Prezident İlham Əliyev: “Səhiyyə sistemimizin xəstəxana və tibb müəssisələri fondu demək olar ki, indi ən yüksək standartlara cavab verir”
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının
yeni inşa edilən binasının açılışında iştirak ediblər. Yeni tibb müəssisəsində
yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan
Televiziyasına müsahibə verib. Dövlətimizin başçısının müsahibə zamanı söylədiyi fikirlərin bir hissəsini təqdim edirik. Səhiyyə
sisteminin inkişafı dövlətin strateji vəzifəsidir Azərbaycan vətəndaşının sağlamlığı dövlətin
diqqət mərkəzindədir. Abşeron Rayon Mərkəzi
Xəstəxanasının yeni binasının inşa olunması faktı ölkəmizdə insanların
sağlamlığına ayrılan xüsusi diqqətin növbəti sübutudur. Azərbaycan
Prezidentinin müvafiq Sərəncamı ilə tikilən 150 çarpayılıq tibb müəssisəsi ən zəruri
avadanlıqla təchiz olunub. Burada dünyanın aparıcı şirkətlərinin avadanlığı
quraşdırılıb. Xəstəxanada cərrahiyyə, terapiya, pediatriya, reanimasiya, dializ
və digər şöbələr, həmçinin laboratoriyalar fəaliyyət göstərəcək. Keyfiyyətli xidmətlərin göstərilməsi səhiyyənin
qarşısında duran önəmli vəzifədir. Yeni tikilmiş xəstəxana
dövlətin səhiyyə sahəsindəki fəaliyyətini əks etdirir. Son illərdə bir çox xəstəxanalar
tikilib və onların da müəyyən standartları var, həm memarlıq baxımından, həm də
avadanlıqlarla təchizat baxımından. Bu xəstəxanada vətəndaşlara keyfiyyətli
tibbi xidmət göstəriləcək. Çünki bütün müasir avadanlıqlar burada quraşdırılıb.
Xəstəxananın inşası onu göstərir ki, bu sahədəki fəaliyyət ardıcıl şəkildə
davam etdirilir. Ölkənin səhiyyə infrastrukturu dayanmadan
inkişaf edir. Ölkəmizin bütün bölgələrində
xəstəxanalar fəaliyyət göstərir. Son 17 il ərzində 750-dən çox xəstəxana ya
yenidən tikilib, ya da ki, əsaslı şəkildə təmir edilib. Səhiyyə sisteminin xəstəxana
və tibb müəssisələri fondu ən yüksək standartlara cavab verir. Dövlətin sosial yönümlü təşəbbüsləri səhiyyə
sahəsini də əhatə edir. Azərbaycan tədricən
icbari tibbi sığorta sisteminə keçir. Pilot layihələrin ilkin icrası müsbət nəticələr
göstərir. Pilot layihələrlə əhatə olunmuş üç şəhərdə həm tibbi xidmətin keyfiyyəti
artdı, eyni zamanda, vətəndaşların məmnunluğu yüksək səviyyədədir. İnsanların
sağlamlığını əsas tutaraq dövlət 5 milyon vətəndaşı tibbi müayinədən keçirtdi.
