• Təqvim

  • Maraq



Prezident İlham Əliyev: "Qeyri-neft sektoru inkişaf edəcək, ixrac imkanlarımız genişlənəcək, idxaldan asılılıq azalacaq"

"Qeyri-neft sektoru inkişaf edəcək, ixrac imkanlarımız genişlənəcək, idxaldan asılılıq azalacaq"

Qeyri-neft sektoru inkişaf edəcək, ixrac imkanlarımız genişlənəcək, idxaldan asılılıq azalacaq.

GOYEZEN.AZ AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Qaxda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində deyib.

Prezident İlham Əliyev bildirib: "Bugünkü müşavirə bir daha onu göstərir ki, tütünçülüyün, baramaçılığın, fındıqçılığın inkişafına çox böyük dəstək var və diqqət göstərilir. Əminəm ki, bugünkü müşavirədən sonra bu sahələrdə daha da sürətli işlər aparılacaq. Bu gün səslənən təkliflər təhlil ediləcək və qəbul olunacaq qərarlarda öz əksini tapacaq.

İndi isə bu ənənəvi kənd təsərrüfatı sahələri qarşısında duran bəzi vəzifələr haqqında fikirlərimi bildirmək istəyirəm. Əvvəlcə biz tarixə qayıdıb əvvəlki illərdə bu sahədə əldə olunmuş nəticələri təhlil etməliyik. Mən giriş sözümdə qeyd etdiyim kimi, sovet dövründə ulu öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində bu sahələrdə çox sürətli inkişaf gedirdi. Düzdür, müstəqillik dövründə biz iqtisadiyyatımızı bazar iqtisadiyyatı prinsipləri əsasında qururuq, o cümlədən kənd təsərrüfatı da bu prinsiplər əsasında inkişaf edir. Sovet dövründən fərqli olaraq, indi plan öhdəliyi yoxdur. Fermerlər onlar üçün sərfəli olan kənd təsərrüfatı məhsullarını yetişdirirlər, bazarlara çıxarırlar. Ancaq, eyni zamanda, yaxın tarix bunu göstərir ki, dövlətin ciddi dəstəyi olmadan fermerlər çətinlik çəkirlər. Azərbaycanda kənd təsərrüfatının inkişafına xüsusi diqqət göstərilir, deyə bilərəm ki, nadir bir şərait yaradılıb, vergilərdən azadolunma praktikası məncə, ancaq Azərbaycanda tətbiq edilir. Digər güzəştlər, subsidiyalar, kreditlər və sair. Buna baxmayaraq, dövlət strateji kənd təsərrüfatı sahələrinin inkişafı üçün öz dəstəyini göstərməlidir və göstərəcək. Onu da bilməliyik ki, - mən bunu giriş sözümdə də dedim, - biz sovet vaxtında vahid ümumittifaq kənd təsərrüfatı kompleksi çərçivəsində yaşayırdıq və o dövrdə bölgü də Sovet İttifaqının Dövlət Plan Komitəsi tərəfindən aparılırdı, hansı respublikalarda hansı kənd təsərrüfatı məhsulları yetişdirilməlidir. Beləliklə, Azərbaycanda bu sahələr plan əsasında inkişaf edirdi. Bu gün isə əlbəttə, qeyd etdiyim kimi, ərzaq təhlükəsizliyi məsələləri ön plana çıxır. Ona görə, vaxtilə tütünçülükdə, baramaçılıqda əldə edilmiş nailiyyətlər indi böyük rəqəmlərlə ölçülür. Ancaq o torpaqlarda indi digər məhsullar yetişdirilir - daha çox taxıl, qarğıdalı, digər məhsullar. Odur ki, mənim indi gətirəcəyim rəqəmlər əlbəttə, bizim üçün tarixə bir ekskursdur. Eyni zamanda, bu rəqəmlərə çatmaq, əlbəttə, mümkün olmayacaq. Ancaq biz çalışmalıyıq ki, bu rəqəmlərə yaxınlaşaq.

