Kapitan Mühüd Orucovun xatirəsinə həsr olunmuş kitabın təqdimatı olub
İyulun 17-də Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu –
İdeoloji və Mədəniyyət Mərkəzində (Mərkəzi Zabitlər Evi) Aprel döyüşlərində böyük rəşadətlər göstərərək şəhidlik zirvəsinə
ucalmış Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat tabor komandiri, kapitan
Mühüd Orucovun anım mərasimi və tanınmış şair, publisist Fəridə Ləmanın şəhidə həsr olunan "Mühüdüm-şəhidim” adlı kitabının təqdimat
mərasimi keçirilib. Tədbirdə millət vəkilləri, "Qazax” Xeyriyyə İctimai
Birliyinin və şəhidin ailə üzvləri, döyüş yoldaşları, "N” hərbi hissənin şəxsi heyəti,
Həzi Aslanov adına Ordu–İdeoloji və Mədəniyyət Mərkəzinin və ictimaiyyətin
nümayəndələri iştirak ediblər. Tədbir başlamazdan öncə Azərbaycan Respublikasının
Dövlət Himni səsləndirilib. Sonra Ümummilli Lider Heydər Əliyevin
və Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi
bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin rəisi vəzifəsini icra edən mayor İlkin
Qayıbov tədbiri giriş sözü ilə açaraq şəhidin həyatından, keçdiyi döyüş
yolundan danışıb. Bildirilib ki, 2016-cı il aprelin 2-dən 3-nə keçən gecə
Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq
şəhidlik zirvəsinə ucalmış M.Orucov ölümündən sonra Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə” medalı ilə təltif
edilib.
Millət vəkili Adil Əliyev qeyd edib ki, ölkə
başçısının da söylədiyi kimi, Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir.
Bu qələbəni isə bizlərə Mühüd Orucov kimi oğullar bəxş edib. Aprel döyüşləri
bütün dünyaya sübut etdi ki, dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi altında Azərbaycan Ordusu günü-gündən inkişaf edir.
Tədbirdə "Qazax” Xeyriyyə İctimai Birliyi İdarə
Heyətinin sədri professor İlham Pirməmmədov qeyd etdi ki, şəhidlərimiz bizim
qürur yerimiz, baş tacımızdır. Şəhidlərə diqqət və qayğı ölkə Prezidenti cənab
İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın
diqqət və qayğısındadır. Bununla yanaşı şəhidlərə, şəhid ailələrinə, qazilərə ən
yüksək diqqət göstərmək sıravi vətəndaşlardan tutmuş, vəzifə sahiblərinədək hər
kəsin vətəndaşlıq və vicdan borcudur. Məndən öncə çıxış edən hörmətli dostumuz,
millət vəkili Adil Əliev bəzi yerlərdə şəhid ailələrinə biganəliyin olduğundan yana
narahatçılığını ifadə etdi. Mən Adil müəllimin haqlı narahatlığı ilə bağlı bildirmək istəyirəm ki, "Qazax” Xeyriyyə İctimai Birliyinin sədri olaraq
dəfələrlə Qazax rayonunda keçirilən tədbirlərdə iştirak edən bir insan kimi
deyə bilrəm ki, Qazaxda şəhidlərimizə, şəhid ailələrinə, qazilərə göstərilən diqqət, qayğı çox yüksək səviyyədədir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı hörmətli Rəcəb Babaşov rayonda bir nəfər
şəhid ailəsini, müharibə veteranını, qazimizi diqqətdən kənarda qoymayır. Şəhid
ailələri problemləri ilə bağlı başçının qəbuluna deyil, icra başçısı özü
aidiyyəti qurumların rəhbərləri ilə şəhid ailələrinin problemini yerində həll
etmək üçün onların yanına gedir. Qazax rayonunda Şəhidlər xiyabanı dağılıb gedirdi, məhz oranı Rəcəb müəllim gələndən sonra yenidən
qurdu, bərpa etdi. Qazax şəhərinin mərkəzində Qazax rayonundan şəhid olmuş
bütün şəhidlərin qara mərmər daş üzərində həkk olunmuş şəkillərindən və onlar
haqqında məlumatlardan ibarət Şəhidlər kompleksi tikdirdi. Rayonda keçirilən
bütün tədbirlər, yeni evlənən cütlüklərin toyu zamanı bura ziyarət
olunur, əbədi məşəl önünə gül-çiçək dəstələri qoyulur. Döyüşlərdə şəhid olmuş qəhrəman
oğullar ümumrayon hüznü ilə, minlərlə insanın izdihamı ilə dəfn olunur. Onların
anım günləri qeyd olunur. Şəhidlərimizin bütün yas xərclərini, qəbirüstü abidələrinin
götürülməsini Qazax Rayon İcra Hakimiyyəti öz üzərinə götürür. Həmçinin
Rəcəb Babaşov şəhidlərimizin yas mərasimlərində əvvəldən axıradək şəhidin
valideynlərinin, ailəsinin, qohumlarının yanında olur. Onlara daim dövlətin,
Prezidentin şəhid ailələrinin yanında olduğunu bildirir. Biz də "Qazax”
