Qazaxda icra başçısı bir qrup şəhid ailəsi ilə görüşüb
Ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsində, İkinci Qarabağ savaşında qazandığımız şanlı Zəfər Azərbaycanın hərb tarixinə, eləcə də xalqımızın yaddaşına qızıl hərflərlə yazıldı. 44 günlük müharibə dövlətimizin və ordumuzun qüdrətini bütün dünyaya göstərməklə yanaşı, eyni zamanda, Ali Baş Komandanın elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarının xalqımızın müqəddəs Vətən torpağı uğrunda haqq savaşının ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı olduğunu göstərdi. 44 gün davam edən müharibə həm də bütün dünyaya haqqın, ədalətin, beynəlxalq hüququn kimin tərəfində olduğunu, bu torpaqların əsl sahibinin kim olduğunu sübut etdi. 44 günlük müharibədə döyüş meydanında misilsiz igidlik nümunələri göstərən qəhrəman Vətən oğulları Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şəhidlərimizin qisasını alaraq onların qanını yerdə qoymadılar. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində Xankəndi və Xocalı şəhəri separatçılardan təmizləndi, Azərbaycan dövləti suverenliyini tam bərpa etdi. Bu gün doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Bu gün qalib Azərbaycan xalqı işğaldan azad olunmuş şəhərlərin azad olunduğu tarixləri xüsusi gün olaraq qürurla qeyd edir. Artıq xalqımız ölkə başçısının müvafiq sərəncamlarına əsasən hər il sentyabrın 20-sini Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi də qeyd edəcəklər. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun bəxş etdiyi bu möhtəşəm Qələbənin sevincini hər bir azərbaycanlı bu gün də böyük qürur hissi ilə yaşayır. Qazandığımız bütün bu tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən qeyrətli, cəsur oğullarımıza, şəhidlərimizə, qazilərimizə bir ömür boyu minnətdar olacağıq.
Bəli, bu gün qürurla deyə bilirik ki, qazandığımız bütün Qələbələr şəhidlərimizin qanı, canı, qazilərimizin sağlamlığı bahasına əldə edildi. Şanlı Zəfəri bizlərə bəxş edən şəhidlərimizin ailələrinə, yaralı döyüşçülərə, müharibə əlillərinə, iştirakçılarına qayğı göstərmək vətəndaş olaraq hər birimizin ən ümdə işi olmalıdır. Hər an torpaqlarımızın düşmən tapdağından azad olunmasında canını fəda edən əsgər və zabitlərimizə, hərbçilərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq.
Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhidlərimizin ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısı Qazax rayonunda da hər zaman hiss olunur, bu qayğı görülən işlərdə, həyata keçirilən tədbirlərdə öz real əksini tapır.
Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizin xatirəsini əziz tutan, onların ailə üzvlərinə, hərbçilərimizə, yaralı əsgər və zabitlərimizə daim qayğı ilə yanaşan rayon rəhbərliyi bu gün də öz ənənəsinə sadiq qalaraq xeyirxah əməlini davam etdirir. Şəhid ailələrini, yaralılarımızı, qazilərimizi hər zaman ziyarət edir, mütəmadi olaraq onlarla görüşərək qayğıları ilə maraqlanır.
Yanvarın 30-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bir qrup şəhid ailəsi ilə görüşüb. Şəhid ailələri ilə səmimi söhbət edən icra başçısı 44 günlük Vətən müharibəsində iştirak edən bütün hərbçilərimizin, qəhrəman şəhidlərimizin, qazilərimizin onun üçün doğma və əziz olduğunu söyləyib, onların ünvanına xoş ürək sözlərini səsləndirib. Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Azərbaycanın adını bütün dünyaya tanıdan şəhidlərimizlə, qazilərimizlə hər birimizin fəxr etdiyini qeyd edib. Ölkə Prezidentinin də vurğuladığı kimi, şəhid ailələrinə, hərbçilərimizə, əsgərlərimizə, sağlamlığını itirən qazilərimizə, onların ailə üzvlərinə diqqət və qayğı göstərməyin hər bir dövlət məmurunun, eləcə də hər bir vətəndaşın borcu olduğunu qeyd edərək Qazaxda bu amilin, göstərilən qayğının bundan sonra da davam etdiriləcəyini bildirib.
Şəhid ailələri onlara, eləcə də qazilərə göstərilən diqqətə, qayğıya görə razılıqlarını ifadə edərək buna görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Bugünkü görüşə və səmimi münasibətə görə rayon rəhbərliyinə təşəkkür ediblər.
Facebook-da paylaş