Beləliklə, tütünçülüklə bağlı pik dövr 1978-ci ildə olmuşdur. 1970-ci ildə cəmi 14 min hektarda tütün əkilirdisə, Heydər Əliyevin fəaliyyəti nəticəsində 1978-ci ildə bu, 18 min hektara çatmışdır. 1990-cı ildə isə 14 minə düşmüşdür. Ondan sonra da düşmə əmsalı daha sürətlə getmişdir. 2014-cü ildə cəmi 1000 hektarda tütün əkilmişdir. Tədricən biz əkin sahələrini artıra bildik. Xüsusilə 2016-cı ildə 2400 hektarda və 2017-ci ildə 3200 hektarda tütün əkilmişdir. Əlbəttə ki, mən növbəti illərdə planlarımızın nədən ibarət olduğunu deyəcəyəm.

O ki qaldı, tütün istehsalına, 1970-ci ildə 24 min ton istehsal olunmuşdur, 1980-ci ildə isə 57 min ton. Yəni, iki dəfədən çox tütün istehsal edilmişdir. 2015-ci ildə, - mən bunu giriş sözümdə qeyd etdim, - biz tütünçülüyü demək olar ki, itirirdik. 2015-ci ildə cəmi üç rayonda tütün əkilmişdir - Şəki, Zaqatala və Qax rayonlarında. Bu gün 13 rayonda tütün əkilir. Əgər 2015-ci ildə Şəkidə 600 hektarda tütün əkilmişdisə, hazırda bu, 843 hektara çatmışdır. Zaqatalada əkin sahələri 468 hektardan 744 hektara, Qaxda isə 300 hektardan 600 hektara çatdırılmışdır. Hazırda 3200 hektarda tütün əkilir.

Növbəti illərdə əkin sahələrini genişləndirmək lazımdır. Bu məqsədlə dövlət və bələdiyyə mülkiyyətindəki əkinəyararlı və davamlı su təminatı olan torpaq sahələri ayrılmalıdır. Tütün istehsalçılarına güzəştli şərtlərlə kreditlər verilməlidir. Bu, lazımi səviyyədə deyil. Ona görə, bu sahəyə xüsusi diqqət göstərilməlidir.
Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə tütünçülüyün inkişafı üçün xüsusi bir plan tərtib edilməlidir. Burada da bu təklif səsləndi ki, bizdə qəbul məntəqələri və qurutma kameraları lazımi səviyyədə deyil. Yəqin bunun da səbəbi ondan ibarətdir ki, - mən də bunu qeyd etdim, - iki il bundan əvvəl cəmi üç rayonda tütün istehsal olunurdu, indi isə 13 rayonda. Bu rayonlarda istehsal artacaq. Ona görə, hər bir rayonda qəbul məntəqəsi və qurutma kameraları olmalıdır. Dövlət öz dəstəyini göstərməyə hazırdır. Mən İqtisadiyyat Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə, Prezident Administrasiyasına tapşırıram ki, bu məsələ ilə məşğul olsunlar, bu kameralar tezliklə alınsın.

Dünən bir qəbul məntəqəsində olarkən mənə məlumat verildi ki, hətta biz bu kameraları Azərbaycanda da istehsal edə bilərik. Hesab edirəm ki, bu, mümkündür, burada heç bir çətin məsələ yoxdur. Əgər mümkündürsə, bunun yəqin ki, texnoloji xüsusiyyətləri var. Tezliklə bu istehsal sahələri yaradılmalıdır. Çünki mənə dünən verilən məlumata görə, tütünün xüsusiyyəti ondan ibarətdir ki, onu uzaq məsafəyə daşımaq çətindir və keyfiyyət itir. Ona görə, tütünçülüklə məşğul olan hər bir rayonda qəbul məntəqələri, qurutma kameraları tezliklə təmin edilməlidir.

Dünən tütün fabrikinin işi ilə tanış olarkən gördüm ki, orada yeni avadanlıq quraşdırılıb. İndi bu fabrik tam istehsal tsiklini özündə ehtiva edir. Belə olan halda, bizim ixrac imkanlarımız da artacaq. Biz həm xam tütün, həm də hazır tütün ixrac edirik və ixracın coğrafiyasını genişləndirməliyik.

