• Təqvim

  • Maraq



Qazaxlı həkimlərdən nümunəvi hərəkət

Qazaxlı həkimlərdən nümunəvi hərəkət
Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda səhiyyə sahəsində qazanılan uğurlar, ölkəmizin iqtisadi, sosial-mədəni və digər sahələrdəki inkişafı ilə yanaşı, səhiyyə sisteminin təkmilləşməsinə göstərilən diqqət və qayğının, həyata keçirilən ardıcıl tədbirlərin nəticəsidir ki, bu sahədə əhaliyə göstərilən xidmət əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Respublikamızın bütün bölgələrində yeni tibb ocaqlarının yaradılması, səhiyyə müəssisələrinin inşa olunması bunun bariz nümunəsidir.

Bu gün düşmənlə sərhəddə yerləşən Qazax rayonunda Mərkəzi Xəstəxana binasının tikilməsi də dövlət başçısı tərəfindən bu sahədə çalışan işçilərə, eləcə də rayon sakinlərinə göstərilən diqqətin əyani sübutudur.

İnsan üçün çox qiymətli və ən böyük sərvət sağlamlıqdır. İnsan sağlamlığının keşiyində isə tibb işçiləri durur. Bu gün rayonumuzda öz sənətinin sirlərinə dərindən bələd olan, insanların sağlamlığının keşiyində duran, öz əməlləri ilə əsl qəhrəmanlıqlar göstərən həkimlərimiz, tibb işçilərimiz də vardır.

Bunu ayın 11-də Qazaxda baş vermiş avtoqəza zamanı Qazax rayon Mərkəzi Xəstəxanası Doğum evinin mama-ginekoloqu Diləfruz Cəfərova və Təcili Təxirəsalınmaz Tibbi Yardım stansiyasında tibb bacısı işləyən Yeganə Əliyeva xəstəyə göstərdikləri qayğı ilə bir daha sübut etdilər. Onlar bir daha göstərdilər ki, öz Hippokrat andlarına sadiq qalaraq peşəsini, vəzifəsini yerinə yetirən həkimlərimiz, tibb işçilərimiz çoxdur. Onların qəza zamanı xəsarət almalarına baxmayaraq xəstəni qucaqlayaraq qoruması, hətta başqa maşınla lazım olan ünvana çatdırması həkimlik vəzifəsini yerinə yetirməklə yanaşı, həm də bir insanlıq nümunəsi deməkdir. Bu gün Diləfruz xanım kimi həkimlərimiz, Yeganə xanım kimi tibb bacıları varsa, tam əminliklə deyə bilərik ki, Qazaxda vətəndaşların sağlamlığı əmin əllərdədir. Həkimlərimizin göstərdikləri nümunəvi hərəkət isə bütün tibb işçilərinə örnək olmalıdır.

Məlumat üçün bildirək ki, iyulun 11-də gecə saatlarında həkim Diləfruz Cəfərova və tibb bacısı Yeganə Əliyeva xəstəni Tovuz rayonunda əməliyyat olunmaq üçün apararkən avtoqəza keçirmişdilər. Qəza zamanı D.Cəfərova sağ bazu sümüyünün qəlpəli yerdəyişməli sınığı, Y.Əliyeva isə sağ bazu sümüyünün sınığı ilə Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Bu gün Yeganə Əliyeva aldığı xəsarətlə bağlı əməliyyat olunub. Hər ikisinə Allahdan şəfa diləyir, tez bir zamanda sağalmalarını arzu edirik.


Facebook-da paylaş