Prezident İlham Əliyev: "Heç bir qüvvə Azərbaycanı yolundan döndərə bilməz. Azərbaycan Ordusu döyüş meydanında tarixi ədaləti bərpa edir”
Şanlı Azərbaycan Ordusunun qələbə salnaməsi və qələbə marşı yazılmaqda davam edir. Oktyabrın
26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyevin xalqa etdiyi müraciətində səsləndirdiyi fikirlər,
verdiyi qələbə xəbərləri də bunu bir daha təsdiq edir. Dövlətimizin başçısının da qeyd etdiyi kimi: "İkinci Qarabağ müharibəsi xalqımız üçün Vətən müharibəsidir. Azərbaycan
ordusu döyüş meydanında tarixi ədaləti bərpa edir”. Şanlı Azərbaycan Ordusu bir
çox yaşayış məntəqələrini düşməndən azad edibdir. Sonuncu azad edilmiş yaşayış
məntəqələrinin siyahısı - Zəngilan rayonu: Birinci Alıbəyli, İkinci Alıbəyli,
Rəbənd, Yenikənd; Cəbrayıl rayonu: Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər,
Hovuslu, Çələbilər; Qubadlı rayonu: Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas,
Xanlıq, Sarıyataq, Mollabürhan və Qubadlı şəhəri. Bununla azad edilən yaşayış məntəqələrinin sayı 150-yə yaxınlaşır. Beş
ilə (1988-1993-cü illər) işğal olunmuş, təxminən 27 il ərzində güclü
müdafiə-istehkam sistemi yaradılmış ərazilərin mühüm hissəsinin qısa müddətdə
azad olunması Azərbaycan Ordusunun qüdrətinin göstəricisidir. Ölkə Prezidentinin
də söylədiyi kimi: "Dağlıq Qarabağ əzəli, tarixi
Azərbaycan torpağıdır. Erməni lobbi təşkilatları həm bölgənin tarixi ilə bağlı,
həm münaqişənin tarixi ilə bağlı yanlış məlumat ötürərək dünyanın ictimai
fikrində təhrif edilmiş təsəvvür yarada bilmişlər. Məhz buna görə, torpaqları
işğal olunan Azərbaycana qarşı sanksiyalar tətbiq edilmişdir. Qarabağ tarixini
dünya ictimaiyyətinə çatdırmaq üçün son illər ərzində böyük işlər görülübdür. Bu
işlər sayəsində artıq dünyada məsələ ilə bağlı daha obyektiv təsəvvür var”. Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik
Konfransında, Soçidə "Valday” Beynəlxalq Diskussiya Klubunda, Aşqabadda,
Vyanada, Astanada diskussiya və çıxışlarında Dağlıq Qarabağla bağlı həqiqətləri
səsləndirməsi dünya ictimai rəyinin lehimizə dəyişməsinə mühüm töhfə verib. Tarixə nəzər
yetirərkən də bir daha aydın olur ki, ölkə başçısının da vurğuladığı kimi: "Kürəkçay sülh anlaşmasında erməni xalqı haqqında bir kəlmə də yoxdur.