Mən bir neçə həmkarımla - xaricdən tütün idxal edən ölkələrin başçıları ilə görüşlər əsnasında bu məsələni qaldırmışdım ki, bu ölkələr tütünü Azərbaycandan alsınlar. Bu da artıq öz nəticəsini verir. Bizim ixrac coğrafiyamız artır. Bizim tütünümüz keyfiyyətlidir. Ona görə, hesab edirəm, biz növbəti illərdə artan istehsalı gərək indidən planlaşdıraq ki, bunu hansı bazarlara ixrac edək.

Əlbəttə, əsas vəzifələrdən biri də odur ki, Azərbaycanda siqaret istehsalı daha da artsın. Mən bunu əvvəllər də demişəm, bu gün də deyirəm, biz elə etməliyik ki, Azərbaycan vətəndaşları az siqaret çəksinlər. Çünki bu, zərərli vərdişdir və insanın sağlamlığına çox böyük təhlükələr, problemlər yaradır. Ona görə, müvafiq tədbirlər görüləcək ki, Azərbaycan vətəndaşları bu vərdişdən tədricən əl çəksinlər. Ancaq bu gün Azərbaycanda siqaret istehlakı var. Mənə verilən məlumata görə, Azərbaycanda 10 milyard siqaret istehlak olunur. Onlardan isə cəmi 1 milyard 600 milyonu Azərbaycanda istehsal edilir. Yəni, 9 milyard siqaret Azərbaycana idxal edilir və bu məqsədlə Azərbaycandan hər il xaricə təxminən 150 milyon dollar valyuta gedir. Ona görə, biz daxili bazarı təmin etmək və xüsusilə xarici bazarlara çıxmaq üçün tezliklə Azərbaycanda siqaret istehsalını inkişaf etdirməliyik. İlk növbədə, daxili bazar idxaldan asılı olmamalıdır ki, valyuta ölkədən getməsin və ondan sonra biz ixrac məsələləri ilə də məşğul olacağıq.

Mövcud siqaret fabriklərinin gücü artırılmalıdır. Bizdə o qədər də çox siqaret fabriki yoxdur. Hesab edirəm ki, yeni və ən müasir texnologiyalarla təchiz edilmiş siqaret fabrikləri də yaradılmalıdır. Elə ölkələr var ki, orada tütün istehsalı yoxdur. Onların iqlim şəraiti buna imkan vermir. Ancaq orada bir neçə siqaret fabriki var. Onlar xam tütünü bizdən alır, siqaret istehsal edir və sonra bizə satırlar. Yəni, bu, onu göstərir ki, bu, çox gəlirli sahədir. Onsuz da biz bilirdik ki, gəlirli sahədir. Xüsusilə nəzərə alsaq ki, bizim öz tütünümüz var, bu sahənin gəlirliliyi daha da artacaq. Ona görə, dövlət öz dəstəyini göstərir. Bu sahəyə çox ciddi təkan verilir, bütün lazımi avadanlıq, qəbul məntəqələri, texnika, hamısı təmin ediləcəkdir. Elə etməliyik ki, son məhsula qədər bu istehsal Azərbaycanda təmin edilsin.

2021-ci ilə qədər tütün istehsalı üçün əkin sahələri iki dəfə genişləndirilməlidir. İndiki 3200 hektardan təqribən 6 min hektara çatdırılmalıdır. Buna imkan var və aidiyyəti qurumlar bu işlərlə ciddi məşğul olsunlar. Belə olan halda, əgər biz orta məhsuldarlığı 2 ton götürsək, hər il Azərbaycanda 12 min ton quru tütün istehsal olunacaq və bu, ölkəmizə böyük xeyir gətirəcək, valyutamız xaricə getməyəcək, əksinə, ixrac imkanlarımız da yarana bilər.

Tütünçülüyün inkişafına dair Dövlət Proqramı qəbul ediləcəkdir. Proqram demək olar ki, hazırdır. Bu gün səslənən fikirlər və mənim səfərim nəticəsində apardığım müşahidələr də o proqrama əlavə olunaraq tezliklə qəbul ediləcək. Bu proqramın qəbulu bir daha onu göstərir ki, dövlət bu sahəyə çox ciddi fikir verir.

