• Təqvim

  • Unutma

  • Maraq



Birlik, iradə və əzmkarlıq Qələbəyə aparır!


Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev deyirdi ki, hər bir vətəndaş gərək ölkəsinin böyük siyasəti haqqında düşünsün, kiçik mənfəətləri, maraqları haqqında düşünməsin.

Azərbaycan xalqı tarix boyu əzəli Vətən torpaqlarını qorumaq üçün mərdliklə vuruşub, qanları və canları bahasına ilk öncə müstəqilliyimizi qurmağa, daha sonra isə onu qorumağa çalışıb. Bu zamanlar ərzində soyqırımlara məruz qalmışıq, müəyyən dövrlərdə müstəqilliyimiz əlimizdən alınıb, həyatın hər sahəsində məhdudiyyətlər tətbiq edilib xalqımıza. Lakin bunların heç biri millətimin mübarizə əzmini qırmayıb, hər keçən gün mübarizə və müstəqillik hissləri daha da artıb.

Belə gözəl xalqın, müqəddəs torpağın yetirməsi olmaq hər birimiz üçün böyük şərəfdir. Məhz buna görə də növbəti dəfə bir yumruğa döndük, əl-ələ verib, çiyin-çiyinə dayandıq. Birlik, iradə və əzmkarlıqla Qələbəyə doğru addımladıq. Rəşadətli oğullarımızın şərəfli qanı və canı bahasına layiq olduğumuz, illərlə arzusunda yaşadığımz Qələbəni əldə etdik. Bu şərəfli qəhrəmanların arxasında bütün xalqımız durmuşdu və yenə də əzmlə durmaqda davam edir.

27 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 30 il davam edən erməni işğalına qarşı başlatdığı, 44 gündən sonra, noyabr ayının 10-da zəfərlə başa çatan Vətən müharibəsi nəinki vətəndaşlarımızın, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların ölkəmizin böyük siyasətinin ümdə tərkib hissəsi olan dövlətçiliyi qorumaq, ərazi bütövlüyünü təmin etmək, milli birliyi möhkəmləndirmək işinə dönməz sadiqliyinin sınağı oldu. Ölkədəki və onun hüdudlarından uzaqlardakı böyük və sarsılmaz gücümüzü real təcrübədə gördük. Yaddaşımızda babalarımızın "El gücü, sel gücü", "El bir olsa, dağ oynadar yerindən" deyimləri yeni - əməli fəaliyyət müstəvisində təzələndi, azadlıq müharibəmiz xalqımızın min illərdən süzülüb gələn təmiz milli-mənəvi dəyərlərinin, azadlıq uğrunda mübarizə ruhunun imtahanı, onun dəyanətliliyinin və mətinliyinin ayarı sayıla bilən məhək daşı oldu.

Bu Vətən müharibəsində Müzəffər Ordumuzun qalib Ali Baş Komandanı, Prezident İlham Əliyevin ilk gündən qəti qələbə əzminin, mahir siyasətçi və əzmkar sərkərdəlik məharətinin, dönməz və qətiyyətli iradəsinin düşmənə və onun dünyadakı havadarlarına qarşı qalibiyyətli mübarizəmizdə həlledici rol oynadığını, ordumuza və xalqımıza necə güc verdiyini izləməkdən və görməkdən iftixar duyuruq. Əlbəttə, zaman ötdükcə dövlətimizin və ordumuzun bu tarixi Qələbəsinin bütün tariximizi, milli varlığımızı, dövlətçilik ənənələrimizi, fiziki və mənəvi dünyamızı necə dəyişdiyinin daha çox fərqində olacaq, bunu daha ətraflı dərk edəcəyik.

Sözsüz ki, biz bu qələbəmizlə Azərbaycan tarixində yeni mərhələnin başlanmasının şahidi və xoşbəxt iştirakçısıyıq. Bu yeni  tariximizi dərin zəkası və qüvvətli yumruğu ilə yazan, xalqımızın iradəsini savaş və siyasət meydanında gerçəkləşdirən və tarixi yaddaşımıza həkk edən qüdrətli Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Vətən müharibəsini qələbəyə çatdıran qalib Azərbaycan Ordusudur.

Aydındır ki, müharibədə qələbə olduqca çox amillərin bir-birini tamamlaması, ardıcıl, məqsədyönlü, kəsərli, ölçülüb-biçilmiş kompleks səylərin və mübarizənin nəticəsində əldə edilir, lakin müharibənin ilham verəni, bütün xalqı ətrafında birləşdirib vahid məqsəd üçün səfərbər edəni və hər anına rəhbərlik edib yönəldəni olmasa, hazırkı ağır şərtlər altında bu möhtəşəm qələbəyə nail olmaq mümkün olmazdı. Qələbəmiz Prezident İlham Əliyev düşmənin başı üstündə Damokl qılıncı kimi tutduğu yumruğunu xalqımızın birlik və güc simvoluna çevirdi.