Çünki erməni xalqı o vaxt orada yox idi. Erməni xalqı Kürəkçay, Gülüstan,
Türkmənçay sülh müqavilələrindən sonra bizim dədə-baba torpaqlarımıza gətirildi”. Prezidentin
dediyi kimi: "Məqsəd imperiyanın yeni
torpaqlarında dini tərkibi dəyişdirmək, müsəlmanları öz dədə-baba
torpaqlarından qovmaq və yeni reallıq yaratmaq idi. Qafqaz bürosunun 1921-ci il protokollarında
göstərilir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın. Halbuki
bütün bu illər ərzində saxta erməni alimləri, ermənilərə havadarlıq edən
dairələr sübut etməyə çalışırdılar ki, Stalin Dağlıq Qarabağı Ermənistandan
ayırıb Azərbaycana veribdir”. Azərbaycan sovet dövründə də bölgəyə
böyük investisiya qoyub və erməni əhalinin diskriminasiyasından söz gedə
bilməz. Münaqişə başlayanadək ermənilərin Dağlıq Qarabağda bütün mədəni, sosial
və mümkün siyasi hüquqları təmin olunub. Sovet İttifaqı rəhbərliyində Heydər
Əliyev amili erməniləri uzun illər separatçı hərəkətlərini reallaşdırmağa imkan
verməmişdir. Yalnız Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırılandan iki həftə
sonra ermənilər Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək
haqqında iddia qaldırdılar. Ölkə
rəhbərinin qeyd etdiyi kimi: "Dağlıq Qarabağda
qanunsuz xüsusi idarəetmə komitəsi faktiki olaraq Dağlıq Qarabağın
Azərbaycandan qoparılması üçün zəmin yaradıldı. O vaxtkı Azərbaycan
rəhbərliyinin qeyri-adekvat davranışı münaqişənin qarşısını vaxtında almağa
imkan verməyib. 1992-ci ilin may ayında Şuşa və Laçının itirilməsi, 1993-cü
ilin aprelində Kəlbəcərin işğal altına düşməsi Dağlıq Qarabağla Ermənistan
arasında coğrafi bağlantı yaratdı”. Prezidentin
çıxışı həm daxili auditoriyaya, həm Ermənistan ictimaiyyətinə, həm də
beynəlxalq ictimai rəyə hesablanıb. Prezident daxili auditoriyanı həm XX əsrin
əvvəllərinin, həm də 1988-ci ildən sonrakı dövrün səhvləri haqqında
məlumatlandırır, beynəlxalq ictimai rəyi həqiqətlərlə maraqlanmağa məcbur edir,
Ermənistan ictimaiyyətini isə miflərdən xilas edib tarixi, hüquqi və ordumuzun
yaratdığı hərbi reallıqları qəbul etdirməyə çalışır. Prezident çıxışında Dağlıq Qarabağ
münaqişəsinin həm tarixi, həm də hüquqi incəliklərini müfəssəl izah edir. Minsk
qrupu haqqında fikirlərini bildirən ölkə başçısı qeyd edib ki: "Minsk qrupunun fəaliyyətinə müsbət qiymət vermək olmaz. Minsk qrupu
işğalçıya təzyiq etməyib və etmək də istəməyib. Minsk qrupu həmsədri olan üç
ölkə məsələni həll etmək istəsəydi, Ermənistana sanksiyalar tətbiq edərdi.
Minsk qrupu həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir, istənilən
məsələni həll edə bilərlər. Minsk qrupu Ermənistanın qanunsuz məskunlaşma
aparmasına etiraz etməyib. Qanunsuz məskunlaşma beynəlxalq cinayətdir, Cenevrə
konvensiyalarına ziddir. Minsk qrupunun cinayətə susması torpaqlarımızı
erməniləşdirməyə, Azərbaycan mədəni irsini silməyə təşviq mesajıdır. 28 il
ərzində danışıqların imitasiyası olub. Bununla Azərbaycanı vəziyyətlə barışmağa
sürükləyirdilər ki, yeni reallıqlar yaranıbdır, siz də hesablaşmalısınız”. Dövlət başçısının
da vurğuladığı kimi: "Öz torpaqlarını işğalçılardan azad
etməyə başlayan Azərbaycana böyük təzyiq göstərirlər. Azərbaycan BMT
Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına yerinə yetirir. Halbuki bu, BMT
Təhlükəsizlik Şurasının vəzifəsidir. Minsk qrupunun bütün fəaliyyəti indi
təcavüzkar, Xocalı soyqırımını törədən, Gəncəni ballistik raketlərlə bombalayan
Ermənistanı xilas etməkdir”. Ölkə
rəhbərinin də bildirdiyi kimi: "Vasitəçi neytral
olmalıdır. Neytral deyilsə, öz namizədliyini geri götürməlidir. Müstəqilliyimizin
ilk mərhələsində Minsk qrupunun həmsədri olan Amerika Konqresi Azərbaycana
qarşı sanksiya tətbiq edib ki, guya Azərbaycan Ermənistana qarşı təcavüz edir
və bu sanksiyalar bu günə qədər qüvvədədir. Minsk qrupunun həmsədr ölkələri BMT
Təhlükəsizlik Şurasında digər üzv ölkələrə böyük təzyiqlər edərək yeni sənəd qəbul olunmasına çalışıb.