Baramaçılıqla bağlı. Burada da tarixə ekskurs etməyə ehtiyac var. 1970-ci ildə Azərbaycanda barama istehsalı 3700 ton səviyyəsində idi. Cəmi 10 il ərzində Heydər Əliyevin rəhbərliyi altında bu rəqəm 5 min tona çatmışdı. İndi "Şəki İpək" Səhmdar Cəmiyyətinin rəhbəri burada çıxış etdi. Görürəm ki, təcrübəli adamdır, sovet vaxtında da işləyib. Yaxşı bilir ki, o vaxt minlərlə insan "Şəki-İpək"də işləyib. Ondan sonra kombinat demək olar ki, bağlanmışdı. İndi bərpa etmişik, məlumat verildi ki, orada 600 nəfər işləyir. Amma, əlbəttə ki, potensial daha da böyükdür. Əfsuslar olsun ki, 1991-ci ildən sonra barama istehsalı kəskin şəkildə aşağı düşmüşdür. 2015-ci ildə cəmi 200 kiloqramdan bir qədər çox barama tədarük edilmişdir. Operativ tədbirlər nəticəsində biz 2 il ərzində bu rəqəmi 244 tona çatdırmışıq və bu, hələ başlanğıcdır.

Azərbaycanda 30 rayonda barama istehsal olunur. Mən birinci 10 rayonun adını çəkmək istəyirəm, ictimaiyyət də bilsin ki, harada nə qədər barama tədarük edilir. Birinci yerdə Zərdab rayonudur - 27 ton. Ondan sonra Füzuli 24, Zaqatala 21, Şəki 18, Ağcabədi təxminən 17, Ağdam 13, Bərdə 12,5, Qax 12,5, Kürdəmir 11,5, Balakən 11 ton. Yəni, burada da artım, əlbəttə ki, çox sürətlidir və potensial daha da böyükdür. Çünki 30 rayonda baramanı yetişdirmək mümkündür. Dövlət hər şeyi öz üzərinə götürüb. Kümçülərə materiallar, subsidiyalar verilir, "Şəki İpək" bütün baramanı qəbul edir. Ona görə də əminəm ki, baramaçılığın inkişafında çox ciddi artım olacaqdır. Hazırda 3 min kümçü ailəsi baramaçılıqla məşğuldur.

Gələcək planlarımıza gəldikdə, real artım tempi göstərir ki, gələn il 500 ton barama tədarük edilə bilər. Əkilən və əkiləcək ağacları nəzərə alsaq, biz 2019-cu ildə ən azı 1000 ton səviyyəsinə qalxa bilərik. Əgər bütün planlarımız həyatda öz əksini tapsa, biz 2025-ci ildə 6 min ton barama istehsal edə bilərik. Beləliklə, sovet vaxtının ən yüksək səviyyəsinə qalxıb, hətta onu keçə də bilərik. Real imkanlar var. Kütləvi şəkildə ağaclar əkilir. Bizdə iki il bundan əvvəl təqribən 300 mindən bir qədər çox tut ağacı var idi. Son 1-2 il ərzində isə onların sayı 2 milyon 200 minə çatdı. Bütün tinglər dövlət tərəfindən alınır, özü də xaricdən, valyuta ödənilir, baramaqurdu toxumları da gətirilir və ağacəkmə prosesi kütləvi xarakter alıbdır. Dövlət yenə də əsas yükü öz üzərinə götürür və tapşırıq verilmişdir ki, gələn dörd il ərzində əlavə 8 milyon tut tingi əkilsin. İndi bizim 2 milyon 200 min ağacımız var, 8 milyon əlavə əkiləcək. Beləliklə, 10 milyon tut ağacımız olacaqdır. Bu işi Ekologiya və Təbii Sərvətlər Nazirliyi görəcək. Bütün aidiyyəti qurumlar da bu işlərə qoşulsunlar. Eyni zamanda, mən məsləhət görürəm ki, kəndlilər, fermerlər də fərdi qaydada tut ağacları əksinlər ki, istehsal daha da artsın. Beləliklə, Azərbaycanda baramaçılıq kütləvi xarakter alacaqdır. Əgər hazırda 700-dən çox kənddə baramaçılıqla məşğul olurlarsa, bu, onu göstərir ki, bu sahəyə çox böyük maraq var. Bu, çox sevindirici haldır.

