Arzusu general olmaq idi
Qazax rayonunda Vətən yolunda Şəhidlik zirvəsinə yüksələn oğullarımızın adlarını, xatirələrini yaşatmaq üçün hər zaman nümunəvi işlər görülür. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" və “Vətəni canından əziz bilənlər” kitabları bu istiqamətdə görülən işlərin əyani sübutudur.
Onu qeyd edək ki, 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabı 2021-ci ildə nəşr olunub. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabı da bu silsilənin davamıdır. Nəfis tərtibatı ilə seçilən kitab şəhidlərimizin adlarına layiq şəkildə 2023-cü ildə çap edilib. Qısa müddətdə yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-halları deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazılıb. Ön söz müəllifi dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazı yaradılıb. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilib.
Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınıb, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. 5 bölmə və 304 səhifədən ibarət olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılıb, ehtiramla yad edilib. İllər ötsə də “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimiz də yaşayacaq.
Kitabda 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş baş leytenant Nəsibov Xaliddin Vaqif oğlu haqqında yer almış “Arzusu general olmaq idi” sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik...
Arzusu general olmaq idi
Qazax rayonunun Qarapapaq kəndində yaşayan Nəsibovlar ailəsində hərb sahəsinə böyük rəğbət var idi. Bu da səbəbsiz deyildi. Evdə demək olar ki, hamı hərbi forma geyinirdi. Ailənin başçısı, Xaliddinin atası Vaqif bu sahədə qulluq edirdi, gizir idi. Əmiləri Məmmədəli, İlqar da hərbçi idilər. Babası Mahmud Həmzəyev general-mayor rütbəsinə qədər yüksəlmişdi.
Nəsibov Xaliddin Vaqif oğlu 17 iyul 1998-ci ildə belə bir ailədə doğulmuşdu. Atası hərdənbir onu özü ilə birlikdə hərbi hissəyə aparır, öz peşəsindən danışırdı. Xaliddin belə bir mühitdə böyüyür, hərb sahəsinə olan sevgisi ildən-ilə artırdı.
Bu səbəbdən də 2004-cü ildə Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Liseydə oxuyanda təhsilini axıra qədər davam etdirmədi, 2012-ci ildə səkkizinci sinifi bitirəndən sonra sənədlərini Naxçıvandakı Heydər Əliyev adına Hərbi Liseyə verərək yüksək balla qəbul olundu. 2015-ci ilə qədər burada oxuyub hərb sənətinin sirlərinə dərindən yiyələndi. Sonra təhsilini davam etdirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil oldu, ali təhsilli zabit kimi yetişdi. 2019-cu ildə həmin məktəbi bitirib avqust ayının 1-dən leytenant hərbi rütbəsində xidmətə başladı. Arzusu Vətənə şərəflə xidmət edib gələcəkdə general olmaq idi. Bu məqsədlə təhsildə olduğu kimi, xidmətdə də öz nizam-intizamı, verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirməsi ilə fərqləndi. Xaliddin Nəsibov çox qayğıkeş, vicdanlı insan, mərd, qorxmaz, vətənpərvər zabit idi. Döyüşdə nümunə göstərərək həmişə qabaqda özü gedir, əsgər və zabitlərə ruh yüksəkliyi verirdi.
Bacısı Göyçək xanım danışır ki, Xaliddin hələ orta məktəbdə oxuyanda şeirlər yazırdı. Vətənə, torpağa, anaya məhəbbətlə həsr etdiyi şeirlərinin ilk oxucuları biz idik. Bu misralar onun qəlbinin ilk çırpıntıları idi.
14 yaşımdan mən forma geyirəm,
Vətəni canımdan artıq sevirəm.
Bu şeiri yazmaqda məqsədim budur,
Azərbaycan oğlu, Vətəni qoru.
Xaliddin Nəsibov Vətən müharibəsi başlayanda motoatıcı taborun tağım komandiri vəzifəsində xidmət edirdi. İkinci Qarabağ savaşına ilk dəfə Xocavənd rayonunun düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə başladı. Separatçıların ən böyük qüvvəsi burada idi. Buna baxmayaraq, əsgər və zabitlərimiz mərdlik və şücaət göstərərək düşmənə sarsıdıcı zərbələr endiriblər. Döyüşçülərimiz Xocavəndə doğru 3 istiqamətdən hərəkət edərək düşmən səngərinin arxasına keçib canlı qüvvəsini və texnikasını məhv ediblər. Xaliddinin komandir olduğu tağım qanlı döyüşlər apararaq Xocavəndə birinci girib. Bu şücaətinə və igidliyinə görə Müdafiə Nazirinin şəxsi heyət üzrə müavini Kərim Vəliyev döyüş meydanında Xaliddin Nəsibova baş leytenant rütbəsi verib. O, 15 oktyabr 2020-ci ildə bölük komandiri vəzifəsinə təyin olunub.
