Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfrans keçirilib YENİLƏNİB VİDEO
Prezident İlham Əliyev konfransda iştirak edib Yanvarın 29-da "Azərbaycan Respublikası regionlarının
2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının
yekunlarına həsr olunan konfrans keçirilib. GOYEZEN.AZ saytı AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev konfransda iştirak edib. Dövlətimizin başçısı konfransda giriş nitqi söyləyib. Prezident İlham Əliyevin giriş nitqi - Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət
Proqramının icrası təmin edildi. Beş il bundan əvvəl qəbul edilmiş proqram
artıqlaması ilə yerinə yetirildi. Son beş il ərzində qarşımıza qoyduğumuz bütün
vəzifələr icra olundu. Üçüncü proqramın çox böyük əhəmiyyəti var. Bu proqram
bizə imkan yaratdı ki, regionlarda əvvəlki illərdə aparılan islahatlara,
görülən işlərə yeni təkan verək. Bildiyiniz kimi, Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı
proqramlarının qəbul edilməsi mənim 2003-cü ildə prezident seçkiləri ərəfəsində
verdiyim vədlərimdən biri idi. O vaxt demişdim ki, əgər Azərbaycan xalqı mənə
etimad göstərərsə, ilk növbədə, regionların inkişafı ilə məşğul olacağam,
bölgələrdə olan problemlərin həlli işində öz səylərimi əsirgəməyəcəyəm. 2004-cü
ilin fevral ayında birinci proqram qəbul olundu və bu gün müzakirə etdiyimiz
proqram sayca üçüncüdür. Beləliklə, görülmüş işlər haqqında danışanda əlbəttə ki, biz son
15 il ərzində yerinə yetirilmiş işlərə nəzər salmalıyıq. Bu işlər həm real
həyatda, həm rəqəmlərdə, həm də dəyişən, abadlaşan şəhərlərdə özünü göstərir. Son
15 il ərzində Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templərlə
inkişaf etmiş, ümumi daxili məhsul 3,3 dəfə artmışdır. Bir daha demək
istəyirəm, bu, dünya miqyasında rekord göstəricidir. Sənaye istehsalı 2,6 dəfə
artmışdır. İxracımız 4,7 dəfə, valyuta ehtiyatlarımız 24 dəfə artıb və bu gün
45 milyard dollar təşkil edir. Yəni, bu, onu göstərir ki, Azərbaycan
regionlarına və eyni zamanda, neft-qaz sektoruna, Bakı şəhərinin inkişafına
böyük vəsait qoyulmasına baxmayaraq, biz öz valyuta ehtiyatlarımızı 24 dəfə
artıra bilmişik. Bu, bizə imkan verir ki, gələcəyə çox böyük ümidlərlə baxaq.
Azərbaycan iqtisadiyyatı bu gün dayanıqlı iqtisadiyyatdır. Aparılan uğurlu siyasət ölkəmizə böyük həcmdə vəsaitin, sərmayənin
yatırılmasına gətirib çıxardı. 15 il ərzində Azərbaycana təxminən 250 milyard
dollar sərmayə qoyuldu və bu sərmayənin yarısı xarici investisiyadır. Yəni,
xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir. Azərbaycanda mövcud
olan sərmayə iqlimi xarici investorları həvəsləndirir. Bir faktı da diqqətinizə çatdırmaq istəyirəm. İlk dəfə Azərbaycan
Dünya Bankının "Doing Business” hesabatında 2006-cı ildə qeyd olundu və o vaxt
Azərbaycan 98-ci yerdə qərarlaşdı. Aparılan köklü islahatlar, investisiya
iqliminin yaxşılaşdırılması nəticəsində son hesabatda Azərbaycan dünya
miqyasında 25-ci yerdədir. Yəni, bu, deməyə əsas verir ki, bundan sonra da həm
daxili, həm xarici investorlar Azərbaycana böyük həcmdə sərmayə qoyacaqlar.
Beləliklə, bu sərmayə imkan verəcək ki, bundan sonra da iş yerləri, yeni müəssisələr
yaradılsın və ölkəmiz inamla inkişaf etsin. Son 15 il ərzində 2 milyon yeni iş yeri yaradılmışdır. Əhalinin sayı isə 1,6 milyon artmışdır. Bu da çox gözəl göstəricidir.
Əhali nə qədər çox olarsa, ölkəmiz də o qədər sürətlə inkişaf edər. Ancaq, əlbəttə,
biz bundan sonra da işimizi elə görməliyik ki, iqtisadi inkişaf, iş yerlərinin
yaradılması əhalinin artımından daha da sürətlə getsin, artan əhali işlə təmin
olunsun. Yeni iş yerlərinin yaradılması regionların sosial-iqtisadi inkişafı
proqramlarının tərkib hissəsi idi və qeyd etdiyim kimi, 2 milyon iş yeri
yaradılıb. Bu iş yerlərinin böyük hissəsi bölgələrin payına düşür. Kənd
təsərrüfatı 1,7 dəfə artıb və əminəm ki, bundan sonra artım daha sürətli
olacaq. Bir
sözlə, bizim bütün iqtisadi göstəricilərimiz deməyə əsas verir ki, Azərbaycan
son 15 il ərzində çox uğurla, inamla inkişaf edib. Artan iqtisadi imkanlarımız
bizə şərait yaratdı ki, sosial məsələlərə də çox böyük diqqət yetirək. Bir neçə
rəqəmi səsləndirmək istərdim. Son 15 il ərzində maaşlar 7, pensiyalar 9 dəfə
artıb. Son 15 ildə 3 min 200-dən çox məktəb əsaslı təmir edilib və ya yenidən
tikilib, 640 tibb müəssisəsi tikilib və yenidən qurulub, bölgələrdə 44 olimpiya
mərkəzi yaradılmışdır. Bu, bir daha onu göstərir ki, bizim siyasətimiz sosialyönümlüdür
və əldə edilmiş gəlirləri biz, ilk növbədə, sosial sahələrə yönəldirik. Məcburi
köçkünlərin problemləri həmişə diqqət mərkəzində olmuşdur, bu gün də belədir.
Son illər ərzində yüzdən çox köçkün şəhərciyi tikilib, köçkünlərə təqdim
edilib. Şəhid ailələri, müharibə veteranları, müharibə əlilləri üçün 6650
mənzil təqdim edilmişdir və bu proses davam etdirilir. Bu kateqoriyadan olan
vətəndaşlar evlərlə təmin olunacaqlar. Yəni, Azərbaycan sosial sahəyə çox böyük
diqqət göstərən ölkədir. Biz ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərini sosial
ədalət prinsipləri ilə birləşdirə bildik və hesab edirəm ki, Azərbaycanın
uğurlu inkişafı məhz buna söykənir. Son
15 il ərzində dünyada müxtəlif proseslər gedib, dünya çox dəyişib. On beş il
əvvəl vəziyyət tam fərqli idi, bu gün isə risklər, təhdidlər, münaqişə,
müharibə ocaqları artır və bu meyil əfsuslar olsun ki, güclənir. Bizim
bölgəmizdə, Yaxın Şərqdə, MDB məkanında, yaşadığımız regionda çox təhlükəli
proseslər gedirdi və bu gün də gedir. Bu proseslər böyük fəlakətlərə gətirib
çıxarıb. Milyonlarla insan müharibələrdən əziyyət çəkir. Milyonlarla insan
həlak olub, yaralanıb, itkin düşüb, qaçqın-köçkün vəziyyətinə düşüb. Bəzi
ölkələrin əksər hissələri tamamilə dağıdılıb. Bu, böyük humanitar fəlakətdir.
Biz demək olar ki, hər gün kütləvi informasiya vasitələrində bunu izləyirik və
bu meyil əfsuslar olsun ki, davam edir. Bütün bu mənfi mənzərə fonunda bizim
hökumət öz inamlı dinamik inkişaf strategiyasını icra edərək ölkəmizi irəliyə
aparır. Azərbaycan
sabitlik, təhlükəsizlik məkanıdır. Yaxın tarix əyani şəkildə göstərdi ki,
sabitlik pozulanda ölkələr çox pis vəziyyətə, idarəolunmaz vəziyyətə düşür,
iqtisadiyyat çökür, sənaye iflic olur, insanlar əziyyət çəkir və sonra bu
vəziyyətdən çıxmaq üçün onilliklər lazım olur. Azərbaycanın uğurlu inkişaf
modelinin əsas qayəsi ondadır ki, ölkəmizdə aparılan siyasət xalq tərəfindən
dəstəklənir. Çünki bu siyasət xalqımızın rifah halının yaxşılaşmasına
hesablanıb. Bu siyasət ölkəmizin güclü dövlətə çevrilməsinə hesablanıb. Məhz bu
siyasət nəticəsində bu gün Azərbaycan dünyanın müxtəlif kürsülərindən öz sözünü
açıq deyir, öz müstəqil siyasətini aparır, öz maraqlarını tam şəkildə qoruyur. Azərbaycanda
aparılan iqtisadi, siyasi islahatlar, ölkəmizin güclənməsi bizə dünyada gedən
riskli proseslərdən özümüzü qorumağa imkan yaratdı. Bir daha demək istəyirəm,
bizim xarici siyasətimizin əsas məqsədi ondan ibarətdir ki, xaricdən gələn
mümkün risklərin idarə olunmasına, azaldılmasına, aradan qaldırılmasına imkan
versin. Biz buna nail oluruq. Son 15 il ərzində Azərbaycan xalqı əmin-amanlıq
şəraitində yaşayır. Azərbaycan xalqı rahat yaşayır, qurur, yaradır. Hesab
edirəm ki, hər bir vətənpərvər insan öz ölkəsi ilə, bugünkü Azərbaycan ilə
haqlı olaraq fəxr edə bilər. Qeyd
etdiyim kimi, biz 15 il ərzində biznes mühitinin yaxşılaşdırılması ilə bağlı
böyük addımlar atdıq. Sahibkarlığın inkişafına böyük dəstək verdik. Təkcə
güzəştli şərtlərlə sahibkarlara verilən kreditlərin məbləği 2 milyard manatı
ötüb. Sevindirici hal ondan ibarətdir ki, dövlət büdcəsindən bu məbləğin cəmi
bir milyard manatı ayrılmışdır. Qalan bir milyard manatdan çox vəsait verilmiş
və qaytarılmış kreditlər hesabına yenidən kredit şəklində verilib. Beləliklə,
biz kifayət qədər böyük maliyyə resursu yaratmışıq. Bu, bizə imkan verir ki, dövlət
büdcəsinin yükünü azaldaq və gələcəkdə güzəştli şərtlərlə sahibkarlara maliyyə
dəstəyi göstərək. Sənayeləşmə
prosesi uğurla gedir. Son vaxtlar sənaye parklarının fəaliyyətə başlaması geniş
vüsət almışdır. İndi bu proses bir neçə şəhərdə gedir və sənaye parklarında
bizim 67 rezidentimiz var. Onlardan 40-ı artıq fəaliyyətdədir. Aqroparkların
yaradılması çox müsbət hal kimi qiymətləndirilə bilər. Proqramda 51 aqroparkın
yaradılması nəzərdə tutulub. Onlardan 17-si fəaliyyətdədir. Qalan aqroparkların
işə düşməsi nəticəsində həm bölgələrdə yeni iş yerləri yaradılacaq, həm də kənd
təsərrüfatı məhsullarımızın istehsalı və ixracı daha da artacaq. Biz
bu illər ərzində kosmik dövlətə çevrildik. Bu da bizim qürur mənbəyimizdir.
Artıq üç peykimiz var. Azərbaycan nadir ölkələrdəndir ki, kosmik kluba daxil
olubdur. Bu, həm innovasiyadır, həm biznesdir, həm də müasirlikdir.
İnnovasiyalara gəldikdə, bu gün dünyada Azərbaycan məhsulu kimi tanınan "ASAN
xidmət” brendi vardır. Bunu biz yaratmışıq, bizim daxili intellektual məhsulumuzdur
və iradəmizin ifadəsidir. "ASAN xidmət” bu gün bir neçə ölkədə fəaliyyət
göstərir və bu sistemi tətbiq edən ölkələrin sayı artmaqdadır. Ölkəmizdə on beş
"ASAN xidmət” mərkəzi yaradılıb. Bu ilin sonuna qədər onların sayı 20-yə
çatacaq. Bu mərkəzlərə 26 milyondan çox müraciət olunub. Əhali tərəfindən
bəyənmə əmsalı təxminən 100 faizdir. "ASAN xidmət”də iki yüzdən çox xidmət
göstərilir, tam şəffaf və heç bir pozuntusuz. Bu sahə, bildiyiniz kimi, həmişə
böyük narahatlıq doğururdu. Vətəndaşlar haqlı olaraq şikayət edirdilər. İndi
isə şikayətlər yoxdur, "ASAN xidmət”in yaradılması və uğurlu fəaliyyəti bizim
siyasətimizi əks etdirir. Azərbaycanda hər şey şəffaf olmalıdır, hər şey qanun
çərçivəsində olmalıdır. Bu, bir daha onu göstərir ki, vətəndaşlara xidmət bizim
siyasətimizin əsas məsələlərindən biridir. Əlbəttə
ki, bizim iqtisadiyyatımızın əsas sahəsi neft-qaz sektorudur. Bu, bu gün
belədir, əvvəl də belə olub və bundan sonra da belə olacaq. Biz sadəcə olaraq,
çalışırıq ki, qeyri-neft sektorunu sürətlə inkişaf etdirək, buna nail oluruq.
