Hüseynbəyli kəndində sakinlərlə səyyar görüş keçirilib
Bu gün növbəti səyyar görüşlərdən biri Hüseynbəyli kənd sakinləri ilə
keçirilib. Dövlət başçısı İlham Əliyevin
tapşırıq və tövsiyəsinə uyğun olaraq, aidiyyəti idarə, müəssisə və
təşkilat rəhbərlərinin də iştirak etdiyi görüşdə ölkə rəhbərinin vətəndaşlara
göstərdiyi diqqət və qayğıdan, əhalinin maddi rifah halının, sosial
vəziyyətinin yaxşılaşdırılması istiqamətində verdiyi tapşırıq və tövsiyələrdən,
bu sahədə görülən işlərdən danışılıb. Qazax Rayon İcra Hakimiyyətinin başçısı
Rəcəb Babaşov çıxış edərək sakinləri salamlayıb, səmimi ürək sözlərini
çatdırıb. "Artıq bu il üzrə beşinci dəfədir ki, sizlərlə görüşürəm”, - deyən icra
başçısı qeyd edib ki, istər şəhərdə, istərsə də kəndlərdə keçirilən səyyar
görüşlərin əsas məqsədi siz vətəndaşları narahat edən məsələləri, kənddəki mövcud
vəziyyəti öyrənərək həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə
həll etmək, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ
qaldırmaqdan ibarətdir. İcra başçısı Respublika
Prezidenti İlham Əliyevin 2018-ci ildə təkrar prezident seçilməsindən sonra
verdiyi vədlərdən və bu gün həyata keçən sosial layihələrdən də danışıb. Qeyd
edib ki, ölkə rəhbərinin çıxışı zamanı söylədiyi kimi sosial-iqtisadi paketin
reallaşması ölkə vətəndaşlarının maddi rifah halının yaxşılaşdırılması
sahəsində atılan ən uğurlu addım oldu. İstər 2018-ci ilin axırları, istərsə də
2019-cu ilin ilk altı ayında əhalinin maddi və sosial rifah halının
yaxşılaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü layihələr,
imzalanan mühüm Fərman və Sərəncamlar da bunu bir daha sübut etdi. Sosial
paketin icrası ilə bağlı imzalanmış sərəncamların və həmin sərəncamlardan irəli
gələn vəzifələrin layiqincə yerinə yetirilməsi nəticəsində bu gün ölkə
vətəndaşlarının sosial rifah halı yaxşılaşdırılır. İcra başçısı vurğulayıb ki,
imzalanmış həmin sərəncamlar bir daha sübut etdi ki, bu gün ölkə başçısı
tərəfindən yürüdülən məqsədyönlü dövlət siyasətinin təməlində vətəndaş amili və
xalqın rifah halı dayanır. İyunun 18-də imzalanan çoxsaylı sərəncamları vətəndaşlara
olan qayğının bariz nümunəsi kimi qiymətləndirən rayon rəhbəri əhalinin
rifahının yüksəldilməsi məqsədilə təqdim edilən sosial paketin hələ bir hissəsi
olduğunu bildirib. Qeyd edib ki, istər minimum əməkhaqqının 180 manatdan 250
manata, istər minimum pensiyanın 160 manatdan 200 manata çatdırılması, istər
təhsil, istərsə də digər sahələrdə çalışan işçilərin əməkhaqlarının müvafiq
olaraq 20 və 40 faiz artırılması bir daha onu göstərdi ki, dövlət başçısı hər
zaman ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılmasını düşünür və bu
istiqamətdə əməli işlər həyata keçirir. İcra başçısı son illər
ölkəmizdə, eləcə də respublikamızın bütün bölgələrində işsizliyin aradan
qaldırılması istiqamətində görülən mühüm işlərdən də söz açıb. Bu gün Qazaxda istər
şəhər mərkəzində, istərsə də kəndlərdə yerləşən və açılışı nəzərdə tutulan
obyektləri işsizliyin minimuma endirilməsi sahəsində görülən işlərin bariz
nümunəsi kimi qiymətləndirib. 3-ü sənaye müəssisəsi olmaqla 5 obyektin - ”Azərxalça” ASC tərəfindən tikilən xalça müəssəsinin,
”Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun, İkinci Şıxlı
kəndində ”İnvestel GROUP” MMC tərəfindən tikilən Aqroparkın, "Gedik
Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa
edilən "Gedik-Carçı” Elektrod Zavodunun açılışlarının nəzərdə
tutulduğunu bildirib. Bundan başqa, su-kanalizasiya
xəttinin və Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun
çəkilməsini, "Saloğlu” fərdi mebel firması tərəfindən yeni tikilən
fabrikin inşasını işsizliyin aradan qaldırılmasında atılan ən uğurlu addım kimi
göstərib. Son 3 ildə Qazaxda
qazanılan nailiyyətlərin ildən-ilə artmasını, bütün sahələr üzrə həyata
keçirilən işlərin geniş miqyas almasını bölgələrimizdəki inkişafın əyani sübutu
olaraq dəyərləndirən rayon rəhbəri 2016-cı ildən başlayaraq bu günə kimi
rayonun sosial, iqtisadi sahədə olan inkişafının artan templə yüksəldiyini
bildirib. 2016-cı ildə rayonun əkin sahəsinin 14 min hektar olduğu halda, bu
gün həmin sahənin genişləndirilərək 24 min hektara çatdırıldığını qeyd edib.