Xeyriyyə İctimai Birliyinin illik fəaliyyət planını hazırlayarkən bir çox
tədbirlərimizi Qazax Rayon İcra Hakimiyyəti ilə birgə razılaşdıraraq həyata
keçiririk. Rayonda şəhid ailələri, müharibə əlilləri üçün evlər tikilərək
onların istifadəsinə verilir. Şəhidlərin ailə üzvləri, valideynləri işlə təmin
olunur. Qazilərimizin müalicəsi üçün rayon xəstəxanalarında xüsusi şərait
yaradılır. Həmçimin yeri gəlmişkən onu da deyim ki, icra başçısının bu diqqət
və qayğısı Qazax rayonunda fəaliyyət göstərən iş adamları üçün də bir örnəyə
çevrilmişdir. Bu yaxınlarda cəbhə xəttində döyüş növbətçiliyində olan kapitan
Fərhad Eyyubov düşmənin atdığı snayper gülləsi ilə sol ayağını itirmişdir. Biz
bir neçə dəfə Xalq şairi Nəriman Həsənzadə ilə birgə Fərhadı hərbi hospitalda
ziyarət etdik. Onun problemləri ilə maraqlandıq. Elçin Carçıyev də qazimizi
ziyarət etmiş və müalicəsi başa çatan kimi iş adamı Fərhadı yüksək əmək haqqı
ilə öz şirkətində işlə təmin etmişdir. Bundan başqa, digər qazimiz Kamil
Musəvini də bu yaxınlarda Elçin Carçıyev öz şirkətində yüksək əməkhaqqı ilə
işlə təmin etmişdir. İ.Pirməmmədov onu da bildirdi ki, bu cür diqqət və qayğı
hər kəs üçün örnək olmalıdır. Həmçinin kapitan Mühüd Orucovun qəhrəmanlıqları
gələcək nəsillər üçün də böyük örnək olaraq yaşayacaq. Şairə Fəridə Ləmana
şəhid Mühüd Orucov haqqında belə bir poema yazdığına görə "Qazax” Xeyriyyə
İctimai Birliyinin üzvləri və şəxsən öz adımdan təşəkkürümüzü bildirirəm.
İctimai Birliyin maliyyə vəsaiti hesabına çap olunmuş bu kitab
hərbi liseylərə, ali hərbi məktəblərə və Qazax mahalının bütün orta
məktəblərinə paylanılacaq. Həqiqətən də bu cür kitabların, əsərlərin
əhəmiyyəti olduqca böyük əhəmiyyətə malikdir. Arzu edirik ki, Fəridə xanım
bundan sonra da qəhrəman oğullarımız haqqında belə poemalar yazsın, – deyə
İ.Pirməmmədov bildirdi. Daha sonra Azərbaycan Respublikası Güləş
Federasiyasının vitse-prezidenti Firdovsi Umudov, şəhid zabitin döyüş
yoldaşları mayor Elnur Kərimov və Elcan İmamverdiyev, "Şərq” qəzetinin baş redaktoru
Akif Aşırlı və başqaları çıxış edərək Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı
göstərdiyi qəhrəmanlıqlardan, əsgərlərimizin cəbhədə əldə etdikləri uğurlardan
söz açıblar. Mərasimdə tanınmış şair, publisist Fəridə Ləman şəhidə
həsr etdiyi "Mühüdüm–Şəhidim” adlı kitab haqqında danışaraq bundan sonra da
şəhidlərimizin haqqında gənc nəslə məlumatlar vermək üçün bu cür silsilə
əsərlər yazacağını qeyd etdi.
Tədbirin bədii hissəsində şəhidə həsr olunmuş
videoçarx nümayiş olunub, Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət
Mərkəzinin yaradıcı kollektivi vətənpərvərlik musiqiləriylə çıxış
ediblər.
Sonda şəhidin əmisi Elşad Orucov şahid ailələrinə olan
xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Müdafiə Nazirliyinin rəhbərliyinə
öz dərin minnətdarlığını bildirib. Bundan başqa, M.Orucovun döyüş
yoldaşları da onunla bağlı xatirələrini bölüşüblər. Müəllif F.Ləman da
çıxış edərək, mərasim iştirakçılarına minnətdarlığını bildirib. Şəhidin əmisi kitabın
yazılması və çapına görə təşəkkürünü ifadə edib. Sonda tədbir əsgəri nəğmələrlə
başa çatıb. Məlumat üçün bildirək ki, Mühüd Qurban oğlu Orucov
1984-cü ilin 13 iyulunda Qazax rayonunun Fərəhli kəndində anadan olub. Mühüd
Orucov Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirib. Ailəli
idi, 2-ci sinifə keçən Anar və Vüqar adlı əkiz övladları
var. O, 2016-cı ilin aprel ayında
Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına
şəhid oldu. Aprelin 9-u isə doğulduğu Qazax rayonunun Fərəhli
kəndində son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı,
şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Dəfn
mərasiminin sonunda yaylım atəşi açıldı və kapitan Orucov uğrunda şəhid olduğu
torpağa tapşırılıb. Mühüd Orucov ölümündən sonra göstərdiyi qəhrəmanlığa
görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə
"İgidliyə görə” medalı ilə təltif edilib. Allah rəhmət eləsin!
qazaxib.az
Facebook-da paylaş