• Təqvim

  • Maraq



Şəhid anasına göndərilən məktub


Azərbaycanın neçə-neçə igid oğulları "Təki Vətən sağ olsun!", "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyərək döyüşə atılıb, Vətən yolunda Şəhidlik zirvəsinə ucaldılar. Vətəni qanı, canı bahasına qoruyan qəhrəmanlarımızın adlarını, xatirələrini yaşatmaq Qazax rayonunda hər zaman ən ümdə iş hesab olunur və bu sahədə nümunəvi işlər görülür. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" “Vətəni canından əziz bilənlər” kitabları bu istiqamətdə görülən işlərin əyani sübutudur.

Onu qeyd edək ki, 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabı 2021-ci ildə nəşr olunub. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabı da bu silsilənin davamıdır. Nəfis tərtibatı ilə seçilən kitab şəhidlərimizin adlarına layiq şəkildə 2023-cü ildə çap edilib. Qısa müddətdə yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-halları deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazılıb. Ön söz müəllifi dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazı yaradılıb. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilib. 


Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınıb, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. 5 bölmə və 304 səhifədən ibarət olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılıb, ehtiramla yad edilib. İllər ötsə də “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimiz də yaşayacaq.


3-cü dərəcəli Vətən müharibəsi əlili, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli “Rəşadət” ordenli kapitan Samir Çobanov və kitabın müəllifi, şair-publisist Elçin İsmayıl Bala Çaylı kəndində olub, kitabı qəhrəman şəhidimizin atasına təqdim ediblər.

Kitabda 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş gizir Məmmədov Səbuhi Hümbət oğlu haqqında yer almış Şəhid anasına göndərilən məktub” sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik... 

Şəhid anasına göndərilən məktub


Şəhid Məmmədov Səbuhi Hümbət oğlunun anası Cəvahir xanımla söhbət edirik. Saçını müəllimlik sənətində ağartmış şəhid anasının mənə göstərdiyi oğluna aid olan sənədlərin içində bir məktub diqqətimi cəlb edir - Xüsusi Təyinatlı Qüvvələr Komandanlığı tərəfindən yazılmış məktub. Məktubda deyilir: 

"Bizlər üçün çox dəyərli olan, Cəvahir xanım!

Torpaq su ilə yoğrulanda palçıq, qan ilə yoğrulanda Vətən olur. Övladınız Səbuhi bu torpağı qanı ilə suvaran qəhrəman döyüşçülərdən biri olmuşdur. Xüsusi Təyinatlı Qüvvələr ailəsinin ən dəyərli və bizim üçün qorxmazlıq, mərdlik simvolu olan mənsublarından biri də övladınız, bizim silah dostumuz, şəhid qardaşımız Səbuhidir. Səbuhi Vətəni, milləti və bayrağı uğrunda canından keçərək Şəhidlik zirvəsinə ucalmışdır. Xüsusi Təyinatlı Qüvvələr ailəsi olaraq sizə əminliklə bildiririk ki, övladınız Səbuhinin əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır və onun qanı ilə yazdığı qəhrəmanlıq salnaməsi gələcək nəsillərə ötürüləcəkdir". 

Səbuhi Məmmədovun qısa olmasına baxmayaraq, mənalı keçən ömür yolunun ayrı-ayrı tarixlərini özündə yaşadan sənədlər məni uzaqlara, çox uzaqlara aparır. Tarixin anlarının "donduğu" şəkillər Səbuhili günlərdən xəbər verir. Fotolara baxdıqca Səbuhinin həyatda olmamasına inana bilmirsən. Heç belə bir oğul da...

Ananın dediyi sözlər məni xəyallarımdan ayırır:

- Martın 6-sı 1995-ci il idi Səbuhi doğulanda. Dünyaya gəlişinə o qədər sevinmişdik ki... Ailənin ilk övladı idi. Onun nazı ilə oynayır, başına dolanırdıq. Səbuhi böyüdükcə ürəyimizdəki arzular da böyüyür, bizi fərəhləndirirdi. 

Sözünə bir az ara verəndən sonra davam edir:

- Uşaqlıqdan boy-buxunlu idi. Böyüyəndə ətə-qana dolub daha yaraşıqlı, ucaboy olmuşdu. Lap pəhləvana oxşayırdı.