Anası Sevda xanım deyir ki;
- Biz Xaliddinin cəbhə bölgəsindən olmasından, döyüşlərə qatılmasından xəbərsiz idik. Xəbərsiz olmağımızın səbəbi isə Xaliddinin bunu bizdən gizlətməsi, deməməsi idi. Sən demə, biz qorxmayaq, həyəcanlanmayaq deyə cəbhədə döyüşdüyünü bizdən gizlədirmiş oğlum.
Valideynləri Xaliddinin cəbhədə olmasını, düşmənlərlə vuruşduğunu onun növbədənkənar hərbi rütbə aldığını dediyi zaman biliblər.
Vaqif kişi həmin zəngi bugünkü gün kimi xatırlayır:
- Bir gün axşamüstü Xaliddin zəng eləmişdi. Sevincli və həyəcanlı idi. Bizimlə hal-əhval tutandan sonra fərəhlə dedi ki, "bu gün komandir mənə növbədənkənar baş leytenant rütbəsi verdi". O saat sümüyüm sancdı. Dedim, ay oğul, deməli, sən müharibədəsən. Yoxsa sənə durduğun yerdə yeni rütbə verməzlər.
- Yaxşı da, ay ana. Bu şərəfsizlərdən intiqamımızı alırıq, - dedi.
- Ay oğul, harda olursan-ol, Allah üstündə olsun. Özünü qoru, əsgərlərini qoru. Neçə ata-ananın gözü yoldadır.
Həmin o zəngdən sonra Vaqif bir yana, Sevda xanım səksəkəli günlər yaşamağa başladı. Bunun nəticəsi idi ki, bir gün eşitdiyi xəbərdən böyük qorxu yaşadı.
- Qonşumuz Xudaverdi Qədirov yaralanmışdı. Onların evlərinə getmişdim. Xeyli adam var idi. Birdən kimsə dedi ki, "Xaliddin şəhid olub". Elə bil dünya başıma fırlandı. Ordan ağlaya-ağlaya tələsik evə gəldim. Çatan kimi Xaliddinin nömrəsini yığdım. Oğlum telefonu açıb cavab verəndə ürəyim yerinə düşdü. Başıma gələni ona danışdım. Sözlərim ona çox pis təsir elədi. Ona görə də həyatında ilk dəfə mənə acığı tutdu.
- Ay ana, niyə elə danışırsan, - dedi. - Bu qədər şəhidimiz var. Bəs onların valideynləri necə dözür? Birdən də mənə nəsə oldu…
- Allah eləməsin, oğul, - dedim.
Vətən müharibəsində onunla bir döyüşmüş hərbçilər Xaliddin Nəsibov haqqında çox yüksək fikirlər söyləyirlər. Tabeliyində olmuş əsgərlərdən Şahbuz Cəfərov, Nəriman Binnətov, Ayxan Qasımlı deyirlər ki, Xaliddin Nəsibov çox vətənpərvər insan, qorxmaz komandir idi. Döyüşə həmişə birinci özü girir, daim irəlidə gedirdi. O, öz mərdliyi ilə şəxsi nümunə göstərərək biz əsgərlərə mənəvi ruh verir, qələbəyə səsləyirdi.
Əsgərlərinə həm komandir, həm döyüş yoldaşı, həm də etibarlı dost idi Xaliddin Nəsibov. Döyüşçülər öz komandirlərinə güvənir və ondan nümunə götürürdülər.
Əmisi Məhəmmədəli danışır ki, bir dəfə Xaliddin hərbi liseydə oxuyan oğlanlarımla birlikdə mənə "Sənə hansı hədiyyəni alaq?" - deyə sual etdilər. Mən də cavabında dedim ki, mənə Qarabağı alın, başqa heç nə istəmirəm. İllər keçəndən sonra gördüm ki, bizim vaxtilə edə bilmədiklərimizi bu gənclər edib, Qarabağı aldılar.
Kursant yoldaşları danışır ki, Xaliddin hamımızdan fədqlənirdi. Çox nizam-intizamlı, çalışqan və böyük arzularla yaşayan bir gənc idi. Asudə vaxtlarımızda biz gördüklərimizdən, sevdiyimiz qızlardan danışırdıq. Xaliddinin fikri isə yalnız təhsilində və öz tükənməz arzularında idi. Buna görə də biz hamımız onun gələcəkdə hərb sahəsində yüksək nailiyyətlər əldə edəcəyinə inanırdıq.