Məqsəd 1993-cü ildə
erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması barədə qəbul edilmiş
qətnamələri qüvvədən salmaq olub. Bu
yenə də işğalçıya dəstək göstərilməsi cəhdidir. Qoşulmama Hərəkatına üzv
ölkələr buna imkan vermədilər, bizə dəstək göstərdilər. Bütün başqa məsələlərdə
maraqları daban-dabana zidd olan ABŞ, Rusiya və Fransanın Dağlıq Qarabağ
məsələsində mövqelərinin üst-üstə düşməsi sual doğurur”. Ölkə
Prezidentinin söylədiyi fikirlərdən də bir daha aydın olur ki, Minsk qrupunun
fəaliyyəti Azərbaycana işğal faktını qəbul etdirməyə hesablanıb. Minsk qrupunun
üzvlərindən Fransa açıq şəkildə ermənipərəst mövqe tutur, parlamenti erməni
soyqırımını tanıyır, ölkədə islamofobiya və türkofobiya dövlət siyasəti
səviyyəsinə qaldırılıb, son hadisələr
zamanı isə erməni feykləri beynəlxalq gündəmə Fransa prezidenti vasitəsilə
gətirilir. Rusiya Ermənistanı silahlandırır, hətta atəşkəs vaxtı belə
təcavüzkarı silahlandırmaqda davam edir. ABŞ uzun illər Dağlıq Qarabağdakı
işğalçı rejimə birbaşa yardımlar ayırıb, prezidentliyə namizədlər ABŞ-dakı
erməni əsilli seçicilərin maraqlarını ABŞ-ın regiondakı maraqlarından üstün tutur,
Azərbaycana qarşı 907-ci düzəliş tətbiq edib. Beləliklə, heç bir həmsədr
Azərbaycana qarşı qərəzsiz deyil.
Azərbaycandakı siyasi partiyalar və ictimai–siyasi fəallar Minsk qrupunun
fəaliyyətinə etiraz edirlər. Qoşulmama Hərəkatının verdiyi dəstək Azərbaycanın
müxtəlif beynəlxalq qurumlarla əməkdaşlıq etməsinin, çoxvektorlu
diplomatiyasının effektivliyini də sübut etdi. Eyni zamanda göründü ki, əsasən
Qərbin dominantlığı ilə yaranmış müasir dünya nizamı əbədi deyil, "dünya 5-dən
daha böyükdür”. Atəşkəs
rejimi Ermənistan tərəfindən daim pozulur. Bunu ölkə başçısı xalqa müraciətində
bir daha vurğulayıb: "Oktyabr ayının 10-da birinci atəşkəs qüvvəyə mindi. Azərbaycan tərəfi həlak olanların
cəsədlərinin, girovların, əsirlərin dəyişdirilməsi üçün buna razılıq vermişdi. Ancaq Ermənistan bir
gün keçməmiş bu atəşkəsi namərd şəkildə, gecə vaxtı Gəncəni bombalamaqla
kobudcasına pozdu. İkinci atəşkəsoktyabrın 17–də elan olundu. Yenə də iki
dəqiqədən sonra Ermənistan atəşkəsi pozdu. Oktyabrın 26-sı səhər saat 8-dən
üçüncü atəşkəs elan olunub. Ancaq səhər saat 9-da artıq atəşkəs Ermənistan
tərəfindən pozuldu. Hər bir pozuntu qeydə alınır, dərhal ATƏT-in nümayəndəsinə
və atəşkəsdə maraqlı olan digər ölkələrə göndərilir ki, baxsınlar, ermənilər
atəşkəsi nə qədər pozublar”. Ölkə başçısının da qeyd etdiyi kimi Azərbaycan tərəfinin şərtləri hər kəsə
bəllidir. - Münaqişənin sülh yolu ilə həlli üçün
Ermənistan bizim torpaqlarımızdan dərhal çıxmalıdır. - Cədvəl verilməli, Ermənistanın neçə
gündən sonra hansı rayondan çıxacağı cədvəldə göstərilməlidir (Ermənistan bu
cədvəli verməyib). - Döyüş meydanında diz çökən
Ermənistan atəşkəsdən istifadə edib öz qüvvələrini yenə də səfərbər etmək, yenə
