• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabı şəhid ailələrinə təqdim olunub


Azərbaycan xalqı bu gün də şanlı Azərbaycan Ordusunun qazandığı tarixi Qələbəni böyük qürur hissi ilə söyləyir və həmin qələbə ilə fəxr edir. Bu, o Qələbə idi ki, hər kəs Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı "Dəmir yumruq” əməliyyatı nəticəsində 44 gündən sonra Azərbaycanın böyük tarixi Zəfərə imza atmasının şahidi oldu. Dövlət və xalq olaraq Qarabağ adlı haqq savaşına çıxdıq və bu yolda haqq-ədalət Ali Baş Komandan İlham Əliyevin yorulmaz, məntiqli, cəsarətli, uzaqgörən və dəyanətli iradəsi nəticəsində bərpa olundu. Şanlı Azərbaycan Ordusunun gücünü, qüdrətini görən Ermənistan məğlubiyyət sənədinə imza atmağa məcbur qaldı. Düşmənin ağır məğlubiyyəti rayon və şəhərlərimizin azad olunması, Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi.

Bu gün hər birimiz fəxarətlə söylədiyimiz, qürurlandığımız o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə, hərbçilərimizə borclu və minnətdarıq. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün qələbə sevinci yaşadan şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, sağlamlığını itirən qazilərimiz, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz heç vaxt unudulmayacaq.

30 illik həsrətə son qoyaraq düşmən tapdağında olan torpaqlarımızın işğaldan azad edilməsində respublikamızın bütün bölgələrindən olduğu kimi, Qazaxın igid, mərd oğulları da döyüşdə əsl qəhrəmanlıq göstərərək uca zirvəyə - Şəhidlik zirvəsinə yüksəldilər.

Bu gün Qazaxda bütün şəhidlərimizin, o cümlədən də 44 günlük Vətən müharibəsində adlarını hərb tariximizə qızıl hərflərlə yazdıran igid oğullarımızın xatirəsi əziz tutulur. Vətən uğrunda canından keçən oğul və qızlarımız, onların ailələri daim yad olunur.

Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizə, qazilərimizə, onların ailə üzvlərinə yüksək diqqət və qayğı göstərən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov həmin qayğını bu gün də davam etdirir. Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğını iş fəaliyyətinin əsas hissəsi hesab edir. Rayon rəhbərliyi tərəfindən şəhidlərimizin keçdikləri döyüş yolunun gələcək nəsillərə ötürülməsi, qəhrəmanlıqlarının nümunə göstərilməsi, ən əsası da adlarının əbədiləşdirilməsi istiqamətində təqdirəlayiq işlər görülür.

Hər zaman ilkləri ilə seçilən Qazaxda daha bir nümunəvi addım atılıb. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü dəstəyi ilə 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Qazaxın igid oğullarının xatirəsini əbədiləşdirmək məqsədilə onların həyatından, döyüş yolundan bəhs edən kitab yazılıb.


"Göyəzən” qəzetinin baş redaktoru, "Tərəqqi" medalı ilə təltif olunmuş, jurnalist, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar” kitabı 27 sentyabrda başlayıb 10 noyabrda başa çatmış Vətən müharibəsində Azərbaycan xalqının qazandığı tarixi Qələbəyə, bu şanlı Qələbənin əldə olunmasında öz canından keçmiş qazaxlı şəhidlərə həsr olunub.

Martın 19-da, Novruz bayramı ərəfəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş "Qanları ilə dastan yazanlar” kitabı şəhid ailələrinə təqdim olunub.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhid ailələrini milli bayramımız olan Novruz bayramı münasibətilə təbrik edib, səmimi arzularını çatdırıb. Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə bu gün hər kəsin fəxr etdiyini, qürur duyduğunu bildirib. Müstəqil Azərbaycan dövləti və xalqımız var olduqca şəhidlərimizin də qəlblərdə daim əbədi yaşayacağını qeyd edib. Şəhidlərimizin adlarını yaşatmağın, gələcək nəsillərə örnək və nümunə göstərməyin hər birimizin üzərinə düşən ən əsas iş olduğunu vurğulayıb.