Ancaq hansı ictimai-siyasi formasiyada yaşamasına baxmayaraq, Azərbaycanda ilk
neft tapılan dövrdən bu günə qədər bu, əsas iqtisadi potensial olub. Biz bu
təbii resurslardan çox səmərəli şəkildə istifadə edirik. Bakı-Tbilisi-Ceyhan,
Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin işə düşməsi çox böyük tarixi
hadisədir. Əgər bu layihələr icra edilməsə idi, biz bu qədər vəsait əldə edə
bilməzdik. Çünki bizim ixrac imkanlarımız məhduddur, açıq dənizlərə çıxışımız
yoxdur və bizə mütləq neft-qaz kəmərləri lazımdır. Bu kəmərlərin tikintisi həm
maliyyə, həm siyasi, həm beynəlxalq əməkdaşlıq baxımından çox mürəkkəb və çətin
bir layihələr idi. Biz bunu da bacardıq. Bu gün bu iki kəmər vasitəsilə
resurslarımız dünya bazarlarına göndərilir. Hazırda Avropada ən böyük
infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizinin tikintisi sürətlə
gedir. Dörd layihədən ibarət olan bu meqalayihə artıq son mərhələdədir. Dörd
layihədən üçü istifadəyə verilib. Keçən il TANAP və Cənub Qaz Dəhlizinin
açılışı olmuşdur və bunlar tarixi hadisədir. Biz
neftdən, qazdan əldə edilmiş gəlirləri nəqliyyat sektoruna yönəltdik ki,
Azərbaycan nəinki bu bölgədə, Avrasiya məkanında nəqliyyat mərkəzinə çevrilsin.
Bu gün biz artıq buna nail oluruq. Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi
tarixi layihədir. Bu, həddindən artıq vacib layihədir. Çünki bu, artıq bizə
imkan verir ki, Azərbaycan ərazisindən böyük həcmdə yüklər Şərqdən-Qərbə,
Qərbdən-Şərqə göndərilsin. Bunun sayəsində həm bizim geosiyasi əhəmiyyətimiz artacaq,
həm də biz bundan daim valyuta qazanacağıq. Şimal-Cənub nəqliyyat dəhlizinin
yaradılması da böyük önəm daşıyır. Bu istiqamətdə də böyük işlər görülür.
Əlbəttə ki, bu işlərin görülməsi genişmiqyaslı beynəlxalq əməkdaşlıq tələb
edir. Azərbaycan bu sahədə də təşəbbüskar kimi öz müsbət rolunu oynayıb. Bu gün
Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində birləşən ölkələrin sayı 10-dan
çoxdur və onların sayı daha da artacaq. Amma hər iki layihədə iştirak edən ölkə
tək Azərbaycandır. Ona görə biz Avrasiyada çox strateji nəqliyyat mərkəzinə
çevrilirik. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı,
bizim yol infrastrukturlarımız, müasir və müasirləşən infrastruktur, bütün
bunlar son illər ərzində yaradılıb. Əgər biz infrastruktur layihələrinə diqqət
yetirməsəydik, bu gün heç bir inkişafdan söhbət gedə bilməzdi. On
beş il bundan əvvəl biz özümüzü elektrik enerjisi ilə təmin edə bilmirdik. Ya
xaricdən idxal edirdik, ya da ki ölkəmizin bəzi yerləri işıqsız qalırdı. Ötən
15 il ərzində 31 yeni stansiya tikilmişdir, 2500 meqavatlıq yeni güclər
yaradılmışdır. Biz indi nəinki özümüzü təmin edirik, elektrik enerjisini ixrac
edirik. Təbii qaz ilə təminat 15 il bundan əvvəl təxminən 50 faiz səviyyəsində
idi, bu gün bu, 95 faizdir. İçməli su 26 faiz təmin edilirdi, bu gün bu, 70
faizdir. On beş il ərzində 15 min kilometr avtomobil yolu tikilib. Yəni,
görülmüş işlər haqqında danışmaq üçün saatlarla vaxt lazımdır. Sadəcə olaraq,
əsas məqamları mən sizin diqqətinizə çatdırdım. Əminəm ki, bu gün çıxışlarda və
müzakirələrdə həm görülmüş işlər, həm də görüləcək işlər haqqında danışacağıq
və gələcək inkişaf planlarımızı təmin edəcəyik. X X X Sonra
çıxışlar oldu. Neftçala
Sənaye Məhəlləsində "Xəzər” avtomobil zavodunun direktoru Emin AXUNDOV çıxış
edərək dedi: -Möhtərəm
cənab Prezident. Sizin
uzaqgörən və düşünülmüş uğurlu iqtisadi inkişaf strategiyanızın əsas tərkib
hissələrindən biri olan sənayeləşmə siyasətinə uyğun olaraq, müasir sənaye
parkları və məhəllələrinin yaradılması ölkədə rəqabətqabiliyyətli və ixracyönümlü
məhsulların istehsal həcminin artmasına təkan verib. Cənab
Prezident, icazənizlə məruzə edim ki, "AZƏRMAŞ” ASC ilə "Iran Khodro” ASC
arasında 2016-cı il aprelin 21-də əməkdaşlıq memorandumu imzalanıb və həmin
ilin avqust ayının 6-da Neftçala Sənaye Məhəlləsində "Xəzər” avtomobil
zavodunun təməli qoyulub. 10 hektar ərazidə tikilmiş avtomobil zavodunda
Avropanın aparıcı ölkələrinin və İran İslam Respublikasının müasir
texnologiyaları və avadanlıqları quraşdırılıb. Çox
hörmətli cənab Prezident, Sizin xüsusi diqqət və qayğınız nəticəsində zavodun
tikintisinə dövlətimiz tərəfindən böyük dəstək göstərilib, zəruri infrastruktur
yaradılıb, müxtəlif vergi güzəştləri və gömrük azadolmaları tətbiq edilib.
İnvestisiya dəyəri 25 milyon manat olan zavodumuzun Neftçala Sənaye
Məhəlləsində yerləşməsi və bununla da zəruri infrastruktur xərclərindən azad
olması, eyni zamanda, müəssisəmizə investisiya təşviqi sənədinin verilməsi
nəticəsində, ümumilikdə, 8 milyon manat vəsaitə qənaət olunub. Bütün bunlar və
digər güzəştlər avtomobillərin istehsalında və daha ucuz qiymətlə satışında
önəmli göstəricilərdir. Cənab
Prezident, Sizin 2017-ci ilin sentyabr ayında Neftçala rayonuna səfəriniz
çərçivəsində zavodumuzda olarkən verdiyiniz tövsiyələr əsasında "Xəzər”
avtomobil zavodunda işləyəcək əməkdaşlar peşəkarlıq səviyyələrini və təcrübələrini
artırmaq üçün İran İslam Respublikasına ezam edildi. Onlar avtomobil istehsalı
sahəsində xüsusi təlimlər keçməklə sertifikatlar əldə etdilər. Möhtərəm
cənab Prezident, Siz və İran Prezidenti 2018-ci ilin mart ayının 29-da
Azərbaycan-İran biznes forumunda "Xəzər” avtomobil zavodunun rəsmi açılışını
etdiniz. Bu gün zavodda 200-ə yaxın Neftçala sakini işlə təmin edilib, istehsal
həcmi artdıqca, bu say 300 nəfərə çatacaqdır. "Made in Azerbaijan” brendi
altında "Xəzər” avtomobil zavodunda istehsal edilən avtomobillər AVRO-5 və
beynəlxalq təhlükəsizlik standartlarına tam uyğundur. Zavod 2018-ci ilin sonuna
kimi qarşısına qoyduğu məqsədi tam yerinə yetirib. Belə ki, ötən il zavodda
mindən artıq avtomobil istehsal olunub. Bu avtomobillərin 95 faizi satılıb. Qeyd
etmək istərdim ki, Azərbaycan istehsalı olan bu avtomobillərin alışının 40
faizi dövlət qurumlarının payına düşübsə, 60 faizi əhali tərəfindən alınıb ki,
bu da istehsal edilən avtomobillərin rəqabətqabiliyyətli olmasının
göstəricisidir. "Xəzər”
avtomobil zavodunda 2019-cu ilin fevral ayından artıq ilk "Peugeot” markalı
avtomobillər istehsal xəttindən satışa çıxacaqdır. İstehsala başlamaq üçün
artıq bütün zəruri avadanlıqlar quraşdırılıb. Həmçinin 2019-cu ilin sonlarından
etibarən isə "Khazar” avtomobillərinin ehtiyat hissələrinin bir hissəsini
Azərbaycanda istehsal etməyi planlaşdırırıq. Cənab
Prezident, bir məsələni də xüsusilə vurğulamaq istərdim ki, zavodun işə düşməsi
ilə ilk dəfə olaraq Azərbaycan avtomobil istehsalı ölkəsi kimi tanınıb və
"Khazar” avtomobillərinə BAN nömrə alınaraq beynəlxalq sistemə daxil edilib.
Bunun nəticəsi olaraq, Azərbaycan avtomobil istehsalçısı olan ölkə kimi ilk
dəfə 2018-ci ilin avqust-sentyabr aylarında Dünya Avtomobil İstehsalçıları
Təşkilatının dəstəyi ilə Moskvada "Krokus Ekspo” Sərgi Mərkəzində keçirilən
beynəlxalq avtomobil sərgisinə dəvət alıb və bizim "Khazar” avtomobilləri
sərgidə nümayiş edilib, böyük maraqla qarşılanıb. Azərbaycanda
avtomobil sənayesinin inkişaf etdirilməsinin məntiqi davamı olaraq 2018-ci il
sentyabrın 1-də, cənab Prezident, Sizin Rusiya Federasiyasına rəsmi səfəriniz
zamanı Soçi şəhərində Qorki avtomobil zavodu və "AZƏRMAŞ” ASC arasında
əməkdaşlıq haqqında memorandumun imzalanmasını xüsusilə qeyd etmək istərdim.
Memorandum Hacıqabul Sənaye Məhəlləsinin ərazisində "QAZ” markalı yüngül
tonnajlı avtomobillərin və xüsusi təyinatlı texnikanın birgə istehsalına
başlanmasını nəzərdə tutur. Möhtərəm
cənab Prezident, rəhbərliyinizlə ölkədə biznes mühitinin daim yaxşılaşdırılması
istiqamətində atılan addımları dəstəkləyir, Sizə çoxsaylı kollektivimiz adından
təşəkkürümüzü bildirirəm. Əmin edirik ki, Azərbaycanın yeni brendi olan
"Khazar” avtomobilləri ölkəmiz və iqtisadiyyatımız üçün faydalı olacaq. Bunun
üçün daim işləməyə və yüksək nəticələr göstərməyə hazırıq. Diqqətinizə
görə çox sağ olun. X X X Şəki
Şəhər İcra Hakimiyyətinin başçısı Elxan USUBOV çıxış edərək dedi: -Möhtərəm
cənab Prezident. Hörmətli
konfrans iştirakçıları. Bu
gün regionların sosial-iqtisadi inkişafı ilə bağlı sayca üçüncü dövlət proqramının
icrasının yekunlarını müzakirə edirik. Qeyd etmək yerinə düşər ki, birinci
dövlət proqramı ilə üçüncü proqram arasında çox böyük fərqlər vardır. Bu
proqramlarda qarşımızda müxtəlif vəzifələr qoyulmuşdur. Nəzərdə tutulan
tədbirlərin uğurlu icrası nəticəsində Şəki şəhərinin də davamlı inkişafı təmin
edilib, insanların rahat yaşaması, rayonun aqrar və turizm potensialından daha
səmərəli istifadə olunması üçün mühüm işlər görülüb. Bu illər ərzində 41
məktəb, 18 uşaq bağçası, 6 səhiyyə və 11 mədəniyyət müəssisəsi tikilib və ya
əsaslı təmir olunub, Şəki şəhərinin su təchizatı və kanalizasiya sisteminin
yenidən qurulması davam edib, yaşayış məntəqələrinin 86 faizi qazlaşdırılıb,
yüksək keyfiyyətli yollar çəkilib, ən müasir tələblərə cavab verən
mehmanxanalar, istirahət mərkəzləri və kompleksləri inşa edilib, son 5 ildə 14
minə yaxın yeni iş yeri açılıb. Əhaliyə göstərilən dövlət xidmətlərinin
keyfiyyətinin yüksəlməsində əvəzedilməz layihəniz olan "ASAN həyat” mərkəzinin
açılması isə sakinlərimiz üçün ən böyük hədiyyə olub. Sizin
diqqət və qayğınız sayəsində bu gün Şəki öz qədimliyini və tarixiliyini
qorumaqla yenidən qurulur, şəhərimizin küçələri, tarixi binaları, evləri bərpa
edilir. Şəkiyə gələn hər bir qonaq sanki şəhərin qədim keçmişi ilə üzləşir.
