• Təqvim

  • Unutma

  • Maraq



“Şıxlı” fermer təsərrüfatı emal müəssisələri yaratmağı planlaşdırır

“Şıxlı” fermer təsərrüfatı emal müəssisələri yaratmağı planlaşdırır
Ölkədə kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyi gündən-günə artır. Subsidiyaların verilməsi prosesinin təkmilləşdirilməsi, kənd təsərrüfatında intensiv metodların tətbiqinin stimullaşdırılması, müasir texnologiyalara əsaslanan təsərrüfatların yaradılması nəinki ərzaq təhlükəsizliyinə təminat verir, eyni zamanda ölkənin ixrac potensialını genişləndirir.

Bu işdə iri fermer təsərrüfatlarının üzərinə daha çox öhdəlik düşür. Belə təsərrüfatlardan biri Qazax rayonundakı “Şıxlı” fermer təsərrüfatıdır. Təsərrüfat cəmi 4 ildir ki, yaradılıb. Buna baxmayaraq, uğurlu nailiyyətlər əldə edib. Burada 350 kvadratmetrlik taxıl anbarı, 2 tövlə, yem və ət kəsimi sexləri, 160 tonluq su anbarı, 20 min ot presi yığmaq üçün anbar, işçilər üçün hamam, mətbəx, yataq otaqları və s. yaradılıb. 15 nəfərin çalışdığı təsərrüfatda hər kəs görəcəyi işi yaxşı bilir.

Təsərrüfatın rəhbəri Natiq Məmmədov deyir ki, əvvəllər həyətyanı sahədə cəmi 4-5 mal-qara saxlayırdı: “Heç ağlıma da gəlməzdi ki, bu qədər müddətdə belə bir təsərrüfat yarada bilərərm. Hər gün televiziyadan ölkədə aqrar sahədə aparılan islahatlar barədə məlumatları dinlədikcə mən də fermer təsərrüfatı yaratmağı qərara aldım. Əlaqədar qurumlara müraciət etdim. Təşəbbüsümə dəstək verdilər və bələdiyyənin əkinəyararsız torpaqlarından 5 hektar yer ayrıldı. İlk günlər çətinliyimiz çox oldu. Əvvəlcə ərazini daş-kəsəkdən təmizlədik, 1,5 kilometr məsafədən su və elektrik xətləri çəkdik, kiçik ölçülü körpü saldıq, 1350 metr yola çınqıl tökdürdük. Elə həmin ili sahəni əkinəyararlı hala salıb, yonca və arpa səpdik. Bəxtimizdən il yaxşı gəldi və sahələrdən bol məhsul götürdük”.

Heyvandarlığın inkişafında əsas amil olan yem bazası yaradan fermer Natiq Məmmədov elə həmin il mal-qaranın sayını 120 başa çatdırdı. Təsərrüfatın işlərini vaxtında həyata keçirmək üçün lizinq yolu ilə traktor, müxtəlif əkin və səpin aqreqatları aldı. İndi, dediyinə görə, bütün işlər öz axarı ilə gedir. Hazırda təsərrüfatda 170 baş qaramal var ki, onun da 10-u cinsdir. Bu il ümumilikdə 25 bala alınıb. Ən çox kökəltməyə üstünlük verən fermer bu sahənin daha gəlirli olduğunu deyir. Elə bu məqsədlə təsərrüfatın müasir standartlara cavab verən kəsim sexində hər 10 gündən bir iri heyvan kəsilərək satışa çıxarılır. Bundan başqa, təsərrüfatda gün ərzində 250 litr süd də istehsal edilir. Sağılan süddən gələn gəlir təsərrüfatın digər işlərinə xərclənir.

Söhbət zamanı təsərrüfatın rəhbəri gələcək planlarından da danışdı: “İstəyirik ki, gələcəkdə ət və süd emalı sexləri, soyuducu anbar tikək, ət və süd yarımfabrikatları istehsal edək. Bunun üçün əkin sahələrimizi genişləndirmək fikrindəyik”.

Sabir ƏLİYEV,
“Azərbaycan”
16 yanvar 2018-ci il


Facebook-da paylaş