də silahlanmaq və yeni işğalçılıq siyasəti aparmaq istəyir. Son bir ay ərzində Ermənistana
kütləvi surətdə müxtəlif növ silahlar göndərilir. Atəşkəsi istəyənlər Ermənistanı
silahlanıdrmağı dayandırmalıdır. - Münaqişənin həlli üçün hüquqi baza
kifayət qədər genişdir: BMT Təhlükəsizlik Şurasının qətnamələri, Qoşulmama
Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və digər təşkilatların
analoji sənədləri. Avropa İttifaqı ilə paraflanmış sənəddə ölkəmizin
suverenliyi, sərhədlərimizin toxunulmazlığı və ərazi bütövlüyü haqqında xüsusi
müddəa var. Bu hüquqi baza imkan verir ki, döyüş meydanında düşmənə dərs
verək. - Azərbaycan məsələnin hərbi-siyasi
yollarla həllinə hazırdır. Hərbi-siyasi həll yalnız Azərbaycanın ərazi
bütövlüyünün bərpası məsələsini reallaşdırmalıdır. - Dağlıq Qarabağda yaşayan ermənilər
bizim vətəndaşlarımızdır. Azərbaycan xalqı da tolerant xalqdır. Hərbi
mərhələnin başa çatması üçün azərbaycanlılar Şuşaya, Xankəndinə, əvvəllər
yaşadığı bütün başqa yerlərə qayıtmalıdır. Erməni əhali üçün şərait
yaradılacaq, yavaş-yavaş bir yerdə yaşamağı öyrənməliyik. Azərbaycan
Prezidentinin bu yanaşması həm əxlaqa, həm beynəlxalq hüququn normalarına
əsaslanır. - İndi vasitəçi ölkələr artıq beş
rayonun azad edilməsindən danışa bilməzlər, 5 rayonun artıq 4-ü (Füzuli, Zəngilan,
Cəbrayıl, Qubadlı) bizədir. Bu rayonların böyük hissəsi bizdədir. Keçmiş Hadrut
- indiki Xocavənd rayonunun bir hissəsi bizdədir. - Azərbaycan danışıqların əleyhinə
deyil. Amerikada baş verən danışıqlar nəticəsində qərara gəlindi ki, bir neçə
gündən sonra Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Cenevrədə
görüşəcəklər. Mən etiraz etmirəm, görüşsünlər. Bu, 28 il ərzində o qədər
mənasız görüş olub ki, biri artıq, biri əskik fərq etməz. Biz istəyirik ki, bunun mənası olsun. - Bu gün Azərbaycan yeni bir reallıq
yaradıb, hər kəs yeni reallıqla hesablaşmalıdır. Bu
çıxışda açıqlanan şərtlərlə "5 rayon + 2 rayon” formatının, "Kazan formulu”
adlanan danışıqlar mövzusunun arxada qaldığı aydın olur. Azərbaycan Prezidenti
danışıqların mənalı olmasını, yeni istiqamətini, vasitəçilərin yeni tərkibini
və yeni predmetinin təklif edilməsini istəyir. Yeni yanaşma Azərbaycanın hərb
meydanında öz hüquqlarını bərpa etməsi reallığına uyğun olmalı, bunun
təcavüzkar tərəfindən qəbul edilməsinə xidmət etməlidir. Həmsədrlərin
məşğul ola biləcəyi fəaliyyət barədə həm müsahibələrində, həm son müraciətdə
açıq istiqamət var - Azərbaycanın dəyişdiyi reallıqları qəbul edib danışıqları
bu reallıqları təcavüzkara qəbul etdirmək, erməni tərəfini mədəni muxtariyyət, iki icmanın birgə yaşayışı və
bələdiyyə muxtariyyətləri çərçivəsində həllə razı salmaq. Bunun mədəni dünyanın
standartlarına uyğun olması, o cümlədən Regional Dillər və ya Azsaylı
Xalqların Dilləri üzrə Avropa Xartiyası,
Avropa Şurasının Etnik Azlıqların Müdafiəsi Haqqında Çərçivə
Konvensiyasına və digər beynəlxalq hüquqi aktlara uyğunluğu izah olunmalıdır.