Rayonda kənd təsərrüfatı üzrə daha çox işçi qüvvəsinə böyük ehtiyac olan
sahələrin - baramaçılığın, tütünçülüyün, kartofçuluğun inkişaf etdirildiyini
vurğulayıb. Hazırda rayonda görülən
işlərdən söhbət açan rayon rəhbəri buna misal olaraq uzun illərdən bəri həlli
vacib olan məsələlərdən birinin - su-kanalizasiya sisteminin ölkə rəhbərinin
diqqət və qayğısı sayəsində öz müsbət həllini tapmasını, "Azərbaycan
Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər
planında 145 çarpayılıq rayon mərkəzi xəstəxanasının qalan
5 korpusunun inşasının salınmasını və bu gün tikintinin uğurla davam
etdirilməsini göstərib. Son illər ölkə başçısı
İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsil sahəsinə
olan yüksək diqqət və qayğısı sayəsində paytaxt Bakıda, eləcə də bölgələrimizdə
qazanılan uğur və nailiyyətlərdən danışan
rayon rəhbəri Qazax təhsilinin ildən-ilə inkişaf etdiyini bildirib. İstər
dərsin kəmiyyət göstəricisinin, istərsə də keyfiyyətinin yüksəldiyini
vurğulayıb və bu uğurun qazanılmasında Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə
Təhsil şöbəsinin nəzdində yaradılan İşçi qrupunun böyük rolunun olduğunu
diqqətə çatdırıb. İcra başçısı Dövlət Proqramında əksini tapan məktəb
tikintisindən də söz açıb. 5 illik proqramda Qazax rayonu üzrə 11 məktəb
binasının əsaslı təmirinin əksini tapdığını bildirib. Həmin proqramda təmiri
nəzərdə tutulan məktəblərdən birinin Xalq yazıçısı İsmayıl Şıxlının adını
daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin istismara yararsız
olmasının nəzərə alınaraq Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir
olunduğunu qeyd edib. Bundan başqa, həmin Dövlət Proqramında əksini tapan daha
bir məktəbin Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbin də Fond
tərəfindən əsaslı tikintisinin nəzərdə tutulduğunu və yaxın günlərdə
tikintisinə başlanılacağını vurğulayıb. Rayon rəhbəri təhsilin səviyyəsinin
yüksəldilməsində müəllim və şagirdlər üçün yaradılan şəraitin mühüm rol
oynadığını bildirib. Bu ilin fevralında istifadəyə verilən Xalq şairi Səməd
Vurğunun adını daşıyan şəhər 2 nömrəli tam orta məktəbdə yaradılan yüksək
şəraiti bu sahədə görülən işlərə nümunə göstərib. Məktəb tikintisi ilə yanaşı
rayonda mövcud olan məktəblərin cari təmir olunmasından söz açan rayon rəhbəri
Səlim Əfəndiyev adına şəhər 1 nömrəli və İsmət Qayıbov adına şəhər 3 nömrəli
məktəblərdə görülən işlərdən də danışıb. Qeyd edib ki, bu gün təhsilə olan
qayğının nəticəsidir ki, məzunlarımız yüksək nəticə göstərirlər. Bu il ali və
orta ixtisas məktəblərinə 335 nəfər məzunun qəbul olması, 15 nəfərin 600 baldan,
33 nəfərin 500 baldan yüksək nəticə göstərməsi təhsil sahəsinə göstərilən
qayğının şagirdlər tərəfindən doğruldulması deməkdir.