Baramaçılığın inkişafı üçün bu il əlavə tədbirlər görülmüşdür. Vaxtilə burada, Qax rayonunda damazlıq stansiyası fəaliyyət göstərirdi. Onun indiki şəkillərini kənd təsərrüfatı naziri mənə göstərmişdir, çox bərbad vəziyyətdədir. Ona görə, göstəriş verildi, vəsait də ayrıldı. Prezidentin ehtiyat fondundan 4,5 milyon manat ayrıldı ki, tezliklə Qax Damazlıq İpəkçilik Stansiyası yenidən qurulsun, ən yüksək avadanlıqla təchiz edilsin və biz artıq xarici bazarlardan asılılığımızı azaldaq, aradan götürək. Bizə lazım olan bütün materiallar artıq Azərbaycanda yetişdiriləcək və bu sahəni müstəqil şəkildə inkişaf etdirmək üçün bizdə yaxşı imkanlar olacaqdır.

Burada qəbul məntəqələri haqqında məsələ qaldırıldı. Tütünçülükdə olduğu kimi, baramaçılıqda da bütün qəbul məntəqələri tezliklə yaradılmalıdır. Qoy, təkliflər versinlər, dövlət bunu öz üzərinə götürməyə hazırdır, hesablasınlar nə qədər vəsait, investisiya lazımdır, başqa hansı işlər görülməlidir. Hesab edirəm ki, bu il və gələn il bütün bölgələrdə qəbul məntəqələri yaradılmalıdır.

"Şəki İpək"in fəaliyyəti daha da genişləndirilməlidir. Məndə olan məlumat ondan ibarətdir ki, hazırda "Şəki İpək"in istehsal gücü ildə 135 ton xam ipəkdir. Əgər biz öz hədəfimizə çatsaq və 6 min ton barama tədarük olunsa, 6 min ton yaş baramadan 600 tondan çox xam ipək alınacaqdır. İndi isə istehsal gücü 135 tondur. Bu, onu deməyə əsas verir ki, ilk addım olaraq "Şəki İpək"in imkanları genişləndirilməlidir. Baxmaq lazımdır, əgər dövlət vəsaiti lazımdırsa, biz bunu ayırmağa hazırıq ki, tezliklə kombinatın istehsal gücü artsın və təqribən 3 min ton yaş baramanı emal edə bilsin. Çünki bizdə olan məlumata görə, bu rəqəmə sürətlə çatacağıq. Hazırda "Şəki İpək"də üçnövbəli iş rejimində 1300 ton yaş barama emal oluna bilər. Beləliklə, "Şəki İpək"in fəaliyyəti bərpa edildi, tam bərpa edilməlidir, genişləndirilməlidir və 3 min ton yaş barama emal olunmalıdır. Bununla bərabər, biz gərək yeni ipək kombinatının yaradılması haqqında nəinki düşünək, artıq konkret addımlar ataq. Üç min ton emal gücündə olan yeni kombinatın yaradılması zəruridir. Müvafiq dövlət qurumları, Prezident Administrasiyası, nazirliklər, yerli icra orqanları baxsınlar, təkliflər versinlər. Mən hesab edirəm ki, dövlət bu sahədə öz dəstəyini göstərməlidir. Əlbəttə, çox yaxşı olar ki, özəl investorlar da bu işlərə qoşulsunlar. Xarici, yerli investorların marağı olarsa, dövlət də onlara dəstək verməyə hazırdır. Çünki bu da çox gəlirli sahədir. İnvestorlar əmin olmalıdırlar ki, bu sahənin inkişafı ilə bağlı heç bir problem olmayacaq. İndi çoxlu ağaclar əkilir, bu, yeni yaranacaq ipək kombinatının resurs bazasıdır. Yəni, heç bir problem olmayacaq və beləliklə, ancaq sərmayə qoymaq, ondan sonra hazır məhsul istehsal etmək lazımdır. Aidiyyəti dövlət qurumları investisiya təklifləri ilə əlaqədar işləsinlər və tezliklə mənə təklif versinlər ki, bu yeni kombinatın harada yerləşməsi, fəaliyyət göstərməsi daha məqsədəmüvafiqdir.

