Uşaq bağçasının təmiri yekunlaşmaq üzrədir
Bağçaların təmir olunması bu il də davam etdirilir. İcra Başçısının tapşırığı ilə şəhər 2 saylı uşaq bağçasının əsaslı şəkildə təmirinə başlanılıb. Aparılan təmir işlərinə mütəmadi olaraq nəzarət edən rayon rəhbərliyi bu gün bağça binasına baş çəkib.
İş icraçısı Lətif Həsənov İcra Başçısına məlumat verərək bildirib ki, binanın hər 2 mərtəbəsində görüləcək əsas işlər tam başa çatıb. İşlərin sürətlə aparılmasının nəticəsidir ki, bütün arakəsmə hörgü işləri yekunlaşıb. Hər iki mərtəbədə suvaqaltı elektrik xəttinin çəkilməsi başa çatıb. İkinci mərtəbədə suvaq və üzlük vurulması işləri də tam yekunlaşıb. Tavanlara alçiban vurulub. Köhnə pilləkan məhəcəri də sökülərək yenisi ilə əvəz olunub. Bir sözlə, binada əsas işlər görülüb. Yaxın günlərdə rənglənmə işlərinə başlanılacaqdır.
İcra Başçısı təmir işləri ilə ətraflı tanış olduqdan sonra tapşırıq və tövsiyələrini verib.
Sonra Rəcəb Babaşov şəhər 2 saylı uşaq bağçasının müvəqqəti olaraq yerləşdiyi binaya gəlib, buradakı şəraitlə tanış olub, uşaqların təminatı ilə maraqlanıb.
Facebook-da paylaş