Sizin tarixi şəhərlərə və burada xalqımızın yaşatdığı zəngin mədəni irsin
qorunub saxlanılmasına göstərdiyiniz böyük qayğı və diqqətin nəticəsidir ki, bu
gün Şəki açıq səma altında bir muzeydir. Cənab Prezident, Sizin Şəki şəhərinin
tarixi hissəsinin qorunması ilə bağlı əlavə tədbirlər haqqında imzaladığınız
Sərəncam rayonumuzda turizmin inkişafında yeni bir mərhələnin başlanmasına
təkan verib. Hər
il şəhərimizdə keçirilən "İpək Yolu” Beynəlxalq Musiqi Festivalında dünya
musiqi sənətinin parlaq incilərindən ibarət müxtəlif konsert proqramları bizə
həmişə xoş bayram ovqatı bəxş edir. Bu möhtəşəm musiqi bayramının
iştirakçıları, şəhərin qonaqları, musiqisevərlər etiraf edirlər ki, Şəki
beynəlxalq festivalların, tədbirlərin keçirilməsi üçün ideal məkandır. Festival
günlərində təşkil olunmuş konsert proqramları şəhər sakinlərinin
dünyagörüşünün, həyat tərzinin və musiqi mədəniyyətinin zənginləşməsinə mühüm
təsir göstərir. Şəkidə mütəmadi olaraq keçirilən beynəlxalq festivallar şəhərin
turizm potensialının genişləndirilməsində və regionun beynəlxalq səviyyədə
tanınmasında mühüm rol oynayır. Nəticədə Şəki turistlər üçün daha da cəlbedici
məkana çevrilib, son beş ildə rayona gələn turistlərin sayı yeddi dəfədən çox
artaraq 200 min nəfərə çatıb. Sizin
dəstəyiniz və təşəbbüsünüz nəticəsində şəhərimizin beynəlxalq səviyyədə də
tanıdılması istiqamətində mühüm işlər görülür. Belə ki, Şəkinin xalq tətbiqi
sənəti hər il Fransanın Kolmar şəhərində keçirilən Milad bazarında nümayiş
olunur. 2008-ci ildən Dünya Tarixi Şəhərlər Liqasının üzvü olan Şəki şəhəri
2016-cı ildə TÜRKSOY-un mədəniyyət paytaxtı elan edilib, 2017-ci ildə isə
UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil olunub. Hazırda Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın
təşəbbüsü və rəhbərliyi ilə Şərq memarlığının nadir incisi hesab olunan "Xan
sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESCO-nun Ümumdünya İrs
Komitəsinin siyahısına daxil edilməsi üçün iş aparılır. Hörmətli
cənab Prezident, Şəki həm də tarixən ipəkçilik diyarı kimi tanınır. Sizin
"Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının
yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığınız Sərəncam
respublikamızda ipəkçiliyin müasir infrastrukturunun yaradılması istiqamətində
atılan mühüm addımdır. Məhz Sizin təşəbbüsünüzlə həyata keçirilən operativ
tədbirlər nəticəsində bu sahədə ciddi dönüş yaranıb, "Azər İpək” MMC öz
fəaliyyətini bərpa edib, ötən il 514 ton yaş barama tədarük olunub. İpəkçiliyin
inkişafı sahəsində görülən tədbirlər şəhər əhalisinin məşğulluq probleminin
həll olunmasında mühüm rol oynayıb. Hazırda müəssisədə 600 nəfərə yaxın işçi
çalışır ki, onun da əksəriyyətini qadınlar təşkil edir. Artıq keyfiyyətli Şəki
ipəyindən istehsal olunan müxtəlif məhsulların Avropa bazarlarına çıxarılması
istiqamətində iş aparılır. Milli mədəniyyətimizin ayrılmaz tərkib hissəsi olan
ipəkçiliyin inkişafı barama istehsalının artırılmasını tələb edir. Bu məqsədlə
yem bazasının genişləndirilməsi üçün son 3 ildə 376 min tut tingi əkilib.
Rayonda 2018-ci ildə 48 ton barama istehsal edilib, 2851 nəfər işlə təmin
olunub, kümçülər, ümumilikdə, 400 min manatdan çox gəlir əldə ediblər. Möhtərəm
cənab Prezident, Sizin tütünçülüyün inkişafına göstərdiyiniz diqqət və qayğı
nəticəsində yerlərdə istehsalçılar arasında bu sahəyə maraq artıb, 2018-ci ildə
2977 ton quru tütün istehsal olunub, 2 min nəfərə yaxın insan işlə təmin
edilib, orta məhsuldarlıq 33,9 sentner təşkil edib. Bu il 1030 hektar sahədə
tütün əkini proqnozlaşdırılır. Tütün istehsalı sahəsində fərqləndiyinə görə
rayonumuzun sakini Mustafayev Əlövsət Əmir oğlunun Sizin Sərəncamınızla 2-ci
dərəcəli "Əmək” ordeni ilə təltif olunması tütünçülərimizin əməyinə verilən ən
böyük qiymətdir. Cənab
Prezident, Şəkinin hər bir sakini Sizin onlara səmimi münasibətinizi, qayğınızı
yüksək qiymətləndirir. İcazə verin, Şəkiyə göstərdiyiniz yüksək diqqət və
qayğıya görə Sizə bütün şəkililərin dərin minnətdarlığını çatdırım və əmin edim
ki, bundan sonra da qarşımıza qoyduğunuz vəzifə və tapşırıqların icrası üçün
əlimizdən gələni edəcəyik. Allah Sizi qorusun. X X X "Naxçıvan
Bağları” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Elçin BAĞIROV çıxış edərək
dedi: -Möhtərəm
Prezident. Sizin
rəhbərliyinizlə Azərbaycan inkişaf edərək dünya ölkələri içərisində öz layiqli
yerini tutub. Qəbul olunan dövlət proqramlarının icrası ölkəmizin bütün
regionlarının tarazlı inkişafını təmin edib, əhalinin həyat səviyyəsini xeyli
yüksəldib. Sizin
qayğınızla Naxçıvan Muxtar Respublikası da davamlı inkişafa qovuşub. Bu gün
muxtar respublikada inkişafın əsas göstəriciləri olan enerji və ərzaq
təhlükəsizliyi tam təmin olunub. Aqrar
sektora tətbiq edilən güzəştlər bu sahənin inkişafını stimullaşdırıb, innovativ
texnologiyalardan istifadə məhsuldarlığı artırmaqla yanaşı, torpaqlardan
səmərəli istifadə olunmasına da şərait yaradıb. Ölkəmizdə
yaradılan əlverişli biznes mühiti bütün sahibkarlar kimi, bizə də
fəaliyyətimizi genişləndirməyə, yeni istehsal sahələri yaratmağa imkanlar açıb.
2011-ci ildə dövlətin maliyyə dəstəyi ilə istixana kompleksi yaradıb, əhalinin
keyfiyyətli tərəvəz məhsullarına olan tələbatının ödənilməsinə öz töhfəmizi
verməyə başladıq. Kompleksin yaradılmasına Sahibkarlığın İnkişafı Fondundan 3
milyon 250 min manat güzəştli kredit ayrılıb, özəl investisiyamız 2 milyon
manat təşkil edib. Bu maliyyə dəstəyi Türkiyə, İspaniya, İsrail və İtaliya
istehsalı olan yeni avadanlıqların və müasir texnologiyanın tətbiqinə,
müəssisəmizin istehsal gücünün və rəqabət qabiliyyətliliyinin artırılmasına
şərait yaradıb. Sahibkarlığa
göstərilən dövlət qayğısından bəhrələnərək ilkin mərhələdə 12 min kvadratmetr
sahədən ibarət olan istixana kompleksini genişləndirərək 60 min kvadratmetrə,
illik məhsul istehsalını isə intensiv üsullardan istifadə etməklə 250 tondan
1200 tona yüksəltmişik. Bundan
əlavə, Kəngərli, Şahbuz, Ordubad rayonlarında 50 hektar açıq sahədə intensiv
üsullarla tərəvəz və digər kənd təsərrüfatı bitkilərinin əkinini həyata
keçiririk. İstehsal
olunan məhsulların ixracının stimullaşdırılması istiqamətində müəyyən etdiyiniz
strategiya və göstərdiyiniz qayğı ixrac imkanlarının artmasına şərait yaradıb.
Hazırda mövcud istixana kompleksində istehsal etdiyimiz məhsullar muxtar
respublikada əhalinin tələbatının ödənilməsi ilə yanaşı, Rusiya Federasiyasına
da ixrac olunur. Gələcək hədəflərimiz ixrac coğrafiyamızı daha da
genişləndirərək digər xarici ölkələrin bazarlarına çıxmağa nail olmaqdır. Sahibkarlığın
inkişafına göstərilən dövlət qayğısı və real layihələrin icrası əhalinin
məşğulluğunun təmin edilməsinə, yeni iş yerlərinin açılmasına stimul verib.
Hazırda müəssisəmizdə 51 nəfər daimi işlə təmin olunub. Bütün
bunlar regionların sosial-iqtisadi inkişafına, sahibkarlar üçün əlverişli
şəraitin yaradılmasına göstərdiyiniz qayğının nəticəsidir. Möhtərəm
Prezident, göstərdiyiniz hərtərəfli qayğıya görə muxtar respublika sahibkarları
adından Sizə dərin minnətdarlığımızı və ehtiramımızı bildiririk. X X X Ağcabədi
Rayon İcra Hakimiyyətinin başçısı Şahin MƏMMƏDOV çıxış edərək dedi: -Möhtərəm
cənab Prezident. Hörmətli
konfrans iştirakçıları. Ölkəmizin
hər yerində olduğu kimi, regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramında Ağcabədi rayonu üzrə nəzərdə tutulmuş bütün tədbirlər Sizin diqqət
və qayğınız nəticəsində uğurla həyata keçirilib və rayonumuz daha da inkişaf
edərək abad bir diyara çevrilib, sakinlərimizin maddi rifah halı əhəmiyyətli
dərəcədə yüksəlib. Aqrar
sahənin inkişaf etdirilməsi üçün yaradılan münbit şərait, Sizin çox böyük
uzaqgörənliklə müəyyən etdiyiniz və həyata keçirdiyiniz iqtisadi kurs və mühüm
dövlət tədbirləri rayonumuzda da öz müsbət nəticələrini verib, kənd
təsərrüfatının mühüm sahəsi olan pambıqçılığın sürətli inkişafını təmin edib.
Fermerlərin, sadə kənd adamlarının torpağa bağlılığı artdıqca, onlar Sizin
qayğınızı daha çox hiss edir, dövlətin bu sahəyə dəstəyindən bəhrələnirlər. Son
illərdə pambıq istehsalı 10 dəfə artaraq 23,3 min tona çatıb, hər hektardan
orta məhsuldarlıq isə 1,5 dəfə artaraq 23,3 sentner təşkil edib. Mövsümi işlərə
22 min nəfərə yaxın kənd sakini cəlb olunub və onlar pambıqçılıqdan yüksək gəlir
əldə ediblər. Sizin
ölkənin müxtəlif regionlarında kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə
keçirdiyiniz müşavirələr aqrar sahənin inkişafına öz töhfəsini verib. Qısa
müddətdə bütün sahələr üzrə çox yüksək nəticələr əldə edilib. Bu müşavirələrdə
qaldırılan problemlər dərhal həll olunur. Ağcabədinin timsalında deyə bilərəm
ki, ötən il rayonumuza xeyli miqdarda kənd təsərrüfatı texnikaları verilib ki,
bu da uğurların əldə olunmasında mühüm rol oynayıb. Kənd
təsərrüfatı sahəsində xidmətləri olan şəxslərin təltif edilməsi ilə bağlı
müvafiq Sərəncamınızla fermerlərimiz Tofiq İsmayılov və İsgəndər Hüseynov 1-ci
dərəcəli "Əmək” ordeni ilə təltif olunub. Bu da rayonumuzun əhalisi tərəfindən
pambıqçılara verilən yüksək qiymət kimi dəyərləndirilir və daha çox məhsul əldə
etmək üçün sağlam rəqabət yaradır. Kənd
təsərrüfatı üçün ənənəvi sahələrdən biri olan baramaçılığın inkişafına
göstərilən dövlət dəstəyi bu sahənin yenidən dirçəldilməsini şərtləndirib,
kümçülərdə böyük ruh yüksəkliyi yaradıb. Nəticədə rayonda 2018-ci ildə əvvəlki
ilə nisbətən 2,2 dəfə çox - 37 ton barama istehsal olunaraq təhvil verilib,
kümçülər 330 min manatdan artıq gəlir əldə ediblər. Cari ildə isə hədəfimiz
barama istehsalının 50-60 tona çatdırılmasıdır. Baramaçılığın yem bazasının
yaradılması istiqamətində də işlər davam etdirilib, son üç ildə 389 min tut
tingi əkilib. Ötən
il taxılçılıq sahəsində də çox böyük uğurlar əldə edilib. Belə ki, əhali
təsərrüfatlarında buğdanın məhsuldarlığı hektarda 46,6 sentner olmaqla, rayon
üzrə 107 min ton taxıl istehsal edilib. Heyvandarlıq
sahəsinin də inkişafı diqqət mərkəzində saxlanılıb. Sizin qayğınız sayəsində
rayonda "Aqat Aqro” MMC kimi iri heyvandarlıq kompleksi və "ATENA” süd emalı
zavodu yaradılıb. 2018-ci
ildə kənd təsərrüfatına, ümumilikdə, 55 min nəfərdən çox işçi cəlb olunub ki,
bu da rayon üzrə məşğul əhalinin 51 faizini təşkil edir. Ötən
ilin noyabr ayında Sizin Ağcabədi pambıqçıları ilə görüşünüzü və Qarabağ
Atçılıq Kompleksinin açılışında iştirakınızı ağcabədililər məmnunluqla
xatırlayırlar. Hesab edirik ki, Qarabağ atlarının dünyada tanıdılması və həmin
sahə üzrə turizmin inkişafı ilə bağlı tapşırıqlarınızın icrası rayonumuzun
tərəqqisinə yeni töhfələr verəcəkdir. Sizin
diqqət və qayğınız nəticəsində rayonumuzda abadlıq və quruculuq işləri, sosial
layihələrin icrası da sürətlə davam etdirilib, 45 mindən artıq şəhər əhalisi
fasiləsiz içməli su ilə təmin edilib, qazlaşdırmanın səviyyəsi 92 faizə çatıb,
kəndlərarası avtomobil yolları çəkilib. Bu il tikintisi başa çatdırılacaq
ictimai xidmətlər sahəsində inqilabi layihə olan "ASAN xidmət” mərkəzinin
istifadəyə verilməsi nəinki rayonumuzun, həmçinin bölgənin əhalisinə böyük
töhfə olacaqdır. Bütövlükdə
son beş ildə rayona 614 milyon manat investisiya qoyulub, ümumi məhsul
buraxılışı 2,7 dəfə, kənd təsərrüfatı məhsullarının istehsalı isə 1,9 dəfə
artıb. Cənab
Prezident, Sizin müntəzəm olaraq bölgələrə səfərləriniz, o cümlədən cəbhəyanı
ərazilərdə olmağınız əhali arasında torpağa bağlılığı, qurub-yaratmaq həvəsini,
sabaha inamı və ölkənin işıqlı gələcəyinə ümidi artırır. Biz ağcabədililər
Sizin böyük diqqət və qayğınıza bundan sonra da əməli işlərimizlə cavab
verəcək, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının,
müstəqil dövlətimizin gələcəyi üçün apardığınız möhtəşəm siyasətin həyata
keçirilməsində Sizi daim dəstəkləyəcəyik. Diqqətinizə
görə sağ olun. X X X Ağstafa
rayonundakı "Saloğlu” mebel firmasının direktoru Tacəddin MUSTAFAYEV çıxış
edərək dedi: -Möhtərəm
cənab Prezident. Hörmətli
konfrans iştirakçıları. Müasir
dünyamızın tələblərinə uyğun çevik iqtisadi siyasətiniz və bilavasitə
rəhbərliyinizlə aparılan genişmiqyaslı islahatlar nəticəsində ölkədə qeyri-neft
sektorunun inkişafı sürətlənib, davamlı sosial-iqtisadi inkişafa nail olunub,
əhalinin həyat səviyyəsi daha da yaxşılaşıb. Ölkədə aparılan dayanıqlı iqtisadi
siyasət, əlverişli biznes mühitinin formalaşması xarici investorların böyük
marağına səbəb olub. Əldə olunan bütün bu nailiyyətlər, cənab Prezident, Sizin
fədakar əməyinizin və apardığınız uğurlu siyasətin nəticəsidir. Hörmətli
cənab Prezident, rəhbərlik etdiyim "Saloğlu” firması 2002-ci ildən fəaliyyət
göstərir. Məmnuniyyətlə qeyd etməliyəm ki, Sizin apardığınız iqtisadi siyasət
ölkəmizdə bütün sahibkarların fəaliyyətinə stimul verdiyi kimi, mənim də
sahibkarlıq fəaliyyətimin genişlənməsində müstəsna rol oynayıb. Fəaliyyətimizi
diqqətdə saxlamağınızla, hər zaman yanımızda olmağınızla, verdiyiniz dəyərli
məsləhətlərinizlə, xüsusilə 2004-cü ildə firmaya məxsus yumşaq mebel
fabrikinin, 2016-cı ildə isə "Modern” mebel fabrikinin açılışını etməklə,
"Venzana” mebel fabrikinin təməlini qoymaqla bizə böyük sevinc hissləri
yaşatmısınız. Zamanın tələbinə uyğun olaraq verdiyiniz müdrik qərarlar, həyata
keçirdiyiniz islahatlar yerli istehsalın getdikcə daha da güclənməsinə təkan verir.