Böyük təşkilatçılıq və maliyyə resursları tələb edən dövlətin bu addımı insana
göstərilən qayğının təcəssümüdür. Pandemiya ilə
mübarizə işinin təşkilində bütün imkanlar səfərbər olunmalıdır Peşəkar təşkilatlanma və görülmüş
qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycanda pandemiyanın daha böyük fəsadlarının
qarşısı alındı. Pandemiya ilə
mübarizədə Azərbaycan ilk günlərdən qabaqlayıcı tədbirlər görür. Azərbaycan vəziyyəti
bütün dövrlərdə, yəni, bir il ərzində nəzarətdə saxlamağı bacardı. Burada əlbəttə
ki, yeni laboratoriyaların ölkəyə gətirilməsi xüsusi rol oynamışdır. Çünki
pandemiyaya qədər bizdə cəmi 8 laboratoriya var idi və gündə cəmi min test
keçirilə bilərdi. Hazırda laboratoriyaların sayı 42-dir və 20 min test keçirilə
bilər. Bütövlükdə 2 milyon 400 min test keçirilib. Eyni zamanda, pandemiya
dövründə ilk günlərdən modul tipli xəstəxanaların ölkəyə gətirilməsi prosesi
başlandı. Modul tipli xəstəxanaların sayı 13-ə qədər çatdırıldı. Görülmüş işlər sayəsində pandemiya ilə
mübarizədə "Azərbaycan modeli” ifadəsi beynəlxalq münasibətlərin siyasi gündəminə
daxil oldu. Beynəlxalq təşkilatlar
Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirirlər. İlk günlərdən etibarən Azərbaycan
Ümumdünya Səhiyyə Təşkilatı ilə təmaslar quraraq bu sahədə maksimum səmərəli iş
aparmaq üçün çalışıb. Ümumdünya Səhiyyə Təşkilatı "Azərbaycan modeli” haqqında
danışır, görülən işlərə yüksək qiymət verir, bir neçə dəfə Azərbaycanı nümunəvi
ölkə kimi təqdim etmişdir. Dünyanın aparıcı rəy sorğusu şirkəti olan "Gallup” da
Azərbaycan vətəndaşları arasında təhlil-rəy sorğusu aparıb. Vətəndaşların 86
faizi dövlətin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirir və bu göstəriciyə
görə Azərbaycan dünyada 4-cü yerdədir. Azərbaycan pandemiya dövründə də öz "məsuliyyətli
ölkə” statusunun qorunmasına müvəffəq oldu. Azərbaycan bütün lazımi tədbirləri reallaşdırdı. Bir çox ölkələrin
maddi vəziyyəti, xüsusilə indiki dövrdə çox aşağıdır. Bir çox ölkələr vətəndaşların
gündəlik tələbatlarını ödəyə bilmirlər. Bu dövr ərzində Azərbaycan 30-dan çox
ölkəyə maliyyə və humanitar yardım göstərib, eyni zamanda, beynəlxalq təşkilatlara,
o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü
ianə verib. Ölkənin beynəlxalq təşəbbüsləri pandemiya
dövründə də davam edir. Beynəlxalq müstəvidə
Zirvə görüşlərinin keçirilməsinin də təşəbbüskarı olan Azərbaycan, həm Türk
Şurasının, həm Qoşulmama Hərəkatının iki Zirvə görüşünü COVID-19-a həsr
etmişdir. Əhalinin vaksinasiyası
ədalətli şəkildə təşkil olunmalıdır Vaksinasiyada mütləq olaraq ədalət prinsipi qorunmalıdır. Vaksinasiya
Avropada, hətta müttəfiqlər arasında münasibətlərdə ziddiyyətlərə səbəb oldu.
Böyük Britaniya bu vaxta qədər Avropa İttifaqının üzvü idi və Avropa İttifaqı
ölkələrini Böyük Britaniya ilə çoxəsrlik tellər bağlayır. Eyni zamanda, bu ölkələr
NATO-nun üzvləridir və onların arasında belə qalmaqal, əlbəttə ki, bir çox
suallar doğurur. Avropa İttifaqı nümayəndələri Böyük Britaniyanı ittiham edirlər
ki, onların istehsal etdikləri vaksinin qeyri-ədalətli bölünməsi ilə bağlı çox
ciddi proseslər gedir. Bundan sonra vaksinlər uğrunda mübarizə daha da kəskinləşəcək
və bu, çox faciəvi fəsadlara gətirib çıxara bilər. Odur ki, bütün məsələlərdə
olduğu kimi, vaksinasiyada da ədalət prinsipinə riayət olunmalıdır. Azərbaycan Cənubi Qafqazda vaksinasiya işlərinə start verən ilk ölkədir.
Azərbaycan pandemiyanın ilk günlərindən işlərini düzgün qurmuşdur, bütün lazımi
addımlar atılmışdır, beynəlxalq təşkilatlarla təmaslar qurulmuşdur. Ölkəmiz
COVAKS təşəbbüsünün üzvüdür və COVAKS xətti ilə vaksinlər ölkəmizə gətiriləcəkdir.
