdə dini dəyərlərin düzgün təbliğində, eləcə də dini radikalizmə qarşı mübarizədə maarifçiliyin əsas silah olduğunu söyləyib. Tədbirdə mövzu ilə bağlı məktəbliləri maraqlandıran suallar cavablandırılıb.




Facebook-da paylaş