Əksinə, Ermənistan tərəfi keçmiş prezidentlərin və indiki baş nazirin dili ilə
azərbaycanlılarla birgə yaşamağın mümkün olmadığı kimi irqçi fikirlər təlqin
edir. Ermənistanın
hərbi itkiləri barədə məlumat verən ölkə başçısı bildirib ki: "252 tank məhv edilib, 53 tank qənimət kimi götürülüb. Toplam 305
tankdan Ermənistan məhrum edilib. Amma hələ tankları var. Görün nə qədər tank
olub onlarda. 50 piyadaların döyüş maşını məhv edilib, 29-u qənimət kimi
götürülüb – cəmi 79 ədəd. 251 müxtəlif çaplı top məhv edilib, 24-ü qənimət kimi
götürülüb, cəmi 275. 61 minaatan məhv edilib, 45-i qənimət kimi götürülüb,
toplam 106. 53 tank əleyhinə vasitə məhv
edilib. 82 "Qrad” qurğusu məhv edilib. 2 "Uraqan” Yaylım Atəşli Raket Sistemi,
1 "TOS” məhv edilib. Zenit-raket kompleksləri - 4 "TOR”, 40-a yaxın "OSA”, 4
"KUB”, 1 "KRUQ”, 2 "S-125” qurğusu məhv edilib. "S-300” ən bahalı qurğulardan
biridir, 6 "S-300” atıcı qurğusu məhv edilib. Bir aşkaretmə stansiyası, bir
lokator. Əməliyyat taktiki raket kompleksləri – Elbrus, ikisi məhv edilib,
"Toçka-U” biri məhv edilib. Yük avtomobilləri – 231 yük avtomobili məhv edilib,
onlardan 20-si sursatı ilə. 173 yük avtomobili hərbi qənimət kimi götürülüb.
Toplam 404 yük avtomobili”. Ölkə
başçısı qeyd edib ki: ”Ermənistan iflas həddinə çatıb. Haradandır bu pul, haradan? Müşahidəçilər, vasitəçilər,
politoloqlar, ermənipərəstlər desinlər ki, pullar haradan gəlir? O silahları
istehsal edən ölkələrin vətəndaşları bilirlərmi ki, bir ay ərzində onların nə
qədər malı batıb? Bizim pulumuz var, hər şey şəffafdır. Ermənistanın xarici
dövlət borcu təxminən 8 milyard dollardır. Valyuta ehtiyatları isə 1,5 milyard
dollardır. Özü də bu, sərbəst vəsait deyil, bu, bank rezervləridir. Onlardan
istifadə edə bilməz. Əgər istifadə etsə, onların dırnaqarası valyutası da
kəllə-mayallaq gedəcəkdir. Əgər Ermənistana maliyyə, iqtisadi, hərbi, siyasi
dəstək verilməsə, onlar ayaq üstə dura bilərmi?” Bu rəqəmlər sadəcə itki və qənimətləri əks
etdirmir, Ermənistanın çöküşünün sürətlənməsini və onun süni yolla ayaqda
saxlamağa çalışan dünya güclərinin ikili standartlarını əks etdirir. "Avropada
adi silahlı qüvvələrin məhdudlaşdırılması haqqında" müqavilə 1990-cı
ilin noyabrın 19-da Parisdə imzalanmış və 1992-ci il noyabrın 9-da qüvvəyə
minmişdir. Sənəd üzv dövlətlərin silahlı qüvvələrindəki hərbi texnika və
silahların sayını məhdudlaşdırmaqla yanaşı, sayı artıq olan texnikanın
azaldılma mexanizmlərini də göstərirdi. SSRİ-nin Avropada Adi Silahlı Qüvvələr
Müqaviləsi əsasında mövcud olan kvotasını bölüşdürərkən Ermənistan və Azərbaycanın
hər birinin payına 220 tank, 220 zirehli döyüş maşını, 285 artilleriya qurğusu,
100 döyüş təyyarəsi və 50 zərbə helikopteri düşmüşdü. İndiyədək Yerevan
kvotanın pozulmasını inkar edirdi. Beynəlxalq hesabatlara görə, Ermənistanın