Azərbaycan artıq 4 milyon doz vaksin sifariş edib və onların ölkəmizə gətirilməsi
təmin edilib. Yanvarın 18-dən başlayaraq Azərbaycanda vaksinasiya başlamışdır.
Müqayisə üçün qeyd olunmalıdır ki, Avropa İttifaqında bu, keçən il dekabrın
18-də başlamışdır. Yəni, bir aydan sonra artıq Azərbaycan vətəndaşları bu
vaksinləri alırlar, peyvənd olunurlar. Kanada vaksin defisiti yaradır. Kanada 154 milyon əhali üçün vaksinlər sifariş
edib. Kanadanın əhalisi 38 milyondur. Yəni, bu ölkə, bu ölkənin hökuməti, Vətən
müharibəsi zamanı sırf ermənipərəst mövqe sərgiləyirdi, işğalçıları dəstəkləyirdi,
Azərbaycanın haqq işinə kölgə salmaq istəyirdi və hətta "Bayraktar” pilotsuz
uçuş aparatlarının kameralarının Türkiyəyə ixrac edilməsi ilə bağlı əsassız
embarqo qoymuşdu. Həmin bu ermənipərəst ölkə 154 milyon vaksin sifariş edir,
onun pulunu verir, öz ölkə əhalisinin sayı 38 milyondur. Yəni, əhalisinin
sayından dörd dəfə çox. 120 milyon insana vaksin çatmayacaq. Onlar xəstələnəcəklər, öləcəklər. Bunlar ancaq
eqoist hisslərə qapılaraq öz maraqlarını təmin etmək istəyirlər. Belə olan
halda hansı demokratiyadan söhbət gedə bilər? Hansı ədalətdən, mərhəmətdən,
insan haqlarından söhbət gedə bilər?. Deməli, kasıb ölkələrin insanlarının
haqları tapdalanır, onların səhhəti, sağlamlığı risk altına düşür. Amma zəngin
ölkələr, real ehtiyaclarının 4-5 mislini təmin edirlər. Bu müstəmləkəçiliyin yeni təzahürüdür. Bunun çox dərin kökləri var və bu, təsadüfi deyil.
Çünki bu dərin köklər bizi müstəmləkəçilik dövrünə aparır. Amma elə bil ki, biz
neomüstəmləkəçilik dövrünü qeyri-rəsmi müşahidə edirik, yaxud da ki, elan edilməmiş
müstəmləkəçilik, bunun başqa adı yoxdur. Belə olan halda bu ölkələrin mənəvi
haqqı varmı kiməsə nəsə desin, kimisə nədəsə ittiham etsin?. Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edən
ölkə kimi buna səssiz qalmayacaq. Azərbaycan bu imkandan istifadə edərək Qoşulmama Hərəkatının üzvlərinə
də çağırış edir ki, onlar da səsimizə qoşulsunlar və bu məsələni beynəlxalq
kürsülərdə, BMT kürsüsündə qaldırmalıyıq. Ümumdünya Səhiyyə Təşkilatına müraciət
etməliyik, şirkətlərə müraciət etməliyik, zəngin ölkələrə müraciət etməliyik
ki, bu ölkələr neqativ praktikadan əl çəksinlər. Bu, ədalətsizlikdir. Buna göz
yummaq olmaz. Bunun üstünü örtmək olmaz. Bu barədə Azərbaycan BMT-dən sonra
ikinci böyük beynəlxalq təsisat, Qoşulmama Hərəkatının lideri kimi, öz sözünü
deyəcək. Vətən müharibəsi
zamanı dünya ictimaiyyəti erməni vandalizminə şahidlik etdi Ermənistan bizim torpaqlarımızı zəbt edərək,
işğal edərək bütün infrastrukturu dağıdıb. Rayonlar dağıdılmış, viran qoyulmuşdur. Bu, bir daha onu göstərir
ki, biz hansı bəlaya qarşı mübarizə aparmışıq. Bu gün bizim haqlı davamıza kölgə
salmaq istəyən ermənipərəst, anti-Azərbaycan, islamofob dairələr bunu bilməlidirlər
ki, mənfur Ermənistan bizim torpaqlarımızı zəbt edərək, işğal edərək bütün
infrastrukturu dağıdıb. Ağdam şəhəri tamamilə dağıdılıb. Bir dənə də salamat
bina yoxdur. Bir yarıdağılmış məscid qalıb, onu da ermənilər təhqir ediblər.
