Orta Salahlı kəndində sakinlərlə səyyar görüş keçirilib
Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov mütəmadi olaraq səyyar görüşlər
keçirir, sakinlərin müraciətlərini yerində dinləyərək qaldırılan hər bir
məsələyə diqqət və qayğı ilə yanaşır. Rayon rəhbərinin istər şəhər, istərsə də
kənd sakinləri ilə keçirdiyi görüşlər artıq bir ənənə şəklini alıb. İcra
başçısı 3 ildir ki, həmin ənənəni uğurla davam etdirir. Bu gün rayon
rəhbəri növbəti səyyar görüşü Orta Salahlı kəndində
keçirib. Görüşdə kənd sakinləri ilə yanaşı, aidiyyəti idarə, müəssisə və
təşkilatların rəhbərləri də iştirak edib. Ölkə başçısı
İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq keçirilən bu görüşdə də
respublikamızda, Qazaxda, eləcə də rayonun kəndlərində qazanılan uğur və nailiyyətlərdən,
görülən işlərdən, qarşıda duran vəzifələrdən danışılıb. Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək görüş iştirakçılarını
salamlayıb, görüşün məqsəd və əhəmiyyətindən danışıb. İcra başçısı əvvəlki
görüşdə olduğu kimi, bugünkü görüşün də əsas məqsədinin sakinləri narahat edən
məsələləri öz dillərindən eşitmək və həlli istiqamətində əməli işlər görmək
olduğunu bildirib. Qeyd edib ki, kənddəki mövcud vəziyyəti öyrənmək, həlli
mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu
halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır. İcra başçısı son
3 ildə Qazaxda da genişmiqyaslı tikinti-quruculuq işlərinin aparıldığını, elm,
təhsil, səhiyyə, mədəniyyət, idman, eləcə də bir çox sahələrdə uğurlu
nəticələrin əldə olunduğunu bildirib. Hazırda rayonda
aparılan tikinti işlərindən söz açan rayon rəhbəri buna misal olaraq mərkəzi
xəstəxana binasının tikintisini göstərib. "Azərbaycan Respublikası
regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata
keçirilməsi üzrə hazırlanmış tədbirlər planında 145 çarpayılıq rayon
mərkəzi xəstəxanasının qalan 5 korpusunun inşasının öz əksini tapmasını
dövlətin və dövlət başçısının qazaxlılara verdiyi yüksək qiymət kimi
dəyərləndirib. İcra başçısı
qeyd edib ki, Qazaxda uzun illərdən bəri həlli vacib olan məsələlərdən biri
rayonun su-kanalizasiya sisteminin çəkilməsi idi. Artıq bu məsələ də ölkə
başçısının diqqət və qayğısı sayəsində öz müsbət həllini tapıb və çəkilişlər
davam edir. Rayon rəhbəri bu sahədə işlərin keyfiyyətlə aparılması üçün rayon
ziyalılarından, idarə, müəssisə və təşkilat rəhbərlərindən, aidiyyəti
şəxslərdən ibarət işçi qrupunun yaradıldığını və həmin işlərə daim nəzarət
edildiyini diqqətə çatdırıb. Rayon
rəhbəri bildirib ki, bu gün tam əminliklə deyə bilərik ki, Qazaxda
tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb. 2016, 2017, 2018-ci
illərə, eləcə də cari ilin birinci yarımilinə nəzər yetirsək görürərik ki, son
illər abadlıq, quruculuq işləri daha çox olub. Rayonumuzda "Azərxalça” ASC
tərəfindən xalça müəssisəsi tikilib, "Mətanət A” şirkəti tərəfindən inşa
edilmiş Əhəng zavodu, İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC
tərəfindən tikilən Aqro Park, "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən
inşa edilən "Gedik-Carçı” Elektrod Zavodu istifadəyə tam hazırdır. Rayon rəhbəri vurğulayıb ki,
istər kənd təsərrüfatı, istərsə də sənaye sahəsində yaradılan bu sosial
obyektlər iş yerlərinin yaradılması baxımından da böyük əhəmiyyət kəsb edir.
