Aşağı Əskipara kənd tam orta məktəbində “Son zəng” qeyd olunub
2018/2019-cu tədris ilində Qazax rayonunda fəaliyyət göstərən
40 ümumtəhsil məktəbindən 702 nəfər XI sinfi bitirərək məzun olub. Respublikamızın
hər yerində olduğu kimi, Qazax məktəblərində də "Son zəng” tədbirləri təşkil
olunub. İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbində təşkil olunmuş tədbirdə isə həm sevincli, həm də
kədərli anlar yaşanıb. Məzun adını qazanan onbirincilər seviniblər ona görə ki,
təhsil aldıqları məktəbi bitirib, yeni bir həyata qədəm qoyublar. Kədərləniblər
ona görə ki, bu gün Aşağı Əskipara kəndinin işğalından 27 il ötür. Bəli,
məktəblilər 14 iyun tarixini həm də Aşağı Əskiparanın işğal günü kimi qeyd
ediblər. Qazaxbəyli kəndində məcburi
köçkünlər üçün salınımış yeni qəsəbədə yerləşən Aşağı əskipara kənd tam orta
məktəbində təşkil olunmuş tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov iştirak edərək həm kəndin işğal gününü qeyd edib, həm də məzunlara
təbriklərini çatdırıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən
sonra məktəbin direktoru Yaşar Əliyev
çıxış edərək məzunları əlamətdar gün münasibətilə təbrik edib. Məktəb direktoru
qeyd edib ki, bu gün biz "Son zəng” lə yanaşı, həm də kəndimizin işğal gününü
qeyd edirik. Bu gün Aşağı Əskiparasız günlərdən 27 il ötməsinə baxmayaraq biz
sakinlər hər zaman o ağrı-acı dolu günləri xatırlayır və heç vaxt unutmuruq. O,
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin
uzaqgörən siyasəti nəticəsində tezliklə işğalda olan torpaqlarımızın, o
cümlədən də Aşağı Əskipara kəndinin azad ediləcəyini və belə tədbirlərin orada
qeyd olunacağını bildirib. O günün uzaqda olmadığını söyləyib. Sonra
torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizin, həmçinin
Aşağı Əskipara kəndindən olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla
yad olunub. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov çıxış edərək məzunları məktəbi bitirmələri münasibətilə təbrik edib,
valideyn və müəllimlərə səmimi arzularını bildirib. Respublika təhsilinə, o
cümlədən Qazax rayonunun təhsilinə Respublika Prezidenti İlham Əliyev və
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva
tərəfindən göstərilən diqqət və qayğıdan danışıb, təhsilimizin uğurlarından və
qarşıda duran vəzifələrdən söz açıb. Aşağı Əskipara kəndinin işğalından söz açan icra
başçısı Ali Baş Komandan İlham Əliyevin düşünülmüş, məqsədyönlü, müdrik siyasəti
sayəsində düşmən tapdağında olan rayonlarımızın, eləcə də Qazaxın işğal altında
olan Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kəndlərinin azad ediləcəyini qeyd edib. Rayon
rəhbəri bildirib ki, 2016-cı ilin Aprel döyüşləri bunu söyləməyə əsas verir.
Çünki həmin döyüş düşmənə, həmçinin bütün dünyaya sübut etdi ki, Azərbaycanın
güclü ordusu var. Hər an öz torpaqlarını işğaldan azad etməyə qadir olan mərd
və igid oğulları var. İcra başçısı bildirib
ki, bu gün 7 kəndi hələ də düşmən işğalında
olan Qazax rayonunda vətənpərvərlik hissi, döyüş ruhu hər zaman yüksək səviyyədədir.
Qazaxlı gənclərdə ən ali səviyyədə olan bu hiss sayəsində bu gün Qazax
rayonu yüzlərlə şəhid verib. 280-dən çox şəhidi olan, 7 nəfər igid
oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Qazaxda hər bir gənc
torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək
şəhidlik zirvəsinə ucalmağa hazırdır. Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini
Gulaya Həsənova, Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı çıxış edərək məzunları
təbrik edib, onlara ən xoş arzularını bildiriblər. Aşağı Əskiparanın işğal günü
ilə bağlı ürək sözlərini çatdıraraq növbəti "Son zəng”in Aşağı Əskipara
kəndində keçirilməsini arzu ediblər. "Son zəng” münasibətilə təşkil olunmuş tədbirdə məktəbin
təqaüdə çıxan ibtidai sinif müəllimi Dilarə Alıyeva da təbrik olunub.
Məktəblilərin üzərində böyük əməyi olan Dilarə müəlliməyə məktəb kollektivi
adından hədiyyə təqdim edilib. Daha sonra söz məktəblilərə verilib. İstər
onbirincilərin, istərsə də onlardan estafeti alan birincilərin bir-birindən
rəngarəng çıxışları alqışlarla qarşılanıb. Məktəbin direktoru Yaşar Əliyev sonda bir daha Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova məzunları təbrikə gəldiyi üçün məktəb kollektivi adından öz dərin
minnətdarlığını bildirib.
GOYEZEN.AZ
Facebook-da paylaş