Füzuli şəhərində bir dənə də bina yoxdur, bircə hərbi hissənin üç-dörd mərtəbəli
binasıdır. Cəbrayıl şəhərinin girəcəyində bir hərbi hissə var, şəhər yoxdur.
Qubadlı və Zəngilanda sadəcə olaraq bir neçə ev qalıbdır, özü də yarıdağılmış vəziyyətdə. Beynəlxalq təşkilatların o bölgələrdə olan nümayəndələri də bunun
üstünü örtürdülər. Bu talançılıq, bu vəhşilik, bu düşmənçilik bütün dünyanın
diqqətini cəlb etməlidir. Məhz buna görə biz oraya jurnalistləri, diplomatik
korpusun nümayəndələrini dəvət edirik. Daha da böyük sayda dəvət etməliyik ki,
hər kəs görsün. Biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz erməni
faşizmini məhv etmişik, erməni vəhşiliyini məhv etmişik. Biz bölgəmizi faşist
ideologiyasından tam xilas etməsək də, onun böyük hissəsini məhv etmişik. Buna
görə bizim şanlı Qələbəmiz bölgə üçün, dünya üçün çox böyük əhəmiyyət daşıyır. Onlar hesab edirdilər ki, bütün evlər yerlə-yeksan edilərsə, azərbaycanlılar
o torpaqlara qayıtmayacaqlar. Ermənilər hesab etmirdilər ki, Azərbaycan o faciədən
sonra ayağa dura biləcək, möhkəmlənə biləcək, zəngin təbii ehtiyatlarımızdan səmərəli
şəkildə istifadə edib ölkəmizi inkişaf etdirə biləcək, bu torpaqları, əraziləri
bərpa edə biləcək. Xocalı soyqırımı, günahsız insanların öldürülməsi, dinc əhaliyə
qarşı qəddarlıq bu faşizmin təzahürüdür. Ürəklərində düşmənçilik toxumları həmişə
var idi. İndi Azərbaycan onların belini qırıb, onların başını əzib, onların
ordusunu məhv edib, onların ideologiyasını məhv edib, illər boyunca, onilliklər
boyunca onların yetişdirdikləri ideoloji əsasları məhv edib. Maddi-mənəvi, tarixi dəyərlərimizi ermənilər
məhv edib. Bülbülün, Natəvanın,
Üzeyir Hacıbəylinin büstlərini gülləbaran etmək üçün gərək adamın ürəyində nə qədər
nifrət olsun, nə qədər düşmənçilik olsun, özü də kimə? O xalqa ki, sənə burada
yer verib. Sən burada yuva salmısan. Sənin üçün yad olan torpağa, Qarabağa
köçürülmüsən, Anadoludan, İrandan köçürülmüsən, gəlmisən, sənə burada qucaq
açıb Azərbaycan xalqı, çörək verib. Sən çox sağ ol əvəzinə, 1992-93-cü illərdə
bütün binaları dağıdırsan, məscidləri dağıdırsan, təhqir edirsən. Müasir dünya ikinci belə vəhşilik görməmişdir.Əliyalın insanları yandırıblar, öldürüblər,
uşaqları yandırıblar. Bütün binaları, məscidlərimizi dağıdıblar. Erməni faşizmi
ən qəddar, ən təhlükəli, ən mənfur, ən çirkin ideologiyadır və biz bu
ideologiyanı məhv etdik. İllər keçdikcə bu tarixi xidmətlər dünya tərəfindən
daha da dolğun şəkildə dərk ediləcək. O cümlədən erməni xalqı vaxt keçəcək, bizə
minnətdar olacaq ki, onları bu bəladan xilas etmək istədik. İşğaldan azad
olunmuş ərazilərdə quruculuq işləri planlı şəkildə aparılacaqdır Subordinasiya mütləq qorunmalıdır. Birincisi, bu, özbaşınalıqdır. Açıqlama veriləndə
mütləq rəhbərliklə gərək məsləhətləşmə aparılsın. Azad edilmiş torpaqların bərpası
ilə bağlı bir çox önəmli qərarlar qəbul edilib, qərargah yaradılıb. Qərargaha
Prezident Administrasiyasının rəhbəri rəhbərlik edir. Bütün təkliflər, bütün təşəbbüslər oraya göndərilməlidir. Çünki kim
necə istəyir o torpaqları, əraziləri bərpa edə bilmərik. Biri filial açmaq istəyir,
biri nə bilim başqa qurum açmaq istəyir. Bu, yolverilməzdir və qəbuledilməzdir.