Belə ki, bu sosial obyektlərin inşası xeyli sayda rayon sakininin işlə təmin
olunması, vətəndaşların maddi rifah halının yaxşılaşdırılması deməkdir. Rayon rəhbəri dövlət başçısının respublika və yerli əhəmiyyətli
yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi
ilə bağlı imzaladığı çoxsaylı sərəncamların Qazaxda da uğurla icra olunduğunu
bildirib. Son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli,
Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş
Salahlı-Ürkməzli-Dəmirçilər kəndlərinə yeni asfalt yolların çəkilməsini bu sahədə görülən işlərin
əyani sübutu olduğunu bildirib. İcra başçısı qeyd edib ki, təmirə ehtiyacı olan
Fərəhli, İkinci Şıxlı, Alpout, Xanlıqlar, Ağköynək kəndlərində də yenidənqurma işlərinin nəzərdə tutulduğunu diqqətə çatdırıb. Təhsil
sahəsində qazanılan uğurlardan danışan rayon rəhbəri ötən il qəbul
imtahanlarının nəticələrinə görə rayonumuzun 3-cü yerdə olduğunu vurğulayıb. Rayonda
məktəb tikintisi sahəsində görüləcək işlərdən danışan icra başçısı qəbul olunmuş
5 illik Dövlət Proqramına həmin illər üzrə 11 məktəb binasının əsaslı təmir
olunmasının salındığını bildirib. O cümlədən də həmin məktəblərdən birinin məhz
Orta Salahlı kənd tam orta məktəbinin olduğunu vurğulayıb.
Rayon
rəhbəri uzun illərdən bəri mövcud olan su probleminin də zaman-zaman
aradan qaldırıldığını bildirib. Ölkə başçısının bu sahəyə olan qayğısı
sayəsində son illər rayonun Qazaxbəyli,
Ürkməzli, Xanlıqlar, Alpout, Kəmərli, Orta Salahlı, Daş Salahlı, Bala Cəfərli,
Ağköynək, Qarapapaq, Çaylı, Bala Çaylı kəndlərinə
içməli su çəkildiyini qeyd edib. Əvvəlki illərdə rayonda suvarma ilə bağlı
görülən işləri, xüsusilə də subartezian quyularının qazılması sahəsində atılan
uğurlu addımları qeyd edən rayon rəhbəri həmin işlərin 2019-cu ildə də davam
etdiriləcəyini bildirib. "Əkin sahələrinin suvarma suyu ilə təminatının
yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə
tədbirlər haqqında” Respublika Prezidentinin 12 fevral 2019-cu il tarixli
Sərəncamını həmin məqsədyönlü işlərin əyani sübutu kimi dəyərləndirib. Rayon rəhbəri qeyd edib ki,
bu gün kənddə mövcud olan problemlərdən biri də Kür çayının sağ sahilində
sahilbərkitmə işlərinin aparılmasıdır. İcra başçısı Dövlət Proqramında 5 il
müddətində daha 21 ədəd subartezian quyusunun qazılması ilə yanaşı, Birinci Şıxlı, İkinci Şıxlı, Yuxarı Salahlı və Orta
Salahlı kəndlərində Kür çayının sağ sahilində sahilbərkitmə işlərinin
aparılmasının nəzərdə tutulduğunu vurğulayıb. İcra başçısı rayonda
azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, uşaqların sağlam, hərtərəfli
və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitdən də söz
açıb. Rayonda olan 25 uşaq bağçasından 20-nin tam müasir standartlara cavab
verən səviyyəyə çatdırılmasını bu dediklərimizin bariz nümunəsi kimi
qiymətləndirib. Rayon rəhbəri Qazaxbəyli kənd uşaq bağçasının bu yaxınlarda
əsaslı təmirdən sonra istifadəyə verilməsini qeyd edərək bu sahədə görülən
işlərin bundan sonra da davam etdiriləcəyini bildirib. İcra
başçısı Orta Salahlı kəndində də bağçanın olması üçün bu istiqamətdə məqsədyönlü
işlərin görüləcəyini söyləyib. Ölkə Prezidenti
İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamların əhəmiyyətindən söz
