• Təqvim

  • Unutma

  • Maraq



Vasitəçilərin ətaləti və ya ədalətsiz vasitəçilik…


Artıq tarixin arxivinə qovuşan Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixi, səbəbləri barədə çoxsaylı kitablar, məqalələr yazılmış, araşdırmalar aparılmışdır. Münaqişənin tarixinə nəzər yetirərkən görmək mümkündür ki, ATƏT – Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (əvvəlki adı ATƏM – Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsi) təşkilatçılığı ilə Minsk qrupu adlı qurum yaradılmış və vasitəçilik təsisatını formalaşdırmışdır.

Qrupun tarixi  ATƏM-in Xarici İşlər Nazirləri Şurasının  1992-ci ilin  24 martında Helsinkidə keçirilmiş görüşündən başlayır. Belə ki, həmin görüşdə Dağlıq Qarabağda vəziyyət müzakirə olunmuş, ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edilmişdir.

1994-cü il dekabrın 5-6-da ATƏM-in Budapeştdə keçirilən Zirvə toplantısında həmsədrlik institutu təsis edilmişdir. Minsk konfransına iki həmsədrin təyin olunması və Minsk qrupunun iclaslarının onların birgə həmsədrliyi ilə keçiriləcəyi barədə qərar qəbul edilmişdir. Minsk prosesinin həmsədrlik institutu təsis olunarkən, ona əvvəlcə Finlandiya ilə Rusiya, daha sonra isə 1995-1996-cı illər ərzində İsveç və Rusiya başçılıq etmişdir. 1 yanvar 1997-ci ildən ATƏT-in Minsk Prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edirlər.

Bəs bu qurum bu illər ərzində nə etdi? Niyə münaqişənin həlli yolunda irəliləyiş əldə olunmadı? Səbəb çox sadədir. Çünki hər üç dövlət erməni lobbisinin çox güclü olduğu ölkələr olmaqla yanaşı, Ermənistana hərtərəfli yardım edən ölkələrdir və regionda Azərbaycanın, ümumiyyətlə türk-islam gücünün möhkəmlənməsindən ehtiyat edirlər. Bunun üçün isə Qarabağ münaqişəsinin həll edilməməsi ən yaxşı variant idi.

Zaman-zaman fərqli həll yolları təklif etdilər: "Mərhələli həll variantı”, "Paket həll variantı” və "Ümumi dövlət formatı”. Bunlardan bəziləri bizim tərəfimizdən müəyyən qədər məqbul sayılsa da, əsas etibarilə qaneedici deyildi. Qane edən müddəalar isə Ermənistan tərəfindən qəbul edilmirdi. Çoxunun da nəticəsində "status” məsələsi dayanırdı, hansı ki, 44 günlük müharibədən sonra "cəhənnəmə getdi”.

20 ildən çox aşağı-yuxarı eyni müddəalar ətrafında bölgəyə turistik səfərlər edilir, yeyib-içmək ziyafətləri qurulur, müsahibələrdə isə "münaqişənin həlli istiqamətində müəyyən müsbət qığılcımlar var” deyərək keçirdilər.

Vasitəçilərin əsas məqsədi isə, cənab Prezidentin də qeyd etdiyi kimi, münaqişənin həll prosesini mümkün qədər uzatmaq, bir növ, işğal faktını qanuniləşdirmək, yaddaşlardan bu məsələni silməyə çalışmaq olmuşdur. Bu illər ərzində vasitəçilər nəinki münaqişənin həlli yolunda radikal addımlar atmadı, həmçinin ermənilərin qanunsuz məskunlaşdırma siyasətinə, tarixi və mədəni abidələrimizi məhv etməsinə, təmas xəttində möhkəm mühəndis-istehkam qurğularının yaradılmasına göz yumdular.

44 günlük Vətən müharibəsi zamanı da hər şey tam çılpaqlığı ilə ortaya çıxdı: guya vasitəçilik etməli olan ölkələr bizim haqq işimizə mane olmaq üçün səfərbər oldular. Hər bir vəchlə zəfər yürüşümüzü dayandırmağa çalışdılar, "məzlum” erməni xalqının hüquqlarını müdafiə etmək missiyasına üstləndilər. Amma xeyri yox idi, artıq meydanda Minsk qrupuna ehtiyac qalmamışdı. İllərlə yerinə yetirilməyən BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin şərtlərini Azərbaycan Ordusu yerinə yetirirdi.

Nəhayət, 44 gün ərzində Ali Baş Komandanın iradəsi və Azərbaycan əsgər və zabitinin "dəmir yumruğu” ilə haqq-ədalət bərqərar olundu. İşğal olunmuş torpaqlarımızın böyük hissəsi güc yolu, ondan da böyük hissəsi isə qansız-bəlasız azad olundu.

Bu əsnada Minsk qrupunu da tarixin rəflərinə qoymağın vaxtıdır. Artıq nə üçün lazımdırlar? Nəyi müzakirə edəcəklər? Nəyə və ya kimə vasitəçilik edəcəklər? Masa ətrafında Azərbaycan, Rusiya və Türkiyə var.

Minsk qrupunun həmsədrlərinə ən gözəl cavabı Ali Baş Komandan vermişdir. Müharibə bitər-bitməz tələsik Bakıya (daha sonra İrəvana) səfər edən həmsədrlərə cənab Prezidentdən sillə kimi dəyən sözlərdən sonra özünə hörmət edən qurumun özü-özünü buraxması daha yaxşı olardı. "Mən sizi dəvət etməmişəm, özünüz xahiş etdiniz və gəldiniz. Nə sözünüz varsa deyin, hamı eşitsin” sözlərindən sonra pərt olmuş, çaşqınlıq içərisində qalan ifadəsiz simaları görməyə dəyərdi...

Son olaraq, bir daha vurğulamaq istərdim ki, münaqişənin bitdiyi yerdə vasitəçilik mənasızdır. Çünki sözün bitdiyi yerdə silahlar danışdı və illərlə açılmayan "Qordi düyünü” bir zərbə ilə qırıldı.

Tükəzban SÜLEYMANOVA,

Qazax Dövlət Sosial-İqtisadi Kollecinin müəllimi, "Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri



Facebook-da paylaş