Ucuz populyarlıq qazanmaq üçün, yaxud da ki, özünə yeni ofis yaratmaq üçün belə
açıqlamaların verilməsi tamamilə qəbuledilməzdir və buna son qoyulmalıdır. Bütün işlər ardıcıllıqla görülməlidir. Bu ardıcıllıq haqqında Azərbaycan Prezidenti İlham
Əliyev dəfələrlə deyib. İlk növbədə, keçmiş köçkünlər, nə vaxt qayıda bilərlər
o torpaqlara. Minalardan təmizləmə böyük bir prosesdir. Ermənilər mina sahələrinin
xəritələrini vermirlər. Ona görə indi partlayışlar da tez-tez olur. İndi Minatəmizləmə
Agentliyi yenidən formalaşdırılır və onun fəaliyyəti daha səmərəli olacaq.
Ancaq bu, müəyyən vaxt aparacaq. Mina təmizləməklə əlaqədar işlər əlbəttə ki,
başa çatmalıdır. Ondan sonra ziyanın qiymətləndirilməsi. Əgər biz ziyanın qiymətləndirməsini
etməsək, sabah təzminat davasında da uğur qazana bilmərik. Ona görə də, ilk
növbədə, yerli qurumlar dağıdılmış bütün evlərin pasportlaşdırılmasını
aparmalıdır. Video, foto çəkilişlər, dron çəkilişləri, protokollaşma
aparmalıdır. Hər bir binanın, hər kənddə yerləşən binanın, hər şəhərdə yerləşən
binanın öz pasportu olmalıdır. Bu məlumatlar veriləcək cəlb edilmiş beynəlxalq
şirkətlərə, onlar özləri tədqiqat aparacaqlar, özləri monitorinq missiyaları həyata
keçirəcəklər və onlar Ermənistana qarşı açılacaq təzminat davasında kömək göstərəcəklər.
Yəni, ardıcıllıq budur. Böyük infrastruktur layihələri icra edilməlidir. İnfrastruktur olmasa, orada insan necə yaşayacaq?
Su yox, işıq yox, yol yoxdursa necə yaşaya bilər? Ondan sonra evlər tikilməlidir.
Artıq qurumlar işləyirlər, bütün şəhərlərin baş planları hazırlanır, özü də elə-belə
yox - "ağıllı şəhər” konsepsiyası, "ağıllı kənd” konsepsiyası. Bu, zaman tələb
edir. Eyni zamanda, hər şey planlı şəkildə olmalıdır. Hər kəs yerini bilməlidir. Biri oradan durub deyəcək ki, mən burada bunu tikəcəyəm,
biri oradan duracaq ki, mən bunu. Kimsən sən? Sən get öz işinlə məşğul ol. Ucuz
populyarlıq dalınca qaçanların axırı pis olur, bu, birincisi. İkincisi,
qayda-qanun var ölkədə. Heç kim özbaşınalıq edə bilməz. Əgər kimsə unudursa,
biz onun yadına salarıq. Təkcə bu işlərlə, əlbəttə ki, məsələ bitməyəcək. Sosial obyektlər də tikilməlidir.