Çoxmənzilli yaşayış
binalarında görülən işlərdən danışan rayon rəhbəri qeyd edib ki, vətəndaşların
müraciətlərinə əsasən bu gün balansda olan 163 binadan 120-dən çoxu əsaslı
təmir olunub. Bu sahədə görülən işlər sürətlə davam etdirilir. Rayonda azyaşlı körpələrə
göstərilən diqqət və qayğıdan, gələcəyimiz olan uşaqların sağlam, hərtərəfli və
düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yeni inşa olunan və ya təmir
edilən bağçalardan söz açan icra başçısı bu sahədə görülən işlərin geniş miqyas
aldığını vurğulayıb. Rayonda olan 25 uşaq bağçasından 21-nin tam müasir
standartlara cavab verən səviyyəyə çatdırılmasını bu dediklərimizin bariz
nümunəsi kimi qiymətləndirib. İcra başçısı qeyd edib ki, təmirə ehtiyacı
olan 4 bağça qalıb ki, onlardan biri də Hüseynbəyli bağçasıdır. Digər bağçalar
kimi bu bağçanın da əsaslı təmiri nəzərdə tutulub. Rayon rəhbəri
dövlət başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması,
ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı
çoxsaylı sərəncamların Qazaxda da uğurla icra olunduğunu bildirib. Son illər
rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı
Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli,
Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər kəndlərinə yeni
asfalt yolların çəkilməsini bu sahədə görülən işlərin əyani sübutu olduğunu bildirib.
Rayon rəhbəri qəbul edilmiş 5 illik Dövlət Proqramında yol çəkilişinin
salınmasını bu sahədə görülən işlərin bundan sonra da uğurla davam etdirilməsi
kimi qiymətləndirib. Şəhidlərimizə,
onların ailə üzvlərinə olan qayğıdan danışan rayon rəhbəri bu qayğının həmişə
yüksək səviyyədə olduğunu qeyd edib. Şəhidlərimizin ailə üzvlərinə daim qayğı
ilə yanaşılmasını, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların
xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların
abadlaşdırılmasını, yenilənməsini, əsaslı şəkildə təmir edilməsini göstərilən
qayğının bariz nümunəsi kimi dəyərləndirib. Şəhərin mərkəzində yerləşən
Şəhidlər xiyabanını, orada aparılan abadlıq işlərini, ən əsası da 280-dən artıq
şəhidimizin, 7 Milli Qəhrəmanımızın adı və şəkli əks olunmuş lövhənin
vurulmasını bu istiqamətdə görülən işlərin daha bir əyani sübutu olduğunu
bildirib. İcra başçısı bu gün
havaların quraq keçməsi ilə əlaqədar rayonda suvarma və içməli suda yaşanan
mövcud vəziyyətdən də danışıb. Rayonun su mənbələri olan Ağstafaçay və Coğazçay
su anbarlarında havaların quraq keçməsi ilə bağlı suyun səviyyəsinin aşağı
düşməsini və bunun da nəticəsində rayonda su probleminin yaşandığını diqqətə
çatdırıb. Buna baxmayaraq lazım olan bütün imkanlardan istifadə edərək
sakinlərin su təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən söz
açıb. Görüşdə erkən nikahlarla
bağlı söhbət açan rayon rəhbəri bu mövzu ilə bağlı istər maarifləndirmə işinin
yüksək səviyyədə təşkil olunmasını, istərsə də ictimai qınağın olmasını,
ziyalıların, ağsaqqalların bu məsələyə münasibət bildirərək xüsusi diqqət
ayırmalarını bildirib. Sakinlərdən Kərəm Nəbiyev,
Sehran İsayeva, Novruz Alıcanov, A.Əliyev adına Hüseynbəyli kənd tam orta
məktəbin direktoru Mahirə Abbasova, məktəbin hərbi müəllimi Əyyub Əliyev çıxış
edərək onlarla mütəmadi olaraq görüşə gəldiyinə, diqqət və qayğı göstərdiyinə
görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Son 3 ildə rayonda, o
cümlədən də Hüseynbəyli kəndində görülən işlərdən danışan sakinlər abadlıq və
quruculuğu yüksək qiymətləndiriblər. Kəndə yeni asfalt yolun çəkilməsini bu gün
də razılıq hissi ilə qarşıladıqlarını qeyd ediblər. Ölkəmizdə vətəndaşlara
göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, rayon rəhbərliyinə
bütün kənd sakinləri adından bir daha öz dərin minnətdarlıqlarını bildiriblər. GOYEZEN.AZ
Facebook-da paylaş