"Fəaliyyətə başladığım ilk gündən şəhidlərimizə, qazilərimizə, onların ailə üzvlərinə hər zaman qayğı ilə yanaşmışam”, - deyən icra başçısı şəhid ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da yüksək səviyyədə olacağını bildirib. Rayonda şəhidlərimizin xatirəsinin daim yad olunması, adlarının əbədiləşdirilməsi istiqamətində görülmüş işlərdən söz açan icra başçısı bu günə kimi həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini söyləyib. Şəhidlərimizin adlarının yaşadılması üçün Qazax Tarix-Diyarşünaslıq Muzeyində guşənin yaradılacağını, Şəhidlər xiyabanında şəhidlərimizin şəkli əks olunmuş lövhələrin vurulacağını və artıq bununla bağlı işlərə start verildiyini qeyd edib. 44 günlük haqq savaşında qanları ilə dastan yazan oğullarımıza həsr olunmuş kitabın yazılmasını şəhidlərimizin adlarının yaşadılması istiqamətində atılan daha bir nümunəvi addım kimi qiymətləndirib. Vətən müharibəsində ölümün gözünə dik baxaraq Şəhidlik zirvəsinə yüksələn oğullarımızın adlarını əbədiləşdirən kitabda yazılanların gələcək nəsillərə əsl nümunə, örnək olduğunu bildirib. Təkcə nəfis tərtibatı ilə deyil, hər bir şəhidimizin həyatı, keçdiyi döyüş yolu haqqında ürək yanğısı ilə yazılmış hekayələrdən gələcək nəsillərin vətənpərvərliyi, Vətəni sevməyi öyrənəcəyini qeyd edib. İllər ötsə belə "Qanları ilə dastan yazanlar” kitabı ilə şəhidlərimizin də yaşayacağını qeyd edib. Kitab haqqında ürək sözlərini bölüşən rayon rəhbəri müəllif Elçin İsmayılın əməyini yüksək qiymətləndirib və qazaxlı ziyalılar, eləcə də rayon ictimaiyyəti adından minnətdarlığını bildirib.

Kitab təqdimatında "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist, jurnalist və kitabın müəllifi Elçin İsmayıla və Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyi Qazax rayon filialının sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyevə kitabın ərsəyə gəlməsindəki əməklərinə və rayonun ictimai həyatındakı fəal iştiraklarına görə Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim edilib.




Kitabın müəllifi Elçin İsmayıl öz növbəsində şəhid ailələrini Novruz bayramı münasibətilə təbrik edib, səmimi arzularını çatdırıb. Qazaxda şəhid ailələrinə göstərilən qayğının hər zaman yüksək səviyyədə olduğunu qeyd edən müəllif kitabın da şəhidlərimizin adlarına layiq şəkildə çap olunduğunu vurğulayıb. "44 günlük savaşda bizlərə Qələbə sevincini qanları hesabına bəxş edən hər bir şəhidimiz mənim kiçik qardaşım, öz oğlumdur”, - deyən E.İsmayıl şəhidlərimiz haqqında kitab yazmağın onun üçün şərəfli iş olduğunu söyləyib. Çətin və şərəfli işi ona həvalə etdiyinə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Kitabın necə ərsəyə gəlməsindən söz açan müəllif kitabın qısa müddətdə yazıldığını, təkcə şəhidlərimizin tərcümeyi-hallarının deyil, eyni zamanda hər bir şəhidimiz haqqında bədii hekayə yazıldığını bildirib. Müəllif qeyd edib ki, kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. Vətən müharibəsində qazanılmış şanlı Zəfər haqqında kitabda geniş material dərc olunmuş, bu qələbənin tarixi əhəmiyyəti, dövlətimizin və xalqımızın taleyində oynadığı tarixi roldan ətraflı söz açılıb. "Qanları ilə dastan yazanlar” kitabında torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınmış, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. Kitab Vətən müharibəsində Qazaxdan döyüşə gedib igidlik göstərmiş 50 şəhidə həsr olunub, onların şəkilləri, tərcümeyi-halları, hərbi xidmət və döyüş yolları öz geniş əksini tapıb, hər bir şəhid haqqında hekayə yazılıb. Kitabda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə 3 orden və 132 medalla təltif olunmuş qazaxlı şəhidlərin göstərdikləri qəhrəmanlıqlardan geniş bəhs olunub, onların qəlbindəki Vətən sevgisi və bu yolda qurban getməsi böyüməkdə olan gənc nəslə nümunə göstərilib.

