• Təqvim

  • Maraq



Koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sahəsinə təsirsiz ötüşmədi


Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşdü. Görüş zamanı ölkəmizdəki turizm sənayesindən də söz açıldı. Ölkə Prezidentinin də qeyd etdiyi kimi: "Azərbaycana gələnlərin özlərini evlərində olduğu kimi hiss etmələri üçün bütün səylər görülür. Pandemiyaya qədər 2019-cu ildə Rusiyanın bir milyon vətəndaşı Azərbaycanda turist kimi səfərdə olub, onlar, ilk növbədə, ona görə gedirlər ki, özlərini rahat, öz mühitində, o cümlədən dil mühitində hiss edirlər. Pandemiyaya qədər hər il təqribən 15-20 faiz turist artımı müşahidə olunurdu”.

Çox təəssüflər olsun ki, koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sahəsinə təsirsiz ötüşməmiş, 2020-ci ilin mart ayından başlayaraq bu sahədə də tənəzzül başlamışdır. Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün Azərbaycanla qonşu ölkələr arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq edilməsi nəticəsində turizm sahəsində geriləmələr qaçılmaz olmuşdur. Müqayisə üçün qeyd edək ki, Azərbaycan Respublikasının sərhəd-buraxılış məntəqələrindən keçən şəxslərin sayı 2019-cu ildə 17464,3 min nəfər olduğu halda, 2020-ci ildə 4028,3 min nəfər olmuşdur. Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkələr üzrə sayı 2019-cu ildə 3170373 nəfər olmuş, bu göstərici pandemiyanın təsiri nəticəsində 2020-ci ildə 795722 nəfərə qədər azalmışdır. Pandemiya ilə əlaqədar qapanmalar turizm yollayışlarının sayının kəskin azalması ilə nəticələnmişdir. 2019-cu ildə səyahət agentlikləri və turoperatorlar tərəfindən qrup və fərdi halda satılmış turizm yollayışlarının sayı 63885 ədəd olmuşdursa, 2020-ci ildə bu göstərici 5342 ədəd təşkil etmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli "Xüsusi karantin rejiminin müddətinin uzadılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə” qərarına əsasən şəhərlərarası və rayonlararası hərəkətin bərpa olunması daxili turizm xidmətlərindən istifadəyə birbaşa təsirini göstərdi. Bölgələrdə yerləşən hotellərə və istirahət mərkəzlərinə üz tutan vətəndaşların sayı artdı. Təkcə cari ilin mart ayı ilə ötən ilin müvafiq dövrünün müqayisəsi daxili turist səfərlərinin sayının 21 faizdən daha çox olmasını deməyə əsas verir. Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarına əsasən isə 2021-ci il 31 may tarixindən ölkənin şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımalarının bərpa olunması isə daxili turizmin yay mövsümündə daha da canlanmasına səbəb oldu. Ölkə rəhbərliyinin turizm sahəsinə xüsusi diqqəti və bu sahədə aparılan düşünülmüş və məqsədyönlü siyasətinin davam etdirilməsi postpandemiya dövrü üçün də turizmin sürətlə bərpasına nail olunacağını deməyə əsas verir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun Böyük Zəfəri, torpaqlarımızın işğaldan azad edilməsi və ölkənin ərazi bütövlüyünün yenidən bərpa olunması sözsüz ki, qarşıdakı illərdə iqtisadiyyatla bərabər, turizmin də inkişafı üçün əlverişli imkanlar yaradır. Çünki düşməndən təmizlənən torpaqlarda turizm potensialı kifayət qədər böyükdür. Füzuli, Şuşa, Kəlbəcər, Zəngilan və Laçın rayonları bu baxımdan xüsusi diqqət çəkir. Turizm potensialı kifayət qədər önəm daşıyan və dünyanın ən qədim insan məskənlərindən sayılan Azıx mağarası isə Füzuli rayonu ərazisində yerləşir. Bundan başqa, Kəlbəcərin İstisuyu, tarixin müxtəlif zamanlarında inşa edilən qalalar, kilsə, məscid və digər mədəni-tarixi abidələr bu rayonların turizm imkanlarını kifayət qədər artırır. Şuşa şəhərinin isə nəinki Qarabağın, bütövlükdə Azərbaycanın, gələcək illərdə isə islam və türk dünyasının mədəniyyət mərkəzi statusu qazanacağı heç bir şübhə doğurmur. Hazırda dünya turistlərinin diqqətini Azərbaycana cəlb etmək üçün müxtəlif istiqamətdə fəal işlər görülür.  Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin yanvar-iyun ayları ərzində turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində yaradılmış əlavə dəyər 397,1 milyon manat təşkil etmiş, ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 18,6 faiz artaraq 694,7 min olmuşdur. 2021-ci ilin yanvar-iyun aylarında mehmanxanaların gəlirləri 2020-ci illin müvafiq dövrü ilə müqayisədə 25,2 % artaraq 90,1 milyon manat təşkil etmişdir ki, onun da 61,1 %-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,3 %-i ictimai iaşə xidmətlərindən, 2,0 %-i, 2021 müalicə və sağlamlıq xidmətlərindən, 8,6 %-i isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.

Şəhla MƏMMƏDOVA,

Bakı Dövlət Universitetinin Qazax filialının müəllimi



Facebook-da paylaş