Hazırda istehsal etdiyimiz məhsullar daxili bazarla yanaşı, Rusiya, Qazaxıstan
və Gürcüstana da ixrac olunur. Möhtərəm
cənab Prezident, hazırda 400 nəfərlik kollektivlə fəaliyyət göstəririk.
Müəssisəmizə son səfəriniz zamanı verdiyiniz tövsiyələrdən sonra istehsal
sahələrimizi genişləndirməklə 2500 iş yerinin açılmasını hədəf götürdük. Bu
istiqamətdə ilkin olaraq ümumi sahəsi 17500 kvadratmetr olan yeni mebel
fabrikinin tikintisinə başlamışıq. Layihənin ümumi dəyəri 25 milyon manat
təşkil edir. Layihə üzrə ildə orta hesabla 31 min dəst qonaq, yataq və yumşaq
mebel istehsal olunacaq. Dövlətimizin dəstəyi ilə layihəyə 10 milyon manat
güzəştli kredit ayrılıb, dünyanın ən qabaqcıl texnoloji avadanlıqlarının
alınması üçün Almaniyanın "HOMAG Group” şirkəti ilə müqavilə imzalanıb və
tezliklə avadanlıqlar Azərbaycana gətiriləcək. Hörmətli
cənab Prezident, Sizin ölkəmizdə sahibkarlar üçün yaratdığınız əlverişli
şəraitin nümunəsi olaraq 11 milyon manat dəyərində istehsal avadanlıqlarının
idxalı zamanı gömrük rüsumu və vergidən azad olunması üçün müəssisəmizə
investisiya təşviqi sənədi verilib ki, bundan əldə olunan qənaət yenə də
istehsal fəaliyyətimizin genişləndirilməsinə yönəldiləcəkdir. Bu da biz
istehsalçılara göstərilən genişmiqyaslı dövlət dəstəyinin bir nümunəsidir. İlin
sonunadək yeni mebel fabrikinin yaradılması başa çatdırılaraq 2020-ci ilin ilk
rübündə Avropanın bir çox ölkələrinə "Made in Azerbaijan” brendi ilə mebel
ixrac edəcəyik ki, bu da regionda yaşayan əhalinin məşğulluğunun təmin
edilməsi, yüksək ixtisaslı kadrların hazırlanması ilə yanaşı, rayonumuzun ixrac
potensialının artırılmasına şərait yaradacaq. Bu hədəfə nail olmaq üçün
dövlətimizin bizə verdiyi dəstəyə görə Sizə dərin təşəkkürümüzü bildiririk. Cənab
Prezident, sahibkarlığın inkişafı ilə bağlı son fərman və sərəncamlarınız,
yaratdığınız əlverişli biznes mühiti biz sahibkarları yeni layihələrin həyata
keçirilməsinə ruhlandırır. Sizi
əmin edirik ki, iqtisadiyyatımızın inkişafı, xalqımızın rifah halının daha da
yaxşılaşdırılması və Vətənimizin qüdrətlənməsi istiqamətində göstərdiyiniz
böyük diqqət və qayğıya öz əməli fəaliyyətimizlə cavab verəcəyik. Diqqətinizə
görə çox sağ olun. X X X Masallı
Rayon İcra Hakimiyyətinin başçısı Rafil HÜSEYNOV çıxış edərək dedi: -Möhtərəm
cənab Prezident. Hörmətli
konfrans iştirakçıları. Ölkənin
ahəngdar inkişafını təmin edən, dəqiq hesablanmış regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramının icrası bütün bölgələrdə olduğu kimi, Masallı
rayonunun da inkişafına güclü təkan verib. Sizin birbaşa köməyiniz, rayona
etdiyiniz səfərlər zamanı verdiyiniz tapşırıqlar nəticəsində Dövlət Proqramında
Masallı rayonu üzrə həlli nəzərdə tutulmuş tədbirlərdən qat-qat artıq işlər
görülüb. Masallı
Sənaye Məhəlləsi kimi böyük bir kompleksin Sizin Sərəncamınızla 2016-cı ildə
inşasına başlanması və xeyir-duanızla keçən il istifadəyə verilməsi buna ən
bariz nümunədir. İndi rayonun bütün inkişaf parametrlərinə ciddi təsir
göstərən, 10 hektar sahədə salınmış məhəllədə rezidentlərin hamısı uğurla
fəaliyyətə başlayıb, ən əsası, ilkin olaraq 200 nəfərdən artıq gənc müasir
texnologiya, yüksək istehsal şəraiti və əməkhaqqı ilə təmin olunub. Yaxın
vaxtlarda onların sayının bir neçə dəfə artacağı gözlənilir. Şüşə,
yağ-pendir və digər məhsulların istehsalı məqsədilə öz vəsaitləri hesabına 2 yeni
korpusun tikilməsi üçün müraciət etmiş digər sahibkarların təklifləri qəbul
edilib. Ölkə
iqtisadiyyatının şaxələndirilməsi ilə qeyri-neft sektorunun və regionların
inkişaf etdirilməsi siyasətinizin məntiqi nəticəsi olaraq hesabat dövründə 572
istehsal və xidmət obyekti istifadəyə verilib, müasir çəltik zavodu işə
salınmış, "Embawood” mebel fabrikində və Masallı kərpic zavodunda yeni istehsal
sahələri yaradılıb, sənaye məhsulları istehsalı, ümumilikdə, 77 faiz artıb.
Azərbaycan brendi ilə hər il Masallıdan xarici ölkələrə 15 milyon manatlıqdan
artıq sənaye məhsulları ixrac olunur. Respublikanın
ən az torpaqlı rayonları sırasında olan Masallıda bu gün də iqtisadiyyatın və
əhalinin məşğulluğunun əsasını aqrar sahə təşkil edir. Bu sahədə qəbul
etdiyiniz qərarların, imzaladığınız sərəncamların verdiyi imkanlardan
bəhrələnən torpaq mülkiyyətçilərində həm də əsl sahibkarlıq, təsərrüfatçı
psixologiyası formalaşmaqdadır. Onlar artıq öz gəlir-çıxarlarını hesablamağa,
daha faydalı sahələrə üstünlük verməyə başlayıblar. Sizin
tapşırığınızdan sonra mütəxəssislərin və mülkiyyətçilərin təklifi ilə əkin
strukturunda qeyri-rentabelli sahələr azaldılıb, əməktutumlu, daha gəlirli,
bazarda çox tələbat duyulan və Masallının torpaq-iqlim şəraitinə uyğun olan
tərəvəz, faraş kartof, çəltik, giləmeyvə kimi bitkilərin əkinləri xeyli
genişləndirilib, 100 hektar sahədə çay plantasiyası salınıb. Aqrar
bölmədə böyük canlanma yaranıb, kəndlərdən şəhərlərə gedən insanlar artıq
yenidən torpağa üz tuturlar. Son iki ildə rayon üzrə əkin sahələri 18 min
hektara çatdırılıb ki, bu da sovet dönəmindəki ən yüksək göstəricidən çoxdur.
Nəticədə təsərrüfatda çalışanların sayı 2,5 dəfə artıb, bütün istehsal olunan
məhsulların isə üçdəbiri ixrac edilir. Ötən
il Masallıya səfəriniz zamanı kənd əməkçilərinin xahişini nəzərə alaraq 3 min
hektardan artıq əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması
məqsədilə 37 sututarda təmir-bərpa işlərinin aparılmasına dair verdiyiniz
Sərəncamla ayrılmış vəsait hesabına işlərə başlanılıb, əlavə 8 milyon kubmetr
suvarma suyu əldə etməyə və elə bu il həmin ərazilərdə çəltik və çay əkinləri
aparmağa imkan yaranacaq. Sizin
diqqət və qayğınız sayəsində rayonumuzda tikinti-abadlıq işləri də geniş vüsət
alıb, böyük infrastruktur layihələri həyata keçirilib. Bilavasitə
tapşırığınızla tikilən və açılışında iştirak etdiyiniz, masallılıların qürur
duyduğu "ASAN həyat” kompleksi indi bütün regionun əhalisinə xidmət göstərir.
