Təki Vətən sağ olsun!
"Torpaq, uğrunda ölən varsa, Vətəndir!”. Bu deyim neçə-neçə qəhrəman oğullarımızı bir amal uğrunda birləşdirdi. Bu deyimi özlərinin həyat amalı bilən igid, mərd oğullarımız Vətən yolunda Şəhidlik zirvəsinə ucaldılar. Vətəni qanı, canı bahasına qoruyan oğullarımızın adlarını, xatirələrini yaşatmaq Qazax rayonunda hər zaman ən ümdə iş hesab olunur və bu sahədə nümunəvi işlər görülür. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" və “Vətəni canından əziz bilənlər” kitabları bu istiqamətdə görülən işlərin əyani sübutudur.
Onu qeyd edək ki, 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabı 2021-ci ildə nəşr olunub. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabı da bu silsilənin davamıdır. Nəfis tərtibatı ilə seçilən kitab şəhidlərimizin adlarına layiq şəkildə 2023-cü ildə çap edilib. Qısa müddətdə yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-halları deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazılıb. Ön söz müəllifi dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazı yaradılıb. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilib.
Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınıb, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. 5 bölmə və 304 səhifədən ibarət olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılıb, ehtiramla yad edilib. İllər ötsə də “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimiz də yaşayacaq.
Kitabda 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş gizir İsmayılov Tahir Niyazi oğlu haqqında yer almış "Təki Vətən sağ olsun!" sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik...
Təki Vətən sağ olsun!
Xalqımız Vətəninə, torpağına bağlı qəhrəmanlar yetişdirən xalqdır. Vətən müharibəsində igid Vətən oğulları ürəklərində böyük Vətən sevgisi ilə qəhrəmancasına döyüşüb şəhid oldular. "Təki Vətən sağ olsun!", - deyib ölümün gözünün içinə dik baxıb öz mərdlikləri, qorxmazlıqları ilə xalqımızın yenilməzliyini, məğlubedilməzliyini sübut etdilər.
44 gün davam edən Vətən müharibəsində İsmayılov Tahir Niyazi oğlu da mərdlik göstərmiş, Şəhidlik zirvəsinə yüksəlmişdir. Şəhidlik elə bir zirvədir ki, ünvanı əbədiyyətdir. Şəhidlik Vətən sevgisinin təcəssümü, yolunda can fəda etməkdir. Bu sevgi beşikdən, ana laylasından, ailədən, məktəbdən başlayır, ürəklərdə yuva salaraq insanı mətinləşdirir. Tahirin qəlbindəki Vətən sevgisi isə lap uşaqlığından, 4 yaşı olandan başlamışdı.
Anası Üçgülnaz xanım deyir ki, 1988-ci ilin yanvar ayının 30-da Tahir dünyaya gələn gündən çox keçmədi ki, yaşadığımız Qazax rayonunun Sofulu kəndi erməni quldurları tərəfindən işğal edildi və biz 1992-ci ildən köçkünlük həyatı yaşamağa başladıq.
Bu da Tahirin vətənpərvər və qorxmaz bir gənc kimi yetişməsində mühüm rol oynayıb. Ona görə də böyüdükcə gələcək arzularını bu istiqamətə, hərb sahəsinə doğru kökləməyə başlayıb. Tahir İsmayılovun hərb sahəsini seçməyində Qarabağ müharibəsi veteranı olan atası Niyazinin də mühüm rolu olub. Atasının yolunu davam etdirərək işğal altında olan torpaqlarımızı azad etmək arzusu ilə yaşayıb Tahir İsmayılov.
1994-cü ildən oxuduğu Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Liseydə illər çox sürətlə ötüb keçdi. Tahir İsmayılov 2003-cü ildə həmin məktəbin doqquzuncu sinifini bitirəndən sonra Qazax Dövlət Sosial-İqtisadi Kollecində təhsilini davam etdirdi. 2006-cı il aprelin 13-də kolleci qurtarandan 1 həftə keçmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrıldı. 2007-ci ildə həqiqi hərbi xidməti başa vurub evlərinə qayıtdıqdan sonra hərbçi olmaq istəyi onu bir an belə sakit buraxmır, bu səbəbdən də əli heç bir işə yatmırdı.
Ona görə də Tahir İsmayılov 31 yanvar 2009-cu ildən 11 aprel 2009-cu il tarixinə qədər Bakıda Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində (TTM) hərbi kursantlıq kursunda oxumağa başlamışdır. Həmin il aprelin 16-dan 2012-ci il avqust ayının sonlarına kimi "N" saylı hərbi hissədə gizir olaraq xidmət etmişdir. Tahir İsmayılov düz 2 il sonra yenidən hərbi sahəyə qayıdaraq xidmətini davam etdirməyə başlamışdır. O, 2018-ci ilin 7 mart -10 may tarixində "Motoatıcı tağım komandirinin müavini" kursunu bitirmişdir.
Xidməti dövrü öz nizam-intizamı, verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirməsi ilə fərqlənmiş, bir sıra medallarla təltif edilmişdir. Tahir İsmayılovun sinəsini 2018-ci ildə təltif olunduğu "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli və "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalları bəzəyirdi.
Vətən müharibəsi başlayanda Tahir İsmayılovun illərdən bəri qəlbini didib-parçalayan intiqam hissləri daha da alovlanmışdı. Ona görə də hərbi əməliyyatlar zamanı mərdliklə döyüşür, düşmənə aman vermirdi. Döyüş yoldaşları danışır ki, "N" saylı hərbi hissənin 1-ci motoatıcı bölüyün 2-ci tağım komandirinin müavini gizir Tahir İsmayılov döyüşlərdə 2 dəfə yaralanıb. Birinci dəfə yaralananda səngəri tərk etməyib. İkinci dəfə isə başından kontuzya alıb. Onu hospitala gətirsələr də dayanmayıb, döyüş meydanına qayıdaraq sona qədər vuruşub.
Tahir İsmayılov 25 oktyabr 2020-ci ildə Füzuli-Cəbrayıl-Xocavənd-Hadrut rayonları istiqamətində gedən qanlı vuruşmalarda iştirak etmişdir. Qubadlının azad olunması uğrunda gedən döyüşdə isə qəhrəmancasına şəhid olmuşdur. Tahir İsmayılov Xanlıqlar kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir.
Qardaşı Bahad Tahirdən yadigar qalmış əşyaların içərisindən cib telefonunu götürüb, minamyot mərmisinin qəlpəsinin telefonu deşdiyi yeri göstərərək:
- Yaralanan zaman telefon qardaşımın üstündə olub, qəlpənin biri telefona dəyib, o biri qəlpə isə Tahiri ağır yaralayıb, - deyir.
Tahir İsmayılov aldığı həmin yaradan dünyasını dəyişib.
Ailəli idi. Niyazi və Uğur adlı 2 azyaşlı oğlan övladı yadigar qalıb.
Tahir İsmayılovun igidliyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə", 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə", 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən "Cəsur döyüşçü" medalları, 5 noyabr 2022-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.
Qazax Rayon İcra Hakimiyyəti başçısının "Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında" 31 mart 2023-cü il tarixli 9-23/106 nömrəli Sərəncamına əsasən şəhər ərazisindəki adsız olan küçələrdən birinə Tahir İsmayılovun adı verilmişdir.
Facebook-da paylaş