aldığı silahların böyük hissəsi Dağlıq Qarabağda anbarlarda gizlədilib. Ortaya
çıxan hərbi texnikanın siyahısı Ermənsitanın və onu silahlandıranların müqavilənin
şərtlərini kobud şəkildə pozduğunu göstərir. Bu günlər Ermənistan tərəfindən
humanitar yardım adı altında mülki aviasiya vasitəsilə Ermənistana silahların daşınması həyata
keçirilir. 1944-cü ildə Çikaqoda qəbul edilmiş Beynəlxalq Mülki Aviasiya
haqqında Konvensiyanın 4-cü maddəsinə görə, Konvensiyaya tərəf olan hər bir
dövlət mülki aviasiyadan Konvensiyaya uyğun olmayan məqsədlər üçün istifadə etməməlidir. Ermənistanın
idarə edən şəxslər haqqında. Cıdır düzündə sərxoş vəziyyətdə
rəqs edən, özünü böyük sərkərdə kimi aparan indi yıxılıbdır onun-bunun ayağının
altına kömək istəyir, imdad diləyir, özünü və xalqını alçaldır. Şuşada, Cıdır
düzündə sərxoş vəziyyətdə oynayan o təlxək bəyan etsin ki, Dağlıq Qarabağdan
çıxıram. Ermənistanın yeni hökuməti Paşinyanın simasında deyir ki, Ermənistanı
idarə edən adamlar cinayətkardır. Paşinyana qədər 20 il ölkəni idarə edənlər
cinayətkardırsa, bu ölkə cinayətkar ölkədir. Xarici
medianın antiazərbaycan mövqe tutur, erməni lobbisinin təsiri altındadır. Bütün bu illər ərzində Azərbaycan haqqında iftiralar, yalanlar,
uydurmalar yazıblar. Azərbaycan
tərəfinın xəbərdarlığı: Ölkə rəhbəri bildirib ki: "F-16-lar təlimlər üçün gəlib və müharibə başlayanda
türkiyəli qardaşlarımız onları bizə mənəvi dəstək vermək üçün saxlayıblar. Azərbaycana
kənardan təcavüz olarsa, qarşılarında o F-16-ları görəcəklər. Azərbaycan tərəfi
bir tərəfdən atəşkəs deyib digər tərəfdən Ermənistana silah göndərilməsinə
səssiz qalmayacaq. Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın
torpağımızdan, dərhal rədd olsun! BMT Təhlükəsizlik Şurasının daimi üzvləri,
Minsk qrupunun həmsədrləri bunu edə bilməyiblərsə, çəkilsinlər kənara, mane
olmasınlar. Ermənistanın havadarları bu saxta dövləti xilas etmək
istəyirsinizsə, deyin ki, çıxsın. Bir sözünüzlə çıxa bilər, bir sözünüzlə. Kimin
günahı var, o cavab verir və Azərbaycan
xalqının qanı yerdə qalmayacaq və qalmır. Xocalı soyqırımını törədən
cinayətkarlar son bir ay ərzindəki bu döyüşlərdə artıq məhv edildi. Ədalət
zəfər çaldı. Azərbaycan xalqı bu münaqişədə ədalətsiz mövqe tutanları
unutmayacaq. Azərbaycan indi o dövlət deyil ki, onun maraqlarını kimsə kənara
qoya bilər. Dünya artıq əvvəlki dünya deyil, güc amili ön plana çıxır. İndi
böyük dövlətlər beynəlxalq hüquqa məhəl qoymur, BMT Təhlükəsizlik Şurasına
məhəl qoymur, istədiklərini edirlər. Halbuki biz beynəlxalq hüququn kənarında heç bir addım
atmırıq. Ermənistan torpağına girmirik, beynəlxalq birlik tərəfindən tanınmış
torpaqlarımızı bərpa edirik. Ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir. Axıra
