Prezident İlham Əliyev Qazax Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib VİDEO
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev martın 3-də Qazax Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak
edib. GOYEZEN.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı
xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdi. Səhiyyə islahatlarının mühüm istiqaməti olan tibb müəssisələri şəbəkəsinin
və strukturunun təkmilləşdirilməsi sahəsində son illərdə görülən işlər göz
qabağındadır. Əhalinin sağlamlığının qorunmasında və tibbi xidmətin
keyfiyyətinin yaxşılaşdırılmasında səhiyyənin prioritet sahələri üzrə qəbul
olunan Dövlət proqramları müstəsna rol oynayıb. Bu proqramlar dövlət tərəfindən
maliyyələşdirilib və ölkə üzrə bütün tibb müəssisələrinin yenidən qurulmasını
əhatə edib. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan sosialyönümlü
siyasətin mühüm tərkib hissəsi kimi ölkədəki tibb ocaqlarında xidmətin pulsuz
həyata keçirilməsi, əhalinin icbari tibbi sığortasının təşkil olunması və
icrası uğurla davam edir. Ölkədəki səhiyyə islahatlarının əsas qayəsi həm də
aztəminatlı və ağır xəstəliklərdən əziyyət çəkən insanların pulsuz dərmanlarla
təmin olunmasına və müalicəsinə yönəlib. Dövlətimizin başçısına məlumat verildi ki, Qazax Rayon Mərkəzi
Xəstəxanasının binası 1969-cu ildə yataqxana kimi istifadəyə verilmişdi və uzun
illər təmir işlərinin aparılmaması səbəbindən bina yararsız vəziyyətə düşmüşdü.
Yeni xəstəxana binası üçün 2013-cü ildən başlayan tikinti işləri ötən ilin
sentyabrında yekunlaşıb. Üç hektarlıq ərazidə 145 çarpayılıq müasir tibb
müəssisəsi inşa olunub. Xaricdə istehsal olunan avadanlıqla təchiz edilən
xəstəxana binasının ümumi sahəsi 22 min kvadratmetrdir. Burada doğum, terapiya,
cərrahiyyə, uşaq xəstəlikləri, anesteziologiya-reanimasiya, poliklinika,
şüa-diaqnostika, hemodializ və digər şöbələr fəaliyyət göstərəcək. Xəstəxana
binasında qəbul, laboratoriya, təcili tibbi yardım şöbələri və Məhkəmə Tibbi
Ekspertiza və Patoloji Anatomiya Birliyi ilə yanaşı, yoluxucu xəstəliklər
korpusu, Gigiyena və Epidemiologiya Mərkəzi də fəaliyyət göstərəcək. Prezident İlham Əliyevə icbari tibbi sığortanın tətbiqi ilə bağlı dövlət
xəstəxanalarında tibbi fəaliyyətin təşkilindəki əsas dəyişikliklər barədə
məlumat verildi. Bildirildi ki, təcili və təxirəsalınmaz tibbi yardım bölməsi
həftənin 7 günü 24 saat fəaliyyət göstərərək müraciət edən xəstələrin
çeşidlənməsini, stasionar şöbələrə yerləşdirilməmişdən əvvəl həkim nəzarəti
altında müayinə və müalicələrinin həyata keçirilməsini təmin edir. Xəstələr bu
bölmənin fəaliyyəti nəticəsində müşahidə altında saxlanılır, hər şey qaydasında
olarsa, ambulator müalicə üçün evə yazılır, nəticədə stasionar şöbələrə düşən
yükün həcmi kəskin azalır. Steril şəraitin təmin edilməsi üçün laboratoriya
şöbələri xəstələrin birbaşa daxil ola biləcəyi ərazilərdən kənarda
yerləşdirilib, qan və digər nümunələrin alınması üçün xüsusi otaqlar yaradılıb,
zəruri avadanlıqla təmin edilib. Ambulator tibbi xidmətin göstərilməsi üçün
xəstəxana binalarının birinci mərtəbələrində poliklinikalar yaradılıb. Bütün
həkimlər ambulator xəstə qəbulunu poliklinikalarda həyata keçirirlər.
Facebook-da paylaş