Çoxsaylı təhsil, səhiyyə, mədəniyyət, idman obyektləri tikilib, parklar,
meydanlar, prospektlər salınıb, şəhərin su-kanalizasiya sistemi yenidən
qurulub. Rayonun Muğan zonası kəndlərinə tapşırığınızla çəkilən içməli su artıq
ilkin olaraq 5 yaşayış məntəqəsinə verilib. Yüz illər boyu içməli suyu uzaq
məsafədən nəqliyyatla daşımaq məcburiyyətində qalan sakinlər Sizə öz sonsuz
minnətdarlıqlarını bildirirlər. Rayonda
qazlaşdırma 97 faizə, kənd yollarının asfaltlaşdırılması işləri 85 faizə çatıb,
22 yaşayış məntəqəsində elektrik təsərrüfatı tam yenidən qurulub. Bir
rayonun timsalındakı bu faktlar bütövlükdə respublikada gedən əzəmətli
inkişafın mənzərəsini qısa da olsa, xarakterizə edir. Bütün bunlar ardıcıl
surətdə apardığınız siyasətin təntənəsi və masallılılara göstərdiyiniz diqqət
və qayğının bəhrəsidir. Göstərdiyiniz bu böyük qayğıya görə Sizə və birinci
xanım Mehriban Əliyevaya masallılıların dərin minnətdarlığını çatdırmaq
istəyirəm. Möhtərəm
cənab Prezident, Sizi əmin etmək istəyirəm ki, müstəqil Azərbaycanın tərəqqisi
naminə qarşıya qoyduğunuz vəzifələrin həyata keçirilməsi üçün bundan sonra da
biz masallılılar bütün qüvvə və bacarığımızı sərf edəcəyik. Diqqətinizə
görə sağ olun. X X X İmişli
rayonundakı "Muğan Aqroservis” iri toxumçuluq təsərrüfatının direktoru Rəcəb
ORUCOV çıxış edərək dedi: -Möhtərəm
cənab Prezident. Hörmətli
konfrans iştirakçıları. Əvvəlcə
rəhbərliyinizlə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı və regionların
sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən ardıcıl və genişmiqyaslı
işlərə, hər zaman hiss etdiyimiz diqqət və qayğınıza görə iş adamları adından,
cənab Prezident, Sizə dərin minnətdarlığımızı bildiririk. Möhtərəm
cənab Prezident, Sizin tapşırıqlarınıza uyğun olaraq, ölkəmizdə qabaqcıl
texnologiya və elmi əsaslara söykənən təcrübənin tətbiqinə əsaslanan,
rəqabətqabiliyyətli məhsul istehsalında, emal sənayesinin davamlı olaraq yüksək
keyfiyyətli və maya dəyəri aşağı xammalla təmin olunmasında, ərzaq bolluğu ilə
yanaşı, regionlarda məşğulluğun artırılmasında əhəmiyyətli rola malik olan
aqroparklar və iri fermer təsərrüfatları yaradılır. Belə
təsərrüfatlardan biri də İmişli rayonu ərazisində 572 hektar sahədə yaradılan
"Muğan Aqroservis” MMC-yə məxsus taxıl toxumçuluğu təsərrüfatıdır. Məqsədimiz
rayonlaşdırılmış, xəstəliklərə və ziyanvericilərə qarşı daha dözümlü və yüksək
məhsuldarlığa malik taxıl toxumçuluğu üzrə ixtisaslaşmış innovativ təsərrüfatın
yaradılması olub. Ötən
təsərrüfat ilində 1200 tondan artıq birinci və ikinci reproduksiyalı, yüksək
kondinsiyalı, torpaq və iqlim şəraitinə tam uyğunlaşdırılmış yerli sortlarla
bərabər, Fransa və İtaliya mənşəli buğda və arpa sortlarından da toxum
materialları istehsal edilib. İstehsal olunan toxum materialları ölkəmizin
müxtəlif regionlarında fəaliyyət göstərən torpaq mülkiyyətçilərinə satılıb və
onlar tərəfindən hər hektardan orta hesabla 50 sentnerdən artıq yüksək keyfiyyətli
məhsul əldə edilib. Təsərrüfatımızın
ərazisinin 200 hektarında ABŞ istehsalı olan 4 müasir pivot suvarma sistemi
quraşdırılıb və 352 hektar ərazidə 5 müasir pivot suvarma sisteminin
quraşdırılması üzrə layihələndirmə işləri yekunlaşdırılıb. Dövlətimizin
sahibkarlığın inkişafına yönələn genişmiqyaslı dəstək mexanizmlərindən
yararlanaraq, gələcəkdə əkin sahələrimizin daha da genişləndirilməsi
istiqamətində müvafiq işlər aparırıq. Təsərrüfatımız
ümumi sahəsi 2 min kvadratmetr olan anbar binası, 3 kombayn, 8 traktor, 22
müxtəlif çeşidli aqreqat, 2 toxumtəmizləyən və çeşidləyən avadanlıqlarla təchiz
edilib ki, bu da texnika parkımızın mövcud imkanlarından istifadə etməklə öz
təsərrüfatımızla yanaşı, digər fermerlərə də aqroservis xidməti göstərməyə
imkan yaradır. Taxıl
toxumçuluğu üzrə ixtisaslaşmış təsərrüfatımızda günün tələblərinə uyğun milli
kadrların hazırlanması, qabaqcıl beynəlxalq təcrübənin geniş tətbiqi və elmi
araşdırmaların aparılması üçün mövcud bazamızda "Fermerlərə xidmət və
aqroinformasiya məsləhət mərkəzi”nin yaradılması nəzərdə tutulur. Kənd
təsərrüfatı məhsullarının istehsalı məqsədilə ölkəyə gətirilən texnika və
avadanlıqlara gömrük vergi və rüsumları üzrə güzəştlərin tətbiqi üçün təşviq
sənədinin verilməsi, dövlətin güzəştli kreditləri, texnika və avadanlıqların
uzun müddətə və güzəştli şərtlərlə torpaq mülkiyyətçilərinə lizinq yolu ilə
verilməsi, yanacaq-sürtkü materiallarına, mineral gübrələrə tətbiq olunan
güzəştlər aqrotexniki tədbirlərin optimal müddətlərdə və yüksək keyfiyyətlə həyata
keçirilməsinə, istehsalçıların maddi maraqlarının qorunmasına çox böyük stimul
yaradır. Möhtərəm
cənab Prezident, göstərdiyiniz diqqət və qayğıya görə kollektivimiz adından
dərin minnətdarlığımızı bildirməklə Sizi əmin etmək istəyirəm ki,
iqtisadiyyatımızın inkişafı, xalqımızın rifah halının daha da yaxşılaşdırılması
istiqamətində göstərdiyiniz fədakar fəaliyyətinizdə həmişə Sizin yanınızdayıq.
Bundan sonra da əzmlə çalışaraq, üzərimizə düşən bütün vəzifələri layiqincə
yerinə yetirəcək, ölkəmizdə rəqabətqabiliyyətli və ixracyönümlü məhsul
istehsalının artırılmasına öz töhfəmizi verəcəyik. Diqqətinizə
görə təşəkkür edirəm. X X X Qusar
Rayon İcra Hakimiyyətinin başçısı Şair ALXASOV çıxış edərək dedi: -Möhtərəm
cənab Prezident. Hörmətli
konfrans iştirakçıları. Regionların
sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurlu icrası bütün bölgələrdə,
o cümlədən Qusar rayonunda iqtisadiyyatın dirçəldilməsinə, əhalinin məşğulluq
səviyyəsinin yüksəlməsinə və onların sosial problemlərinin həllinə güclü təkan
verib. Sizin yorulmaz fəaliyyətiniz sayəsində gündən-günə yeniləşərək görkəmini
tamamilə dəyişən Qusar rayonu da indi ən gözəl illərini yaşayır və inkişaf
edir. Cənab
Prezident, füsunkar bir guşədə, dağlıq ərazidə yerləşən Qusar geniş turizm
potensialına malikdir. Bu gün Qusarda yeni turizm və istirahət obyektləri
yaradılır, otellər inşa olunur, turizmin inkişafını sürətləndirən digər
layihələr həyata keçirilir. Rayonun
geniş imkanlarını nəzərə alaraq məhz Sizin təşəbbüsünüz, möhkəm iradəniz və
qətiyyətiniz sayəsində Şahdağ Turizm Mərkəzi kimi nəhəng kompleksin istifadəyə
verilməsi bu gün Qusarı ölkənin turizm mərkəzinə çevirib. Təsəvvür edə
bilməzdik ki, heç bir infrastrukturu olmayan, sərt iqlimə malik bir yerdə belə
bir möhtəşəm turizm kompleksi yaradılacaq. Bu gün Şahdağın ətəklərində
yaradılmış belə bir kompleksi, rahat şəraiti görən insanlar böyük qürur hissi
keçirirlər. Bu gün bura dünyanın bir çox ölkələrindən, həmçinin respublikamızın
bütün bölgələrindən çoxlu sayda turistlər gəlir. Müqayisə
üçün bildirmək istəyirəm ki, rayonumuza gələn turistlərin sayı son beş ildə 3
dəfədən çox artaraq keçən il 200 min nəfərə çatıb. Önəmlisi isə odur ki,
onların 20 min nəfəri xarici ölkələrdən gələn turistlərdir. Turizmin
inkişafı isə öz növbəsində ölkəmizin dünyada tanıdılmasında, iqtisadiyyatımızın
güclənməsində və bölgədə vətəndaşların məşğulluğunun təmin olunmasında çox
mühüm əhəmiyyətə malikdir. Möhtərəm
cənab Prezident, Dövlət Proqramının uğurla icrasının nəticəsidir ki, bütün
respublikada olduğu kimi, rayonumuzun da iqtisadiyyatı yüksək templə inkişaf
edir, əhalinin rifahı ilbəil yaxşılaşır, regionlarda müasir infrastruktur
layihələri, yeni sosial obyektlərin tikintisi həyata keçirilir. Son illər
rayonumuzun iqtisadiyyatının önəmli sahəsi olan kənd təsərrüfatının inkişafına
xüsusi diqqət göstərilib, həyata keçirilmiş tədbirlər sayəsində kənd
təsərrüfatının xüsusi çəkisi daha da yüksəlib. Göstərilən dövlət qayğısı
sayəsində sahibkarların bu sahəyə marağı artıb, rayonda bir çox bağçılıq,
bitkiçilik və heyvandarlıq təsərrüfatları yaradılıb və nəticədə 2013-cü illə
müqayisədə kənd təsərrüfatı məhsulları istehsalının həcmi 1,5 dəfə artıb. Bu
gün Qusar tarixi ənənələrini bərpa edir, rayonumuz bağlar diyarına çevrilir.
Sizin regionlarda kənd təsərrüfatının müxtəlif sahələrinin inkişaf
etdirilməsinə dair tapşırıqlarınızı rəhbər tutaraq ixrac qabiliyyəti və bazar
qiyməti yüksək olan, rayonun iqlim şəraitinə daha çox uyğun gələn fındıqçılığın
inkişaf etdirilməsi ilə bağlı bir sıra mühüm tədbirlər həyata keçirilib.
Münasib torpaq sahələri müəyyənləşdirilib, sahibkarlara zəruri
təşkilati-texniki dəstək göstərilib. Nəticədə son 3 ildə rayonda mövcud fındıq
bağlarının sahəsi 2 dəfədən çox artaraq 6250 hektara çatıb, fındıq
istehsalçılarının sayı 3,2 dəfə artıb. Bundan əlavə, son 5 ildə 2 min hektardan
çox alma, gilas və digər meyvə bağları salınıb və rayon üzrə bu növ bağların
sahəsi 4700 hektara çatdırılıb. Bu istiqamətdə tədbirlər davam etdirilməkdədir.
Ötən il rayon üzrə ümumilikdə, 24 min nəfər kənd təsərrüfatı sahəsində işlə təmin
olunub. Cənab
Prezident, həyata keçirilən dövlət proqramına uyğun olaraq ötən illər ərzində
rayonda sutkalıq istehsal gücü 15 ton olan çörək zavodu, illik istehsal gücü
300 min litr olan "Qusar-şərab-1” MMC kimi sənaye müəssisələri və digər
təsərrüfatlar yaradılıb. Nəticədə bu illər ərzində rayonda 5465-i daimi
olmaqla, 6523 yeni iş yeri açılıb. Bunlardan əlavə, rayon ərazisində bir çox
avtomobil yolları əsaslı təmir edilib, onlarla yaşayış məntəqəsi qazlaşdırılıb,
Qusar şəhərinin içməli su və kanalizasiya şəbəkəsinin yenidən qurulması işləri
başa çatdırılıb, elektrik enerjisi təsərrüfatında əsaslı yenidənqurma
tədbirlərinə başlanıb. Bütün bunlar son illər ərzində Qusar rayonunda
iqtisadiyyatın inkişafı istiqamətində, eləcə də quruculuq sahəsində görülmüş işlərin
yalnız bir qismidir. Möhtərəm
cənab Prezident, Qusar rayonuna göstərdiyiniz diqqət və qayğıya görə Sizə və
birinci xanım Mehriban Əliyevaya rayon ictimaiyyətinin dərin minnətdarlığını
çatdırır və Sizi əmin edirəm ki, qusarlılar respublikamızın çiçəklənməsi,
qüdrətlənməsi və abad bir diyara çevrilməsi naminə həyata keçirilən tədbirlərdə
ön sıralarda olacaq, qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə
gələcəklər. Diqqətinizə
görə təşəkkür edirəm. X X X "Hacıqabul
Quşçuluq” MMC-nin direktoru Nemət BABAŞOV çıxış edərək dedi: -
Möhtərəm cənab Prezident. Hörmətli
konfrans iştirakçıları. Müstəqil
Azərbaycanın son illərdə qazandığı böyük uğurlar, hərtərəfli inkişafı biz
sahibkarları ürəkdən sevindirir. Bu inkişaf hər sahədə hiss olunduğu kimi, kənd
təsərrüfatında, o cümlədən ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasında
vacib rol oynayan quşçuluğun inkişafında da müşahidə edilir. Cənab
Prezident, tərəfinizdən qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı,
eyni zamanda, digər sahəvi dövlət proqramlarına uyğun olaraq son illərdə
quşçuluğun inkişaf etdirilməsi məqsədilə verilmiş qərarlar, o cümlədən ölkəyə
gətirilən quşçuluq məhsullarına spesifik rüsumların tətbiqi, quşçuluq
avadanlıqlarının idxal rüsumundan azad olunması, investisiya təşviqi
sənədlərinin, quşçuluq təsərrüfatlarının yaradılmasına dövlətin güzəştli
kreditlərinin verilməsi nəticəsində quş əti və əmtəəlik yumurta üzrə daxili
tələbatın ödənilməsi ilə yanaşı, ixraca imkan verən istehsal gücü yaranıb. Belə
quşçuluq təsərrüfatlarından biri də Hacıqabul rayonunda daxili imkanlarımızla
yanaşı, dövlətin güzəştli kreditləri hesabına yaradılmış "Hacıqabul quşçuluq”
Məhdud Məsuliyyətli Cəmiyyətidir. Hörmətli
cənab Prezident, regionların inkişaf etdirilməsi ilə bağlı Sizin
tövsiyələrinizə uyğun olaraq yaratdığımız quşçuluq təsərrüfatı müasir
avadanlıqlarla təchiz edilib və regionda böyük istehsal gücünə malik kompleksə
çevrilib. Azərbaycanda ən böyük əmtəəlik yumurta istehsalçılarından biri olan
təsərrüfatımızda 600 işçi çalışır. Quşçuluq
təsərrüfatımız 110 fermadan, birdəfəlik yumurta tutumu 1 milyon ədəd olan
inkubator sahəsindən, ümumi tutumu 100 min ton olan müasir taxıl anbarından,
saatda 45 ton istehsal gücü olan yem zavodlarından və digər köməkçi sahələrdən
ibarətdir. Təsərrüfatın
müasir texnologiyaların tətbiqi ilə qurulması və istehsal proseslərinin tam
avtomatlaşdırılması yüksəkkeyfiyyətli və rəqabətqabiliyyətli məhsul istehsalına
zəmin yaradır. Bunun nəticəsidir ki, istehsalımız ildən-ilə artır.