qədər gedəcək, düşməni bundan sonra da qovacağıq. Çünki biz haqlıyıq və biz
güclüyük. Heç bir qüvvə Azərbaycanı yolundan döndərə bilməz. Döyüş
meydanında əldə edilmiş uğurlar danışıqlar masasında da yeni reallıq
yaradıbdır. Çünki haqq yolundayıq, yumruq kimi birik. Bu birlik əbədidir və
əbədi olacaq! Azad olunmuş kəndlərdən bir şey qalmayıb. Azərbaycan
xalqının, dövlətinin onları bərpa etməyə gücü çatacaq. Biz əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına bu
torpaqları azad edirik. Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü
təsdiqləmişik, dünyaya təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi,
cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik. Biz düşməni
torpaqlarımızdan qovacağıq, sona qədər qovacağıq. Qarabağ bizimdir! Qarabağ
Azərbaycandır!” Prezidentin
xəbərdarlıqları kifayət qədər konkret və ünvanlıdır. Beynəlxalq hüquqa, xalqın
həmrəyliyinə söykənir. Gələcəkdə Azərbaycanda iqtisadi maraqları olan dövlətlər
ədalətli mövqe tutmayacaqları halda əməkdaşlıq edilməyəcəyi haqda xəbərdar
olunurlar. Bu, ikinci Qarabağ müharibəsi başlayandan Prezidentin xalqa 5-ci
müraciəti idi, amma bu dəfə daha sərt və açıq danışdı. Prezidentin
həmsədrləri – Bakıya təzyiq edən, müharibəni dayandırmağımızı istəyən,
Ermənistanı silahlandıran böyük dövlətlərin açıq şəkildə ifşa etməsi cəbhədəki
vəziyyətə uyğundur. Son müraciətdə bu qədər emosional notlarla köklənmiş çıxış
həlledici məqamın yetişdiyini göstərir. Prezident müraciətdən bir gün əvvəl Mərkəzi Komanda Məntəqəsində
keçirilən müşavirədə yubanmaları tənqid etməsi ilə orduya "vaxt itirməyin”
göstərişi verərək, düşmənə son zərbəni hazırlayır. Həlledici məqamda mane
olacaq ölkələrə də F-16-ları xatırlatmaqla son mesajını göndərir. Bir daha
məlum oldu ki, işğala son qoymaq üçün sona qədər gedəcəyik: ola biləcək
danışıqlar, yaxud atəşkəs sadəcə formal xarakter daşıyacaq, masada müzakirə
gedərkən, əsgər cəbhədə döyüş tapşırığını yerinə yetirir. Vətən müharibəsi
qələbəyə qədər davam edəcək. İlham Əliyev cənabları bir ay ərzində
itirilmiş torpaqların mühüm hissəsində ölkəsinin bayrağını, xalqının milli
ruhunu, qürurunu, özünə inamını, Ali Baş Komandanı olduğu ordusunun qüdrətini,
Prezidenti olduğu ölkəsinin nüfuzunu, master-klass səviyyəsində müsahibələri ilə
beynəlxalq imicini, xalqa müraciətlərində isə xalqın qəlbindəki məqamını
ucaltdı. Beləliklə,
cənab Prezidentin verdiyi mesajlar həm Azərbaycan cəmiyyətini səfərbər etməyə,
həm Ermənistanda daxili ziddiyyətləri körükləməyə, həm də Ermənistanın
himayədarlarının beynəlxalq ictimai rəydə diskreditasiyasına hesablanıb.
Müşahidələr göstərir ki, qarşıya qoyulmuş məqsədlərə əsasən nail olunur, amma
vətəndaş cəmiyyəti institutları və medianın bu istiqamətdə səfərbər olmasına
indi hər zamankından daha çox ehtiyac duyulur. GOYEZEN.AZ
Facebook-da paylaş