Evlərin tikintisi ilə paralel olaraq sosial obyektlər – xəstəxanalar, məktəblər,
mədəniyyət ocaqları, idman qurğuları. Yoxsa əgər biz indi gedib haradasa, necə
deyərlər, məktəb tiksək, ya xəstəxana tiksək kim oraya gedəcək. Şuşa şəhəri ölkəmizin mədəniyyət paytaxtı
elan edilib. Bunu hər kəs bilir və bu
qərar yüksək qiymətləndirilib. Şuşa nəinki Azərbaycanın, bölgənin, bəlkə də
dünyanın mədəniyyət paytaxtlarından birinə çevriləcəkdir. Şuşada çox zəngin mədəni
həyat olmalıdır. Şuşada yaşayacaq soydaşlarımız da, bütün işlər görüləndən
sonra oraya qayıtmalıdırlar. Şuşa demək olar ki, dağılıb, bütün binalar
dağılıb. Bir keçmiş raykom binası qalıb, harada ki, mənfur xunta özü üçün yuva
salmışdır, bir də xunta başçısının villası və bir-iki də cinayətkar, rüşvətxor
erməni məmurunun villası. Orada başqa bina yoxdur. Şuşa planlı şəkildə yenidən qurulacaq. İndi Mərkəzi Bank insanlara xidmət göstərib ki,
orada filial açsın? Kimin üçün filial açacaq? Özü üçün ki, gedib orada otursun,
yaxud da, gedəndə bunun bir iqamətgahı olsun, şəraiti olsun, oraya pullar xərclənsin
və bunun insanlara hansı xeyri dəyəcək? Heç bir. Təkcə bu, deyil. Digər qurumlar da, indi mənə müraciət etmişlər. Onların hər halda
ağlı çatıb mənə müraciət etməyə və mən onlara dedim ki, gedin oturun yerinizdə.
Qoy Azərbaycan vətəndaşları bilsinlər. Azəravtoyolun rəhbəri müraciət edib ki,
icazə verin, Şuşada Azəravtoyol qurumunun regional mərkəzini açaq. Nə üçün? Yol
çəkmək lazımdır, get, yol çək. Heç kim öz hesabına yol çəkmir, dövlət büdcə ayırır.
Şuşada Azəravtoyolun regional mərkəzinin nə işi var? İstəyir ki, özü üçün şərait
yaratsın, getsin o torpağı zəbt etsin, özü üçün iqamətgah tikdirsin, onu hasara
alsın, bir qarovulçu qoysun. AZAL rəhbəri mənə müraciət etmişdir ki, AZAL-ın hansısa qurumunu
Şuşada yaratmaq istəyirlər. Bu, prinsipcə absurddur. Ona da lazımi sözləri
demişəm ki, get otur yerində. Ondan sonra, Dövlət Gömrük Komitəsi Şuşada
Qarabağ Regional Mərkəzinin yaradılması ilə bağlı müraciət edib. Şuşada sərhəd
var ki, gömrüyün regional mərkəzi olsun?. Ölkə rəhbərinin də artıq səbri tükənir. Bilirsiniz, bu adamların beyninə belə ziyanlı
fikirlər gəlir və onlar da bunu tələffüz edirlər. Siyahı davam edir hələ. Fövqəladə
Hallar Nazirliyi müraciət edib ki, icazə verin, orada biz Fövqəladə Hallar
Nazirliyinin Qarabağ regional mərkəzini yaradaq, Şuşa şəhərində. Yenə də eyni məqsədlə,
yenə də torpaq, hələ ki, orada indi heç kim yoxdur, yenə də hasar, yenə də nə
bilim tikanlı məftil, iqamətgah. Dövlət Sərhəd Xidmətinin təklifinə Azərbaycan xalqı da güləcək. Xidmətin
rəisi mənə zəng edib deyir ki, icazə verin biz sərhəd xidmətinin Şuşa
zastavasını da yaradaq. Şuşada sərhəd var? Deyin Şuşada sərhəd var, yoxsa yox?