açan icra başçısı həm 2018-ci ilin axırının, həm də 2019-cu ilin əvvəlinin
Qazax rayonu üçün əlamətdar hadisələrlə yadda qaldığını vurğulayıb. 3 noyabr
2018-ci il tarixli Sərəncamda Qazax Müəllimlər Seminariyasının, 28 yanvar
2019-cu il tarixli Sərəncamda Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik
yubileylərinin respublika səviyyəsində qeyd olunması xəbərini hər bir
qazaxlının minnətdarlıq hissi ilə qarşıladığını diqqətə çatdırıb. Bu il 80
illiyini qeyd etdiyimiz Xalq şairi Vaqif Səmədoğlunun yubileyi ilə əlaqədar
olaraq Heydər Əliyev Fondunun Prezidenti, Birinci vitse-prezident Mehriban
xanım Əliyevanın təşəbbüsü ilə şəhərin mərkəzində yerləşən "Fəxri
qazaxlılar” parkında büstünün qoyulmasını dövlətin qazaxlı ziyalılara verdiyi
dəyərin ən bariz nümunəsi olduğunu qeyd edib. İmzalanmış həmin ali sərəncamlara
və büstün qoyulmasına görə ziyalılar adından bir daha ölkə başçısına, Mehriban xanıma
minnətdarlığını bildirib. Rayon rəhbəri həmin sərəncamların icrasından irəli
gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində görülən işlərdən də söz
açıb. Yubiley tədbirlərinə xüsusi hazırlıq işlərinin görüldüyünü və silsiləli
şəkildə davam etdiyini diqqətə çatdırıb. Bu yaxınlarda Xalq şairi Vaqif
Səmədoğlunun anadan olmasının 80 illiyinin də qeyd olunduğunu vurğulayıb. "Bu
gün ölkə başçısı tərəfindən müstəqil Azərbaycan dövlətinin yürütdüyü
məqsədyönlü siyasətin təməlində vətəndaş amili dayanır”, - deyən icra başçısı
vətəndaş amilinin Qazaxda da hər zaman diqqət mərkəzində saxlanıldığını, son 3
ildə ölkə başçısının tapşırığına əsasən sakinlərlə keçirilən səyyar görüşlərin,
fərdi qəbulların, vətəndaşların müraciətlərinə yerində baxış keçirilməsinin
məhz bu məqsədə xidmət etdiyini vurğulayıb. Kənd
ağsaqqalı Nəbi Babacanov, sakinlərindən Rəcəb Abdulkərimov, Mahir Şahnəzərov, Firdovsi
Xiyalov, S.Hacıyev adına Orta Salahlı kənd tam
orta məktəbin direktoru Afiq Məmmədov, məktəbin riyaziyyat müəllimi Aytəkin Məmmədli
və başqaları çıxış edərək respublikamızda, Qazax
rayonunda, eləcə də kəndlərdə görülən genişmiqyaslı işlərə görə Respublika
Prezidenti İlham Əliyevə bütün kənd sakinləri adından dərin minnətdarlıqlarını
bildiriblər. Son 3 il ərzində Qazaxda həyata keçirilən abadlıq və quruculuq işlərini
böyük sevinc hissi ilə qarşıladıqlarını diqqətə çatdırıblar. Onlarla
mütəmadi olaraq keçirilən səyyar görüşləri yüksək qiymətləndirən kənd sakinləri
minnətdarlıqla yanaşı, öz arzu və istəklərini çatdırıb, onları narahat edən bir
sıra məsələlərdən də söz açıblar. Vətəndaşlar tərəfindən səsləndirilən kənddəki
artezian quyuları, elektrik və rabitə xətləri, SİP kabelləşmə, məktəb tikintisi
və s. məsələlərlə bağlı müraciətləri dinləyən rayon rəhbəri qaldırılan hər bir
məsələyə diqqətlə baxılacağını bildirib. Bununla bağlı məsələnin yerində baxış
keçirilməsi, araşdırılması və nəzarətə götürülməsi barədə aidiyyəti üzrə tapşırıq
verib. İcra
başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq bildirib ki, ölkə başçısı İlham
Əliyevin siyasətinin təməlində xalqa xidmət dayanır. Biz də öz işlərimizi həmin
təməl üzərində quraraq uğurla həyata keçiririk. Siz sakinlərlə keçirilən
bugünkü görüş də bunun bariz nümunəsidir.
GOYEZEN.AZ
Facebook-da paylaş