Əlbəttə, biz artıq dünya bazarlarına öz ipəyimizlə çıxırıq, daha da geniş şəkildə çıxmalıyıq. Biz gərək ixrac bazarlarını təftiş və təhlil edək. Onu da deməliyəm ki, burada da çox böyük rəqabət var. Bazarlar demək olar ki, artıq bölünübdür və ixrac bazarlarına çıxmaq üçün gərək əlavə səylər göstərilsin. Ona görə, bu istehsal sahəsini yaratmaq işin ancaq birinci hissəsidir, bir tərəfidir. Biz xarici bazarlara öz hazır məhsulumuzla - həm ipək ipləri ilə, həm hazır məhsulla çıxmalıyıq. Xüsusilə nəzərə alsaq ki, Azərbaycanda ipəkçiliyin qədim tarixi var, bizim kəlağayı bizim milli sənətimizdir, milli sərvətimizdir, ona görə, bu məsələlər də geniş şəkildə araşdırılmalıdır.
İpəkçilik öz növbəsində xalçaçılığa da güclü təkan verəcək. İndi biz xalçaçılığın inkişafı ilə də ciddi məşğuluq. "Azərxalça" 13 rayonda öz fabriklərini yaradır, onlardan birincisi keçən il Horadiz şəhərində mənim iştirakımla açılmışdır. Bu il, gələn il daha 12 rayonda yeni xalça fabrikləri açılacaqdır və o cümlədən biz ipək xalçaların istehsalı üçün bu işləri yerli xammal əsasında qurmalıyıq. Ona görə, baramaçılığın inkişafı bir çox istehsalat sahələrinə ciddi təkan verəcəkdir. Tütünçülükdə olduğu kimi, bu sahəni sürətlə inkişaf etdirmək üçün dövlət proqramı qəbul edilməlidir.

Baramaçılıqdan və tütünçülükdən fərqli olaraq fındıqçılıq son illər ərzində Azərbaycanda inkişaf edib. Düzdür, lazım olan səviyyədə inkişaf etməyib, ancaq əgər statistikaya baxsaq görərik ki, 2000-ci ildə Azərbaycanda fındıq bağlarının sahəsi 18 min hektar idi, 2013-cü ildə bu, 30 min hektara, 2015-ci ildə 32 min 700 hektara çatıb. Hazırda 55 min hektarda fındıq bağları salınıb. Bu da onun nəticəsidir ki, dövlət bu sahənin də inkişafını öz üzərinə götürüb. Lazım olan bütün texniki tədbirlər dövlət hesabına aparılıb, xaricdən tinglər gətirilib, Azərbaycanda da yetişdirilib və qısa müddət ərzində çox böyük işlər görülübdür. Əkin sahələri 32 min hektardan 55 min hektaradək artıb, yəni 23 min hektarda yeni fındıq bağları salınıb. Əlbəttə, bu da son hədəf deyil. Mən bir qədər sonra deyəcəyəm bizim planlarımız nədən ibarətdir. 14 min 800 ton fındıq ixrac edilib. Fındıq ixrac edilən əsas ölkələr bunlardır: İtaliyaya 40 milyon dollar, Rusiyaya 30 milyon dollar və Almaniyaya 24 milyon dollar səviyyəsində. Amma, bütövlükdə, 25 ölkəyə fındıq ixrac edilir. Yəni, bu, onu göstərir ki, həmin ölkələrdə tələbat var, sadəcə olaraq, bu ölkələrə çox az həcmdə fındıq ixrac edilir. Bu statistika onu göstərir ki, fındığın ixracı ilə bağlı gələcəkdə heç bir problem olmayacaq. Sadəcə olaraq, biz tezliklə əkin sahələrini genişləndirməliyik və fermerlərə kömək göstərməliyik.

Qarşıya məqsəd qoyulub ki, biz fındıq bağlarının sahəsini 80 min hektara çatdıraq. Bu, aparılmış təhlil əsasında formalaşmış real rəqəmdir. Əgər biz 1-2 il ərzində 32 min hektardan 55 min hektara qalxa bilmişiksə, ona görə, 80 min hektarda bağların salınması tam real rəqəmdir. Biz növbəti bir neçə il ərzində buna çatmalıyıq.
Qiymətlərlə bağlı. Fındıq keçən il kənd təsərrüfatı məhsulları arasında ən çox gəlir gətirən məhsul olmuşdur. Ancaq onu da deyim ki, məncə, fındıqçılıq bu liderliyi saxlaya bilməyəcək. Çünki Azərbaycanda indi çoxlu istixanalar salınır və pomidor istehsalı sürətlə artır. Gəlir gətirən ixrac kənd təsərrüfatı məhsulları arasında pomidor indi birinci yerdədir. Ona görə, fındıqçılar gərək çalışsınlar ki, liderliyi əldən verməsinlər.