Deyir yoxdur. Bəs nə zastava yaradırsan? İndi o boyda sərhədimiz yaranıb, ta
şimaldan cənuba qədər, Kəlbəcərdən Cəbrayıla qədər, Ermənistanla sərhəd. Cəbrayıl
rayonunda İranla sərhəd, get orada yarat da. Şuşada nə işin var sənin?! Yenə də
gəlim, oturum, yerləşim, iqamətgah qurum, hamısı da dövlət hesabına. Burada mənim
bir rezidensiyam olsun. Mən bəzən bu şeyləri demirəm vətəndaşlara ki, onları
iyrəndirməyim, bağışlayın sözümə görə, ifadəmə görə. Məmurlar öz yerlərini
bilsinlər, öz işləri ilə məşğul olsunlar. Şuşa məmurlar paytaxtı yox, mədəniyyət
paytaxtı elan edilib. Hər kəs otursun yerində,
öz işi ilə məşğul olsun. Şuşanın ərazisinin ölçüsü 300 hektardır. İcazə olmadan
bir dənə daş daş üstə qoyula bilməz. Çünki birinci təhlil aparılmalı, ondan
sonra o tarixi binalar bərpa edilməlidir. Necə bərpa edilməlidir bunu mütəxəssislər
deməlidir. Misal üçün, Xurşidbanu Natəvanın sarayı necə bərpa edilməlidir?
Çünki onun bir divarı var, qalan divarlar uçub. O, hansı formada bərpa edilməlidir?
Onu yenidənmi eyni stildə qalan o uçan hissəsi tikilməlidir, yaxud da, elə
formada tikilməlidir ki, oraya gələn görsün ki, bax bu, buradan dağılıb, oradan
sökülüb. Şuşada ancaq və ancaq tarixi binalar bərpa
edilməlidir. Amma necə olacaq, onu
mütəxəssislər, memarlar, tarixçilər, şuşalılar özləri deyəcəklər ki, bu şəhəri
necə görmək istəyirlər, çünki bu, onların şəhəridir. Yoxsa, bütün bunlar, bu
işlər kənarda qala-qala biri durur ki, mən filial açıram, biri deyir ki, mən
zastava açıram, biri deyir ki, mən fövqəladə hallar açıram. Vallah, adam söz
tapmır. Mən söz tapmışam, onlara elə söz demişəm ki, onlar o sözü unutmayacaqlar.
Azərbaycan vətəndaşlarına da deyirəm, bərpa ilə bağlı görüləcək işlərdə mütləq
ictimai nəzarət olmalıdır. Olmasa bilin ki, yenə də eybəcər binalar tikiləcək,
torpaqlar zəbt ediləcək, hərə özü üçün bir obyekt tikəcək. Müvəqqəti idarəetmə strukturu yaradılıb.Artıq gözlər tikilib oraya. İndi oraya elə
bil ki, hücum gözlənilir, zəbtetmə hücumu. O torpaq mənim, o torpaq sənin,
oranı mənə, buranı sənə. Amma bunlar hamısı cəzalandırılmalıdır, hamısını, özü
də necə lazımdır. Otursun hərə öz yerində öz işi ilə məşğul olsun. Bütün
torpaqlar planlı şəkildə bərpa ediləcək. Orada insanlar üçün şərait
yaradılacaq, elə şərait ki, dünya üçün nümunə olacaq. Heç bir qanunsuz hərəkət
ola bilməz. Heç bir torpaq zəbt oluna bilməz. Hər şey planlı və əsaslı şəkildə
olmalıdır. Buna nail olacağıq. İstəyirik ki, dağıdılmış şəhərlər tezliklə bərpa
edilsin, amma, eyni zamanda, elə olsun ki, bu, oraya qayıdacaq insanların
rahatlığını təmin etsin və müasir, güclü Azərbaycanın gücünü bütün dünyaya göstərsin. GOYEZEN.AZ
Facebook-da paylaş