Məhsullarımız daxili bazarın təmin edilməsi ilə yanaşı, xarici bazarlara da
ixrac olunur. 2018-ci
ildə təsərrüfatımızda 2 min 200 ton quş əti və 300 milyon ədəddən artıq
əmtəəlik yumurta istehsal olunub ki, bundan 15 milyonu xarici ölkələrə ixrac
edilib. Eyni zamanda, il ərzində 15 min baş damazlıq fərə Gürcüstana ixrac
olunub. Cari
ildə də keyfiyyətli toyuq yumurtası ixrac etmək məqsədilə yeni müqavilələr
bağlayır, marketinq və logistika araşdırmaları aparırıq. Bununla bağlı, İran
İslam Respublikasına 50 milyon ədəd yumurta ixrac olunması üçün müqavilə
bağlanılıb və bundan 1,8 milyon ədədinin ixracı ötən həftə həyata keçirilib. Möhtərəm
cənab Prezident, 2017-ci ildə "Hacıqabul Quşçuluq” MMC-nin törəmə müəssisəsi
olan "Sabirabad Quşçuluq” şirkətinin əmtəəlik yumurta və quş əti istehsalı
fabrikinin fəaliyyəti ilə tanış olmağınız bizi ruhlandırdı və yeni
investisiyaların qoyulması üçün stimul yaratdı. Cənab
Prezident, qeyd etmək istərdim ki, aidiyyəti dövlət qurumları tərəfindən
operativ olaraq bizə dəstək göstərilir, quşçuluğun inkişafı ilə bağlı
tərəfimizdən qaldırılan məsələlər iştirakımızla müzakirə olunur və həlli
istiqamətində əməli tədbirlər görülür. Bu da Sizin biz sahibkarlara dəstək
məqsədilə dövlət qurumları qarşısında qoyduğunuz yüksək tələbkarlığın
nəticəsidir. Çıxışımın
sonunda regionlarda sahibkarlığın inkişafını daim diqqətdə saxladığınıza və biz
sahibkarlar üçün yaratdığınız əlverişli şəraitə görə Sizə bir daha
minnətdarlığımızı bildiririk. Çoxsaylı kollektivimiz adından Sizi əmin edirəm
ki, əməli fəaliyyətimizlə iqtisadiyyatımızın davamlı inkişafına bundan sonra da
töhfəmizi verəcəyik. Diqqətinizə
görə minnətdaram. X X X Dövlətimizin
başçısı konfransda yekun nitq söylədi. Prezident İlham Əliyevin yekun nitqi -
Biz bu gün, eyni zamanda, görüləcək işlərlə bağlı fikirlərimizi bildirəcəyik.
Proqramların uğurlu icrası deməyə əsas verir ki, onların qəbulu tam məntiqə
uyğundur. Bizim iqtisadi göstəricilərimiz, bölgələrdə gedən quruculuq-abadlıq
işləri bunun əyani sübutudur. Ancaq hələ də həll olunmamış məsələlər var. Hələ
də elə məsələlər var ki, onların həlli üçün imkanlar olmayıb, yaxud da onların
növbəsi gəlməyib. Biz isə görülmüş işlərlə kifayətlənməməliyik, daim qabağa
baxmalıyıq. Baxmalıyıq ki, harada nə çatışmır, harada hansı məsələ öz həllini
tapmalıdır. Prinsip
etibarilə, infrastrukturla bağlı bütün əsas məsələlər öz həllini tapıb. Ancaq
bu proses davam etdiriləcək. Elektrik enerjisi ilə bağlı, qeyd etdiyim kimi,
biz indi özümüzü tam təmin edirik, böyük həcmdə ixrac edirik. Ancaq yeni
elektrik stansiyalarının tikilməsinə ehtiyac var. Çünki bizim sənaye
potensialımızın, əhalimizin artımı, kənd təsərrüfatının inkişafı, böyük sənaye
klasterlərinin yaradılması tələb edir ki, elektrik enerjisinin istehsalı
artsın. Bu il biz Bakıda böyük elektrik stansiyasının açılışını planlaşdırırıq.
400 meqavat gücündə olan "Şimal 2” stansiyasının açılışı gözlənilir. Eyni
zamanda, Bakı şəhərində yeni, 300, 350, bəlkə də 400 meqavat gücündə
stansiyanın tikintisi ilə bağlı işlər aparılmışdır. İndi dəqiqləşmələr gedir və
stansiyanın tikintisi bizim enerji potensialımızı daha da möhkəmləndirəcək.
Bununla paralel olaraq, mövcud stansiyalarda bərpa və təmir işləri aparılaraq
onların potensialını böyük dərəcədə artıra bilərik. İlkin hesablamalar göstərir
ki, biz təqribən 500 meqavat əlavə güc əldə edə bilərik. Beləliklə,
əgər bu üç məsələ öz həllini taparsa, - mən əminəm ki, bu, belə də olacaq, -
biz əlavə 1500 meqavat elektrik enerjisi istehsal edəcəyik və həm artan daxili
tələbatımızı ödəyəcəyik, həm də ki, ixrac edib ölkəmizə valyuta gətirəcəyik.
Bununla paralel olaraq, bərpaolunan enerji mənbələrinin yaradılması
istiqamətində işlər getməlidir. İlk növbədə, su elektrik stansiyalarının, günəş
və külək stansiyalarının tikintisi. İndi bu sahəyə xarici investorlardan maraq
var. Dünya İqtisadi Forumu çərçivəsində keçirdiyim görüşlər bir daha onu
göstərir ki, böyük şirkətlər bu sahəyə investisiya qoymağa hazırdırlar, bu
barədə düşünürlər. Hesab edirəm ki, bu, çox müsbət bir haldır. Çünki bu gün bu
sahədə yeni texnologiyalar yaradılıb və bu texnologiyalar səmərəliliyi böyük
dərəcədə artırır. Hesab edirəm ki, yerli şirkətlər də bu işlərə mütləq fikir
verməlidirlər. Ölkədə
qazlaşdırmanın səviyyəsi 95 faizdir. Ancaq, əlbəttə, bu, o demək deyil ki, bu,
bizi qane edir. Elə kəndlər var ki, oraya hələ də qaz çəkilməyib. Ona görə bu
proses davam etdiriləcək. Baxmayaraq ki, dünya miqyasında bu qədər qazlaşdırma
aparan ölkələr o qədər də çox deyil. Yəni, biz son illər ərzində qazlaşdırma
ilə bağlı əsas problemləri həll etdik. Əsas məsələ indi bu prosesi davam
etdirmək və qazın keyfiyyətini artırmaqdır. Bəzi hallarda fasilələr baş verir,
bəzi hallarda qaz lazımi həcmdə gəlmir. Bu məsələ daim diqqət mərkəzində
olmalıdır ki, burada heç bir çatışmazlıq olmasın. İçməli
su layihələri davam etdirilir. Giriş sözümdə qeyd etdiyim kimi, təminat 70
faizə çatıb. Hazırda 38 şəhərdə içməli su layihələrinin icrası başa çatıb, bu
il 5 şəhərdə başa çatacaqdır və 12 şəhərdə işlər artıq başlanıb, gedir və bir
neçə şəhərdə hələ ki, başlanmayıb. Bu məsələlər daim gündəlikdədir və qəbul
ediləcək dördüncü proqramda da öz əksini tapacaq. Meliorativ
tədbirlərin görülməsi prosesi davam etdiriləcək. Son iki il ərzində biz hər il
100 min hektar torpağa suyun verilməsini təmin etmişik. Bunların böyük hissəsi
o torpaqlardır ki, heç vaxt suvarılmayıb, bir hissəsində suvarma olub, amma
lazımi səviyyədə olmayıb. İlkin hesablamalara görə, bu il 80 min hektarda bu
işlər aparılacaq. Bu, bizə imkan verəcək ki, məhsuldarlığı və suvarılan
torpaqların həcmini artıraq. Bu, çox böyük rəqəmdir və fermerlər, əminəm ki,
bunu hiss edirlər. Son
illərdə dörd böyük su anbarı tikilmişdir - Taxtakörpü, Şəmkirçay, Göytəpə,
Tovuzçay. Onların tutumu 470 milyon kubmetrdir. Bir neçə anbarda tikinti və
bərpa işləri aparılmışdır. Kiçik su anbarlarının tikintisi də gündəlikdə duran
məsələlərdən biridir. Hər il dövlət vəsaiti ilə minimum 300 subartezian quyusu
qazılır, bunun da çox böyük səmərəsi var. Giriş
sözümdə qeyd etdiyim kimi, 15 ildə 15 min kilometr avtomobil yolu çəkilmişdir
və bu proses davam etdirilir. Builki Dövlət İnvestisiya Proqramına əsasən
yüzlərlə kəndin yolları abadlaşdırılacaq, o cümlədən magistral yolların
tikintisi təmin ediləcək. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına
əsasən avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan dünyada 34-cü
yerdədir. Sosial
infrastrukturun yaradılması prosesi davam etdiriləcək. Baxmayaraq ki, 3272
məktəb tikilib və təmir edilib. Bu məktəblər mövcud məktəb fondunun 73 faizi
deməkdir. Ancaq təmirə ehtiyacı olan məktəblər var və bu işlər də növbəti
dövlət proqramında nəzərdə tutulacaq. Həmçinin xəstəxanaların, Olimpiya
komplekslərinin tikintisi davam etdiriləcək. Təkcə bu il üç Olimpiya
Kompleksinin açılışı gözlənilir. Bu da bölgələrdə idmanın inkişafına xidmət
göstərir. Bildiyiniz
kimi, hər il 5 milyondan çox insan pulsuz tibbi müayinədən keçir. Bu da bizim
təşəbbüsümüzdür, çox müsbət təşəbbüsdür. Hazırda bizdə vətəndaşların tibbi
müayinədən keçmələri üçün hər bir yerdə müasir avadanlıq quraşdırılmış
xəstəxanalar var. Bu da çox ciddi sosial layihədir və Azərbaycan bu sahədə də
gözəl nümunə göstərir. Məcburi
köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Keçən il 5800 köçkün ailəsi
üçün evlər tikilibdir, o cümlədən 1000 ailə üçün özəl sektor evlər tikib. Mən
bu təşəbbüsü alqışlayıram. Bu il bu proses davam etdiriləcək. İlkin
hesablamalara görə, ən azı 5000 ailə üçün evlər tikiləcək, o cümlədən yenə də
özəl sektorun çox ciddi payı ilə. Şəhid
ailələrinin və Qarabağ müharibəsi əlillərinin problemləri də həll olunur. Keçən
il 626 şəhid və Qarabağ müharibəsi əlilinin ailəsinə evlər verildi. Bu il isə
800 ailəyə ev veriləcək. Növbəti illərdə bu proses davam etdiriləcək ki, bütün
şəhid ailələri, Qarabağ müharibəsi əlilləri evlərlə təmin olunsunlar. Bu günə
qədər bu qəbildən olan 6650 ailə ev alıb. Keçən
il 118 min yeni iş yeri yaradılmışdır. Bu, yaxşı rəqəmdir. İş yerlərinin
yaradılması daimi proses olmalıdır və bu sahədə əlbəttə ki, özəl sektor əsas
rol oynamalıdır. Dövlətin dəstəyi ilə verilən hər bir kreditin tərkibində
mütləq məruzə olunanda nə qədər iş yeri yaradılacaq məsələsi də vardır.
Məşğulluğun artırılması çox ciddi məsələdir. Bəzi ölkələrdə əhali artmır, bəzi
ölkələrdə əhali azalır, Azərbaycanda isə əhali artır. Mən qeyd etdim ki, son 15
il ərzində əhalimizin sayı 1,6 milyon nəfər artmışdır. Bu, əlbəttə ki, bizdən
çox ciddi iş tələb edir. Bir daha demək istəyirəm ki, iş yerlərinin yaradılması
prioritet məsələlərdən biridir. O bölgələrdə ki, işsizlik var, biz o bölgələrdə
işsizliklə mübarizə aparmaq üçün ictimai işlər açmışıq. Bir neçə ildir ki, bu
təşəbbüs reallaşır və ictimai işlərdə minlərlə insan işləyir və əməkhaqqı alır. Əlbəttə
ki, son illərdə bir çox müəssisələr yaradılıb və orada iş yerləri açılıb.
Sahibkarlara tövsiyəm ondan ibarətdir ki, iş yerlərini ixtisar etməsinlər.
Çünki bu gün dünyada ümumi meyil ondan ibarətdir ki, daha çox texnologiyalara
üstünlük verilir, elmi-texniki tərəqqi yeni texnologiyalar ortaya çıxarır,
robotlar insanları əvəzləyir, bütün bunlar reallıqdır. Biz bu reallıqla
hesablaşmalıyıq. Ancaq, eyni zamanda, biz Azərbaycanda mütləq iş yerlərini
qorumalıyıq - həm dövlət qurumlarında, həm özəl sektorda. Dövlət qurumlarında
aparılan struktur islahatları, - bütün dövlət qurumlarına artıq bildirilib, -
iş yerlərinin ixtisarına gətirib çıxarmamalıdır. Bu struktur islahatları,
sadəcə olaraq, idarəetmə mexanizminin təkmilləşməsinə yönəlib. Əlbəttə, dövlət
müəssisələrində işləyən vətəndaşlar öz işlərində qalacaqlar. Özəl sektor da heç
bir ixtisar aparmamalıdır, əksinə, dövlətin bu qədər dəstəyi müqabilində daha
çox iş yerləri açmalıdır. Yenə də deyirəm, bu istiqamətdə proses müsbət gedir.
Keçən il 118 min daimi iş yeri yaradılıb və təbii ki, bu, özəl sektorda
yaradılmış iş yerləridir. Özünüməşğulluq
proqramının icrası böyük ümidlər verir. Bu il 7 min ailə bu proqramla əhatə
olunacaq. Baxarıq, imkan olarsa, daha çox ailə bu proqramla əhatə olunacaq.