Keçən il fındıq satışından ölkəyə 105 milyon dollar valyuta gəlib. Ancaq satış qiyməti aşağı olub. Məndə olan arayışda göstərilir ki, keçən il bir kiloqramının qiyməti 4,8 manat olub, 2017-ci ilin aprel ayında 6,2 manata satılıbdır. Dünya üzrə qiyməti isə hazırda bizim pulla 10 manatdır. Ona görə hesab edirəm ki, fındığın satış qiyməti ilə bağlı artım üçün imkanlar var. Hazırda fındıqçılıqla 9 min nəfər məşğuldur, yeni bağlar salınandan sonra təqribən 20 min nəfərə çatacaqdır. Bizim tövsiyəmizlə Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası yaradıldı ki, bu işlər mərkəzləşmiş qaydada aparılsın, fermerlərə kömək göstərilsin, onların məhsulu mərkəzləşmiş şəkildə alınsın və ixrac edilsin.

Fındığın əsas alıcıları böyük şokolad fabrikləridir. Biz də fındığı daha çox oraya satırıq. Amma çalışmalıyıq ki, birbaşa müqavilələr bağlansın. Yəni, burada vasitəçilər az rol oynasınlar. Çalışmalıyıq ki, fındığın çeşidi də artsın. Çünki biz bunu xaricə daha çox vakuum şəklində satırıq. Xaricdə isə ya fabriklərdə istifadə olunur, ya da orada paketləmə aparılır. Biz paketləməni də, çeşidləməni də Azərbaycanda aparmalıyıq. Ona görə, yeni avadanlıq gətirilməlidir ki, biz hazır məhsulu dünya bazarlarına çıxara bilək. Bizdə yetişdirilən fındıq sortları çox keyfiyyətlidir və xarici bazarlarda yüksək qiymətləndirilir.

İndi xarici ölkələrdə bizim ticarət evləri yaradılır. Birinci ticarət evi yaradılıb. Xarici ölkələrdə ticarət nümayəndəlikləri yaradılır, bir çox ölkələrə ticarət missiyaları göndərilibdir və fındıq ixracatı orada həmişə qeyd olunur. Ölkələr bu məhsulu qəbul etməyə hazırdır, sadəcə olaraq, biz istehsalı artırmalıyıq və hazır məhsul ixrac etməliyik. Fındıqçılar onu da yaxşı bilirlər ki, Azərbaycan fındıq istehsalı sahəsində dünya miqyasında birinci yerlərdədir. Biz indi görülən və görüləcək tədbirlər nəticəsində dünya miqyasında üçüncü yerə çıxa bilərik.

Biz bugünkü müşavirdə bu məsələləri ona görə geniş müzakirə edirik ki, bu sahələrin çox böyük perspektivi var. Onu da deməliyəm ki, belə müşavirələrin çox böyük faydası və mənası var. Pambıqçılığa dair birinci müşavirədən sonra pambıqçılıqda inqilabi dönüş yarandı. Əkin sahələri 17 min hektardan 136 min hektara çatdı. Əgər orta məhsuldarlıq bu il 20 sentner olarsa, təqribən 260 min ton pambıq istehsalı gözlənilir. Bizim məqsədimiz ondan ibarətdir ki, bu rəqəmi 500 min tona çatdıraq. Biz kompleks tədbirlər nəticəsində qısa müddət ərzində buna nail ola bilmişik. Ona görə bu təcrübə onu göstərir ki, biz tütünçülük, baramaçılıq, fındıqçılıq sahələrində də tezliklə istədiyimizə nail olacağıq. Müşavirədən sonra bu sahələrə çox ciddi təkan veriləcək, yeni iş yerləri yaradılacaq və kəndlilərin, fermerlərin həyat səviyyəsi yüksələcək. Qeyri-neft sektoru inkişaf edəcək, ixrac imkanlarımız genişlənəcək, idxaldan asılılıq azalacaq. Bizim qarşımızda duran əsas vəzifələr bundan ibarətdir.