Dövlətin başçısı milli ruhun daşıyıcısı və ilhamverici qüvvəsi olaraq da bütün vətəndaşların güc və enerjisini Qələbəyə yönəltdi. Qələbə də, milli varlığımızı, milli kimlik və mənsubiyyət fəlsəfəmizi, bütövlükdə milli ruhumuzu yeni-yeni keyfiyyətlərlə doldurur, onu yaşadır, əbədi edir. Aydın dərk edilmiş və mübarizədə bərkimiş vətənpərvərlik isə insanı hər zaman qəhrəmanlığa, şərəfli ömür sürməyə və əməli ilə Vətəni, dövləti şərəfləndirməyə sövq edir.

Bir sözlə, Vətən müharibəsi insanların illər boyu vərdiş etdikləri həyat fəlsəfəsini dəyişdi, yeni bir təfəkkür hadisəsini - qalibiyyət fəlsəfəsini doğurdu, ordu və bayraq sevgisini həmişəlik könüllərə və zehinlərə yerləşdirdi, hər kəsə yeni həyat gücü və enerjisi bəxş etdi. İndi elə bir vətəndaşımız tapılmaz ki, ən qısa zamanda mənfur düşməndən azad edilmiş müqəddəs torpaqlarımızı ziyarət etmək arzusunda olmasın.

Vətən müharibəmizdə fərdi qəhrəmanlıq qrup və kollektiv qəhrəmanlığı doğurdu, qısa zamanda bu bütün xalqın qəhrəmanlığına yol açdı. Müharibənin ilk günündən Ali Baş Komandanın tam qələbəyə inamlı çağırışı, zəfər ümidli müraciətləri bütün xalqımızı qəhrəmana çevirdi. Genetik kodlarımızda oturduğuna görə bu çağırışlar babalarımızın döyüş ruhunu və vərdişlərini dirçəltməyimizə və döyüş meydanında təsdiq etməyimizə gətirib çıxardı. İndi biz də alnıaçıq surətdə qəhrəman xalqların sırasındayıq. Ulu Öndər Heydər Əliyev deyirdi: "Milli azadlığa nail olmaq üçün Milli oyanış, Milli dirçəliş, Milli ruhun canlanması lazımdır". Heç şübhəsiz, bu, öz-özünə baş verən proses deyildi, yalnız ardıcıl milli siyasət yürüdülməsi, məqsədyönlü dövlət strategiyasının həyata keçirilməsi sayəsində tədricən formalaşan, zamanın tələb etdiyi həyati dönüş anında isə oyanmış vulkan kimi püskürən bir prosesdir.

Yeri gəlmişkən, bu tarixi qələbəmiz yalnız bizləri deyil, Vətənin azadlığı üçün öz qələmləri və çağırışları ilə qəhrəmanlıq və qələbə ruhunu illər boyu xalqımıza təlqin edən, Vətən davasına çağırışlı şeirləri və əsərləri ilə xalqımızın tarixi yaddaşında daimi yerlərini almış Xəlil Rzanın, Bəxtiyar Vahabzadənin, Məmməd Arazın, Qabilin və onlar kimi nə qədər torpaqlarımızın azadlığını görmədən bu dünyadan nisgilli köçən fikir və sənət adamlarımızın ruhunu da sevindirdi.

Təbiidir ki, qələbələr bir qayda olaraq qəhrəmanlıq dastanları yaradır. Belə dastanlar da yeni nəsilləri hər zaman, hər işdə qələbəyə ruhlandırır. Qəhrəmanlıq dastanlarında milli-fəlsəfi qayə xüsusilə qüvvətli olur. Hüseyn Cavid "Bugünkü müharibədə toplar, tüfənglər deyil, hər məmləkətin ədəbiyyat və fəlsəfəsi ilə bəslənən beyinlər də ayrıca haizi-əhəmiyyətdir" dediyində nə qədər haqlı imiş. Biz indi bu günədək vətənsevərlik sahəsində "külüng" vuran bütün yaradıcı şəxsiyyətlərimizin, müəllimlərimizin, milli qeyrətli dövlət və siyasət xadimlərimizin zəhmətlərinin hədər getmədiyinin şahidi oluruq, bu fəaliyyətlərin bəhrə verdiyini məmnuniyyətlə seyr edirik.

Vətən müharibəsinin daha bir mühüm cəbhəsi mənfur düşmənin dünyanın aparıcı kütləvi informasiya vasitələrində bizə qarşı başlatdığı informasiya savası idi. Türkəfob, islamofob mövqeli bir sıra mətbuat nümayəndələri xalqımızın haqlı davasına kölgə salmaq üçün dəridən-qabıqdan çıxırdılar. Lakin Prezident İlham Əliyev əsla xeyirxah olmayan belə xarici jurnalistlərə cavablarında dronlarımız kimi dəqiq hədəfə vururdu, həm Azərbaycan həqiqətlərini yeridir, həm də ölkəmizə, ordumuza qarşı böhtan və iftiraları dəlillərlə ifşa edirdi. Ordumuzun qalibiyyətli ölüm-dirim savaşı cəbhədə gedirdi və xalq onun təfərrüatlarını deyil, nəticələrini görürdü. Prezidentin, beynəlxalq güclərin və qurumların ölkəmizə təzyiqlərə qarşı mübarizəsi isə, bütün xalqın gözü qarşısında baş verirdi. Prezidentin qəti və prinsipial mövqeyi, özünə, arxalandığı xalqa və orduya inamı isə bütövlükdə Azərbaycan xalqını, həmçinin, dünyanın müxtəlif ölkələrindəki azərbaycanlıları, başqa ölkələrin vətəndaşları olan soydaşlarımızı dünyanın bütün azərbaycanlılarının Vətəni olan Azərbaycan Respublikası naminə birləşdirir və konsolidasiya edirdi. Vətən naminə döyüşə könüllü yazılanlar o qədər çox idi ki, dövlətin ümumi səfərbərlik elan etməsinə ehtiyac belə qalmamışdı. Döyüşlərdə yaranan dostluq kimi, Vətən müharibəsində özünü təsdiqləyən və bərkiyən milli həmrəyliyimiz də artıq qırılmaz, geridönməz və əbədidir.