Beləliklə, hələ ki, iş tapa bilməyənlər özünüməşğulluq hesabına ailə büdcəsini
təmin edəcəklər. Ailə
Biznesinə Asan Dəstək - "ABAD" mərkəzləri yaradılır. Bu da çox müsbət
haldır. Mən bu mərkəzlərin açılışında olmuşam və bu, "ASAN xidmət"in
bir qoludur və çox müsbət təşəbbüsdür. Ailə biznesi bir istiqamət kimi
Azərbaycanda, hesab edirəm ki, geniş vüsət ala bilər və almalıdır. Dövlət öz
dəstəyini mütləq göstərir və göstərəcək. "ASAN xidmət" mərkəzlərinin
fəaliyyəti ilə bağlı mən giriş sözümdə öz fikirlərimi bildirdim. Bu il 5
mərkəzin açılması nəzərdə tutulur. Yerli
icra orqanları vətəndaşlara daim diqqət və qayğı göstərməlidirlər. Yaddan
çıxarmamalıdırlar ki, onlar vətəndaşlar üçün çalışırlar, yaddan
çıxarmamalıdırlar ki, onlar vətəndaşlara xidmət edirlər. Bütün dövlət məmurları
- Prezidentdən başlayaraq lap aşağı səviyyəli məmura qədər hər kəs bilməlidir
ki, bizim əsas vəzifəmiz xalqa xidmət etməkdir. Yerli icra orqanları diqqətli olmalıdırlar,
problemləri həll etməlidirlər. Hansı problemləri özləri həll edə bilmirlərsə,
mərkəzi icra orqanlarına, Prezident Administrasiyasına məlumat verməlidirlər
ki, biz problemləri operativ qaydada həll edək. Biz problemləri həll edə
bilərik və əlbəttə ki, buraxılan nöqsanlar tamamilə aradan qaldırılmalıdır. Regionların
sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının tərkibi, əsasən,
yerlərdən gələn xahişlər nəticəsində formalaşıb. Mənim bölgələrə çoxsaylı
səfərlərim və vətəndaşlarla söhbətlərim bu sahədə çox gözəl bir ünsiyyət
yaradıb. Çünki vətəndaşların təklifləri mütləq nəzərə alınır və bölgələrdə bir
çox layihələr məhz vətəndaşların təklifləri əsasında reallaşıb. Ona görə daim
bu təmas olmalıdır və var ki, insanları narahat edən, bu gün hələ həllini
tapmayan məsələlər həll olunsun. Bizim buna imkanımız da, iradəmiz də var. Sahibkarlıqla
bağlı siyasətimiz davam etdiriləcək. Sahibkarlara dövlət tərəfindən böyük
dəstək verilir - həm mənəvi dəstək, siyasi dəstək, maddi dəstək. Fermerlərə kreditlər,
subsidiyalar verilir. Bu sahədə də təkmilləşmə gedəcək, texnika, gübrələr,
yanacaq güzəştli şərtlərlə verilir. Bu sahədə də Azərbaycan nadir ölkələrdəndir
ki, öz sahibkarına, öz fermerinə bu qədər diqqət göstərir. Əlbəttə ki, biz
sahibkarlardan daha böyük nəticələr gözləyirik. Gözləyirik ki, onlar bundan
sonra da ölkə iqtisadiyyatına öz töhfələrini verəcəklər. Kənd
təsərrüfatı və sənaye istehsalı dördüncü proqramda xüsusi yer tutur. Əlbəttə,
infrastruktur layihələri də diqqətdədir. Ancaq qeyd etdiyim kimi, onların böyük
hissəsi başa çatıb, yaxud da ki, başa çatacaq. Ona görə iqtisadiyyatın real
sektoru, kənd təsərrüfatı, sənaye potensialının gücləndirilməsi əsas
məsələlərdən biridir. Müxtəlif mexanizmlər işə salınıb, müxtəlif təşəbbüslər
irəli sürülüb. Onlardan biri investisiya təşviqi mexanizmidir. Biz bu məsələni
həll etməyə başlayandan sonra çox gözəl nəticələrlə üzləşdik. İnvestisiya
təşviqi proqramı üzrə 107 layihə həyata keçirilib. Ümumiyyətlə, 332 layihənin
icrası nəzərdə tutulub. Bu layihələrin həyata keçirilməsinə qoyulacaq sərmayə
2,8 milyard manatdır. Yəni, əgər investisiya təşviqi mexanizmini biz işə
salmasaydıq, bu vəsait də qoyulmazdı. Bu layihələr çərçivəsində əlavə 12 min
yeni iş yeri açılacaqdır. Sənaye
potensialının inkişafı üçün, əlbəttə, sənaye zonalarının, sənaye parklarının
çox böyük rolu var. Azərbaycan indi müasir sənaye mərkəzinə çevrilibdir. Bu
sahədə görüləcək işlər əminəm ki, ölkəmizin qeyri-neft sektorunun inkişafını
təmin edəcək, qeyri-neft ixracının həcmini böyük dərəcədə artıracaq. Əlbəttə
ki, neft sənayesində də işlər daim diqqət mərkəzindədir. Giriş sözümdə qeyd
etdim, burada böyük meqalayihələr icra edilir. Ancaq bununla paralel olaraq,
daxili istehsal, yəni, SOCAR tərəfindən neft və qaz hasilatı sabit qalmalıdır.
Keçən il Azərbaycanda 38,8 milyon ton neft və 30 milyard kubmetr qaz hasil
edilib, böyük layihələr icra olunub. Əminəm ki, 2020-ci ildə istifadəyə
verilməsi nəzərdə tutulan "Cənub Qaz Dəhlizi” layihəsinin icrası bizə əlavə
böyük gəlir gətirəcək. Əlbəttə
ki, sənaye sahəsində bizim diqqətimiz, eyni zamanda, qeyri-neft sektoruna
yönəlib. Bu sahədə də yaxşı nəticələr var. Keçən il qeyri-neft sənayemiz 9,1
faiz artıb. Bu, onu göstərir ki, həmin sahədə işlər yüksək səviyyədə aparılır.
Sumqayıt Kimya Sənaye Parkı, Sumqayıt Texnologiya Parkı, Mingəçevir Yüngül
Sənaye Parkı, Gəncə şəhərində sənaye müəssisələrinin, Neftçala, Hacıqabul,
Masallı, Sabirabad sənaye məhəllələrinin yaradılması bu sahədə atılan çox ciddi
addımlardır. Gələcəkdə digər şəhərlərdə də sənaye zonaları yaradılacaqdır. Biz
son vaxtlar ənənəvi xalçaçılıq sənətinin inkişafı ilə bağlı çox ciddi iş
aparırıq. Artıq 20 xalça fabriki fəaliyyətdədir. Hər fabrikdə orta hesabla 100,
yaxud 150 iş yeri yaradılır, xüsusilə qadınlar üçün. Mən fabriklərin
əksəriyyətinin açılışlarında iştirak etmişəm və görmüşəm ki, buna nə qədər
böyük ehtiyac var. Bu, qadınları işlə təmin etmək, qədim milli sənətimizi
yaşatmaq üçün çox düşünülmüş bir addımdır. Bütövlükdə isə bizdə 31 xalça
fabrikinin tikilməsi nəzərdə tutulur və burada təqribən 5 minə yaxın iş yeri
açılacaq. Bu il Sumqayıt şəhərində əyirici boyaq fabrikinin açılışı gözlənilir.
Beləliklə, biz artıq xalça istehsalında xarici xammaldan asılılığı aradan
götürəcəyik. İplik
və hazır tekstil fabriklərinin tikilməsinə də ehtiyac var. Bizdə iplik
fabrikləri var. Verilən məlumata görə, tədarük edilən pambığın təxminən 50
faizi artıq Azərbaycanda emal olunur və bu, əlavə dəyər yaradır. Bu, çox yaxşı
haldır. Ancaq sahibkarlar bilməlidirlər ki, potensial daha böyükdür.
Azərbaycanda pambıq istehsalı artır. Ona görə hesab edirəm ki, sahibkarlar
iplik fabriklərinin tikilməsinə çox ciddi baxmalıdırlar. Bu, çox gəlirli və
ölkəmiz üçün çox faydalı bir işdir. Eyni zamanda, ipəkçiliyin inkişafı ilə
bağlı çox ciddi addımlar atılır. Artıq Qax rayonunda Damazlıq Baramaçılıq
Mərkəzi yaradılır. Bu da imkan verəcək ki, biz idxaldan asılılığı azaldaq və
gözəl bir zəncir yaradaq, tingdən hazır ipək parçasına qədər. Yenə də dövlət
əsas işi öz üzərinə götürüb. Ancaq sahibkarlar da mütləq bu sahəyə maraq göstərməlidirlər.
Hesab edirəm ki, bu, onlar üçün faydalı ola bilər. Ölkəmizdə
yeni meyvə-tərəvəz emalı müəssisələrinin yaradılmasına ehtiyac var, bunu
xüsusilə qeyd etmək istəyirəm. Çünki meyvə və tərəvəz istehsalı artır. Biz bunu
daha çox meyvə-tərəvəz kimi ixrac edirik. Ancaq xarici bazarlarda emal olunmuş
məhsullara da böyük tələbat var. Biz
kənd təsərrüfatında islahatları dərinləşdirməliyik. Kənd təsərrüfatı elmi
əsaslarla inkişaf etməlidir. Müasir texnologiyalar, yanaşmalar tətbiq
olunmalıdır. Biz ərzaq təhlükəsizliyi ilə bağlı bundan sonra da mütləq ciddi iş
aparmalıyıq, bu, prioritet məsələdir. Məhsuldarlığın artırılması istiqamətində
işlər görülür. Hesab edirəm ki, bu, yaxın gələcəkdə özünü göstərəcək. Biz kənd
təsərrüfatı məhsullarının ixracını artırmalıyıq. Düzdür, son 15 il ərzində kənd
təsərrüfatı məhsullarının ixracı təxminən 6 dəfə artıb. Ancaq potensial da
böyükdür və biz yeni bazarlara çıxmalıyıq. Ticarət evləri açılır, ixrac
missiyaları göndərilir, dövlət tərəfindən sahibkarlara çox böyük dəstək verilir
ki, onlar öz məhsullarını xaricdə sata bilsinlər. Əlbəttə ki, aqroparkların da
çox böyük əhəmiyyəti var. Artıq 250 min hektarda 51 aqropark yerləşir. Əlbəttə
ki, bu torpaqlarda əvvəllər ya iş getmirdi, ya da çox ləng gedirdi. Kənd
təsərrüfatı məhsulları ilə bağlı bəzi rəqəmləri gətirmək istərdim. Misal üçün,
taxılçılıqda 2004-cü ildə 2 milyon ton məhsul yığılmışdı, keçən il 3 milyon 200
min ton. Yəni, artım yaxşıdır. Xüsusilə iri fermer təsərrüfatlarında və
aqroparklarda məhsuldarlıq hektardan 50 sentnerə bərabərdir. Bəzi yerlərdə daha
çoxdur. Çox gözəl göstəricidir. Bu, Avropanın inkişaf etmiş ölkələrinin
səviyyəsində olan göstəricidir. Ancaq hektardan orta məhsuldarlıq təxminən
29-30 sentnerdir. Bizdə
buğdanın məhsuldarlığı ilə bağlı cədvəl qarşımdadır. Dörd rayon - Saatlı,
Bərdə, Tərtər, Sabirabad hektardan 40 sentnerdən çox məhsul götürüb. 28 rayon
30 sentnerdən 40 sentnerə qədər. Qalan rayonlar isə 30 sentnerdən az tədarük
ediblər. Bu cədvəllər İqtisadiyyat Nazirliyi və Prezident Administrasiyası
tərəfindən hazırlanıb, var və indi sizə veriləcək. Sahibkarlar bu cədvəllərə
baxsınlar və biz də buna fikir verməliyik ki, hansı rayonlarda məhsuldarlığı
necə artıra bilərik. Məlumat
üçün bildirim ki, dünya üzrə hektardan orta məhsuldarlıq 34 sentnerdir,
Azərbaycanda 30, Avropa İttifaqında 53 sentnerdir. Bizdə iri fermer
təsərrüfatlarında 50 sentnerdir. Biz Avropa İttifaqının səviyyəsinə çatmışıq,
ancaq iri fermer təsərrüfatlarında. Heyvandarlıqla
bağlı bəzi rəqəmləri gətirmək istərdim. 2004-cü ildə 196 min ton ət tədarük
edilmişdir, keçən il 326 min ton. Bu sahədə də artım var. Cins mal-qaranın
idxalı təmin edilir, süni mayalanma mərkəzi fəaliyyət göstərir. Hesab edirəm
ki, bu sahədə irəliləyiş sürətli olacaq. Biz növbəti 5 il ərzində mal ətinin
istehsalını 15 faiz artırmalıyıq. Süd
istehsalı 2004-cü ildə 1 milyon 200 min ton, 2018-ci ildə 2 milyon ton olub.
