• Təqvim

  • Maraq



Aprel döyüşlərində qazanılan qələbə Azərbaycan Ordusunun gücünü bir daha nümayiş etdirdi

Aprel döyüşlərində qazanılan qələbə Azərbaycan Ordusunun gücünü bir daha nümayiş etdirdi
Müharibəyə cəlb edilmiş bir ölkədə hərbi vətənpərvərlik hisslərinin inkişaf etdirilməsinə daha çox ehtiyac var. Respublikamızda bu istiqamətdə həyata keçirilən tədbirlər cəmiyyətdə milli-mənlik şüurunun və vətənpərvərlik hisslərinin formalaşmasına təkan verir. Düşmənlə 168 kilometr sərhəddə yerləşən Qazax rayonu vətənin müdafiəsi yolunda 283 şəhid verib. 7 igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 7 kəndi isə bu gün erməni işğalçılarının tapdağı altındadır.

Belə bir coğrafi şəraitdə yerləşən və 25 ildən çoxdur ki, zorla müharibəyə cəlb edilən Azərbaycanın Qazax rayonunda da gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri bu günlərdə rayon icra hakimiyyəti ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin adını daşıyan parkda reallaşdı. "Ordumuz-qürurumuz, xalqımız-dayağımız” devizi altında keçirilən tədbirdə minlərlə qazaxlı fəal iştirak etməklə Vətən yolunda hər cür fədakarlığa hazır olduğunu, ordusuna arxa-dayaq durduğunu bir daha nümayiş etdirdi.

Tədbir iştirakçıları əvvəlcə Şəhidlər xiyabanına gələrək memorial abidə önünə gül dəstələri qoydu, şəhidlərin əziz xatirəsini ehtiramla yad etdilər. Daha sonra tədbirin keçirildiyi Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət etdilər. Hərbi orkestrin ifasında Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra parkda quraşdırılmış böyük monitorda Prezident İlham Əliyevin Qazax rayonuna tarixi səfərindən bəhs edən videoçarx nümayiş etdirildi.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Azərbaycanın qərb qapısı adlandırılan Qazax rayonunun Ermənistanla sərhədində torpaqlarımızın keşiyini çəkən əsgər və zabitləri rayon ictimaiyyəti adından təbrik etdi, bu şərəfli işdə onlara uğurlar arzuladı. Qeyd etdi ki, bu gün sərhədlərimizdə ayıq-sayıq dayanan əsgərlərimiz Azərbaycan Ordusunda xidmətləri ilə fəxr edirlər.
Aprel döyüşlərində qazanılan qələbə Azərbaycan Ordusunun gücünü bir daha nümayiş etdirdi
Tədbirdə diqqətə çatdırıldı ki, gələn il 100 illiyini dövlət səviyyəsində qeyd edəcəyimiz Azərbaycan Ordusu yarandığı gündən savaş meydanına atılaraq erməni-daşnak-bolşevik qüvvələrinə qarşı mübarizələrdə fədakarlıqlar göstərib. Bu yolda neçə-neçə şəhid verib. Ancaq hamı yaxşı bilir ki, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin gərgin əməyi sayəsində mətin və yenilməz bir ordumuz yaranıb. Dahi rəhbərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan Ordusu bu gün dünyanın bir çox inkişaf etmiş ölkələrinin ordusu ilə müqayisə olunur. Ulu öndərdən sonra Prezident İlham Əliyev ordumuzun daha da qüvvətlənməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində böyük işlər gördü. İndi cəsarətlə demək olar ki, Azərbaycanın igid övladları Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bir əmri ilə işğal olunmuş torpaqlarımızı düşməndən azad etməyə qadirdir.

2016-cı ilin aprel döyüşləri zamanı bunun bir daha şahidi olduq. Bütün Azərbaycan xalqı əsl qələbə sevinci yaşadı. Bu döyüşlərdə qazanılan uğur ordumuzun gücünü bir daha nümayiş etdirdi. Həmin döyüşdə Qazax rayonu 3 şəhid verdi. Rayon sakinləri öz vətənpərvər şəhidlərini böyük izdihamla son mənzilə yola saldılar və bu gün onların xatirəsi böyük ehtiramla yad edilir.

Müdafiə Nazirliyinin mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, general-mayor Rasim Əliyevin çıxışından sonra müdafiə nazirinin əmri ilə təltif olunmuş bir qrup Qazax sakininə xatirə mükafatları təqdim edildi. Mükafat alanlar arasında Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal, əməkdar müəllim Xatın Hüseynxanova və başqaları da oldu.
Aprel döyüşlərində qazanılan qələbə Azərbaycan Ordusunun gücünü bir daha nümayiş etdirdi
Mükafatların təqdimatından sonra meydana çıxan xüsusi təyinatlılar nümunəvi çıxışlar etdi, Silahlı Qüvvələrin mahnı və rəqs ansamblının ifasında vətənpərvərlik mövzusunda mahnılar səsləndirildi. Aktyorların iştirakı ilə qazaxlı Milli qəhrəmanların obrazlarının meydana gəlişi də tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.
Şəhid atasının dediyi: "Lazım gələrsə, döyüşə birinci mən gedərəm” sözləri isə daha böyük coşqu yaratdı. Sonra bir qrup əsgər və zabitə Qazax rayon İcra Hakimiyyətinin təsis etdiyi "Qazaxın müdafiəsində xidmətlərinə görə” medalları verildi.

Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin aprel döyüşləri ilə əlaqədar çıxışı monitor vasitəsilə nümayiş etdirildikdən sonra tədbir Silahlı Qüvvələr orkestrinin ifasında "Biz gedirik Qarabağa” mahnısının səsləndirilməsi ilə başa çatdı.

Sabir ƏLİYEV,
"Azərbaycan” qəzeti
16 noyabr 2017-ci il



Facebook-da paylaş