Xaliddin tezliklə düşməndən intiqam almaq arzusu ilə yaşayırdı. Müharibə ərəfəsində Taxtakörpüdə "N" saylı hərbi hissədə gənc əsgər bölüyündə tağım komandiri idi. O, burada orduya çağırılmış gənc əsgərlərin andiçmə mərasiminə hazırlanmasına rəhbərlik edirdi. Lakin bu onu qane etmir, döyüşmək istəyirdi. Ona görə də Xaliddin ərizə yazaraq könüllü surətdə ön cəbhədə xidmət etməyə başlayıb.
Ana-oğul sevgisindən söz düşəndə Sevda xanım dedi ki:
- Mənə çox bağlı idi Xaliddin. Ürəyindən keçənləri həmişə mənə danışır, istəklərini mənimlə bölüşürdü. Arzusu general olmaq idi. Noyabrın 3-də sonuncu dəfə də mənimlə danışdı.
Və bu da son. Sonuncu döyüş və ən uca zirvə. Nə qədər ağır olsa da, mən bu sözləri yazıram. 22 yaşlı gənc zabit sonuncu dəfə 3 noyabr 2020-ci il tarixində Xocavənddə döyüşüb. Tank tabor komandiri olmuş polkovnik-leytenant Anar Orucov həmin döyüşü belə xatırlayır:
- Tapşırıq almışdıq ki, Xocavənddə düşmənin üzərinə hücuma keçib onların diqqətini yayındırmalı, Xocavənddən Şuşaya kömək getməsinin qarşısını almalı idik. Noyabrın 3-də səhər saat 5-6 arası 6 ədəd tank və 4 ədəd piyadaların döyüş maşını (PDM) ilə düz düşmənin səngəri üzərinə hücuma keçdik. Ermənilər bunu gözləmirdilər. Ona görə də pərən-pərən düşdülər.
Həmin hücumda Xaliddingil düz 14 km düşmənin içərisinə qədər gedib çatmışdılar. Qarşıda daha bir yüksəklik var idi. Xaliddin hərbçi yoldaşları ilə birlikdə tankdan düşüb döyüşə girdilər. Vuruşa-vuruşa yüksəkliyi ələ keçirdilər. Bu zaman Xaliddin düşmən gülləsinə tuş gəldi. General olmaq arzusunda olan baş leytenant döyüş meydanında əbədiyyətə qovuşdu.
Xaliddindən bizlərə mərdlik, mübarizlik, qəhrəmanlıq kimi yüksək insani hisslər əmanət qalıb. Amma qəlbi sevgi ilə döyünən bu gəncdən bizlərə bir əmanət də qalıb - yarımçıq qalmış şeir dəftəri. Sən demə, qəlbi Vətən eşqi ilə döyünən gəncin ürəyində pünhan duyğular, məlhəm hisslər də var imiş. Hamıdan gizlin olan bu duyğularını ayırdığı ayrıca dəftərə yazır, bizə əmanət saxlayırmış, sən demə. Bu yadigarların içərisində "Bəlkə dönmədim geri" adlı şeir daha çox diqqətimi çəkdi. Oxuyub bir daha tanıdım Xaliddini. Sən demə, "Vətəni canımdan artıq sevirəm" yazan gənc geri dönməyəcəyini bilirmiş. Çünki tutduğu bu yol onun şəhadət yolu idi. Həm də ona görə bilirmiş ki, şəhid olan igidlərə şəhid olacaqları əvvəlcədən əyan olur. Ona görə ki, şəhidlər Allahın sevib-seçdiyi bəndələridir.
Xaliddin Nəsibov ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 25 dekabr tarixli Sərəncamı ilə "Xocavəndin azad olunmasına görə", 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən "Cəsur döyüşçü" medalları, eyni zamanda, 24 iyun 2021-ci il tarixli Sərəncamla "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur.
Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış Vətən müharibəsi şəhidi baş leytenant Xaliddin Nəsibovun ömür və döyüş yollarından bəhs edən "Yarımçıq qalmış şeir dəftəri" adlı kitab çap olunmuşdur.
Qazax Rayon İcra Hakimiyyəti başçısının "Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında" 30 noyabr 2021-ci il tarixli 9-21/402 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə Xaliddin Nəsibovun adı verilmişdir.
Facebook-da paylaş