Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilir YENİLƏNİB 4 VİDEO
GOYEZEN.AZ AZƏRTAC-a istinadən bildirir ki, bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakıda ümumxalq yürüşü keçirilir. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yürüşdə iştirak ediblər. Paytaxtın Azadlıq meydanından Xətai rayonunda ucaldılmış abidəyə doğru hərəkətə başlayan və on minlərlə insanın iştirak etdiyi ümumxalq yürüşünün məqsədi Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək, erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Ön sırada Prezident İlham Əliyevin və birinci xanım
Mehriban Əliyevanın olduqları ümumxalq yürüşünün iştirakçıları qanlı qırğının
günahsız qurbanlarının - xüsusi qəddarlıqla qətlə yetirilmiş uşaqların,
qadınların və qocaların portretlərini, 27 il əvvəl törədilmiş hadisələrin
dəhşətli səhnələrini əks etdirən fotoşəkilləri, faciənin təqsirkarlarından
cavab tələb etmək, onları cəzalandırmaq, bu soyqırımına beynəlxalq səviyyədə
siyasi-hüquqi qiymət vermək barədə çağırışlar və soyqırımı qurbanlarının
adlarının, soyadlarının əks olunduğu Azərbaycan, rus, ingilis dillərində
plakatlar və transparantlar tutmuşdular. Marşrut boyunca yolların
kənarlarındakı monitorlarda, binaların fasadlarında və eyvanlarında "Dünya
Xocalı soyqırımını tanımalıdır!”, "Xocalıya ədalət!”, "Xocalını unutmayın!”,
"Rədd olsun erməni faşizmi!”, "Xocalı – XX əsrin soyqırımı”, "Cinayətkarlar
cəzasız qalmayacaqlar!”, "Xocalı soyqırımı – 27 il”, "Xocalı soyqırımı
bəşəriyyətə qarşı cinayətdir”, "Xocalı, sözün bitdiyi yer”, "Viran edilən
Xocalı yenidən dirçələcək” və s. şüarlar nümayiş etdirilirdi. Ümumxalq yürüşü iştirakçılarının hüznlü çöhrələrinə
baxanda görünürdü ki, ötən 27 il Xocalının dinc sakinlərinə qanlı divan
tutulmasının dəhşətlərini yaddaşlardan silə bilməyib. Bircə gecədə yerlə yeksan
edilmiş bu Azərbaycan şəhərinin adı indi Xatın, Liditse və Sonqmi ilə qoşa
çəkilir. Bütövlükdə bu ümumxalq yürüşü Azərbaycanın Xocalı
soyqırımı ilə bağlı apardığı genişmiqyaslı işin növbəti mərhələsidir. Dünya
Xocalı qırğını haqqında əsl həqiqəti bilməli, başa düşməlidir ki, XX əsrin
sonunda bütün sivil bəşəriyyətin gözü qarşısında törədilmiş bu vəhşiliyə
laqeydlik, yüzlərlə dinc insanın ölümündə təqsirkar olanların cəzalandırılmaması
belə faciələrin planetin hər bir nöqtəsində təkrarlanmasına gətirib çıxara
bilər. Bu yürüş həm də Azərbaycan xalqının sıx birliyini, onun öz şəhidlərinin
xatirəsinə ehtiramını, işğal altındakı torpaqların azad olunması və ölkəmizin
ərazi bütövlüyünün bərpası üçün əlindən gələni etmək əzmini nümayiş etdirdi. x x x Xocalı soyqırımı qurbanlarının abidəsinin ətrafında
fəxri qarovul dəstəsi və tər çiçəklər düzülmüşdü. Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin
önünə əklil qoydu, faciə qurbanlarının xatirəsini ehtiramla yad etdi. Birinci vitse-prezident xanım Mehriban Əliyeva, Baş
nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva abidənin önünə tər güllər
qoydular. Dövlət və hökumət rəsmiləri, Milli Məclisin
deputatları, nazirlər, komitə və şirkətlərin rəhbərləri, diplomatik korpusun
nümayəndələri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola
bilmiş Xocalı sakinləri də abidənin önünə güllər düzdülər. x x x Ümumxalq yürüşündə Rusiyadan gələn nümayəndə heyəti
də iştirak edirdi. Prezident İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva Rusiyadan gələn nümayəndə heyəti ilə görüşüb söhbət etdilər. Heyətə Rusiya Federasiyası Dövlət Dumasının
beynəlxalq əlaqələr üzrə komitəsinin sədr müavini, dünya şöhrətli idmançı İrina
Radnina, Dövlət Dumasının təhlükəsizlik və korrupsiya əleyhinə komitəsi
sədrinin birinci müavini Dmitri Savelyev, Dövlət Duması Federal Məslisinin
ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin sədr müavini Oksana Puşkina,
Dövlət Dumasının dövlət əhəmiyyətli tikinti və qanunvericilik üzrə komitəsi
sədrinin birinci müavini Mixail Yemelyanov, Dövlət Dumasının deputatları
Tatyana Sibizova, Denis Parfenov və Aleksey Juravlev, Rusiya Siyasi Tədqiqatlar
İnstitutunun direktoru, Azərbaycanın dostları qrupunun əlaqələndirisici,
tanınmış politoloq Sergey Markov və həmin institutun MDB ölkələri
departamentinin rəhbəri Aleksey Bıçkov, hərbi ekspert, "Milli müdafiə”
jurnalının baş redaktoru İqor Korotçenko, rusiyalı yazıçı, rejissor Aleksandr
Rusnak, Rusiya Hökuməti yanında Maliyyə Universitetinin sosiologiya və
politologiya fakültəsinin dekanı Aleksandr Şatilov daxildir. Sonra Prezident İlham Əliyev Rusiyanın "Rossiya-24”
kanalına müsahibə verdi. x x x Tarixi faktlar göstərir ki, azərbaycanlılar erməni
millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq
siyasətinə məruz qalaraq, əzəli torpaqlarından didərgin salınıb, qaçqın və
məcburi köçkünə çevriliblər. "Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilər
öz məqsədlərinə çatmaq üçün xarici himayədarların köməyi ilə müxtəlif vaxtlarda
azərbaycanlılara qarşı terror və soyqırımı həyata keçirməklə etnik təmizləmə
siyasəti aparıblar. Təkcə XX əsrdə azərbaycanlılar dörd dəfə – 1905-1906-cı,
1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə soyqırımı və etnik
təmizləmələrə məruz qalıblar. SSRİ-nin süqutundan dərhal sonra isə yenicə
yaranmış Ermənistan Respublikasının ilk addımları dövlət səviyyəsində zor
tətbiqi və Azərbaycan Respublikasına qarşı təcavüzkar müharibə etməkdən ibarət
oldu. Bütün bunların nəticəsində Azərbaycan Respublikası ərazilərinin təqribən
beşdəbiri işğal edildi, zəbt olunmuş torpaqlarda və Ermənistanın öz ərazisində
bir milyondan artıq köklü azərbaycanlı etnik təmizləməyə məruz qaldı. Bu
təcavüz zamanı mülki azərbaycanlı əhaliyə qarşı çoxsaylı müharibə, insanlıq
əleyhinə cinayətlər, o cümlədən soyqırımı aktları törədildi. Bu cinayətlərə
görə məsuliyyəti məhz təcavüzkar tərəf olan Ermənistan Respublikası daşıyır. Müharibənin gedişinin ən faciəvi səhifəsi Xocalı
şəhərinin işğalı oldu. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən bu
şəhərdə müharibədən əvvəl 7 min insan yaşayırdı. 1991-ci ilin oktyabrından
şəhər Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə mühasirəyə alındı. 1992-ci
il fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca
Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi
ilə Xocalını işğal etdilər. İşğalçılar Xocalını darmadağın edərək xüsusi
amansızlıqla onun dinc əhalisinin soyqırımını törətdilər. Bu müdhiş soyqırımı zamanı 613 nəfər, o cümlədən
106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 1275 insan əsir və
girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68
qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qırğın zamanı 487 nəfər
müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 8 ailə tam məhv edilib, 130
uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. Həmin
insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə
amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər.
Ermənistan silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə
əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dollarından artıq
ziyan vurulub. Ermənistan tərəfindən Azərbaycan Respublikasına
qarşı başlanan müharibənin səbəbləri və nəticələrinin ümumi qiymətləndirilməsi,
Xocalıdakı faciəvi hadisələrin bütün mövcud faktları qəti şəkildə sübut edir
ki, Azərbaycanın bu şəhərində törədilmiş cinayətlər sıradan və təsadüfi hərəkət
deyil, Ermənistanın sistemli zorakılıq siyasətinin tərkib hissəsi olub.
