• Təqvim

  • Maraq



"Özü "tarixi" qurtarmışdı, adını da tarixə yazdı"


"Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan və bu yolda Şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın adlarını, xatirələrini yaşatmaq Qazax rayonunda hər zaman ən ümdə iş hesab edilir və bu sahədə nümunəvi işlər görülür. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" “Vətəni canından əziz bilənlər” kitabları bu istiqamətdə görülən işlərin əyani sübutudur.

Onu qeyd edək ki, 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabı 2021-ci ildə nəşr olunub. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabı da bu silsilənin davamıdır. Nəfis tərtibatı ilə seçilən kitab şəhidlərimizin adlarına layiq şəkildə 2023-cü ildə çap edilib. Qısa müddətdə yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-halları deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazılıb. Ön söz müəllifi dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazı yaradılıb. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilib. 


Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınıb, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. 5 bölmə və 304 səhifədən ibarət olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılıb, ehtiramla yad edilib. İllər ötsə də “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimiz də yaşayacaq.


3-cü dərəcəli Vətən müharibəsi əlili, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli “Rəşadət” ordenli kapitan Samir Çobanov və kitabın müəllifi, şair-publisist Elçin İsmayıl Alpout kəndində olub, kitabı qəhrəman şəhidimizin atasına təqdim ediblər.


Kitabda 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş leytenant Məmmədov Məhəmməd Zakir oğlu haqqında yer almış "Özü "tarixi" qurtarmışdı, adını da tarixə yazdı" sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik... 

"Özü "tarixi" qurtarmışdı, adını da tarixə yazdı"


Həyatda hər bir insan öz həyat tarixçəsini özü yazır. Etdiyi əməlləri, gündəlik fəaliyyəti ilə həmin tarix dəftərinin səhifələrini ağ, qara rənglərlə yazıb ömrünü başa vurur. Dünyaya gəlib yaşamış hər bir insandan tamamlanıb və yaxud yarımçıq qalan həmin ömür kitabları yadigar qalır. Elə insanlar da var ki, onlar əməlləri, mərdlikləri, şücaətləri ilə əbədiləşərək adlarını tarixə yazdırırlar. Şəhid leytenant Məmmədov Məhəmməd Zakir oğlu kimi. 

Məhəmməd Məmmədov qısa, amma şərəfli, nəsillərə nümunə olacaq bir ömür yaşamış, adı tarixə yazılmışdır - şərəf, ləyaqət tarixinə. Anası Yaqut xanımın dediyi "Özü "tarixi" qurtarmışdı, adını da tarixə yazdı" sözləri Məhəmmədin yarımçıq qalan ömür tarixinin ana xətti, leytmotividir. 

1994-cü ilin yanvarın 27-də Qazax rayonunun Alpout kəndində dünyaya gəlmişdi Məhəmməd. Evin böyük oğlu idi. Kiçik yaşlarından öz dərrakəsi, yaddaşı, biliyi ilə diqqəti özünə cəlb eləmişdi. 2001-ci ildə Rəsul Mirzəliyev adına Alpout kənd tam orta məktəbində oxumağa başlayanda da müəllimlər Məhəmmədin bilik və bacarığını görür, onun sabahının işıqlı olacağına inanırdılar. İnanırdılar ki, şagirdləri gələcəkdə savadlı və perspektivli bir mütəxəssis olacaqdır. 

Məhəmməd Məmmədov 2012-ci ildə orta məktəbi qurtardıqdan sonra təhsilini davam etdirib valideynlərinin, müəllimlərinin ona bəslədikləri ümidləri doğrultdu. Həmin il yüksək balla Bakı Dövlət Universitetinin Qazax filialının Tarix və coğrafiya müəllimliyi fakültəsinə daxil oldu. 2016-cı ildə təhsilini uğurla başa vurub gənc mütəxəssis kimi diplom aldı. 

Valideynləri, müəllimləri onun öz təhsilini artırıb davam etdirəcəyini, yaxud öz ixtisası üzrə çalışacağını gözləyirdilər. Filialın direktor müavini, dosent Məmməd Yusifovun yazdığı bu cümlələr Məhəmmədin xarakterini aydın şəkildə açıb göstərir: "Təhsil illərində Məhəmməd özünü bilikli, geniş dünyagörüşünə malik olan nizam-intizamlı bir tələbə kimi göstərirdi. O, eyni zamanda vətənpərvər, el-obasına bağlı bir gənc idi. Filialda tarixi günlərlə bağlı keçirilən əksər tədbirlərə təşkilatçılıq edirdi. Qarabağ məsələsində çox həssas idi. Torpaqlarımızın işğalı ilə heç cür barışmırdı. "Nə qədər gözləmək olar?" deyirdi. Ona görə də Məhəmməd müharibəyə öncüllər sırasında getdi".