Burada da artım çox böyükdür. Biz hələ də özümüzü süd və süd məhsulları ilə tam
təmin edə bilmirik. Növbəti 5 ildə görüləcək işlər nəticəsində süd istehsalı
təxminən 15-20 faiz artmalıdır. Quş
əti - 2004-cü ildə 44 min ton istehsal olunub, keçən il 109 min ton. Tərəvəz -
2004-cü ildə 1 milyon ton, keçən il 1 milyon 500 min ton istehsal olunub. Ən
çox valyuta gətirən kənd təsərrüfatı məhsulları - pomidor 177 milyon dollar,
xurma 114 milyon dollar, pambıq və pambıq məmulatları 108 milyon dollar, fındıq
100 milyon dollara yaxın və alma 38 milyon dollar. Meyvə
istehsalı 2004-cü ildə 420 min ton, 2018-ci ildə bir milyon ton olub. Yəni,
artım iki dəfədən çoxdur. Bütün bu məlumatları mən sahibkarlara və ictimaiyyətə
ona görə verirəm ki, onlar bilsinlər nə qədər artım olub və bizim hələ artıma
nə qədər ehtiyacımız var. Biz bazarlara çıxışı dövlət dəstəyi ilə təmin edirik. Bildiyiniz
kimi, son vaxtlar fındıqçılığa çox böyük diqqət yetirilir. Biz fındıq
bağlarının sahəsini qısa müddətdə böyük dərəcədə artırmışıq. 2016-cı ildə bizim
40 min hektar fındıq bağlarımız olub, bu gün artıq 75 min hektara çatıb və bu
il 9 min hektar da əkiləcək. Beləliklə, biz 84 min hektarda fındıq
yetişdirəcəyik. Əlbəttə, yeni salınan bağlar bar gətirənə qədər bir neçə il
keçəcək. Amma ondan sonra fındıq ixracının həcmi iki dəfədən çox artacaq və
fermerlərə indikindən iki dəfə çox vəsait gələcək. Hazırda fındıqçılıqda 20 min
nəfər işləyir. Son
vaxtlar badam və qoz bağlarının salınması geniş vüsət almışdır. Bu məhsullar da
çox gəlirlidir və ixracyönümlüdür. Azərbaycanda badam və qoz emalı
fabriklərinin tikintisi mütləq nəzərdə tutulmalıdır. Sahibkarlara məsləhət
görürəm ki, bu işlə məşğul olsunlar. Eyni zamanda, xüsusilə Bakı, Abşeron və
digər bölgələr üçün ənənəvi olan zeytunçuluğun inkişafı da sürətlə gedir. Yeni
zeytun bağlarının salınması geniş vüsət almışdır. Pambıqçılıqda
çox ciddi dönüş yaradılıb. Müqayisə üçün bildirməliyəm ki, 2015-ci ildə cəmi 35
min ton pambıq tədarük edilmişdir, keçən il isə 233 min ton. Görün, biz nə
qədər böyük irəliləyiş əldə etmişik. Pambıqçılığın bütün sahələrində 190 min
insan işləyir. Məhsuldarlıq bizdə hələ ki, lazımi səviyyədə deyil. Hektardan
orta məhsuldarlıq 17,4 sentnerdir. Bu, prinsipcə, bizi qane edə bilməz, biz
məhsuldarlığı artırmalıyıq. Ancaq bu məhsuldarlıq orta məhsuldarlıqdır. Harada
ki, işlərə ciddi yanaşırlar, məhsuldarlıq yüksəkdir. Məlumat üçün bildirməliyəm
ki, "MKT” təşkilatının pambıq tarlalarında məhsuldarlıq hektardan 27
sentnerdir, "Azərpambıq”da 19, amma digər kiçik təsərrüfatlarda aşağıdır. Ona
görə bu, orta məhsuldarlığı da aşağı salır. Ona görə bu sahədə də təftiş
aparılmalıdır. Pambıqçılıq üçün yararlı torpaqlar seçilməlidir və harada
məhsuldarlıq aşağıdır, orada başqa məhsullar yetişdirilməlidir. Dövlət xətti
ilə 470 pambıqyığan kombayn və pambıqçılıq üçün 12 minə yaxın texnika
alınmışdır. Tütünçülükdə
də çox ciddi irəliləyiş var. Tütün 2015-ci ildə cəmi üç rayonda əkilirdi. Tütünçülük
demək olar ki, artıq sıradan çıxırdı. Cəmi üç rayonda 3400 ton, keçən il artıq
13 rayonda 6200 ton tütün yığılıb. Bu sahəyə də dövlət dəstək göstərir. Qurutma
kameraları, tədarüklə bağlı texnika - bütün bunları dövlət təmin edir. Cəmi 3
il ərzində tütünçülükdə 9500 nəfər işlə təmin olunub. Yenə də deyirəm, əgər
dövlət öz dəstəyini göstərməsəydi, real yardım etməsəydi, bu sahələr bu qədər
inkişaf edə bilməzdi. Mənim sədrliyimlə tütünçülüklə bağlı xüsusi müşavirə
keçirildi. Bütün tapşırıqlar o müşavirədə verilmişdir və onlar icra edilir. Baramaçılıq üzrə də müşavirə keçirilmişdir. Burada mənzərə,
ümumiyyətlə, çox maraqlıdır. Sovet vaxtında baramaçılığın çox böyük ənənələri
olub. Xüsusilə Heydər Əliyevin təşəbbüsü ilə bir çox rayonlarda barama
istehsalı ən yüksək səviyyədə idi. Ancaq 2015-ci ildə biz gördük ki, cəmi bir
rayonda barama tədarük edilir, özü də 230 kiloqram. Qısa müddət ərzində çox
ciddi tədbirlər görüldü. Keçən il 38 rayonda artıq 513 ton barama tədarük
edildi. Biz barama tədarükünü 230 kiloqramdan 513 tona çatdırdıq. Bu il 800 ton
planlaşdırılır. Əlbəttə ki, Şəkidəki ipək kombinatının daha böyük həcmlə
işləməsi, orada daha çox sayda iş yerlərinin yaradılması üçün bu, əsas şərtdir.
Təkcə keçən il 2 milyon 600 min tut tingi əkilmişdir. Digər sahələr üzrə də işlər gedir. Mən çayçılıq, çəltikçilik,
sitrusçuluq üzrə müşavirə keçirmişəm. Bu sahədə də irəliləyiş var. Arıçılığın
da həm daxili bazar, həm də ixrac üçün çox böyük potensialı var. Bizim balımız
çox keyfiyyətlidir, xarici bazarlarda yüksək qiymətləndirilir. Biz indi həm
ailə biznesi çərçivəsində arıçılığa dəstək oluruq, həm də ki, subsidiyalar
verilir, bu yaxınlarda artırılıbdır. Arıçılığın böyük perspektivləri var, bu,
çox gəlirli sahədir. Fermerlər, vətəndaşlar üçün çox gözəl nəticələr verə
bilər. Üzümçülük, şərabçılıq. 2004-cü ildə 55 min ton üzüm yığılmışdır,
keçən il 167 min ton, yəni, 3 dəfə çox. Burada da dövlət dəstəyi, əlbəttə ki,
ön plandadır. Üzümçülüyün, şərabçılığın Azərbaycanda çox böyük ənənələri var
idi. Ancaq sovet dövründə, 1980-ci illərin sonlarında sovet rəhbərliyinin və
Azərbaycandakı rəhbərlərin birgə bəd əməlləri nəticəsində üzüm bağlarımızın
demək olar ki, qırılması prosesi başlamışdır. Əksər bağlar məhv edilib. Onların
bərpası, əlbəttə ki, böyük vəsait və zəhmət tələb edir. Üzüm çoxillik bitkidir.
Ona görə üç dəfə artım, əlbəttə ki, çox yaxşı nəticədir. Şərab istehsalı isə 15
il ərzində 5 dəfə artıb. Əlbəttə ki, regionların sosial-iqtisadi inkişafı məsələlərinə
baxanda biz mütləq ekoloji vəziyyətə nəzər salmalıyıq. Biz ekoloji vəziyyəti
yaxşılaşdırmalıyıq, ekoloji tarazlığı pozan amillərdən özümüzü qorumalıyıq. Bu
sahədə son illər ərzində işlər aparılıb. Hesab edirəm ki, bu məsələ daim diqqət
mərkəzində olmalıdır. Xüsusilə Bakıda, Sumqayıtda, digər böyük şəhərlərdə
ekoloji tarazlığı pozan müəssisələrə çox ciddi xəbərdarlıq edilməlidir ki,
onlar təmizləyici cihazları quraşdıraraq havanın çirklənməsinin qarşısını
alsınlar. Bu, çətin məsələ deyil. Ekologiya ilə bağlı digər məsələlər də öz
həllini tapmalıdır. Dəmir yolu layihələri ilə bağlı mən giriş sözümdə qeyd etdim.
Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri fəaliyyətdədir, bu işlərə yeni
tərəfdaşlar qoşulur. Mənim bir neçə ölkənin dövlət başçısı ilə apardığım
danışıqlar nəticəsində indi Orta Asiya respublikalarından əlavə yüklərin Ələt
limanına gəlməsi və oradan dəmir yolu ilə dünya bazarlarına çatdırılması təmin
edilib. Biz bir neçə ölkə ilə artıq çox səmərəli əməkdaşlıq edirik. Bu
ölkələrin sayı artır və biz yeni mənbələrdən yükləri cəlb edib Azərbaycan
ərazisindən göndəririk. Ölkə daxilində bir neçə dəmir yolu layihəsi
gündəlikdədir. Biz Şimal-Cənub nəqliyyat dəhlizinin bərpası ilə məşğuluq.
Düzdür, bu yol var, fəaliyyət göstərir, ancaq bunun sürəti aşağıdır. Ona görə
Yalamadan Astaraya qədər yeni dəmir yolu xətləri çəkilməlidir. Artıq keçən
ildən bu prosesə start verilib və beləliklə, Azərbaycan-Rusiya və
Azərbaycan-İran sərhədlərini birləşdirən Şimal-Cənub nəqliyyat dəhlizi yüksək
sürətli dəhliz olacaq və yüklərin mənzil başına çatma müddəti də, əlbəttə ki,
qısalacaq. Şəhərlərarası dəmir yollarının tikintisi də aparılır. İndi
Ləki-Qəbələ dəmir yolu tikilir. Qəbələ indi turizm mərkəzlərindən biridir və
Bakı-Yalama dəmir yolunun tikintisi ilə paralel olaraq, həmin yolun da
çəkilməsi təmin edilməlidir. Şahdağ dağ-xizək kurortuna da dəmir yolu
çəkilməlidir. Beləliklə, Qusar rayonuna da dəmir yolu ilə getmək mümkün olacaq.
Bu da proqramda nəzərdə tutulur. Tikinti sektoru ilə bağlı biz indi dövlət xətti ilə böyük
layihələri icra edirik. Mənzil İnşaatı Dövlət Agentliyi iki böyük layihəni
Yasamal rayonunda və Hövsanda icra edir. Bu prosesə də dövlət tərəfindən start
verildi. Sosial evlərin tikintisi çox böyük əhəmiyyət daşıyır, vətəndaşlar
bundan istifadə edirlər, eyni zamanda, bu, tikinti sektoruna da çox ciddi təkan
verir. Həm inşaat materialları sektoruna, həm də tikinti sektoruna bunun çox
böyük dəstəyi ola bilər. Bildiyiniz kimi, son illərdə Azərbaycana gələn turistlərin sayı
getdikcə artır və bu, çox müsbət haldır. Keçən il gələn turistlərin sayı
təqribən 6 faizə yaxın artmışdır. Keçən il ölkəmizə əvvəlki illərdən daha çox -
2 milyon 850 min turist gəlmişdir. Aparılan hesablamalara görə, bu turistlər
ölkəmizdə 2 milyard dollara yaxın pul xərcləmişlər. Bu, belə demək olarsa,
əlavə 2 milyard dollar ixrac deməkdir. Artıq bu rəqəm göstərir ki, turizmin nə
qədər böyük əhəmiyyəti var. Bu pullar xidmət sektoruna gedir, vətəndaşlar,
sahibkarlar bundan faydalanırlar. Yəni, bu pullar birbaşa o şirkətlərə gedir
ki, onlar bölgələrdə turistlərə müxtəlif xidmətlər göstərirlər. Çünki
turistlərin böyük hissəsi artıq Azərbaycanın bölgələrinə gedir. Bütün lazımi
şərait yaradılır və turizm sənayesi Azərbaycanda çox geniş imkanlara malik
olmalıdır. Bunun üçün bütün lazımi ilkin şərtlər var. Azərbaycanda
təhlükəsizlik, sabitlik hökm sürür, xalqımız çox qonaqpərvərdir. İqlimimiz də
çox gözəldir və müxtəlif iqlim tipləri var. Müasir infrastruktur yaradılıb, 6
beynəlxalq aeroport, müasir yollar, dəmir yolları, otellər, gözəl təbiət,
kurortlar, yay-qış xizək, dəniz kurortları, müalicəvi turizm inkişaf edir.
Misal üçün, Naftalan indi böyük turizm mərkəzinə çevrilib. Digər müalicəvi
yerlərə - Naxçıvanda Duzdağ müalicəvi mərkəzinə turistlər çox gəlir, Qalaaltıya
müalicəyə gəlirlər. Tarixi abidələrimiz kifayət qədər çoxdur. Bu da böyük maraq
doğurur. Coğrafi vəziyyətimiz də əlverişlidir. Bakı dünyanın ən gözəl
şəhərlərindən biridir. Yəni, bütün bu amillər deməyə əsas verir ki, turizm sənayesi
Azərbaycanda çox sürətlə inkişaf edəcək. Əlbəttə, bir çıxışda proqramda nəzərdə tutulan bütün istiqamətləri
əhatə etmək mümkün deyil. Sadəcə olaraq, mən əsas istiqamətləri ictimaiyyətin
diqqətinə çatdırdım. Bütövlükdə isə deməliyəm ki, ilkin hesablamalara görə, regionların
sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının icrası üçün ən azı
17 milyard manatdan çox vəsait nəzərdə tutulur. Hesablanıb ki, bunun 4,6
milyard manatı özəl sektor tərəfindən indi icra edilən və hazırlığı gedən
layihələrə investisiya şəklində qoyulacaq. Dövlət tərəfindən təxminən 13
milyard manata yaxın kapital qoyuluşu gözlənilir. Ancaq əlbəttə ki, bu, ilkin
rəqəmdir. Mən tam əminəm ki, bu rəqəm daha böyük olacaq. Çünki əvvəlki üç
proqramın icrası bunu göstərir. Çünki üç proqramın hər biri artıqlaması ilə
icra edilmişdir. Əminəm ki, dördüncü proqram da artıqlaması ilə icra ediləcək.
Nəzərə almalıyıq ki, indi bizdə investisiya iqlimi daha əlverişlidir. Mən giriş
sözümdə qeyd etdim ki, Dünya Bankı "Doing Business” hesabatında Azərbaycanı
25-ci yerə layiq görüb. Beləliklə, xarici investisiyalar bu rəqəmdə öz əksini
tapmır. Hələ xarici investisiyalar qoyulacaq. Ona görə bu, çox böyük rəqəmdir
və bu investisiyalar hesabına Azərbaycan bundan sonra da uğurla, inamla inkişaf
edəcək. Mən tam əminəm ki, bundan sonra da ölkəmiz ancaq inkişaf, tərəqqi və
qələbələr yolu ilə gedəcəkdir. Sağ olun.
Facebook-da paylaş