Azərbaycan dövləti hərb meydanı ilə yanaşı, diplomatik və ideoloji cəbhədə də mübarizə aparırdı. Ölkə başçısının yüksək siyasi məharəti sayəsində diplomatik cəbhədə də böyük uğurlar qazanıldı. Ölkə Prezidenti Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti haqqında dünya ictimaiyyətini məlumatlandırırdı. Hərbi əməliyyatların nəticəsi Prezidentin rəsmi Twitter hesabından operativ olaraq paylaşıldığından, vətəndaşlar o səhifədəki xəbərləri səbirsizliklə gözləyir, KİV nümayəndələri də oraya istinad edirdilər. Müharibənin gedişində müxtəlif nüfuzlu əcnəbi televiziya kanallarına verdiyi müsahibələrdə Ali Baş Komandan beynəlxalq aləmdə Azərbaycan haqqında formalaşmış yanlış təsəvvürləri aradan qaldırırdı.

Azərbaycan Prezidenti erməni yalanlarına uymuş bəzi xarici müxbirlərin qərəzli suallarını soyuqqanlıqla cavablandıraraq onları məntiqli arqumentlər əsasında susdururdu. Məsələn, Almaniya televiziya kanallarından birinin müxbirinin "Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır?” sualına İlham Əliyev çox sərrast cavab vermişdi: "Elzas və Lotaringiya sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? ... Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir ...”.

Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Vətənimizin müdafiəsi uğrunda döyüşə atılan igid oğullarımız minlərlədir. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu da Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 338 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları 44 günlük Vətən müharibəsində də bunu bir daha sübut etdilər. 44 günlük haqq savaşında Qazaxın 50 nəfər igid oğlu Vətən, yurd, torpaq naminə canından keçdi. Və bir daha nümayiş etdirdilər ki, "Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir” şüarı ilə müqəddəs amal uğrunda döyüşə atılan və düşmənə sinə gərən Qazaxın qeyrətli oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...

Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğı Qazaxda rayon rəhbərliyi tərəfindən də davam etdirilir. Şəhid ailələri və qazilərimiz mütəmadi olaraq ziyarət olunur, onların qayğıları ilə maraqlanılır.

Qazaxda bütün şəhidlərimizin, o cümlədən də 44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksələn qəhrəman Vətən oğullarının adlarını yaşatmaq, gələcək nəsillərə nümunə göstərmək üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 338 nəfər şəhidin xatirəsinə yaradılmış guşə, şəhərin Nəriman Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılan abidə kompleksi müstəqil Azərbaycanın suverenliyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsinə olan hörmət və ehtiramın bariz nümunəsidir. Yaradılan abidə qəhrəman oğullarımızın gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addım kimi rayon sakinləri tərəfindən də minnətdarlıqla qarşılanır.

Məqaləni Xalq şairi Nəriman Həsənzadənin şeiri ilə bitirmək istəyirəm:

AZƏRBAYCAN!

Od ürəkli, od nəfəsli diyarımsan,

Ocağına canım qurban, Azərbaycan!

Əzilsən də, əyilməyən vüqarımsan

Bu çağına canım qurban, Azərbaycan!

 

Savaşlardan alnıaçıq çıxan zaman

Tarixlərə bağışladın neçə qurban.

Hər qonşuda bir parçası əsir qalan

Torpağına canım qurban, Azərbaycan!

 

Neçə gizli sərvət yatır qucağında,

Neçə ölkə od aparır ocağından.

Azadlığın al rəmzi var bayrağında,

Bayrağına canım qurban, Azərbaycan!

 

Hər uğurun gələcəyə bir yol açır,

Hər dost elə xoş niyyətin işıq saçır.

Hər millətə, hər məzhəbə isti, açıq,

Qucağına canım qurban, Azərbaycan!

 

Başım üstdə məğrur-məğrur dalğalanan,

Bayrağına canım qurban, Azərbaycan!

Ruhuma büt, cismim üçün Vətən olan,

Torpağına canım qurban, Azərbaycan!

Minarə RƏHİMOVA,

Aslan Kəmərli adına Kəmərli kənd tam orta məktəbin direktoru, Azərbaycan dili və ədəbiyyat müəllimi



Facebook-da paylaş