O ki qaldı, kənd təsərrüfatının ümumi inkişafına, Azərbaycan dövləti müntəzəm olaraq bu sahəyə çox böyük vəsait ayırır, investisiyalar qoyulur. Bu gün reallaşan və növbəti illərdə həyata keçiriləcək infrastruktur layihələri də, o cümlədən kənd təsərrüfatının inkişafına xidmət göstərir. Biz yol çəkilişi ilə çox ciddi məşğuluq. Bu il şərti olaraq adlandırılan "40 yol layihəsi", - əslində bu, 200-dən çox kəndi əhatə edir, - o cümlədən kənd təsərrüfatının inkişafına xidmət göstərir. Bu, nəinki insanlara rahatlıq gətirir, eyni zamanda, fermerlərin, kəndlilərin öz məhsullarını bazarlara çıxarmaları üçün şərait yaradır. Ona görə, mən göstəriş vermişəm ki, gələn ildən bu sahəyə çox böyük vəsait ayrılsın, o cümlədən yaşayış məntəqələrinin sayına, orada yaşayan əhaliyə və əkin sahələrinə yaxınlığına görə prioritetlər müəyyən edilsin. Yol çəkilişi kənd təsərrüfatının inkişafında da öz rolunu oynamalıdır.

Digər infrastruktur layihələrimiz də kənd təsərrüfatının inkişafına xidmət göstərir. Əgər elektrik enerjisi, su təminatı olmasa, heç kim heç bir yerdə investisiya qoymaz. Ona görə, kənd təsərrüfatının inkişafı üçün çox böyük işlər görülür. Qeyd etdiyim kimi, fermerlər bütün vergilərdən azaddırlar. Ölkəmizə xüsusilə son illər ərzində ən müasir texnika alınıb gətirilir. Bu il ölkəmizə 10 min texnika gətiriləcək. Onlardan 7 mini artıq gətirilib, cəmi bir il ərzində. Azərbaycan dövləti bu məqsədlər üçün 100 milyonlarla dollar vəsait ayırır, sonra da lizinq yolu ilə güzəştli şərtlərlə fermerlərə verir ki, onlar bu texnikadan istifadə etsinlər. Bu yaxınlarda kənd təsərrüfatı naziri mənə məlumat vermişdir ki, biz özümüzü kənd təsərrüfatı texnikası ilə demək olar təmin etmişik. Əlbəttə, növbəti illərdə yeni texnikalar alınacaq. Ancaq biz əsas çətinliyi aradan qaldıra bilmişik. Subsidiyalar verilir, o cümlədən bu gün müzakirə etdiyimiz sahələrin inkişafı üçün. Onların da çox böyük mənası var. Güzəştli şərtlərlə gübrələr, yanacaq verilir. Sahibkarlara 2 milyard manat səviyyəsində güzəştli şərtlərlə kreditlər verilir, onların da böyük əksəriyyəti fermerlərin işini yüngülləşdirmək üçün kəndlərə gedir. Sahibkarlara metodik tövsiyələr verilir ki, onlar işlərini daha da yaxşı qursunlar. Yəni, Azərbaycanda kənd təsərrüfatının, sahibkarlığın inkişafı üçün görülən işlər, inanmıram ki, hansısa başqa ölkədə görülsün. Bəlkə də var, mən eşitməmişəm. Ən gözəl şərait Azərbaycandadır və biz bunun hesabına regionların sosial-iqtisadi inkişafına nail ola bilmişik.

Əminəm ki, bugünkü müşavirənin nəticələri çox müsbət olacaq. Əminəm, verdiyim bütün tapşırıqlar yerinə yetiriləcək. Həm özəl sektor, fermerlər, kəndlilər də, əlbəttə, bu işdə fəal rol oynayacaqlar. Dövlət qurumları - İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyəti bütün bu işlərə rəhbərlik edəcək. Bütün bu işlərə ümumi rəhbərlik isə Prezident Administrasiyası tərəfindən aparılacaq.
Mən sizə yeni uğurlar arzulayıram. Əminəm ki, bu sahələrdə çox yaxşı nəticələr olacaq. Sağ olun".


Facebook-da paylaş