Xocalıdakı mülki insanların məqsədyönlü qırğını sadəcə azərbaycanlı olduqları
üçün onların kütləvi məhvinə yönəlmişdi. Beynəlxalq hüquqa görə belə hərəkətlər
"soyqırımı” anlayışına uyğundur və dünya ictimaiyyəti tərəfindən bu cür
tanınmalıdır. Azərbaycan Respublikasına qarşı davam edən təcavüz
fonunda Ermənistan tərəfindən törədilmiş müharibə, insanlıq əleyhinə cinayətlər
və Xocalı soyqırımı insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə
1949-cu il Cenevrə konvensiyaları, Soyqırımı cinayətinin qarşısının alınması və
cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar haqqında
Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt,
İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və
cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv
edilməsi haqqında beynəlxalq Konvensiya, Uşaq hüquqları haqqında Konvensiya və
İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi
şəkildə pozulmasıdır. Xocalı haqqında
həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı
kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə
məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi
hakimiyyətə qayıdandan sonra başlanıb. Ulu Öndərin təşəbbüsü ilə Xocalı
soyqırımına siyasi-hüquqi qiymət verilib, fevralın 26-sı Xocalı Soyqırımı Günü elan
edilib. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın
təşəbbüsü ilə başlanmış "Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu
istiqamətdə təbliğat işini daha da fəallaşdırıb. Faciə ilə əlaqədar dəhşətli
faktlar bu kampaniya çərçivəsində aparılan işlər sayəsində geniş beynəlxalq
ictimaiyyətə çatdırılıb, planetin bütün guşələrində milyonlarla insan erməni
millətçilərinin əsl simasına bələd olub, biliblər ki, ermənilər öz sərsəm
ideyalarını həyata keçirmək naminə heç nədən, hətta uşaqları belə qətlə
yetirməkdən çəkinmirlər. Xocalı soyqırımının dünya miqyasında tanıdılması
istiqamətində aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı
Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama,
Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində
Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib.
Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya
parlamentləri, eləcə də ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları
Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər. Avropa
İnsan Haqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalının
azərbaycanlılardan ibarət mülki əhalisinin qətlə yetirilməsinin "müharibə
cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən
xüsusilə ağır əməllər” olduğunu müəyyən edib. Hər il olduğu kimi, bu il
də Heydər Əliyev Fondunun dəstəyi ilə dünyanın müxtəlif ölkələrində Xocalı
soyqırımı qurbanlarının xatirəsini anma mərasimləri keçirilib. Bu aksiyaların
iştirakçılarına Fond tərəfindən hazırlanmış, Qarabağın və Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin tarixindən bəhs edən materiallar, bukletlər,
fotoalbomlar və kitablar paylanılıb. Aksiyalar çərçivəsində ermənilərin
vəhşiliklərindən bəhs edən sənədli filmlər nümayiş etdirilib, rəsm sərgiləri
təşkil olunub. Qardaş Türkiyədə, ABŞ-da, Almaniyada, Avstriyada, Belçikada,
Gürcüstanda, Hollandiyada və digər ölkələrdə keçirilən mitinqlər, anım
tədbirləri, konfranslar, sərgilər, müsabiqələr ictimaiyyət arasında böyük
əks-səda doğurub. Xocalı soyqırımının 27-ci
ildönümü ilə əlaqədar Bakıda növbəti ümumxalq yürüşü dünya ictimaiyyətinə bir
mesajdır ki, Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına
imkan verməyəcək, ərazi bütövlüyünü bərpa edəcək. Hər kəsə aydın olmalıdır ki,
Xocalı soyqırımını törədənlərin cəzasız qalması, münaqişənin nizama salınmaması
nəinki Cənubi Qafqaz regionunda, həm də bütün dünyada sülh və sabitlik üçün
təhlükə törədir. Bunu 2016-cı il aprel ayının əvvəllərində cəbhə xəttində baş
vermiş hadisələr bir daha sübut edir. Ermənistan silahlı qüvvələri növbəti
təxribatlara əl ataraq, cəbhə xətti boyunca yerləşən yaşayış məntəqələrini
güclü atəşə tutdular. Azərbaycan Silahlı Qüvvələri dinc sakinlərin
təhlükəsizliyini təmin etmək üçün cavab tədbirləri görməyə məcbur oldu.
Genişmiqyaslı hərbi əməliyyatlar nəticəsində Azərbaycan torpaqlarının bir
hissəsini işğalçılardan təmizlədi. Xalqımızın, dövlətimizin, ordumuzun mübarizə
əzminin yenilməzliyini təsdiq edən 2016-cı ilin aprel döyüşləri və ötən ilin
mayında Naxçıvan əməliyyatı sübut etdi ki, torpaqlarımız yağı düşməndən azad
ediləcək, şəhidlərimizin qanı yerdə qalmayacaq. x x x Bütün gün ərzində Xocalı soyqırımı qurbanlarının abidəsi önünə insan axını davam etdi. On minlərlə insan soyqırımı abidəsini ziyarət etdi. Abidənin önünə tər çiçəklər qoyuldu, şəhidlərin ruhuna dualar oxundu.Azərbaycan Prezidenti İlham Əliyev yürüşdə iştirak edib
Facebook-da paylaş