Səbuhi Məmmədov 2001-ci ildə Səlamət Həsənov adına Bala Çaylı kənd tam orta məktəbin birinci sinifinə gedən gündən 2012-ci ildə həmin məktəbi qurtarana qədər  nizam-intizamlı bir şagird olmuşdur. Orta məktəbi bitirəndən sonra 2012-ci ildə Nəqliyyat və Rabitə Kollecinə daxil olsa da, təhsilini yarımçıq qoyaraq hərbi xidmətə gedib.

Cəvahir xanım danışır ki:

-  Səbuhi uşaqlıqdan hərbiyə meylli idi. Uşaq vaxtı "Böyük Vətən Müharibəsi"nin veteranı olan Məhəmməd babasının medallarını sinəsinə taxar, "Mən də hərbçi olacağam" - deyə istəyini bildirirdi. 20 Yanvar, Xocalı hadisələri ona çox ağır təsir edirdi. "Böyüyəndə ermənilərdən qisas alacağam" - deyirdi. 

Səbuhi Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən 2013-cü ilin aprel ayında həqiqi hərbi xidmətə çağrılmış, əsgərlik borcunu yüksək səviyyədə yerinə yetirmişdir. 

Səbuhi 2014-cü ilin oktyabrında hərbi xidmətdən tərxis olunduqdan sonra götür-qoy etməyə başladı. Hansı yolu seçsin, həyatını hansı peşəyə həsr etsin? Bir müddət düşünüb-daşındıqdan sonra hərbçi olmağa qərar verdi. Bu arzusuna çatmaq üçün  2017-ci ilin yanvarında Bakı şəhərində gizirlik kursu üzrə təhsil aldı, aprel ayında isə təhsilini bitirərək "N" saylı hərbi hissədə atıcı kimi fəaliyyətə başladı. 2019-cu ildə "N" saylı hərbi hissədə Xüsusi Təyinatlı Qüvvələrə daxil olaraq xidmətini orada davam etdirdi. Səbuhi Məmmədovun xidməti həyatında daha bir yenilik isə 2020-ci ildə Xüsusi Təyinatlı Qüvvələrə kursa qəbul edilməsi oldu. Kursu müvəffəqiyyətlə bitirdikdən sonra xidmətini davam etdirməyə başladı. Xidməti dövründə 26.06.2018-ci ildə Müdafiə Nazirliyi tərəfindən "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edildi.

Gizir Səbuhi Məmmədov Vətən müharibəsinə Murovdağ yüksəkliyinin alınması uğrunda gedən döyüşlərdən başlayıb. Onu da qeyd edək ki, bu döyüşlər dəniz səviyyəsindən 3600 metr yüksəklikdə gedib. Həmin yüksəkliyə kanatla qalxıblar. Oktyabrın 1-də yüksəkliyi alıb postun dayaq məntəqəsi uğrunda döyüşə giriblər. Səbuhi tabor komandiri ilə birlikdə qabaqda idi. Bu zaman minaatan silahdan atılan mərminin qəlpəsindən aldığı zərbədən yaralanıb və şəhid olub. 

Səbuhi Məmmədov Çaylı kəndindəki Şəhidlər xiyabanında dəfn edilib. Subay idi.

...Xüsusi Təyinatlı Qüvvələr Komandanlığı tərəfindən göndərilmiş məktub bu cümlələrlə sona çatır: "Səbuhinin xatirəsinin daim ehtiramla anılması bizim qardaşlıq borcumuzdur. Şəhid ailəsi olaraq əsl Azərbaycan anasına xas olan səbr və dözümlülük nümayiş etdirdiyinizə görə biz Xüsusi Təyinatlılar Sizə dərin minnətdarlığımızı bildiririk".

Səbuhi Məmmədov ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən "Vətən uğrunda", 29 dekabr 2020-ci il tarixli sərəncamına əsasən "Kəlbəcərin azad olunmasına görə", 30 dekabr 2020-ci il tarixli sərəncamına əsasən isə "Hərbi xidmətlərə görə", 24 iyun 2021-ci il tarixli sərəncamlarına əsasən "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" medalları, 5 noyabr 2021-ci il tarixli sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur. 

Qazax Rayon İcra Hakimiyyəti başçısının "Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında" 30 noyabr 2021-ci il tarixli 9-21/402 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə Səbuhi Məmmədovun adı verilmişdir.




Facebook-da paylaş