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyi Qazax rayon filialının sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev kitab haqqında fikirlərini bölüşərək kitabda yazılan hekayələri oxuduqca Qələbə, Zəfər dolu o günlərə qayıtdığını, igid, mərd oğullarımızla fəxr etdiyini dilə gətirib. Vətən müharibəsi şəhidlərinin xatirəsinə yazılmış kitabı bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib.


Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi şair Barat Vüsal bir ziyalı kimi şəhid ailələrinin qarşısında baş əydiyini, şəhidlərimizlə hər zaman fəxr etdiyini və qəhrəman oğullarımzın qəlblərdə əbədi yaşayacağını qeyd edib. "Prezident söz verdi və əməl etdi. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı sözlə-əməlin vəhdətinin şahidi oldu”, - deyən şair buna görə Ali Baş Komandana və onun "İrəli!” əmrini şərəflə yerinə yetirən igid oğullarımıza bir ömür boyu borclu və minnətdar olduğumuzu qeyd edib. Şəhidlərimizi yaxından tanımaq, onların keçdikləri döyüş yolundan nümunə götürmək üçün "Qanları ilə dastan yazanlar” kitabının böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. Dövlətimiz, ölkə rəhbəri tərəfindən şəhid ailələrinə göstərilən qayğıdan danışan B.Vüsal həmin qayğının Qazaxda yüksək səviyyədə hiss olunduğunu qeyd edib. Şəhidlərimiz haqqında yazılan kitabın da həmin qayğının əyani sübutu olduğunu söyləyib.


Qafqaz Müsəlmanları İdarəsinin Qazax bölgəsi üzrə qazısı, Qazax "Cümə” Məscidi dini icmasının sədri İlham Süleymanov Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük savaşda bizlərə Qələbə sevincini bəxş edən şəhidlərimizlə, qazilərimizlə bu gün hər birimizin fəxr etdiyini və fəxrimiz olan igid oğullarımızı gələcək nəsillərə tanıtmağın hər birimizin ən ümdə işi olduğunu bildirib.


Bakı Dövlət Universitetinin Qazax filialının tədris və elmi işlər üzrə direktor müavini, fizika–riyaziyyat elmləri namizədi, dosent Məmməd Yusifov şəhidlərimizin ailələri qarşısında baş əydiyini söyləyib. Qanları ilə tarix yazan, ömür yolları, həyat hekayələri, keçdikləri döyüş yolları ilə dastana çevrilən oğullarımızı bir amalın birləşdirdiyini və o amalın Vətən sevgisi olduğunu söyləyib. Bütün işlərin kökündə dövlətin və ölkə başçısının şəhid ailələrinə göstərdikləri qayğının dayandığını qeyd edib.

 

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qazax Rayon Şöbəsinin rəisi Tural Məmmədov bildirib ki, cəmi 44 gün davam edən "Dəmir yumruq” əməliyyatı təkcə düşmənə layiqli yerini göstərmədi, eyni zamanda bütün dünyaya Azərbaycanın gücünü, qüdrətini nümayiş etdirdi. T.Məmmədov 44 günlük savaşda qazaxlı gənclərin də döyüşə böyük ruh yüksəkliyi ilə qatıldıqlarını, minlərlə gəncin torpaqlarımızı düşmən tapdağından azad etmək üçün könüllü səfərbər olduğunu vurğulayıb. Kitab haqqında ürək sözlərini çatdıran natiq qeyd edib ki, şəhidlərimiz haqqında yazılmış kitab tarixi və qiymətli əsərdir. Kitabda hər bir şəhid haqqında yazılmış real hadisələri özündə əks etdirən hekayələri oxuduqca hər birimizin onlarla bir daha qürur duyduğunu dilə gətirib.

 

Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin direktoru Yeganə Göyüşlü kitab haqqında təəssüratlarını bölüşərək qeyd edib ki, kitabı oxuyarkən yenidən Qələbə dolu həmin günlərə qayıdırsan, hər şəhid haqqında yazılmış hekayə ilə tanış olarkən necə qəhrəman oğulların var olduğu Azərbaycanla, azərbaycanlı olmağınla fəxr edirsən. "Şuşanı əsgərlərimiz əllərində silah, bayraq və ürəklərində Vətən sevgisi ilə düşmən tapdağından azad etdi”, - deyən Y.Göyüşlü qazandığımız Qələbənin kökündə Prezident-xalq, xalq-ordu birliyinin dayandığını vurğulayıb.