2016-cı ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb hərbi xidmət keçəndən sonra onun arzu və istəkləri, gələcək həyat yolu birdən-birə köklü şəkildə dəyişdi. Hərbi sahə Məhəmmədi özünə elə bağladı, elə cəlb elədi ki, bir daha ondan ayrıla bilmədi. Hərbi xidmətini başa vurub evə qayıdandan sonra valideynlərinə hərbiyə gedib bu sahədə xidmət edəcəyini bildirdi. 

Təəccüblü olsa da, bu onun öz seçimi idi. Bəlkə də, bu qərar atası Zakir kişinin vaxtilə hərbidə qulluq etməsindən, Qarabağ müharibəsi veteranı olmasından və Məhəmmədin uşaq vaxtından qəlbən bu sahəyə bağlanmasından irəli gəlirdi. Bəlkə də... 

Dediyi kimi də elədi. Məhəmməd Məmmədov gənc zabit kimi "N" saylı hərbi hissədə xidmət etməyə başladı. Özü seçdiyi üçün hərbi sahədə ilk gündən ürəklə, həvəslə çalışırdı. Verilən tapşırıqlara yüksək səviyyədə əməl edir, gələcəyin sağlam, yüksək əhval-ruhiyyəli bir zabiti kimi yetişirdi. 

Zakir kişi oğlu ilə sonuncu görüşünü belə xatırlayır:

- Müharibə olan ili sentyabrın 15-də evə gəlmişdi. Beş günlük məzuniyyətdə idi. Uzun müddətdən sonra ailəmiz yenə də bir yerə toplaşmışdı. Hamımız deyib-gülür, fərəhlənirdik. Məzuniyyətinin dördüncü günü komandirləri Məhəmmədə zəng elədi. Danışıb qurtarandan sonra oğlum gedəcəyini deyib hazırlaşmağa başladı. 

Anası Yaqut xanım ailənin, eləcə də Məhəmmədin həyatını dəyişən həmin son anı bugünkü gün kimi unutmur.

- Zəngdən sonra oğlum paltarlarını yığmağa başladı. Əynindəki köynəyini çıxardıb mənə verdi. "Saxla yuma, qayıdanda geyinəcəm" dedi. Paltarlarını geyinib evdən çıxanda mənə baxıb "Canım ana, sağ ol" - dedi. Zəngdən bir-iki saat sonra bizimlə sağollaşıb (əslində isə vidalaşıb) yola çıxdı. O gediş balamın sonuncu gedişi oldu. Sonra eşitdim ki, Tərtərdə döyüşür.

Onu da qeyd edim ki, həmin vaxt Məhəmmədin qardaşı Nurlan Məmmədov da cəbhədə döyüşürdü. O da dövlət tərəfindən medallarla təltif olunmuşdur.

"N" saylı hərbi hissənin motoatıcı taborunun tərkibində tağım komandiri olan leytenant Məhəmməd Məmmədov Vətən müharibəsi başlayan ilk gündən cəbhə bölgəsində olub, mərdliklə döyüşüb. Sentyabrın 30-da Suqovuşanda döyüşərkən ayağından və çiynindən qəlpə yarası almasına baxmayaraq, hospitala gedib müalicə olunmayıb. "Mənim əsgərim döyüşdə ola-ola mən müalicə oluna bilmərəm" - deyərək yenidən döyüşə girib. 

Məhəmməd Məmmədov Suqovuşanın alınmasında, Cəbrayılın, Laçının azad olunmasında iştirak edib. O, oktyabrın 4-də səhər tezdən Cəbrayıl-Ağdərə istiqamətində gedən ağır döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən snayperlə vurulub, döyüş meydanında qəhrəmancasına şəhid olub.

Şəhid leytenant Məhəmməd Məmmədov Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda"29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Laçının azad olunmasına görə", 5 noyabr 2021-ci il tarixli Sərəncamına əsasən "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur. Subay idi. Məhəmməd Məmmədovdan gələcək nəsillərə şərəfli bir ömür tarixçəsi yadigar qalıb. 

Rayon rəhbərliyinin təşəbbüsü və dəstəyi ilə Məhəmməd Məmmədovun vaxtilə təhsil aldığı Bakı Dövlət Universitetinin Qazax filialında xatirəsini əbədiləşdirən guşə yaradılıb. Filial rəhbərliyinin təşəbbüsü və dəstəyi ilə şair-publisist Elçin İsmayılın Məhəmməd Məmmədova həsr etdiyi "Adını tarixə yazdı" adlı kitab çap edilmişdir. 




Facebook-da paylaş