Prezident İlham Əliyev: Şəffaflıq, dürüstlük, iqtisadi islahatlar ölkəmizə böyük canlanma gətirir
Sosial təminat bizim üçün ən başlıca vəzifədir. Buna nail olmaq üçün bizim iqtisadi imkanlarımız olmalıdır. İqtisadi inkişaf nə qədər yüksək templərlə artsa, sosial təminat da bir o qədər yaxşılaşacaq, maaşlar, pensiyalar artacaqdır. Bu gün ölkəmizdə aparılan islahatlar bu məqsədi güdür. İlk növbədə, sosial sahədə daha böyük nailiyyətlərə nail olmaq üçün biz iqtisadi sahədə işimizi düzgün prinsiplər əsasında qurmalıyıq. Şəffaflıq, dürüstlük, korrupsiya və rüşvətxorluqla mübarizə, iqtisadi islahatlar, struktur islahatları - bütün bunlar ölkəmizə böyük canlanma gətirir.
GOYEZEN.AZ AZƏRTAC-a istinadən bildirir ki, "İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 99-cu kitabında yer alan bu fikirləri dövlətimizin başçısı ötən il dekabrın 24-də Bakının Nizami rayonunda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa olunmuş yaşayış binasında mənzillərin və Qarabağ müharibəsi əlillərinə avtomobillərin təqdim olunması mərasimində söyləyib.
AZƏRTAC xəbər verir ki, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı materiallar 2019-cu ilin dekabr və bu ilin yanvar aylarını əhatə edir.
Çoxcildliyin 99-cu kitabında Prezident İlham Əliyevin Rusiya Federasiyasına səfəri, Azərbaycana gəlmiş Özbəkistan Respublikası Ali Məclisi Senatının, Türkiyə Böyük Millət Məclisinin, Qazaxıstan Respublikası Parlament Məclisinin sədrləri ilə görüşləri, eləcə də bir sıra dövlətlərin yüksəkvəzifəli nümayəndələrini qəbul etməsi haqqında informasiyalar toplanıb.
Azərbaycan Prezidentinin bütün görüş və danışıqlarında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli yolları prioritet məsələ kimi qaldırılır ki, bu da hər cilddə öz əksini tapır.
Kitabda oxuculara dövlətimizin başçısının Bakının Xəzər rayonunda 2 saylı DOST Mərkəzinin, Bakı "Ağ şəhər”də Mərkəzi Bulvar küçəsinin açılış mərasimlərində iştirakı, Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yeni avtomobil yolunun tikintisi, "Şahdağ” Turizm Mərkəzində görülmüş işlərlə tanışlığına dair məlumatlar da təqdim edilib.
Dövlətimizin başçısının 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə söylədiyi geniş nitqin, ilin yekunları ilə bağlı jurnalistlərə, həmçinin Rusiyanın "Rossiya-24” kanalına müsahibələrinin mətnləri də bu nəşrdə yer alıb.
Yeni kitaba Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına, Milad bayramı münasibətilə Azərbaycanın Pravoslav icmasına təbrik məktubları və digər məktubları daxil edilib.
Kitabda "Qeydlər”, "Şəxsi adlar”, "Coğrafi adlar” göstəriciləri verilib.
"Azərnəşr” tərəfindən buraxılan 99-cu kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
Facebook-da paylaş