 

Çaylı Məscidi dini icmasının sədri Sahilə Orucova da şəhidlərimizlə, şəhid ailələri ilə hər zaman fəxr etdiyini qeyd edib. Uca məqama - Şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın xatirəsinin hər zaman əziz tutulacağını, xalqımızın onları daim hörmət və ehtiramla yad edəcəyini bildirib.

"Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs”in direktoru Sevda Məmmədova şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. Bu gün hər birimizin fəxr, qürur yeri olan şəhidlərimizin adlarını uca tutmağın hər bir vətəndaşın borcu olduğunu qeyd edib.

Qazax Psixiatriya Xəstəxanasının baş həkimi Ramiz Mansurov "Qanları ilə dastan yazanlar” kitabının yetişməkdə olan gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında böyük töhfə olacağını diqqətə çatdırıb. Kitabın təşəbbüskarı olan rayon rəhbərliyinə şəhid ailələrinə göstərilən qayğıya görə ziyalılar və rayon ictimaiyyəti adından minnətdarlığını bildirib.

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov millət vəkilinin adından şəhid ailələrini Novruz bayramı münasibətilə təbrik edərək xoş arzularını çatdırıb. Qazaxda şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə qazaxlı gənclər adından minnətdarlığını bildirib. Bu gün hər bir gəncin şəhidlərimizlə, qazilərimizlə fəxr etdiyini dilə gətirib.

Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova şəhidlərimizə göstərilən qayğıya görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Muzeydə şəhidlərimizlə bağlı guşənin yaradılmasını şəhidlərimizə, onların ruhuna olan hörmət və ehtiramın daha bir bariz nümunəsi kimi qiymətləndirib. Muzeyə ekskursiya edən vətəndaşlara, xaricdən gələn qonaqlara şəhidlərimiz, onların döyüş yolu haqqında məlumat çatdırmağın, onlarla fəxr etməyin, qürur hissi keçirməyin hər bir işçinin üzərinə düşən ən böyük iş və vətəndaşlıq borcu olduğunu qeyd edib.     

 

"Oğlum Babək daşıdığı adı Şəhidlik zirvəsinə ucalaraq şərəflə yaşatdı. Bu gün fəxr edirəm ki, igid, qəhrəman Babək Həsənovun anasıyam”, - deyən Gülarə Həsənova övladı ilə hər zaman qürur duyacağını bildirib. Şəhid ailəsi kimi hər zaman dövlətin qayğısını hiss etdiyini və bu qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib.


Şəhid Amid Məmmədovun atası Müqabil Məmmədov da övladı ilə fəxr etdiyini bildirib. 30 illik həsrətə son qoyaraq Azərbaycan xalqına şanlı Qələbəni yaşadan Amid kimi oğullarımızın qəlblərdə əbədi yaşayacağını, dövlətimizin şəhidlərimizin adlarının yaşadılması üçün təqdirəlayiq işlər gördüyünü vurğulayıb. Övladının, eləcə də Vətən müharibəsinin digər qazaxlı şəhidlərinin xatirəsinə həsr olunmuş kitabın yazılmasının həmin işlərin əyani sübutu olduğunu söyləyib. Bir şəhid ailəsi kimi onlara göstərilən qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıq edib.


"Dərd bölüşəndə azalır”, - deyən şəhid Sərxan Abdullayevin atası Elxan Abdullayev şəhid ailəsi kimi dövlət tərəfindən hər zaman qayğı ilə əhatə olunduqlarını bildirib. Övladı ilə, eləcə də bütün şəhidlərimizlə qürur duyduğunu söyləyib. 44 günlük Vətən müharibəsindən söz açan şəhid atası Ali Baş Komandanın "Dəmir yumruğu”nun altında şanlı ordumuzun əsgər və zabitlərinin, hərbçilərimizin düşmənə layiqli cavablarını verdiyini vurğulayıb.

Şəhid ailələri övladlarının xatirəsinə həsr olunmuş "Qanları ilə dastan yazanlar” kitabının təşəbbüskarı Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova, kitabın müəllifinə və əməyi keçən hər kəsə dərin minnətdarlıqlarını bildiriblər. 

































































Facebook-da paylaş